Məhkəmə qərarları › İş №2(103)-694/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-694/2021

26.04.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-694/2021 26.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “əmək haqqından artıq ödənilmiş pul vəsaitlərinin geri qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli 2(006)-181/2020 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək haqqından qanunsuz silinmiş 10.316 manat məbləğində son haqq-hesab məzuniyyət pulunun, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərərin əvəzi olaraq 10.000 manat və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini, cavabdehin qanunsuz əməllərinin aidiyyəti araşdırılmasından ötrü xüsusi qərardad çıxarılması və bununla bağlı Baş prokurora məlumat verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2003-cü ilin mart ayından 2018-ci ilin may ayına qədər cavabdeh təşkilatda kredit şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Cavabdeh ASC ilə aralarında bağlanmış 16.01.2013-cü il tarixli kredit müqaviləsinə əsasən ona illik 18% olmaqla, 5.000 manat, 20.02.2015-ci il tarixli kredit müqaviləsinə əsasən illik 22% olmaqla, 5.000 manat kredit xətləri açılmış, tərəfindən kredit vəsaiti təyinatı üzrə istifadə edilmişdir. Bankdan götürdüyü kredit vəsaitləri üzrə əmək haqqı kartından hər ay müqavilə şərtlərinə uyğun şəkildə əsas və faiz ödənişlərini vaxtı-vaxtında ödəmiş, əmək haqqı məbləğinə mütənasib olaraq ödənişlərini həyata keçirmişdir. Lakin sonralar maddi vəziyyətinin pisləşməsi səbəbindən əmək haqqı məbləğinin 60-65 faizi məbləğində ödəmələr aparmışdır. Son zamanlar bankda baş vermiş kadr dəyişikliyi ilə bağlı yeni rəhbərliyin təyin olunmasından sonra cavabdeh onun əmək haqqından qanunvericiliyin, Mərkəzi Bankın və X1 Palatasının metodiki qayda və göstərişlərinə zidd olaraq iradəsinin ziddinə artıq silinmələr (faizə faiz, ikiqat dəbbə, əldən çıxmış fayda və sair) aparmağa başlamışdır. O, bankda kredit şöbəsinin müdiri vəzifəsində işlədiyini, əmək haqqından yüz faiz silinmələrin akseptsiz qaydada silindiyini nəzərə alaraq, hər hansı bir formada cavabdehə təzyiq etmək imkanının olmaması səbəbindən bu biabırçılığa müəyyən müddət dözməli və bu halla barışmalı olmuşdur. 2018-ci ilin oktyabr ayında tutduğu vəzifənin ixtisara düşməsi səbəbindən cavabdeh tərəfindən ona ödənilmiş 7.658 manat əmək haqqından və xəstəlik vərəqəsinə əsasən ödənilmiş 2.658 manat məbləğin yuxarıda qeyd edildiyi qaydada kobud şəkildə silindiyinin şahidi olmuşdur. Cavabdeh özünün ilk silinmələrindən başlayaraq, əmək haqqından 50%-dən artıq silinmə etməməli olduğu halda bütün əxlaq, qanunçuluq, korporativ normaları sözün əsl mənasında saymayaraq, ali dəyərlərin onlara aid olmadığını, sanki onunla “Vətən xaini” kimi davranaraq bütün əmlakının son qəpiyinə qədər müsadirə edilməsinə nail olmuş kimi davranaraq ailə, sosial, məişət vəziyyətini nəzərə almadan özbaşınalıq etmişdir. Hətta onlar bir az da irəli gedərək əmək haqqı kartından özünün kredit borcuna görə hər ay əmək haqqı məbləğinin 60-65%-ni ödədiyi üçün 2017-ci ilin dekabr ayında ona heç bir əsası olmadan töhmət də veriblər. 16.01.2013-cü il tarixli kredit müqaviləsinə əsasən ödəməli olduğu borca görə əsas borc üzrə 2.649 manat, faiz borcu üzrə 396 manat, 20.02.2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 1.389 manat, faiz borcu üzrə 315 manat olmalı idi. Hər iki kredit müqaviləsinə əsasən cəmi 4.759 manat silinmə aparılmalı idi. Lakin bank müvafiq olaraq 16.01.2013-cü il tarixli kredit müqaviləsinə əsasən 2.873 manat, 20.02.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 1.355 manat artıq silinmə aparmışdır. Hər iki kredit müqaviləsi üzrə müqavilənin bağlanmasından müqavilə müddətinin bitməsinə qədər və ondan sonra aparılan qanunsuz silinmələr nəticəsində əmək haqqından 4.228 manat artıq silinmə aparılmışdır ki, cavabdeh bu vəsaiti ona qaytarmağa borcludur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 avqust 2020-ci il tarixli 2(006)- 181/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh ASC-dən iddiaçının əmək haqqından qanunsuz silinmiş cəmi 1.191,97 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1.221,97 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 165 manat pulun 100 manat hissəsinin iddiaçıdan, 65 manat hissəsinin cavabdehdən tutulması qət edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, qətnamənin dəyişdirilərək, iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçının apelyasiya şikayətinə görə, ekspert 13 noyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə hesablamaları 16 yanvar 2016-cı il tarixdən sonra, 20 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə hesablamaları 20 fevral 2016-cı il tarixdən sonra aparmamışdır. Bütün əsassız və qanunsuz hesablama və silinmələr də əsasən bu tarixlərdən sonra kreditlər bağlananadək aparılmışdır. 2016-cı il tarixdə kredit üzrə faiz öhdəlikləri bitdiyindən ondan bu iki il ərzində silinmələr yalnız 5%-lə aparılmalı idi. İş üzrə ekspert rəyi natamamdır, yeni daha təcrübəli ekspert tərəfindən tədqiqatın aparılmasına ehtiyac var. Bank ona qarşı qanunsuzluğa yol verərək həddindən artıq pul vəsaitini silməklə qanunla qorunan konstitusyon hüquqlarını kobud şəkildə pozmuşdur. Müqavilə üzrə öhdəliklərin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin qərarına uyğun olaraq 5%-lə silinmənin aparılmasına dair tapşırıqları icra etdiyi halda onun özündən müqavilə üzrə öhdəlik müddəti bitdikdən sonra 36 və 44 faizlə silinmələrin aparılmasını izah etməkdə çətinlik çəkir. 13.11.2013-cü il tarixli kredit müqaviləsi üzrə 16.01.2016-cı il tarixə əsas borc 4961,20 manat, faiz borcu 2,48 manat təşkil etmişdir. Kredit bağlananadək, yəni 19.10.2018-ci il tarixədən bank tərəfindən əsas borc məbləğinə cəmi 3104,05 manat faiz hesablanmışdır ki, bu da əsas borca faiz nisbətində 62,6 % edir, hansı ki, 559,70 manat faiz hesablanıb slinməli idi. Artıq silinmə 2544,36 manat təşkil edir. 20.02.2015-ci il tarixli kredit müqaviləsi üzrə isə 20.02.2016-cı il tarixə əsas borc 4862,68 manat, faiz borcu 95,09 manat təşkil etmişdir. Kredit bağlananadək, yəni 19.10.2018-ci il tarixədən bank tərəfindən əsas borc məbləğinə cəmi 3650,10 manat faiz hesablanmışdır ki, bu da əsas borca faiz nisbətində 73,06 % edir, hansı ki, 645,73 manat faiz hesablanıb silinməli idi. Artıq silinmə 3004,37 manat təşkil edir. Hesab edir ki, bu yalnız şəxsinə olan qərəzdən irəli gələn bir haldır və bunun nə qanunlara, nə Konstitusiya Məhkəməsinin qərarına, nə Mərkəzi Bankın təlimatlarına uyğunluğu yoxdur. Vəsaitin hesablanması ilə bağlı təkrar ekspertiza təyin etməklə daha peşəkar bank işi üzrə ekspertin təyin edilməsi barədə vəsatətini təmin edilməsini xahiş edir. Hesab edir ki, yalnız bundan sonra həqiqətin aşkara çıxarılması üçün daha geniş imkanlar yaranacaqdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, ekspertiza rəyi ilə müəyyən olunmuş 16.01.2013-cü il tarixli kredit müqaviləsi üzrə 2443,77 manat, 20.02.2015-ci il tarixli kredit müqaviləsi üzrə 2938,33 manat artıq silinmənin cavabdehdən onun xeyrinə tutulmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh (nümayəndə) məhkəməyə gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. İş materiallarından müəyyən olunur ki, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 16.01.2013-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 36 ay müddətinə, illik 18% dərəcəsi ilə 5.000 manat məbləğində və 20.02.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 12 ay müddətinə, illik 22% dərəcəsi ilə 5.000 manat məbləğində kredit xətti açılmışdır. Ödəniş üsulu kimi iddiaçının əmək haqqından silinmələr aparılmışdır. Hazırda iddiaçı onun əmək haqqından artıq tutulmalar aparıldığını bildirir və onun əvəzini tələb edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10359 saylı 15.10.2019-cu il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən tərəflər arasında bağlanmış 16.01.2013-cü il tarixli kredit müqaviləsi üzrə və 20.02.2015-ci il tarixli kredit müqaviləsi üzrə borclunun kreditora olan əsas və faiz borcunu müəyyən etmək mümkün olmamışdır. İş üzrə birinci instansiya məhkəməsi zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizanın 20.02.2020-ci il tarixli rəyinə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 12.11.2013-cü il tarixli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq İddiaçı 16.01.2016-cı il tarixinə Cavabdeh ASC olan borcu 4.889,15 manat məbləğində müəyyən edilir, o cümlədən - əsas borc üzrə 4.850,35 manat, faiz borcu üzrə 38,80 manat. Hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, İddiaçı tərəfindən 16.01.2016-cı il tarixdən sonra 8.104,06 manat məbləğində ödəniş aparılması müəyyən edilir. Ekspertiza qarşısında qoyulmuş sual üzrə 16.01.2016-cı il tarixdən bu günədək edilmiş 8.104,06 manat ödənişlər nəzərə alınmaqla 19.11.2019-cu il tarixə (qərardadın tarixinə) cavabdehin borcunun tam ödənilməsi və 981.84 manat məbləğində artıq ödənişin olduğu müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 20.02.2015-ci il tarixli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq İddiaçı 20.02.2016-cı il tarixinə Cavabdeh ASC-yə olan borcu 5,096.96 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 4.854,76 manat, faiz borcu üzrə 242,20 manat. Hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, İddiaçı tərəfindən 20.02.2016-cı il tarixdən sonra 8.549,10 manat məbləğində ödəniş aparılması müəyyən edilir. Ekspertiza qarşısında qoyulmuş sual üzrə 20.02.2016-cı il tarixdən bu günədək edilmiş 8.549,10 manat ödənişlər nəzərə alınmaqla, 12.11.2019-cu il tarixə (qərardadın tarixinə) cavabdehin borcunun tam ödənilməsi və 210,13 manat məbləğində artıq ödənişin olduğu müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 20 fevral 2015-ci il tarixli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq İddiaçı Cavabdeh ASC-yə olan borcu 5.096,96 manat məbləğində müəyyən edilir, o cümlədən - əsas borc üzrə 4.854,76 manat, faiz borcu üzrə 242,20 manat. Hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, İddiaçı tərəfindən 20.02.2016-cı il tarixdən 8.549,10 manat məbləğində ödəniş aparılması müəyyən edilir. Lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi 20.02.2016-cı il tarixə göstərildiyindən 8.549,10 manat məbləğində ödəniş nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi ekspert rəyini nəzərə alaraq iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza tədqiqatı zamanı hər iki kredit üzrə faiz borcları müqavilə müddətinin bitdiyi tarixlərdən sonra da (16.01.2016-cı il və 20.02.2016-cı il) müvafiq olaraq 18% və 22% olmaqla hesablandığından Kollegiyanın 02 noyabr 2020-ci il tarixli qərardadı ilə əlavə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02.03.2021-ci il tarixli 9/5108 saylı ekspert rəyinə əsasən, 16.01.2013-cü il tarixli kredit (xətti) müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları, 16 yanvar 2013-cü il tarixli kredit(xətti) müqaviləsində qeyd olunan şərtlər və Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən İddiaçı Cavabdeh ASC-yə 2.443,77 manat məbləğində artıq ödənişi müəyyən edilmişdir. 20.02.2015-ci il tarixli kredit (xətti) müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatları, 20 fevral 2015-ci il tarixli kredit(xətti) müqaviləsində qeyd olunan şərtlər və Konstitusiya Məhkəməsinin Plenumunun 24.12.2014-cü il tarixli qərarına əsasən İddiaçı Cavabdeh ASC-yə 2.938,33 manat məbləğində artıq ödənişi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən cavabdeh banka 16.01.2013-cü il tarixli kredit (xətti) müqaviləsi üzrə 2.443,77 manat, 20.02.2015-ci il tarixli kredit (xətti) müqaviləsi üzrə isə 2.938,33 manat artıq ödəniş edilmişdir. Kollegiya ekspert rəyini əsaslı sayır və hesab edir ki, qətnamə həmin hissədə dəyişdirilməli və Cavabdeh ASC-dən iddiaçının əmək haqqından qanunsuz silinmiş 16.01.2013-cü il tarixli kredit (xətti) müqaviləsi üzrə 2.443,77 manat və 20.02.2015-ci il tarixli kredit (xətti) müqaviləsi üzrə isə 2.938,33 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Mülki Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərəin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin Qərarın 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirinin müəyyən edildiyi hallarında, AR MM-nin 1097-ci maddəsinə müvafiq olaraq, mənəvi zərərin ödənilməsi barədə iddia təmin edilə bilər. Həmin Qərarda həmçinin izah edilmişdir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərlə bağlı iddianı təmin etməyən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən mənəvi sarsıntı və iztirab keçirməsinin, yəni cavabdehin hərəkət və ya hərəkətsizliyinin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, bunun nəticəsində onun sağlamlığının pozulmasını və fiziki əzab çəkməsinin nədən ibarət olduğu, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsini təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Cavabdehin qanunsuz əməllərinin aidiyyəti araşdırılmasından ötrü xüsusi qərardad çıxarılması və bununla bağlı məlumat verilməsi barədə iddiaçının vəsatətinə münasibətdə Kollegiya qeyd edir ki, bu iddia tələbi sayılmır və prosessual qanunvericiliklə məhkəmələrə verilmiş hüquqdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 265.4-ci maddəsinə görə, məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Hazırki işdə isə belə hallar müəyyən edilməmişdir. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçının apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-181/2020 saylı iş üzrə 10 avqust 2020-ci il tarixli qətnaməsi Cavabdeh ASC-dən iddiaçının əmək haqqından qanunsuz silinmiş cəmi 1191,97 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi hissəsində dəyişdirilsin. Cavabdeh ASC-dən iddiaçının əmək haqqından qanunsuz silinmiş 16.01.2013-cü il tarixli kredit (xətti) müqaviləsi üzrə 2.443,77 manat və 20.02.2015-ci il tarixli kredit (xətti) müqaviləsi üzrə 2.938,33 manat, cəmi 5.382,10 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manat məbləğində pul vəsaiti Cavabdeh ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin xüsusi hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar