Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6938/2025 12.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və Səmədov Rəşid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 sentyabr 2025ci il tarixli e-2(005)-3188/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları: Bakı şəhəri, Nərimanov rayonu, 802-803 Məhəlləsi, Kazım Kazımzadə küçəsi, ev 30E, 13 saylı mənzil 2016-cı il tarixdən iddiaçı X1 xüsusi mülkiyyətindədir. Cavabdeh X8 iddiaçının arvadı olmuşdur, tərəflər arasında 2014-cu il tarixdə nikah bağlanmış və məhkəmənin 2023-cü il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. Hazırda iddiaçı cavabdehin ona məxsus məzildə uzun müddət yaşamamasını və qeydiyyatının formal xarakter daşımasını, bunun isə onun mülkiyyət hüquqlarını məhdudlaşdırmasını əsas gətirərək Bakı şəhəri, Nərimanov rayonu, 802-803 Məhəlləsi, Kazım Kazımzadə küçəsi, ev 30E, 13 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil iddiaçının xüsusi mülkiyyətindədir və bu barədə ********** qeydiyyat nömrəli çıxarışla daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ qeydə alınmışdır. Cavabdehlər Cavabdeh, X5 və X6 iddiaçının mülkiyyətində olan mənzilə qeydiyyata düşmüşlər. ünvan 2 ünvanda yerləşən mənzil artıq uzun müddətdir ki, təmirsiz vəziyyətdədir və nə iddiaçı nə də ki, cavabdehlər orada yaşamırlar. Çünki, iddiaçı ilə Cavabdeh nikahda olduqları müddətdə mənzilin təmirinin köhnəlməsi və yenidən təmir edilməsi ilə bağlı razılığa gəlsələr də, sonradan ailə münasibətləri pisləşdiyindən nikahları məhkəmə qətnaməsi ilə pozulmuşdur. İddiaçının mülkiyyətində olan mənzil birgə nikah dövründə əldə olunmuş əmlak olmadığına görə yeganə mülkiyyətçi iddiaçıdır. Mənzilə istifadə hüququ mövcud olmayan və həmin mənzildə faktiki yaşamayan cavabdehlər mənzildə formal olaraq qeydiyyatda qalması mülkiyyətçinin əmlak hüquqlarını məhdudlaşdırır. İddiaçının keçmiş həyat yoldaşı mənzildən qeydiyyatdan çıxmayaraq iddiaçının mülkiyyətindən istifadə hüquqlarına süni maneəçilik yaradır. İddiaçı ilə cavabdehin münasibətlərinin çoxdan pisləşməsi və artıq 2 ildən artıq müddət gedən məhkəmə mübahisələri, cavabdehin və onun himayəsinə verilmiş iş üzrə digər cavabdehlər olan övladlarının bugünə kimi iddiaçıya məxsus mənzildə yaşamamalarının sübutudur. Cavabdehlərin iddiaçıya məxsus evdə formal da olsa qeydiyyatda qalması onların mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Buna görə də cavabdehlərin iddiaçıya məxsus Bakı şəh, Nərimanov ray, 802-803 Məhəlləsi, Kazım Kazımzadə küç, ev 30E, mənzil 13 evdən istifadə hüququnun itirilmiş hesab edilməsi zərurəti vardır. Daha sonra iddiaçı X1 nümayəndəsi-vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək qeyd etmişdir ki, iş üzrə cavabdehlər olan Aysu və İnci Gülməmmədovalar azyaşlıdırlar və iş üzrə digər cavabdeh olan Aytən Məmədovanın himayəsindədirlər və onunla birgə yaşayırlar. X6 və X2 cavabdehlər siyasından çıxarılmasını və Cavabdeh, eyni zamanda onun himayəsində olan və eyni zamanda onunla birgə yaşayan X4 və X3 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli e-2(005)- 3188/2025 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh və yetkinlik yaşına çatmayan övladları xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X2 Bakı şəhəri, Nərimanov rayonu, 802-803 Məhəlləsi, Kazım Kazımzadə küçəsi, ev 30E, 13 saylı mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh mübahisəli mənzilə 2013-2014-cü il tarixindən köçdüyündən bu münasibətlərdən yaranan mübahisəyə hal-hazırda qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. Hazırki iş üzrə cavabdeh Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin dispozitiv şərtləri çərçivəsində iddiaçının ailə üzvü və digər qohumları hesab edilmir. Qeyd edilən normaya əsasən, digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Digər qohumlar anlayışına və onların əhatə dairəsinə Konstitusiya Məhkəməsi Plenumunun Qərarında aydınlıq gətirilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarındakı hüquqi mövqeyinə görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göründüyü kimi, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Qeyd olunduğu kimi, hazırkı iş üzrə cavabdeh qeydiyyatda olduğu evin mülkiyyətçisinin ailə üzvü və digər qohumları kateqoriyasına aid deyildir. Həmçinin Bakı şəh, Nərimanov rayonu, 802-803 Məhəlləsi, Kazım Kazımzadə küçəsi, ev 30E, 13 saylı mənzil nikahdan əvvəl iddiaçı X1 xüsusi mülkiyyətində olmuşdur. Eyni zamanda uzun müddətdir ki, cavabdehin mübahisələndirilən mənzildə yaşamaması faktı Ailə Məcəlləsinin 30.4-cü maddəsinə istinad edilməsini keçmiş ailə üzvü kimi cavabdehin maddi vəziyyətinin və diqqətə layiq digər halların onun özünü yaşayış sahəsi ilə təmin etməyə imkan verməməsi istisna edir. Bundan başqa qeyd olunmalıdır ki, cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etməmiş və göstərilən halları təkzib edən hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Beləliklə, istər mülki, istərsə də mənzil qanunvericiliyi baxımından iddiaçının cavabdehin mülkiyyətində olan mənzildən istifadə hüquqlarının mövcud olması müəyyən edilmir. İddiaçının mübahisəli mənzildə qeydiyyatda olması faktı isə onun daşınmaz əmlakdan istifadə hüququnun mövcudluğunu ehtiva etmir. Məhkəmə iddianın cavabdehin yetkinlik yaşına çatmayan övladlarının mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə hissəsinə qiymət verərək, hesab edir ki, iddia qeyd edilən hissədə də təmin edilməlidir. Belə ki, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X5 14 yaşlarına çatmadıqlarından onların yaşayış yeri valideynin yaşayış yeri sayılır. Ona görə də qanunla himayəçisi olan analarının mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddia təmin edildiyindən, onların da mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, iş üzrə cavabdeh iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, 802- 803 Məhəlləsi, Kazım Kazımzadə küçəsi, ev 30E, 13 saylı mənzilində qeydiyyatda olsa da, faktiki olaraq həmin ünvanda yaşamır və mövcud vəziyyətdə onun mübahisəli yaşayış sahəsinə qeydiyyatı formal xarakter daşımaqla hər hansı bir hüquqi nəticəyə səbəb olmamışdır. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, mülki iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin tamamilə rədd edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh və övladları Gülməmmədova İnci Vüqar qızı və Gülməmmədova Aysu Vüqar qızı mənzil təmir edilməyə başlayana kimi o evdə yaşamış və uşaqlar həmin mənzildə böyümüşdürlər. Məhkəmə, uşaqların işdəki mövqeyini düzgün nəzərə almamış və iddiaçının övladlarını onun ailə üzvü hesab etməyərək Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələblərini pozmuşdur. Bu baxımdan, iddiaçının övladlarının Bakı şəhəri, Nərimanov ray, 802-803 Məhəlləsi, Kazım Kazımzadə küç , ev 30E, mənzil 13 ünvanda yerləşən fərdi yaşayış evindən istifadə etmək hüquqları vardır. Məhkəmə, iddianın cavabdehin yetkinlik yaşına çatmayan övladlarının mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə hissəsinə qiymət verərək iddianı təmin etmişdir. Məhkəmə öz mövqeyini belə açıqlamışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Belə ki, xx.xx.2015-ci il təvəllüdlü Gülməmmədova Aysu Vüqar qızı və xx.xx.2019- cu il təvəllüdlü Gülməmmədova İnci Vüqar qızı 14 yaşlarına çatmadıqlarından onların yaşayış yeri valideynin yaşayış yeri sayılır. Ona görə də qanunla himayəçisi olan analarının mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddia təmin edildiyindən, onların da mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Lakin, iddiaçı da uşaqların valideynlərindən biridir və maddənin də tələblərindən açıq başa düşülür ki, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Bundan başqa, qeyd edilməlidir ki, Mülki Məcəllənin 27.2-ci maddəsi “yaşayış yerinin müəyyən edilməsi” məsələsini tənzimləyir və bu norma uşağın hüquqi qeydiyyat ünvanının necə müəyyən olunmasını göstərir. Lakin yaşayış yerinin müəyyən edilməsi ilə uşağın yaşayış sahəsindən istifadə hüququ eyni hüquqi institut deyil. Yaşayış sahəsindən istifadə hüququ ailə üzvü statusundan irəli gəlir və uşağın faktiki olaraq hansı valideynlə yaşaması ilə avtomatik olaraq ləğv edilə bilməz. Uşaqların həmin ünvanda yaşamaq hüququndan məhrum edilməsini zəruri edən hər hansı hüquqi və ya faktiki əsas göstərilməmişdir. Əksinə, iddiaçı onların valideynlərindən biri olduğundan və valideynlik hüquqlarını itirmədiyindən, uşaqlar ailə üzvü kimi Mənzil Məcəlləsinin 30.2-ci maddəsi ilə təmin edilən hüquqlarını saxlamaqdadırlar. Beləliklə, yalnız valideynin mənzildən istifadə hüququnun itirilməsi uşaqların da avtomatik olaraq bu hüquqdan məhrum edilməsi anlamına gəlmir, çünki uşaqların hüququ müstəqil hüquq kimi tanınır və ailə üzvü statusundan qaynaqlanır. Bundan başqa Cavabdeh iddiaçı ilə ailə quranda bu mənzildə yaşamağa başlamışdırlar. Sonrasında onun iki övladı dünyaya gəlmiş və övladları bu mənzildə böyümüşlər. Ailə mənzildən tikinti səbəbilə köçənə qədər davamlı burada yaşamışdırlar. Cavabdehin hazırda yaşamağa hər hansı nə mənzili, nə də mənzil alacaq maddi imkanı yoxdur. Onun yaşayış sahəsindən istifadə hüququndan məhrum edilməsi tək onun deyil, həm də uşaqlarının hüquqlarının pozulması deməkdir. Düzdür bu mənzili birgə nikah dövründə əldə etməsələr də, mənzil nikahları dövründə dövlət qeydiyyatına alınmışdır və cavabdehlə övladları da həmin mənzil üzrə qeydiyyata alınmışdırlar. Cavabdeh yaşamaq üçün mənzilə sahib olana kimi övladları ilə həmin mənzildə onunla yaşamağa möhlət verilməsini istəyir. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, uzun müddətdir ki, cavabdehin mübahisələndirilən mənzildə yaşamaması faktı Ailə Məcəlləsinin 30.4-cü maddəsinə istinad edilməsini keçmiş ailə üzvü kimi cavabdehin maddi vəziyyətinin və diqqətə layiq digər halların onun özünü yaşayış sahəsi ilə təmin etməyə imkan verməməsi istisna edir. Lakin, bu maddi hüquq normasının tamamilə düzgün tətbiq edilmədiyini bir daha göstərir. Belə ki, cavabdeh və övladları mübahisələndirilən mənzildə təmir işləri başladığına görə yalnız orada yaşamırlar. Tikinti dövründə həmin mənzildə yaşamadığına görə keçmiş ailə üzvü kimi cavabdehin maddi vəziyyətinin və diqqətə layiq digər halların onun özünü yaşayış sahəsi ilə təmin etməyə imkan verməməsini istisna etməsi kimi qiymətləndirilə bilməz. Bu səbəbdən, Məhkəmə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsini tətbiq edərkən səhv etmişdir və cavabdehin qanunvericiliklə müəyyən olunan hüquqlarını pozmuşdur. İş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsi Mülki Kolegiyasının 06 may 2024-cü il tarixli, 2(103)-2395/2024 nömrəli qətnaməsində Cavabdeh ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinə 1/2 pay mülkiyyət hüququnun mövcud olmadığı qeyd edilmişdir. Lakin birinci instansiya məhkəməsi pay mülkiyyətinin olmamasını avtomatik olaraq yaşayış sahəsindən istifadə hüququnun mövcud olmaması kimi qiymətləndirmiş və bu hüququn yaranması və davam edib-etməməsi məsələsini ayrıca araşdırmamışdır. Qeyd edir ki, mübahisəli yaşayış sahəsindən istifadə etmək hüququnun yaranıb-yaranmadığına, belə hüquq yaranmışsa, onun qanuni əsaslarla aradan qalxıbqalxmadığına hüquqi qiymət verilməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edir. Məhkəmə isə hazırkı işdə qeyd olunan istiqamətdə hüquqi dəyərləndirmə aparmamış və əhəmiyyətli olan həmin xüsusatlara hüquqi qiymət verməmişdir. Mübahisələndirilən mənzil 2016-cı il tarixdən iddiaçı Gülməmmədova Vüqar Muxtar oğlunun xüsusi mülkiyyətindədir. Cavabdeh X8 iddiaçının arvadı olmuşdur, tərəflər arasında 2014-cu il tarixdə nikah bağlanmış və məhkəmənin 2023-cü il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. İddiaçı cavabdehin ona məxsus məzildə uzun müddət yaşamamasını və qeydiyyatının formal xarakter daşımasını, bunun isə onun mülkiyyət hüquqlarını məhdudlaşdırmasını əsas gətirərək cavabdehin mənzildən istifadə hüququnun xitam olunmasını istəmiş, məhkəmə isə bunu təmin etmişdir. Lakin, birinci instansiya məhkəməsi cavabdehin nikaha daxil olduğu dövrdən bu mənzildə yaşaması və uşaqlarını burada böyütməsi kimi işin həlində böyük əhəmiyyət daşıyan faktların araşdırımadan qətnamə çıxarmışdır. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarında iştirak etməmiş və göstərilən halları təkzib edən hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Lakin, cavabdeh EMİS vasitəsilə xx.xx.2025-ci il tarixdə ərizə təqdim edərək, 25 sentyabr 2025-ci il tarixində iş üzrə təyin olunmuş baxış iclasında ölkə xaricində olacağından iclasda iştirak edə bilməyəcəyini, bu səbəbdən də 25 sentyabr 2025-ci il tarixində keçirilməsi nəzərdə tutulan baxış iclasının təxirə salınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mü lki Prosessual Məcələsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iş tirakı olmadan baxılmasını mümkün hesab etdiyindən, cavabdeh özünü müdafiyə üsularından tam istifadə edə və işin həlində əhəmmiyətli olan sübutlarını təqdim edə bilməmişdir. Məhkəmə cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun mövcud olub-olmamasına dair məsələni tam araşdırmamış, bu hüququn yaranması və ya xitamına təsir edən faktiki haları işin ha larına uyğun şəkildə qiymətləndirməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh Məhkəmə Kollegiyasının iclasına gəlmədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə Kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: 13.1 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
Mülki Məcəllə:
152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
Mənzil Məcəlləsi:
30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir.
Mülki Prosessual Məcəlləsi:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə Kollegiyasının mövqeyi Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətlərin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəh, Nərimanov ray, 802-803 Məhəlləsi, Kazım Kazımzadə küç, ev 30E, 13 saylı mənzil 2016-cı il tarixdən iddiaçı X1 xüsusi mülkiyyətindədir. Cavabdeh X8 iddiaçının arvadı olmuşdur, tərəflər arasında 2014cu il tarixdə nikah bağlanmış və məhkəmənin 2023-cü il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. Həmçinin iş materiallarından görünür ki, cavabdeh mübahisəli mənzilə 2014-cü il tarixindən köçmüşdür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra, onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı oalraq cavabdehin mübahisəli mənzilə 2014-cü il tarixindən köçməsini nəzərə alaraq, bu münasibətlərdən yaranan mübahisəyə hal-hazırda qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməsi barədə qənaəti düzgün olmuşdur. Hazırda cavabdeh apellyasiya şikayətində bildirir ki, məhkəmə, uşaqların işdəki mövqeyini düzgün nəzərə almamış və iddiaçının övladlarını onun ailə üzvü hesab etməyərək Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan tərəflər arasında nikahın pozulması qət edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1998/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi ilə uşaqların ananın yanında saxlanılması razılaşdırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Göründüyü kimi hazırda xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X5 14 yaşlarına çatmadıqlarından və uşaqlar analarının yanında saxlanıldığından birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, qanunla himayəçisi olan analarının mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddia təmin edildiyindən, onların da mənzildən istifadə hüquqları itirilmiş hesab edilməlidir. Bu baxımdan Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri pozulmamışdır. Cavabdeh apellyasiya şikayətində həmçinin qeyd etmişdir ki, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun mövcud olub-olmamasına dair məsələni tam araşdırmamış, bu hüququn yaranması və ya xitamına təsir edən faktiki haları işin hallarına uyğun şəkildə qiymətləndirməmişdir. İş materiallarından görünür ki, cavabdeh qeydiyyatda olduğu evin mülkiyyətçisinin ailə üzvü və digər qohumları kateqoriyasına aid deyildir. Həmçinin Bakı şəhəri, Nərimanov rayonu, 802-803 Məhəlləsi, Kazım Kazımzadə küçəsi, ev 30E, 13 saylı mənzil nikahdan əvvəl İddiaçı xüsusi mülkiyyətində olmuşdur. Eyni zamanda uzun müddətdir ki, cavabdeh mübahisələndirilən mənzildə yaşamamışdır. Cavabdeh bununla bağlı apellyasiya şikayətində bildirir ki, cavabdeh və övladları mübahisələndirilən mənzildə təmir işləri başladığına görə orada yaşamırlar. Məhkəmə Kollegiyası bu dəlillə bağlı qeyd edir ki, bu fakt özlüyündə cavabdehin uşaqlarla mübahisəli mənzildə yaşamamaqlarına dəlalət edir. Göründüyü kimi cavabdehin iddiaçı ilə arasında olan ailə münasibətlərinə xitam verilmişdir. Mənzilin sahibi olan iddiaçı ilə cavabdeh arasında, sonuncunun mübahisəli mənzildən istifadə qaydalarını tənzimləyən hər hansı razılaşma bağlanmadığı üçün bu, keçmiş ailə üzvü olan cavabdehin yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır. Eyni zamanda, cavabdeh maddi vəziyyəti və ya diqqətə layiq olan digər hallarla əlaqədar özünü yaşayış sahəsi ilə təmin etməyə imkanının olmaması barədə birinci instansiya məhkəməsi baxışı zamanı eləcə də apellyasiya baxışı zamanı heç bir sübut təqdim etmədiyindən, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində nəzərdə tutulmuş digər qaydaların tətbiqi, yəni onun istifadə hüququnun müəyyən müddətə saxlanılması da istisna olunur. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Hansı şəxslərin ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən isə həmin Məcəllənin 30.1-ci maddəsi, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında əks olunan hüquqi mövqelər əsas götürülməlidir. Məhkəmə Kollegiyası qeyd edir ki, qanunvericilik mənzilə köçürülməsi və istifadə hüquqlarının tanınması faktını şəxsin mənzilin yerləşdiyi ünvana qeydiyyatının olubolmamasından asılı etməmişdir. Başqa sözlə şəxsin yaşayış sahəsinin yerləşdiyi ünvana pasport qeydiyyatının olub-olmaması birmənalı şəkildə onun mənzilə köçürülməsi və istifadə hüquqlarının olması üçün əsas deyildir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Qeyd olunanlara əsasən müəyyən olunur ki, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özlərinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimnaov Rayon Məhkəməsinin 25 sentyabr 2025-ci il tarixli e-2(005)- 3188/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.