Məhkəmə qərarları › İş №2(103)-6932/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6932/2023

22.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6932/2023 22.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-6832/2023 (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4871/2023 saylı 01 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 22 noyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı yaşadığı İddiaçı ünvan 1 ünvanında sonuncunun adına olan mexaniki G-4 markalı **********8 nömrəli qaz sayğacının hesablama mexanizmi kənar təsir nəticəsində deşilməsi əsası ilə Cavabdeh işçiləri tərəfindən xx.xx.2023-cü il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" tərtib edilmiş və sonradan ödənişli yeni qaz sayğacı quraşdırılmışdır.

2. İddiaçının adına olan abonentin saldosunda onun akt üzrə 2023-cü ilin aprel ayına 12960 kub.m qaza görə borcunun 1555,20 manat təşkil etdiyi göstərilmişdir. Həmin borc qaz sayğacının maksimal saatlıq qaz sərfi 6 kub.m orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə (6 kub.m x 24 saat x 90 gün = 12960 kub.m x 0,12 manat = 1555,20 manat) hesablanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh "Azəriqaz" İB-yə qarşı cavabdeh tərəfindən iddaçı barəsində hesablanmış 1555,80 manat əsassız borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mənzilində qaz xətti balans mənsubiyyəti sərhəddində quraşdırılmış, kodu adına olan mexaniki G-4 markalı **********8 nömrəli qaz sayğacı onun iştirakı və xəbəri olmadan Cavabdeh nümayəndələri tərəfindən xx.xx.2023-cü ildə xəttdən çıxarılmış və əvəzinə yeni sonradan ödənişli qaz sayğacı quraşdırılmışdır. Yeni sayğacın dəyişdirilməsi ilə bağlı heç bir müqavilə bağlanmamış və yeni sayğacın kartı mənzildə olan azyaşlı övladına təqdim edilmişdir. Bu səbəbdən mənzildə qaz təminatı dayanmışdır. O, xx.xx.2023-cü ildə "Asan kommunal" mərkəzinə yaxınlaşaraq kartı aktivləşdirmək istədikdə 1555,80 manat borc yazıldığı bildirilmişdir. "Azəriqaz" İB-nin Metrologiya Departamentinə getdikdə sayğacın yoxlanılmadığı və vizual baxış zamanı hesablama mexanizminin kənar təsir nəticəsində deşildiyi bildirilmişdir.

5. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən iddiaçıya hesablanmış borcun 1555,80 manat deyil, 1555,20 manat olması məlum olduqdan sonra iddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək 1555,20 manat əsassız borcun silinməsini xahiş etmiş və həmin ərizə məhkəmənin icraatına qəbul edilmişdir.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli 2(008)- 4871/2023 saylı qətnaməsi ilə (hakim Vidadi Qasımov) iddianın təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı hesablanmış 1555,20 manat məbləğində borcun silinməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 1.3, 1.4, 3.4.1, 4.8, 6.5, 6.6, 6.7-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçının yaşadığı ünvanda olanqaz sayğacına baxış keçirilərkən sayğacın mesablama mexaniziminə müdaxilə faktı aşkar edilmişdir. Bu barədə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında Akt tərtib olunmuş, aşkar edilmiş nöqsanlar istehlakçıya bildirilmiş və sayğac əvəz olunaraq dövlət yoxlamasına göndərilmişdir. Yoxlama rəyinə əsasən də sayğaca müdaxilə edildiyi və onun istifadəyə yararsız olduğu öz əksini tapmışdır. Bundan sonra bu barədə xx.xx.2023-cü il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tartib olunmuş və itirilmiş qazın dyərinin hesablanması üçün “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə tərtib edilərək faktiki istehlak olunmuş, lakin dəyəri ödənilməmiş 1555,20 manat dəyərində qaz sərfi müəyyən edilmişdir. Göründüyü kimi istehlakçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni sayğaca müdaxilə edərək təbii qazın dəyərini ödəmədən istifadə etmiş və cavabdehə böyük məbləğdə ziyan vurmuşdur.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz verərək onun təmin edilməməsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli 2(008)-4871/2023 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

c) Proses iştirakçılarının izahatı

11. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası prosesə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

«Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunu

13. Maddə 13. 8-1 bəndi. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. (“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»

14. Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

15. Bənd 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

16. Bənd 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

17. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

18. Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. Cavabdeh tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

28. Belə ki, iş materiallarında olan xx.xx.2023-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"dan görünür ki, ünvan 1 ünvanında istehlakçı İddiaçı məxsus yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılarkən müəyyən olunmuşdur ki, G-4 markalı **********8 nömrəli qaz sayğacının hesablama mexanizmi kənar təsir nəticəsində deşilmişdir.

29. xx.xx.2023-cü il tarixli "Dəymiş ziyanın bərpasına dair tələbnamə"dən görünür ki, İddiaçı qaz sayğacının maksimal saatlıq qaz sərfi 6 kub.m, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə cəmi 12960 kub.m itirilmiş qaz hesablanmışdır.

30. İddiaçı adına olan "Abonentin saldosu"ndan görünür ki, onun akt üzrə 2023-cü ilin aprel ayına 12960 kub.m qaza görə borcu 1555,20 manat təşkil edir.

31. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus mənzildə quraşdırılan sayğaca baxış keçirilən zaman sayğaca müdaxilə edilməsi əsası ilə akt tərtib edilsə də, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən sayğaca müdaxilə etməsi faktı öz təsdiqini tapmamışdır.

32. Digər tərəfdən, kollegiya qeyd edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır.

33. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun (hazırda qüvvədə olan, 2022ci il mayın 1-dən qüvvəyə minmiş redaksiyada) 13-cü maddəsinin 8-1 bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

34. Beləliklə qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.

35. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4871/2023 saylı iş üzrə 01 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar