Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-693/2023 31.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər SOCAR-ın “Qaz İxrac” İdarəsi və SOCAR-ın “Qaz İxrac” İdarəsinin Astara X1rşı (Neftçilərin Hüquqlarını Müdafiə X6 mübahisə predmeti barəsində müstəqil tələbi irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının, müavinətin, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh SOCAR-ın “Qaz İxrac” İdarəsinin nümayəndəsi Nümayəndə1, nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər SOCAR-ın “Qaz İxrac” İdarəsi və SOCAR-ın “Qaz İxrac” İdarəsinin Astara X1rşı (Neftçilərin Hüquqlarını Müdafiə X6 mübahisə predmeti barəsində müstəqil tələbi irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının, müavinətin, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4410/2022 saylı 29 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 31 yanvar 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İşin müəyyən edilmiş hallarına əsasən iddiaçının atası X5 cavabdeh SOCAR-ın “Qaz İxrac” İdarəsinin Astara Magistral X8 əmək müqaviləsi əsasında Astara KS-nın nasos qurğularının maşinisti vəzifəsində çalışmışdır. 15 sentyabr 2021-ci il tarixdən 6 ay müddətinə xəstəlik səbəbindən işə çıxmamış və bu müddət ərzində əmək qabiliyyətinin olmaması haqqında onkoloji xəstə olmasına dair xəstəlik vərəqələrini təqdim etmişdir. Son olaraq 15-18 mart 2022-ci il tarixlərdə ambulator müalicə olunması ilə əlaqədar arayış təqdim etmişdir. İşçi öz təşəbbüsü ilə 29 mart 2022-ci il tarixdə ərizə ilə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş, SOCAR-ın “Qaz İxrac” İdarəsinin Astara Magistral X9 30 mart 2022-ci il tarixli 024 K saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçinin öz təşəbbüsü ilə 30 mart 2022-ci il tarixdə ləğv edilmişdir. 17 aprel 2022-ci il tarixdə iddiaçının atası vəfat etmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, SOCAR-ın “Qaz İxrac” İdarəsinin Astara Magistral X9 30 mart 2022-ci il tarixli 024 K saylı əmrinin ləğv edilməsi, işə bərpa, cavabdehdən xeyrinə 15 mart 2022-ci il tarixdən 17 aprel 2022-ci il tarixə qədər məcburi işburaxmaya görə əmək haqqının, atasının vəfatı ilə əlaqədar 3 aylıq müavinətin, minimum əmək haqqının 20 misli həcmində maddi yardımın, 10.000 manat maddi və 15.000 manat mənəvi ziyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Astara şəhərində yaşayır. O, 2020-ci ildə başlayan və 44 günlük müharibədə zəfər qazanan Azərbaycan Ordusunda Qarabağın azadlığı uğrunda döyüşmüşdür, İkinci Qarabağ müharibəsi iştirakçısıdır. Onun atası X5 uzunmüddətli əmək stajına malik olmuş, uzun illər SOCAR-ın “Qaz İxrac” İdarəsinin Astara Magistral X8 kompressor stansiyasında “nasos qurğularının maşinisti” peşəsində işləmişdir. 2019-cu ilin oktyabr ayında atası xəstələnmiş və onkoloji xəstəliklə əlaqədar 2 il 7 ay müalicə almışdır. Bu müalicə uzun müddət davam etmiş, işləyə-işləyə X3 ambulator, Onkoloji Mərkəzdə kimya terapiyası və sair müalicə və müayinələr almışdır. 2021-ci ilin sentyabr ayından isə artıq ümumiyyətlə işə çıxa bilməmiş, 6 ay ərzində intensiv müayinə, müalicə və kimya terapiya qəbul etmişdir, atası 6 ay müddətində əmək qabiliyyətinin itirilməsi barədə xəstəlik vərəqələri almış və müvafiq qaydada işlədiyi müəssisəyə təqdim etmişdir. Xəstəliyi dövründə nə SOCAR-ın “Qaz İxrac” İdarəsi, nə “Qaz İxrac” İdarəsinin Astara Magistral X13 tərəfindən, nə də Həmkarlar Təşkilatı tərəfindən atasına heç bir maddi və mənəvi kömək göstərilməmişdir. 2022-ci ilin mart ayının 14-də atasına xəstəlik vərəqəsi verilməsi qanunvericiliyə əsasən dayandırılmışdır. Bu 6 ay tamam olandan sonra digər xəstələr kimi atasının da sənədləri müalicə aldığı və eyni zamanda xəstəlik vərəqi verilən X4 tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir. Müvafiq araşdırmalardan sonra Tibbi Sosial Ekspert Komissiyası tərəfindən atasına vəfatından əvvəl 2-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. Atasının sonuncu xəstəlik vərəqələri 14 mart 2022-ci il tarixdə bağlanmış və sənədləri X4 tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir. 15-18 mart 2022-ci il tarixli iş günləri üçün atasına X4 tərəfindən işə çıxa bilməməsinin xəstə olması və üzrlü səbəblərdən işə çıxmaması ilə əlaqədar Tibbi Arayış verilmiş və həmin arayış işlədiyi müəssisəyə təqdim edilmişdir. 19-28 mart 2022-ci il tarixləri bayram və qeyriiş günləri olmuşdur. Bu tarixdən sonra yalnız xəstəliyi ilə əlaqədar 2 gün olmaqla, 28 mart və 29 mart tarixlərində işə çıxa bilməmişdir. SOCAR-ın “Qaz İxrac” İdarəsinin Astara Magistral X9 30 mart 2022-ci il tarixli 024 K saylı əmri ilə atası ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçinin öz təşəbbüsü ilə 30 mart 2022-ci il tarixdə ləğv edilmişdir. Bundan 17 gün sonra, 17 aprel 2022-ci il tarixdə atası rəhmətə getmişdir. SOCAR-ın “Qaz İxrac” İdarəsinin Astara Magistral X13 həyatının son günlərində atasına maddi və mənəvi ziyan vurmuşdur, təzyiq yolu ilə ona ərizə yazdırmışdır, həm də onun ailəsini ölümlə əlaqədar ən azı 3 aylıq müavinət alma hüququndan mərhum etmişdir.
4. Şahid qismində çıxış edən Şahid öz izahatında bildirmişdir ki, o, Astara X8 Kadrlar üzrə mütəxəssisdir. 14 sentyabr 2021-ci ildən o, işə qəbul edilmişdir. İddiaçının atası həmin vaxt işə çıxmırdı. Onun bülleteni həm mühasibatlığa, həm kadrlara təqdim olunurdu. Mart ayında xəstənin yoldaşı onlara müraciət edərək yoldaşına bülleten verilmədiyini bildirmişdir. Ona xəstənin 4 gün işə çıxmadığı bildirilmişdir. Onlar 15-18 mart arası 4 günü üzrlü hesab etmişlər. Xəstənin oğlu onlara bildirmişdir ki, daha arayış təqdim olunmur. Daha sonra 2 gün də stansiya rəisi tərəfindən Həmkarların Protokolu əsasında üzrlü hesab edilmiş və əmək münasibətlərinə xitam verilmişdir. İddiaçı onlara müraciət edib atasının işdən çıxmaq istədiyini bildirmişdir. Onlar 29 mart 2022-ci il tarixdə Vüqar Abbasovu görmüşlər. O, xəstə olduğu üçün onlar yaşadığı evə getmiş və ona ərizə yazdırmışlar.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 29 sentyabr 2022-ci il tarixli 2(011)-4410/2022 saylı qətnaməsi ilə (hakim Aygün Həsənova) iddia rədd edilmişdir.
6. Məhkəmə belə nəticəyə gəlmişdir ki, əmək münasibətləri SOCAR-ın “Qaz İxrac” İdarəsinin Astara Magistral X13 ilə vətəndaş X5 arasında yaranmış, eyni zamanda SOCAR-ın “Qaz İxrac” İdarəsinin hazırkı tələb üzrə iddiaçının hüquqlarını hansı hissədə pozması və ya maraqlarına toxunması halı da iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Belə olan halda hazırkı iş üzrə SOCAR-ın “Qaz İxrac” İdarəsi iddiaya cavab verməli olan şəxs deyildir. Məhkəmə tərəfindən prosesin gedişatında iddiaçıya tərəfin əsl cavabdeh ilə əvəz edilməsi təklif olunsa da o, imtina etmişdir. Bu səbəbdən iddia tələbi SOCAR-ın “Qaz İxrac” İdarəsinə müasibətdə iddiaya cavab verməli olan təşkilatın olmaması əsası ilə rədd edilməlidir.
7. Məhkəmə qeyd etmişdir ki, cavabdeh SOCAR-ın “Qaz İxrac” İdarəsinin Astara Magistral X9 mərhumun ərizəsinin evində alınması faktı birbaşa özlüyündə sonuncuya təsir göstərilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, mərhum uzun müddət xəstə olmuş, 15-18 mart tarixlərində ambulator qaydada müalicə almışdır və xəstəlik səbəbindən cavabdeh təşkilata gedib bilavasitə özünün ərizə yaza bilməməsi nəzərə alınmalıdır. Eyni zamanda mərhum Vüqar Abbasov vəfat etdiyi günədək ərizənin geri götürülməsi ilə bağlı işəgötürənə müraciət etməmiş, eyni zamanda ona təzyiq göstərilməsi ilə bağlı hər hansı orqana şikayət etməmişdir. İddiaçı iddia tələbinin əsasını təşkil edən halları məhkəmə iclasında sübuta yetirə bilməmiş, mərhum atasına göstərilən təzyiqin nədən ibarət olması və nədə ifadə olunması ilə bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 69.3, 69.7 Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
9. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apelyasiya şikayətində iddia ərizəsində sadalananlar göstərilməklə qeyd edilmişdir ki, o, kadrlar idarəsinə zəng edərək ərizə yazılması ilə bağlı heç kimi evlərinə dəvət etməmişdir. Məcəllənin 69-cu maddəsinin 3-cü hissəsində göstərilən halların heç biri yoxdur. Ərizədə işdən çıxma gününün göstərilməsi o deməkdir ki, ərizə mərhumun iradəsi ilə deyil, cavabdehin işçisinin diktəsi ilə yazılmışdır. Atasının sağlamlıq durumu ərizənin geri götürülməsi, şikayət edilməsi və s. kimi məsələlər ilə məşğul olmağa imkan vermirdi.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Cavabdeh SOCAR-ın “Qaz İxrac” İdarəsinin nümayəndəsi-vəkili apelyasiya şikayətinə etiraz ünvanlayaraq, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
13. Cavabdehin SOCAR-ın “Qaz İxrac” İdarəsinin nümayəndələri apelyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
14. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdeh və üçüncü şəxs (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi
15. Maddə 68. Əmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş əsaslarla xitam verilə bilər.
16. Maddə 68.2. “a” bəndi. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər.
17. Maddə 69.3. İşçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
18. Maddə 69.7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. İddiaçı tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
27. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur, iddiaçının işdən azad olunması barədə əmr verilərkən mövcud qanunvericiliyin tələbləri pozulmamışdır.
28. İddiaçı tələbini onunla əsaslandırır ki, mərhum atası işdən çıxarılması barədə ərizəni işəgötürənin hədə-qorxusu altında öz iradəsinə zidd olaraq yazmışdır.
29. Məhkəmə Kollegiyası hesab edir ki, işdən azad olunma barədə ərizənin işəgötürənin hədə-qorxusu nəticəsində yazılması kimi bir hal həm birinci instansiya məhkəməsinin araşdırması zamanı, həm də apellyasiya baxışında öz təsdiqini tapmamış, iddiaçı öz dəlilini əsaslandıra və sübuta yetirə bilməmişdir.
30. Beləliklə, müəyyən olunur ki, iddiaçının atası könüllü ərizə verməklə işdən azad olunmuş və bunun qarşılığında son-haqq hesabını almışdır. Söhbət könüllü (işçinin təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilməsindən gedir ki, bununla bağlı da cavabdeh tərəfindən qanun pozuntusuna yol verilməmişdir.
31. Əmək münasibətlərinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulmasına yol verilməsi müəyyən edilməmişdir.
32. Ərizənin evdə alınması işəgötürənin hədə-qorxusu ilə yazılması qənaətinə gəlməyə əsas verən hal deyildir. Mərhum uzun müddət xəstə olmuşdur. Ərizənin evdə yazılmış olması qanun pozuntusu deyildir. Ərizə yazılarkən ailə üzvləri də orada olmuşlar, hər hansı hədə-qorxu olmuşdursa, ərizə yazılmasına imkan verməmək yaxud da sonradan bununla bağlı şikayət edə bilərdilər.
33. Eyni zamanda məhkəmə haqlı olaraq göstərmişdir ki, mərhum Vüqar Abbasov vəfat etdiyi günədək ərizənin geri götürülməsi ilə bağlı işəgötürənə müraciət etməmiş, eyni zamanda ona təzyiq göstərilməsi ilə bağlı hər hansı orqana şikayət etməmişdir.
34. Apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.
35. Beləliklə, kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4410/2022 saylı iş üzrə 29 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.