Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6937/2022 27.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və Bakı şəhəri 9 saylı notariat ofisinə qarşı ilkin, Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: ipotekaya xitam verilməsi, ipoteka yüklülüyündən azad olunma, borcun ödənilməsi, ipotekaya tutma yönəldilməsi, öhdəliyin icra müddəti, iddia müddətinin ötürülməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və ilkin iddia üzrə cavabdeh Bakı şəhəri 9 saylı notariat ofisinin nümayəndələri (vəkili) Nümayəndə2 iştirakı ilə İddiaçı Cavabdeh1 və Bakı şəhəri 9 saylı notariat ofisinə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və mənzilin ipoteka yüklülüyündən azad olunması” barədə ilkin, Cavabdeh1 İddiaçı qarşı “borcun və faizlərin ödənilməsi, ipoteka predmetinə tutma yönəldilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 və Bakı şəhəri 9 saylı notariat ofisinin nümayəndələri tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli borc müqaviləsinə görə, Cavabdeh1 İddiaçı 14 000 ABŞ dolları (manatla kurs üzrə 12 180 manat) məbləğində borc vermiş, İddiaçı xx.xx.2007-ci il tarixinədək həmin məbləği qaytarmağı və vaxtında tam qaytarılması üçün ünvan 1 ünvanda yerləşən mənzildən özünə məxsus olan 25,0 kv.m. bir otaq mənzili borcun təminatı üçün ipotekaya qoymağı öhdəsinə götürmüş, müqavilə Bakı şəhəri 9 saylı Dövlət notariat kontorunda təsdiq olunmuşdur.
2. Cavabdeh1 ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə görə, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2007-cı il tarixdə verilmiş 11/2273 arayışa və xx.xx.2007-ci il tarixdə verilmiş çıxarışa əsasən, ünvan 1 ünvanda yerləşən mənzildən ona məxsus olan 25,0 kv.m bir otağı xx.xx.2007-ci il tarixli borc müqaviləsinin təminatı qismində Cavabdeh1 xeyriinə ipoteka ilə yüklü etmişdir.
3. Cavabdeh1 X2 qarşı “borc müqaviləsi üzrə əsas borcun, faizlərin ödənilməsi və ipotekaya qoyulmuş daşınmaz əmlakın hərracdan satılması” tələblərinə dair iddia ərizəsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3402/09 saylı xx.xx.2009-cu il tarixli qərardadı ilə baxılmamış saxlanılmışdır.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-674/2010 saylı iş üzrə xx.xx.2010-cu il tarixli qərardadı ilə, Cavabdeh1 X2 qarşı “aralarında xx.xx.2007-ci ildə bağlanmış ipoteka müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməməsi ilə əlaqədar ipotekaya qoyulmuş cavabdehin şəxsi mülkiyyətində olan Bakı şəhəri, A.Məmmədov küçəsi 5 saylı evin 3 saylı mənzilinin hərracdan satılması, əldə edilmiş vəsaitdən cəmi 37 400 ABŞ dollarının və yaxud 41 000 manatın ödənilməsi”nə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır.
5. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********93 saylı məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, A.Məmmədov küçəsi ev 5, 3 saylı mənzilin 1 otağı İddiaçı, 1 otağı X4 mülkiyyətindədir. Sözügedən mənzilin İddiaçı məxsus 1 otağı 9 saylı DNK-nın 3-M-1/210 reyestr nömrəli xx.xx.2007-ci il tarixli ipoteka müqaviləsinə əsasən (sözügedən müqavilə 9 saylı DNK-da 1S-43/24931 reyestr nömrəsi ilə xx.xx.2009-cu il tarixdə təsdiq edilmişdir) xx.xx.2009-cu il tarixdə Cavabdeh1 xeyrinə ipoteka ilə yüklü edilmişdir və hazırda yüklüdür.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
6. İddiaçı Cavabdeh1 və Bakı şəhəri 9 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (birinci instansiya məhkəməsi) müraciət edərək, Cavabdeh1 ilə aralarında Bakı şəhəri 9 saylı notariat kontorunda xx.xx.2007-ci il tarixdə bağlanmış borc müqaviləsi üzrə öhdəlik icra olunduğundan həmin notariat kontorunda xx.xx.2007-ci il tarixdə reyestrdə 3M-1/210 nömrə ilə qeydə alınmış ipoteka müqaviləsinə xitam verilməsi, mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Altay Məmmədov küçəsi ev 5 ünvanında yerləşən 3 saylı mənzilin 1 otağının ipoteka yüklülüyündən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 ilə aralarında Bakı şəhəri 9 saylı Dövlət notariat kontorunda xx.xx.2007-ci il tarixdə 14 000 ABŞ dollarının (manat kursu üzrə 12 180 manatın) borc götürülməsi barədə müqavilə bağlanmış, müqavilənin təminatı kimi həmin notariat kontorunda eyni tarixdə reyestrdə 3M-1/210 nömrə ilə qeydə alınmış ipoteka müqaviləsi rəsmiləşdirilmiş və paylı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Altay Məmmədov küçəsi ev 5 ünvanında yerləşən 3 saylı mənzildən ona məxsus olan 25 kv.m. 1 otaq cavabdehin xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2007-ci il tarixli borc müqaviləsi üzrə öhdəliyi tam icra etmiş, 14 000 ABŞ dolları məbləğini cavabdehə əlbəəl ödəmişdir. Lakin cavabdeh həmin məbləğin ödənilməsini inkar etməklə yanaşı, əlavə olaraq ondan 23 000 ABŞ dolları məbləğində faiz borcu da tələb etmişdir. Halbuki, borc müqaviləsində faiz ödənilməsi nəzərdə tutulmamışdır. Buna baxmayaraq cavabdeh tərəfindən 2009-2010-cu illərdə ona qarşı Bakı şəhəri Xətai Rayon Məhkəməsində iddia tələbləri irəli sürülmüş, həmin məhkəmənin xx.xx.2009-cu il tarixli 2(011)-3402/09 saylı və xx.xx.2010-cu il tarixli 2(011)-674/2010 saylı qərardadları ilə iddia ərizələri baxılmamış saxlanılmışdır. Həmin vaxtan 12 ildən artıq müddət keçməsinə baxmayaraq, ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********93 saylı məktubundan da göründüyü kimi, paylı mülkiyyətdə olan ünvan 2 ünvanında yerləşən mənzilin 1 otağı xx.xx.2007-ci il tarixli 3M- 1/210 nömrəli ipoteka müqaviləsinə əsasən cavabdehin xeyrinə bugünədək yüklüdür. Mənzilin yüklülükdən azad edilməsi cavabdehlərdən tələb olunsa da, tələbi yerinə yetirməkdən imtina edirlər.
8. Cavabdeh1 iddia ərizəsinə etiraz ərizəsi vermiş, etirazda göstərmişdir ki, hətta iddia müddəti keçmiş olsa belə bu, öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Ümumiyyətlə iş üzrə iddia müddətinin keçmədiyini hesab edir, buna dair sübutları mövcuddur. Girov (ipoteka) hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əmlak hüququ olaraq müddətsiz xarakter daşıyır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1-ci maddəsində ipotekaya xitam verilməsinin əsasları göstərilmişdir, İddiaçı onun xeyrinə ipoteka ilə yüklü etdiyi əmlakın ipotekadan azad olunması üçün isə həmin əsasların heç biri mövcud deyildir.
9. Cavabdeh1 daha sonra İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, İddiaçı xx.xx.2007-ci il tarixli borc müqaviləsi üzrə 12 180 manat əsas, illik beş faizlə hesablanmış 9135 manat gecikmə borcu olmaqla cəmi 21 315 manat borcun və 154 manat dövlət rüsumunun tutulub ona ödənilməsi, ipotekaya qoyulmuş ünvan 3 ünvanında yerləşən 3 saylı mənzildən 25 kv.m sahəyə malik otağa tutma yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və əldə edilmiş vəsait hesabına borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Cavabdeh1 qarşılıqlı iddia tələblərini belə əsaslandırmışdır ki, İddiaçı ilə aralarında Bakı şəhəri 9 saylı Dövlət notariat kontorunda xx.xx.2007-ci il tarixdə 14 000 ABŞ dollarının (manat kursu üzrə 12 180 manatın) borc götürülməsi ilə bağlı müqavilə bağlanmış, müqavilədə həmin pulun xx.xx.2007-ci il tarixədək qaytarılması nəzərdə tutulmuş, lakin Şahnaz Nəbiyeva borcunu könüllü ödəməkdən boyun qaçırmışdır. Həmin pulun ödənilməsi ilə bağlı 2009 və 2010-cu illərdə Xətai Rayon Məhkəməsinə müraciət edilmiş, lakin müxtəlif səbəblərə görə iddia ərizələri baxılmamış saxlanılmışdır. X1 ilkin iddia ərizəsində bildirdiyi hallar tamamilə yanlışdır və həqiqəti əks etdirmir. O, bütün bu müddət ərzində borcunu ödəməkdən yayınmış və heç bir ödəniş etməmişdir. İllərdir onun tərəfindən hər hansı addım atılmasını və ödəniş edilməsini gözləsə də, şəxs öz öhdəliklərini yerinə yetirməyərək, borcunu ödəməkdən yayınmaqla ona maddi zərər vurmaqdadır.
11. İddiaçı iddia müddətinin tətbiqi barədə ərizə verərək göstərmişdir ki, qarşılıqlı iddia tələbi üzrə iddia müddəti buraxılmışdır. Belə ki, işin mübahisəsiz halıdır ki, aralarında Bakı şəhəri 9 saylı Dövlət notariat kontorunda xx.xx.2007-ci il tarixdə borc müqaviləsi bağlanmış, həmin pulun xx.xx.2007-ci il tarixədək qaytarılması nəzərdə tutulmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçı 15 il keçdikdən sonra həmin əqd əsasında yaranmış tələblərlə bağlı iddia qaldırmaqla iddia müddətini ötürmüşdür, buna görə qarşılıqlı iddia rədd olunmalıdır.
12. Birinci instansiya məhkəməsinin şahid qismində dindirdiyi X6 ifadəsində göstərmişdir ki, İddiaçı 1998-ci ildən tanıyır. Şəhnazın yoldaşı gül dükanında onun müdiri olub. Evlərinə gedib-gəlir. Şəhnazın borcunun olmasından, mənzilini ipoteka qoymasından xəbəri olub. Borcunu qaytaran zaman şahid kimi özü də iştirak etmişdir. Şərtə görə ev girovdan çıxarılmalı idi, lakin Sevda xanım sonradan faiz tələb etmiş və ondan sonra evin girovdan çıxarılacağını bildirmişdir. Ödənilən pulun məbləği 12-13 min manat idi.
13. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi, Cavabdeh1 100 (bir yüz) manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, 154 (yüz əlli dörd) manat dövlət rüsumunun Cavabdeh1 aid edilməsi qət olunmuşdur.
14. Məhkəmə gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır:
14.1. İşin müəyyən edilmiş mübahisəsiz hallarına əsasən İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri 9 saylı Dövlət notariat kontorunda xx.xx.2007-ci il tarixdə bağlanmış borc müqaviləsinin icra müddəti xx.xx.2007-ci ildə başa çatmış, Cavabdeh1 İddiaçı qarşı borc tələbinə dair iddia ərizəsi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(011)-674/2010 saylı qərardadı ilə baxılmamış saxlanmış, həmin andan öhdəliyə xitam verilməsi üçün kəsilmiş müddətin axımının davam etməsinə baxmayaraq, 12 il ərzində borc verən tərəfindən borcun qaytarılması istiqamətində heç bir hərəkət edilməmiş, bununla da tələb etmək hüququna xitam verilmişdir. 14.2. Məhkəmə ilkin iddia üzrə cavabdehin ilkin iddia ərizəsinə etirazda qeyd etdiyi iddia müddətinin keçməsinin öhdəliyin aradan qalxması üçün hüquqi əsas olmamasına dair müddəasına hüquqi qiymət verərək hesab edir ki, iddia müddəti və öhdəliklərə xitam verilməsi müddətləri fərqli anlayışlardır. Belə ki, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 fevral 2022-ci il tarixli Qərarında göstərildiyi kimi, “Qüvvədə olan qanunvericiliyə əsasən öhdəliklərin mövcud olması hər hansı bir müddətlə məhdudlaşmır. Yəni müəyyən bir müddət üçün nəzərdə tutulmayan öhdəliklər hər hansı bir müddətin keçməsi səbəbilə aradan qalxmır. Bu səbəbdəndir ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri).” 14.3. Bundan fərqli olaraq, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin “Öhdəliklərə xitam verilməsi”nə dair 27-ci fəslinin 5-ci paraqrafının tələbinə görə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir (Mülki Məcəllənin 551.1 və 554.3-cü maddələri). Yəni qanunla nəzərdə tutulmuş müddətin keçməsi nəticəsində səlahiyyətli şəxsin tələb etmək hüququna xitam verilməklə yanaşı, mükəlləfiyyətli şəxsin öhdəliyə xitam verilməsi üçün məhkəməyə müraciət etmək hüququ yaranır. 14.4. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərı alıb, qanunvericiliyin sadalanan normalarına əsaslanaraq hesab edir ki, İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri 9 saylı Dövlət notariat kontorunda xx.xx.2007-ci il tarixdə bağlanmış borc müqaviləsi üzrə müddətin keçməsi nəticəsində tələb etmək hüququna xitam verildiyindən, ondan asılı olan əlavə öhdəliyin icrasına dair tələbin də müddəti keçdiyinə görə qüvvəsini itirdiyindən ilkin iddia tələbi təmin edilməlidir. 14.5. Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2007-ci il tarixli borc müqaviləsinin icra müddəti xx.xx.2007-ci il tarixədək müəyyən edilmişdir. Cavabdeh1 iddia müddətini buraxmadan sonuncu dəfə 2010-cu ildə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(011)- 674/2010 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanmışdır. Belə olan halda üç illik müddətin axımı xx.xx.2010-cu il tarixdə başlayaraq xx.xx.2013-cü il tarixdə başa çatmışdır. Cavabdeh1 tərəfindən pul tələbinə dair iddia ərizəsi iddia müddəti başa çatandan sonar - 2022-ci ildə verilmişdir. Cavabdeh1 ilkin iddia ərizəsinə etirazında iddia müddətinin keçmədiyini, buna dair sübutların mövcud olduğunu göstərsə də, bu barədə etirazına heç bir sübut əlavə edə bilməmişdir. 14.6. Beləliklə, məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından tələb üzrə iddia müddəti keçdiyindən və iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh tərəfindən ərizə verildiyindən, iddia müddəti tətbiq edilməli, qarşılıqlı iddia tələbi təmin edilməməlidir.
15. Gəldiyi nəticənin hüquqi əsaslandırılması zamanı məhkəmə həmçinin, Mülki Məcəllənin 6.2-ci, 269-cu, 372-ci, 373.2-ci, 375.1-ci, 375.2-ci, 380-ci, 367.1-ci, 460.1-ci, 527.1-ci, 550-ci, 551.1-ci, 552.1-ci, 553.1.2-ci, 553.1.3-cü, 554.3-cü, 739.1-ci, “İpoteka haqqında” Qanunun 33-cü, 34-cü, 48.1-ci, maddələrinə, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Stanyo Belçikaya qarşı” iş üzrə 7 iyul 2009-cu il tarixli qərarına istinad etmişdir.
16. Qətnamədən Cavabdeh1 və Bakı şəhəri 9 saylı notariat ofisinin nümayəndələri Nümayəndə2 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayəti ilkin iddia ərizəsinə qarşı verilmiş etirazın və qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, Konstitusya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarında əks olunan mövqeləri nəzərə almadığını, həmin Qərarda əsas tələb üzrə müddətin keçməsinin ipotekanın xitamına səbəb olmadığı nəticəsinə gəlindiyinə əhəmiyyət vermədiyini, işin hallarına uyğun gəlməyən qərar çıxardığını irəli sürmüşdür.
Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
17. Cavabdeh1 və Bakı şəhəri 9 saylı notariat ofisinin məhkəmə iclasında iştirak edən nümayəndələri (vəkilləri) Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, İddiaçı isə məhkəməyə gəlməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
19. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
20. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
21. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır.
22. Maddə 269.5. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur.
23. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.
24. Maddə 367.1. Müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır.
25. Maddə 372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
26. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir.
27. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
28. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
29. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.
30. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
31. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
32. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
33. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
34. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.
35. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.
36. Maddə 527.1. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.
37. Maddə 550. Tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər.
38. Maddə 551.1. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir.
39. Maddə 552.1. Müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır.
40. Maddə 553.1.2. İxtiyarlı şəxs məhkəməyə iddia verirsə, müddətin axımı kəsilir.
41. Maddə 553.1.3. Müddətin kəsilməsi iddia üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı qəbul edilənədək davam edir.
42. Maddə 554.3. Əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir.
43. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu (tərəflər arasında hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş və hazırda da qüvvədə olan redaksiyada)
44. Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda.
45. Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
46. Maddə 34. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi anından İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli Qərarı
47. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən, həmin Məcəllənin 375.2-ci maddəsinin tətbiqi nəticəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçmiş hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsinə uyğun olaraq, ipoteka hüququ ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olduğundan, əsas tələb üzrə iddia müddətinin keçməsi ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
51. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
52. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
53. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
54. Belə ki, mülki hüquq müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsasları, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki-hüquqi öhdəliklərin ipoteka hesabına ödənilməsi qaydası, tərəflərin hüquq və vəzifələri “İpoteka haqqında” Qanunla tənzimlənir (§ 44-45).
55. Qeyd olunmalıdır ki, müqavilə azadlığı prinsipi ilə yanaşı, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də “müqavilələr icra olunmalıdır (pacta sunt servanda)” prinsipidir. Bununla yanaşı, qanunverici tərəfindən öhdəliklərin xitam verilməsinin müxtəlif əsasları müəyyən edilmişdir ki, bunlardan biri də, müddətin keçməsidir (§ 36-38, 41).
56. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli Qərarındakı hüquqi mövqe, ipoteka hüququnun ipoteka saxlayanın əşya üzərində məhdud əşya hüququ olmasına, bu səbəblə də, əsas tələb üzrə iddia müddətinin keçməsinin ipotekanın xitamına və ipoteka predmetinin yüklülükdən azad olmasına səbəb olmadığına əsaslanır. Belə ki, əşya haqlarına iddia müddəti şamil olunmasa da, əsas tələbə bağlı olan girov (ipoteka) əlavə haqdır. İddia müddətinin tətbiqi nəticəsində əsas tələbin məcburi icrası mümkünsüzləşdikdə, əsas tələbə bağlı olan əlavə girovun (ipotekanın) məcburi satışı mümkünsüzləşər. Ancaq müddətlərin ötürülməsi öhdəliklərin və bunun məntiqi nəticəsi olaraq haqların xitam olub aradan qalxmasına səbəb olmadığı üçün, əşya haqqı olaraq girov haqlarının da xitamına səbəb olmadığının qəbulu məntiqi zərurətdir,
57. Lakin həmin qərardakı hüquqi mövqe Mülki Məcəllənin 554.3-cü maddəsinin (§ 42) tətbiqini istisna etmir..
58. Belə ki, əgər əsas öhdəliyin özünə müddətin keçməsinə görə xitam verilmişdirsə, ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir.
59. Qarşılıqlı iddia tələbi üzrə iddia müddətinin ötürüldüyünə dair birinci instansiya məhkəməsinin qənaəti də tam əsaslıdır və kollegiya bununla əlaqədar əlavə əsaslandırma aparılmasına ümumiyyətlə zərurət görmür.
60. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
61. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh1 və Bakı şəhəri 9 saylı notariat ofisinin nümayəndələri tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3059/2022 saylı iş üzrə 04 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri apellyatorlara aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov