Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6938/2022 10.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, X10 qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndələri X7 və X3 iştirakları ilə, İddiaçı Hafiz qızının - cavabdehlər "xxxx" MMC-yə, Şirvan Şəhər icra şöbəsinə və Cavabdeh3 ASC-yə qarşı «hərracın yekun nəticələrinin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1503/2022 saylı, 19 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı Hafiz qızına məxsus Şirvan şəhəri, X8 küçəsi ev 5A və 0,06 ha torpaq sahəsi 47.000 manat dəyərində qiymətləndirilmiş və keçirilən hərracda 29,963 manata Cavabdeh3 ASC-yə satılmış, bu barədə xx.xx.2017-ci il tarixli Y-400 nömrəli protokol təsdiqlənmişdir. . Birinci instansiya məhkəməsində icraat İddiaçı Hafiz qızı-cavabdehlər "xxxx" MMC-yə, Şirvan Şəhər icra şöbəsinə və Cavabdeh3 ASC-yə qarşı “hərracın nəticələri haqqında protokolun etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin hərracın nəticələri haqqında yekun protokolunun etibarsız hesab olunması və dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 ASC ona, X4 və X5 qarşı kredit borcunun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi, əmlakdan çıxarılma və əmlakın boşaldılması tələbi barədə iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət etmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(032)-1588/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, X1 26274,81 manat məbləğində əsas borcun və 2607,94 manat faiz borcu olmaqla, cəmi 28882,75 manat tutularaq banka verilməsi, Şirvan şəhəri X8 küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4 otaqlı, 227,7 kv.m ümumi, 99,4 kv.m yaşayış, 128,3 kv.m yardımçı sahədən ibarət 5 A saylı fərdi yaşayış evi açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, ipoteka predmeti olan mənzil açıq hərracda ilkin satış qiymətinin 47.000 manat manat müəyyən edilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 40 manatın X1 alınaraq banka ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən X6 apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(106)-1373/2016 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, qətnamə X6 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin və apellyasiya instansiyası məhkəməsinin qətnamələri qəbul edilməmişdən qabaq X6 və Cavabdeh3 ASC arasında xx.xx.2016-cı il tarixli 12 nömrəli protokol imzalanmışdır. Protokola əsasən borcun hissə-hissə ödənilməsi razılaşdırılmışdır. Bundan sonra hər ay bankın hesabına müxtəlif məbləğlərdə pul ödənişləri etmişlər. Bankın verdiyi hesabdan çıxarışdan və hazırki iddia ərzisinə əlavə etdiyi 2 ədəd çekdən görünür ki, bank iddia ilə məhkəməyə müraciət etdikdən sonra xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2022-ci il tarixə təxminən 6 il ərzində cəmi 21343 manat ödəniş etmişlər. Ödənişlər etməklərinə və borcun hissə-hissə ödənilməsi ilə bağlı aralarında razılığın olmasına baxmayaraq, Şirvan şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(032)-1588/2016 saylı qətnaməsi icraya yönəldikdən sonra onların xəbəri olmadan hərrac keçirilmişdir. Hərracların keçirilmə vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası və.s barədə onlara hər hansı bir məlumat verilməmiş və hər hansı bir bildiriş təqdim edilməmişdir. Halbuki qanunvericiliyə görə hərraclar barədə bildirişlər ipoteka qoyan kimi ona təqdim edilməli idi. Şirvan şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(032)-1588/2016 saylı icra vərəqəsinə, Şirvan şəhər İcra şöbəsinin 2317/7 saylı, xx.xx.2017-ci il tarixli sifarişli məktubuna əsasən qeyd olunan fərdi yaşayış evi xx.xx.2017ci il tarixdə Cavabdeh3 ASC-yə satılmışdır. "xxxx" MMC-nin tərtib etdiyi ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün keçirilmiş hərracın nəticələri haqqında xx.xx.2017ci il tarixli Y-400 saylı protokolunun surətindən görünür ki, onun mülkiyyətində olan Şirvan şəhəri X8 küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4 otaqlı, 227,7 kv.m ümumi, 99,4 kv.m yaşayış, 128,3 kv.m yardımçı sahədən ibarət 5 A saylı fərdi yaşayış evi 47000 manat məbləğində hərraca çıxarılmış, 29963 manata Cavabdeh3 ASC tərəfindən alınmışdır. Ona məxsus olan torpaq sahəsi və fərdi yaşayış evi onun məlumatı olmadan hərracda dəyərindən dəfələrlə aşağı qiymətə satılmışdır. Cavabdeh3 ASC əmlakını faktiki olaraq ucuz qiymətə almışdır. Həmçinin həmin əmlakı alarkən qətnamədə olan borc məbləği ilə ipoteka predmetinin əldə olunması qiyməti arasındakı fərqi (1080.25 manat) nə onun hesabına, nədəki İcra Şöbəsinin depozit hesabına ödənilməmişdir. İcra Şöbəsi tərəfindən də ona hər hansı bir məbləğ verilməmişdir. Hərracın nəticələri haqqında yekun protokolun bağlanması mahiyyət etibarı ilə alğı-satqı müqaviləsinə bərabər tutulduğundan ipoteka predmeti alıcının mülkiyyətinə keçirsə onda ipoteka saxlayan - alıcı əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməlidir. Başqa sözlə Cavabdeh3 ASC əmlakı hərracdan götürərkən əmlakın əldə olunması qiyməti ilə qətnamədəki borc arasında yaranmış fərqi (1080.25 manat) ödəmədiyindən hələ də hərracın nəticələri haqqında bağlanmış xx.xx.2017-ci il tarixli Y- 400 saylı protokol etibarlı ola bilməz. Bundan başqa onların indiyə qədər xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixə ödədikləri ödənişlər də nəzərə alınmamışdır. Əgər nəzərə alınsaydı, ya gərək ipoteka predmeti Cavabdeh3 ASC tərəfindən hərrac vasitəsi ilə alğısatqı olunmayaydı, yadaki, hərrac protokolu tərtib olunaraq imzalanmış olduğundan həmin pullar (21343 manat) geri ödənilməli idi, borc məbləği ilə ipoteka predmetinin əldə olunması qiyməti arasındakı fərqi (1080.25 manat) isə ona ödənilməli idi. Yuxarıda qeyd edilmiş hallardan heç biri olmamışdır. Göründüyü kimi "xxxx" MMC ilə Cavabdeh3 ASC arasında olan hərracın nəticələri haqqında xx.xx.2017-ci il tarixli Y-400 saylı yekun protokol imzalansa da əslində bağlanmış sayıla bilməz və etibarsızdır. Hazırki halda bank həm onun mülkiyyətində olan əmlakı, həm də banka ödəmiş olduğu 21343 manat məbləğində pulu qanunsuz olaraq mənimsəmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1503/2022 saylı, 19 avqust 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Hafiz qızının - cavabdehlər "xxxx" MMC-yə, Şirvan Şəhər icra şöbəsinə və Cavabdeh3 ASC-yə qarşı «hərracın yekun nəticələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi onunla əsaslandırmışdır ki, “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun 2-ci maddəsinə əsasən fəaliyyətləri bu qanunla tənzimlənən fiziki və ya hüquqi şəxslər (qiymətləndiricilər) və onların xidmətlərinin istehlakçıları (sifarişçilər) qiymətləndirmə fəaliyyətinin subyektləridir. Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin öz əmlakını qiymətləndirmək hüququ vardır. Qiymətləndirmənin nəticələri mühasibat və statistika uçotu və hesabatlarında düzəlişlər etmək üçün istifadə oluna bilər. İş materiallarında olan Şirvan şəhər İcra şöbəsinin xx.xx.2017-ci il tarixli sifariş məktubunun surətindən, Şirvan Apellyasiya Məhkəməsinin 19 iyul 2016-cı il tarixli qətnaməsinin surətindən və iddiaçının özünün də iddia ərizəsində qeyd etdiklərindən görünür ki, Şirvan şəhəri, X8 küçəsi ev 5A və 0,06 ha torpaq sahəsinin ilkin satış qiyməti Şirvan şəhər Məhkəməsinin 11 may 2016-cı il tarixli qətnaməsi ilə 47.000 manat dəyərində müəyyən edilmişdir. "xxxx" MMC sözügedən mənzili məhz ilkin satış qiyməti 47.000 manat olmaqla hərraca çıxarmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş əmlakın dəyəri həmin əmlakın hərracdaki ilkin satış qiyməti ilə eynidir. Sözügedən əmlak “İpoteka haqqında” Qanunun 43.5 və 43.7-ci maddələrinə əsasən təkrar hərracda-15%-25% enmiş faizlə 29,963 manata satılmışdır (47.000x15%=39,950; 39,950x25%=9987,5; 39,950- 9987,5=29,962,5). Göründüyü kimi, əmlakın satış qiyməti qanunvericiliyin tələbinə əsasən düzgün müəyyənləşdirilmişdir. Məhkəmə iddiaçının iddia tələbinin hərracın keçirilməsindən məlumatsız olması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi bu hissədə də əsassızdır. Belə ki, iş materiallarında olan 21 aprel 2017-ci il, 05 may 2017-ci il, 26 may 2017-ci il və 09 iyun 2017-ci il tarixli bildirişlərin surətindən görünür ki, Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən mənzilin ilkin satış qiymətini və hərracın keçirilmə yerini və vaxtını göstərməklə müvafiq bildirişləri İddiaçı ünvanına poçt vasitəsi ilə məktublar göndərilmişdir. Burdan belə bir nəticəyə gəlinir ki, iddiaçı hərracın keçirilməsi, onun vaxtı və yeri barədə məlumatlı olmuşdur. İddiaçı apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətinin dəlillərinin iddia ərizəsinə uyğun əsaslandıraraq göstərmişdir ki, hərracın keçirilməsinin prosessual qaydalarına riayət edilməmiş, ona hərracın keçirilməsi barədə məlumat verilməmiş, hərrac qanunsuz və əsassız keçirilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları İddiaçının nümayəndəsi izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndələri ayrı-ayrılıqda izahat verərək verilmiş apelyasiya şikayətinə etiraz etdiklərini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında öz nümayəndələrinin iştirakını təmin etmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə oların nümayənədlərinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən iddiaçı tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnamə bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəlləsi: 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2. Yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Qanunun: 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların a ydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(032)-1588/2016 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, X1 26274,81 manat məbləğində əsas borcun və 2607,94 manat faiz borcu olmaqla, cəmi 28882,75 manat tutularaq banka verilməsi, Şirvan şəhəri X8 küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4 otaqlı, 227,7 kv.m ümumi, 99,4 kv.m yaşayış, 128,3 kv.m yardımçı sahədən ibarət 5 A saylı fərdi yaşayış evi açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, ipoteka predmeti olan mənzil açıq hərracda ilkin satış qiymətinin 47.000 manat manat müəyyən edilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 40 manatın X1 alınaraq banka ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1373/2016 saylı 19 iyul 2016-cı il tarixli qətnaməsi ilə Şirvan şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(032)-1588/2016 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Hərracın nəticələri haqqında xx.xx.2017-ci il tarixli Y- 400 saylı protokola əsasən ipoteka predmeti 47000 manat məbləğində hərraca çıxarılmış, 29963 manata Cavabdeh3 ASC tərəfindən alınmışdır. İddiaçı həmin hərracın nəticələri haqqında yekun protokolunun etibarsızlığını mübahisələndirərkən istinad etdiyi hallardan biri ipoteka predmeti olmuş Şirvan şəhəri, X8 küçəsi ev 5A fərdi yaşayış evinin və 0,06 ha torpaq sahəsinin həqiqi dəyərindən çox aşağı qiymətə hərraca çıxarılaraq satılması və hərracın keçirilməsi barədə ona məlumat verilməməsi olmuşdur. Apellyasiya şikayətində apellyator yaşayış evinin və 0,06 ha torpaq sahəsinin həqiqi dəyərindən çox aşağı qiymətə hərraca çıxarılması ilə bağlı deyil, ipoteka qoyan kimi ona hərracın vaxtı və yeri barədə bildirişlərin göndərilməməsinə dair birinci instansiya məhkəməsinin mövqeyini mübahisələndirmişdir və bu hal da məhkəmənin “İpoteka haqqında” Qanunla tənzimlənir. Həmin Qanunun 42.1-ci maddəsinin düzgün təfsir etməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin hərracın vaxtı və yeri barədə bildirişlərin iddiaçının poçt ünvanına göndərilməsinin onun hərracdan məlumatlı olması demək olmaması, həmin bildirişlərin iddiaçıya çatdırılmasını (və ya təqdim edilməsini) təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməməsi kimi dəlillərinə qiymət verərək qeyd edir ki, hərrac barədə tərəfin məlumatlandırılması qaydası “İpoteka haqqında” Qanunla tənzimlənir. Həmin Qanunun 42.1-ci maddəsinə görə, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidi. Göründüyü kimi qanunda məcburi qayda kimi bildirişlərin sifarişli poçt məktubu ilə çatdırılması nəzərdə tutulmamışdır. Qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat borclunun faktiki yaşadığı ünvanı axtarıb tapmaq, habelə onun olduğu yeri müəyyən etmək və bildirişlərin borclunun faktiki ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək, hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla belə, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elanlar dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. Araşdırma zamanı da müəyyən edilmişdir ki, 21 aprel 2017-ci il, 05 may 2017-ci il, 26 may 2017-ci il və 09 iyun 2017 ci il tarixli bildirişlərin surətindən görünür ki, "xxxx" MMC tərəfindən mənzilin ilkin satış qiymətini və hərracın keçrilmə yerini və vaxtını göstərməklə mıvafiq bildirişləri İddiaçı ünvanına poçt vasitəsi ilə məktublar göndərilmişdir. Burdan belə bir nəticəyə gəlinir ki, iddiaçı hərracın keçirilməsi, onun vaxtı və yeri barədə məlumatlı olmuşdur. Bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. İşə mahiyyəti üzrə baxan məhkəmə müəyyən etmişdir ki, hərracın keçirilməsi barədə iddiaçının ünvanına bildirişlər göndərilmişdir. Bundan başqa hərracın keçirilməsi barədə kütləvi informasiya vasitələrində müvafiq elanlar verilmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi də 30 dekabr 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, “Qanunun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində təşkilatçının hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirməsi, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərməsi qeyd olunmaqla, elanların verilməsi müddətlərinə və s. dair müddəalar əks etdirilmiş, 43-cü və 44-cü maddələrində isə müvafiq olaraq hərracın baş tutmamış hesab edilməsinin və onun etibarsız sayılmasının nəticələri göstərilmişdir (bu Qanun 09 iyul 2005-ci il tarixdə qüvvəyə minmişdir)… bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.” Göstərilənləri nəzərə alaraq Kollegiya hesab edir ki, iddiaçının hərrac barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmaması barədə apellyasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz və hərracın iddiaçı tərəfdən xəbərsiz keçirilməsinin öz təsdiqini tapmamasına, ona məxsus Şirvan şəhəri X8 küçəsində yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4 otaqlı, 227,7 kv.m ümumi, 99,4 kv.m yaşayış, 128,3 kv.m yardımçı sahədən ibarət 5 A saylı fərdi yaşayış evi ilə bağlı keçirilən hərraclarda qanunvericiliyin tələbləri pozulmamasına dair birinci instansiya məhkəməsinin nəticələri düzgündür. Həmçinin iddiaçı şikayətində göstərdiyi dəlillərə dair məhkəməyə hər hansı sübut təqdim etmədiyindən və mənzilin iddiaçıdan xəbərsiz və ya qeyri-qanuni yollarla özgəninkiləşdirlidiyini sübuta yetirə bilmədiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsinə dair nətijəsini qanuni və əsaslı sayır.
Məhkəmə kollegiyası apellyasiya şikayətinin xx.xx.2016-ci il tarixli 12 saylı protokola əsasən tərəflər arasında borcun hissə-hissə ödənilməsi razılaşdırılmasını, Bankın həmin əmlakı alarkən qətnamədə olan borc məbləği ilə ipoteka predmetinin əldə olunması qiyməti arasındakı fərqi (1080.25 manat) iddiaçının (mülkiyətçinin) hesabına, nədə ki İcra Şöbəsinin depozit hesabına ödəməməsinə,İcra Şöbəsi tərəfindən də iddiaçıya həmin fərqinlə bağlı hər hansı bir məbləğ verilməməsinə, eləcə də ipoteka predmeti 47000 manat məbləğində hərraca çıxarılmış, 29963 manata Cavabdeh3 ASC tərəfindən alındıqdan sonra bank 29963 manata hərracdan götürməklə həm ipoteka predmetinin mülkiyətçisi, həm iddiaçının 21343 manat ödədiyi pulu onun qətnamə üzrə borcuna silinməsini, həm də borc məbləğləri ilə ipoteka predmetinin əldə olunması qiyməti arasındakı fərqi (1080.25 manat) iddiaçıya (mülkiyyətçiyə) ödəməməsinin birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamasına dair dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, göstərilən hallar qanunvericiliyin tələblərinə uyğun keçirilmiş hərracın nəticələrinin etibarsızlığına hüquqi əsas vermir. Belə ki, göstərilən hallar hərracın keçirilməsindən sonra həyata keçirilməli olan prosedurlara aiddir və apellyatorun qeyd etdiyi hallar mövcud olduğu təqdirdə mötəbər və tutarlı sübutlar əsasında aidiyyatı üzrə müvafiq qaydada iddia qaldırmaq hüququ vardır. Bundan başqa apellyasiya məhkəməsinə təqdim olunmuş Şirvan Apellyasiya Məhkəməsinin 02 may 2019-cu il tarixli 2(106)-1144/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC cavabdehlər İddiaçı Hafiz qızına və digərlərinə qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarından görünür ki, cavabdeh İddiaçı Hafiz qızının kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin 02 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan qanuni qüvvəsini almış məhkəmə aktlarından görünür ki, iddiaçı mübahisəli evlə bağlı hərracın keçirilməsini və onun nəticələrinə əsasən evin bankın mülkiyyətinə keçməsindən tam məlumatlı olmuşdur. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 2017-ci ildə keçirilmiş hərrac və onun nəticələri barədə tam məlumatlı olduğu halda 2022-ci ildə hazırki iddianı qaldırmasına kəsici müddət tətbiq edilməlidir. Belə ki, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı səxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1503/2022 saylı, 19 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov