Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-694/2023 20.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: sığorta ödənişinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Cavabdeh1 olmaqla) qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-36/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. BB 057100 saylı “Daşınmaz Əmlakın İcbari Sığortası” şəhadətnaməsinin surətinə əsasən "xxxx" ASC ilə İddiaçı arasında sığorta müqaviləsi bağlanaraq Bakı şəhəri, Şağan qəsəbəsi, Ə.Əlizadə küçəsi ev 6 xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 25000 manat məbləğində sığortalanmışdır.
2. Azərbaycan Respublikası FHN Əməliyyat-İstintaq İdarəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, 22 aprel 2020-ci il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yanğın baş vermiş, nəticədə fərdi yaşayış evinin ikinci yataq otağının tavanı ilə çəkilmiş elektrik naqillərində elektrik qəza/qısaqapanma, yüksək keçid müqaviməti və s. halının yaranmasından əmələ gələn temperaturdan bilavasitə yaxınlıqda yerləşən yanar materialların alışmasından yanğın baş vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/2110 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə yanğın nəticəsində tikilinin yenidən bərpası üçün yerinə yetirilməli təmir-bərpa işlərinin, dəymiş ziyanın təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 30019.90 manat məbləğində müəyyən edilmişdir. Baş vermiş yanğın hadisəsində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir.
3. Əlişov R.A. tərəfindən hazırlanmış hesabatdan görünür ki, yanğın nəticəsində İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dəymiş ziyanın məbləği 7387.20 manat məbləğində müəyyən edilmişdir.
4. xx.xx.2020-ci il tarixli, CPİ 000420 saylı sığorta aktının surətindən görünür ki, "xxxx" ASC tərəfindən əmlakın yanğın sığorta hadisəsinə görə İddiaçı 250 manat azadolma məbləği və 8.02 manat əlavə sığorta haqqı çıxılaraq 7129.18 manat məbləğində sığorta ödənişi edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən onun xeyrinə 25000 manat məbləğində sığorta ödənişinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 1978-ci ildə Bakı şəhərində doğulmuşdur. Əslən şərqi-slavyan qoluna aid olan çoxsaylı rus millətinə aiddir. Azərbaycan Respublikasında yaşayan 180 min rusdan biridir. Pravoslav xristiandır. Himayəsində 3 (üç) azyaşlı uşağı var. Bu uşaqları təkbaşına böyüdür. "xxxx" ASC-nin xidmətlərindən istifadə etmək üçün Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi 6 ünvanında yerləşən fərdi yaşayış evini sığorta etmişdir. xx.xx.2020-ci il tarixində sözügedən fərdi yaşayış evində yanğın hadisəsi baş verib. Yanğın hadisəsi zamanı ona dəymiş əmlak üzrə 35000 manat, daşınar əmlak üzrə isə 25000 manat məbləğində zərər dəyib. Lakin evi sığorta edən "xxxx" ASC ona dəymiş zərəri tam ödəməyib. İstehlakçı hüquqlarını pozub. Hadisədən sonra evi inşa etdirmək üçün maddi vəsaiti və dəstəyi olmadığından uşaqları ilə küçədə yaşamağa başlayıb.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-36/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilərək, cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə 17870.82 manat (on yeddi min səkkiz yüz yetmiş manat səksən iki qəpik) manat sığorta ödənişinin tutulması, keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası xərci, 100 manat məbləğinin 70 manatı "xxxx" ASC-dən, 30 manatı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilməsi, cavabdeh "xxxx" ASC-dən 20 manat, İddiaçı 10 manat dövlət nəfinə dövlət rüsmunun əvəzi kimi pulun tutulması qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, dəymiş zərər 30019.90 manat (otuz min on doqquz manat doxsan qəpik) məbləğində qiymətləndirildiyi halda, İddiaçı cavabdeh sığorta şirkəti tərəfindən ona ödənilmiş 7129.18 manat məbləği qəbul edərək, ona çatası qalan məbləğdən düşünülmüş və iradəvi şəkildə imtina etməsi hər hansı ağlabatan mühakimədən uzaq olmaqla, inandırıcı və məntiqli görünmür, bu səbəbdən də iddiaçının qeyd olunan hərəkəti onun mübahisəsiz olan həmin tələbindən imtinası, müvafiq olaraq da cavabdehin həmin öhdəliyinin tam icrası kimi qiymətləndirilə və qəbul oluna bilməz. Məhkəmə hesab etmişdir ki, 25000 manatdan ödənilmiş 7129.18 manat çıxılmalı və qalan məbləğ 17870.82 manat "xxxx" ASC tutularaq İddiaçı ödənilməlidir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 926.1, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunun 3.1, 3.1.2, 8.2, 9.1, 10.1, 16.2, 35.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 113.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-36/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə qətnamə xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsində qeyd edilmişdir ki ,əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfliiradə ifadəsidir. Məcəllənin 331.1-cimaddəsində isə yazılı əqdlə bağlı əsas tələblər əks olunmuş və göstərilmişdir ki, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Sığortalı tərəfindən yazılı əqd olan sığorta aktı imzalanmış, sığortalı sığorta ödənişi məbləği ilə razılaşmış və sığorta ödənişi şirkət tərəfindən ödənilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə əsasən Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Əmlaka dəymiş zərərin müəyyən edilməsi üçün müstəqil ekspertin təyin edilməsi barədə xx.xx.2020-ci il tarixli razılaşma aktı ilə X7 müstəqil eskpert təyin edilmiş və sığortalı İddiaçı həmin aktı imzalayaraq qeyd edilənlərlə razılaşmışdır. Bundan sonra əmlaka baxış keçirilmiş, dəymiş zərər məbləği müəyyən edilmiş və sığorta ödənişi sığortalının hesabına ödənilmişdir. Sığortalı İddiaçı xx.xx.2020-ci il tarixli, CPİ 0004/20 saylı sığorta aktını imzalayaraq sığorta ödənişinin məbləği və üsulu ilə razı olduğunu və "xxxx" ASC- yə qarşı heç bir şikayət və iddiasının olmadığını təsdiqləmişdir. Tərəflər arasında razılaşdırılmış, imzalanmış və təsdiq olunmuş əqd - sığorta aktı olduğundan, əqd etibarsız hesab edilmədən zərər məbləğinin mübahisələndirilməsi hüquqi baxımdan mümkün deyildir. Lakin məhkəmə tərəfindən ümumiyyətlə əqdin etibarsızlığı məsələsinə və göstərilən maddələrin məzmununa toxunulmamış, qanunvericiliyin hansı normalarına və işin faktiki hallarında konkret olaraq hansı əsaslara istinad etməsi aydın olmamışdır. Eyni zamanda bununla bağlı şirkət tərəfindən müvafiq qaydada etiraz verilsə də, təmin edilməmişdir. Mülki Məcəllənin 927.1-ci maddəsində göstərilir ki, əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. Belə ki, İddiaçı tərəflərin qarşılıqlı razılığı ilə təyin edilmiş müstəqil ekspertin rəyi ilə tanış olaraq zərər məbləği ilə razı olduğunu bildirmiş, ekspert rəyini rəylə tanış olması barədə qeyd göstərməklə imzalamış və müvafiq qaydada sığorta ödənişinin həyata keçirilməsi tədbirlərinə öz razılığını ifadə etmişdir. Dəymiş zərər məbləği əmlaka dəymiş zərərə mütənasib olaraq hesablanmışdır. Belə ki, iddiaçı sığorta şirkətindən daha artıq məbləğdə pul əldə edərək əmlakını tam yenidən tikdirmək niyyətində olmuşdur. Halbuki zərər dəymiş əmlak tamamilə sökülməyə və təmir edilərək əvvəlki vəziyyətinə qaytarıla bilərdi. Lakin iddiaçı fürsətdən istifadə edərək zərər dəymiş fərdi yaşayış evinin yerində daha geniş ev tikdirməyə başlamış və təbii olaraq verilmiş sığorta ödənişi məbləği onu qarşılaya bilməmişdir. Azərbaycan Respublikası FHN Əməliyyat-İstintaq İdarəsinin xx.xx.2021-ci il tarixli, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarında, həmçinin işlə bağlı digər qərarlarda da yanğının ikinci yataq otağının tavan səviyyəsində olduğu göstərilmişdir. Həmçinin Azərbaycan Respublikası FHN X6 Xidmətinin xx.xx.2020-ci il tarixli yanğın baş vermiş hadisə yerinə baxış protokolunda da yanğın nəticəsində evin otaqlarının tavan hissəsinin yanaraq töküldüyü, məişət əşyalarına zərər dəydiyi, digər ərazilərə zərər dəymədiyi qeyd edilmişdir. Göründüyü kimi səlahiyyətli dövlət orqanlarının heç bir qərarında evin divarlarının uçduğu və ya evin tamamilə yanması barədə heç bir qeyd yoxdur. Hadisədən sonra əməkdaşlar tərəfindən çəkilmiş fotoşəkillərdən də qeyd olunan hal sübut olunur. Lakin iddiaçı, sığorta hadisəsindən sonra evi tamamilə sökdürərək və konstruksiyasına dəyişiklik edərək əvəzində yeni və geniş ev tikdirməyə başlamış və təbii olaraq, aldığı sığorta ödənişi məbləği buna kifayət etməmişdir. İddiaçının qeyd etdiyi məbləğ və məhkəmənin gəldiyi nəticə isə heç bir məntiqə əsaslanmamış və sanki məhv olmuş əmlakın qiymətləndirilməsi kimi əks etdirilmişdir. Məhkəmə prosesi zamanı göstərilən halların qeyd edilməsinə və bununla bağlı sübutların tərəflərindən təqdim olunmasına baxmayaraq həmin hallar məhkəmə tərəfindən nəzərə alınmamış və zərərin real qiymətini müəyyən edən hallarla bağlı məsələyə heç bir münasibət bildirilməmişdir. Məcəllənin göstərilən maddəsində daşınmaz əmlakın icbari sığortası üzrə sığorta məbləğləri müəyyən edilmiş və maddənin 3.1-ci bəndinə əsasən Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 25.000 manat, azadolma məbləği isə 250 manat şəklində müəyyən edilmişdir. Məhkəmə tərəfindən sığorta ödənişinin məbləği müəyyən olunarkən göstərilən maddənin tələbi nəzərə alınmamış, nəticə etibarilə maddi hüquq norması pozulmuşdur. Məhkəmə qərarda qiymətlə bağlı məhkəmə tərəfindən təyin edilməyən və yanğından sonra həyata keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzinin 10/2110 saylı, xx.xx.2020-ci il tarixli məhkəmə tikinti-texniki eskpertizasının rəyinə istinad etmiş və həmin ekspertizanın hesabladığı zərər məbləğini əsas kimi götürmüşdür. Lakin istinad etdiyi ekspert rəyi işin hallarına uyğun olmayıb, rəydə məhkəmənin digər ekspertiza qarşısında qoyduğu suallara cavab olmamışdır. Beləliklə, məhkəmənin istinad etdiyi ekspert rəyi məhkəmənin işin hallarını araşdırması ilə bağlı keçirilmiş ekspertiza deyildi və məhkəmə, işin hallarına uyğun olmayan və əmlakın sığorta baxımından (yəni hadisədən əvvəlki vəziyyətinin bərpa olunması üçün çəkilən xərclərin hesablanması) qiymətləndirilməsi ilə bağlı olmayan ekspert rəyinə istinad edə bilməzdi. Aydındır ki, məhkəmə, qərarı dəymiş zərər məbləği sübut edilmədən qəbul edilmişdir. Məhkəmə prosesi dövründə təyin edilmiş ekspertiza rəyində isə ekspert, qarşısında qoyulmuş suallara cavab tapa bilməmiş, bu halı isə əmlakın hadisədən sonrakı vəziyyətdə olmaması ilə izah etmişdir. Bu hal isə həqiqətən də, hadisədən sonra əmlakın tam söküldüyünü və yerində yeni evin tikildiyini sübut edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayəti müdafiə etmişdir.
14. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir.
Tətbiq edilən hüquq normaları:
15. Azərbaycan Respublikası Mülki Məcəllənin 883.1-cü maddəsində qeyd edilir ki, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
16. Məcəllənin 884.3-cü maddəsində qeyd edilir ki, sığortaçı icbari sığorta üzrə icbari sığorta növlərinin həyata keçirilməsini tənzimləyən qanunlarda (bundan sonra - icbari sığorta qanunları), könüllü sığorta üzrə sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfidir.
17. Məcəllənin 884.4-cü maddəsində qeyd edilir ki, sığortalı sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir. Sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir. Şəxsi sığorta üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmayıbsa, sığortalı eyni zamanda sığorta olunan sayılır. Əmlak sığortası üzrə sığorta müqaviləsində sığorta olunan qismində başqa şəxs nəzərdə tutulmasından asılı olmayaraq, sığortalının sığorta olunan kimi tanınması heç bir halda, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırıla bilməz. Məcəllənin 904.1-ci maddəsində qeyd edilir ki, sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir.
18. Məcəllənin 904.2-cü maddəsində qeyd edilir ki, sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. (Maddə 925.1)
19. Məcəllənin 922.1-ci maddəsində qeyd edilir ki, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
20. Məcəllənin 926.1-ci maddəsində qeyd edilir ki, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir.
21. Məcəllənin 927.1-ci maddəsində qeyd edilir ki, əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödəniºi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. Məcəllənin 927.2-ci maddəsində qeyd edilir ki, zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında bu Məcəllənin 927.4-cü maddəsi nəzərə alınmaqla, aşağıdakı formalardan hər hansı birində həyata keçirilir (ödənilir): zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi; sığorta hadisəsi nəticəsində dəyən zərərin aradan qaldırılması üçün sığortalıya (sığorta olunana və ya faydalanan şəxsə) göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi; sığorta predmeti olan, yaxud zərərçəkmiş üçüncü şəxsə məxsus əmlakın təmiri və ya bərpası; sığorta müqaviləsində nəzərdə tutularsa, həmin müqavilədə müəyyən edilən şərtlər əsasında sığorta predmeti olan əmlakın dəyişdirilməsi.
22. “İcbari sığortalar haqqında” Qanunun 6.1-ci maddəsində qeyd edilir ki, icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir.
23. “İcbari sığortalar haqqında” Qanunun 8.1-ci maddəsində qeyd edilir ki, icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, bu Qanunun 8.1-1-ci və 8.1-2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, elektron sənəd formasında tərtib edilmiş və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. Qanunun 10.1-ci maddəsində qeyd edilir ki, sığorta məbləği bu Qanuna uyğun olaraq sığorta obyektinin sığortalandığı və sığortaçının öhdəliklərinin bu Qanunla müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddidir.
24. Qanunun 16.2-ci maddəsində qeyd edilir ki, sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır.
25. Qanunun 35.1-ci maddəsində qeyd edilir ki, daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
Apellyasiya baxışının hədləri
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
28. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, iddianın rədd olunmasını xahiş etmişdir. İddiaçı isə qətnaməni mübahisələndirməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində cavabdehə münasibətdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
30. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində dəymiş ziyanın sığorta şirkəti tərəfindən ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir.
31. Cavabdeh "xxxx" ASC iddiaçının onun sığortalısı olduğunu, sığorta hadisəsinin baş verdiyini, bunun nəticəsində sığortalının (iddiaçının) əmlakına ziyan dəydiyini mübahisələndirməməkdədir və yaranmış mübahisə iddiaçıya dəymiş ziyanın məbləği ilə əlaqədardır.
32. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzinin 10/2110 saylı, xx.xx.2020-ci il tarixli məhkəmə tikinti-texniki eskpertizasının zərərin məbləğinin 30019,90 manat müəyyən edildiyi rəyə istinad etmişdir.
33. Cavabdeh apellyasiya şikayətinin dəlili olaraq qeyd edir ki, xx.xx.2020-ci il tarixli, CPİ 0004/20 saylı sığorta aktına əsasən iddiaçıya dəyən zərər 7387.20 manat məbləğində müəyyən edilmiş və iddiaçıya 7129,18 manat məbləğində ödəniş edilmişdir. Cavabdehin mövqeyinə görə sığorta aktı mülki hüquqi əqd olduğu üçün etibarsızlığı bu günə kimi mübahisələndirilmədiyindən iddiaçıya dəymiş ziyanla bağlı əlavə ödənişin edilməsi qanunvericiliyin tələbinə ziddir.
34. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilini əsassız hesab edərək qeyd edir ki, sığorta aktı sığorta edilmiş əmlaka dəymiş zərəri müəyyən edən sənəddir, aktda tərəflərin qarşılıqlı olaraq hüquq və vəzifələri müəyyən edilmədiyindən, həmçinin mülki hüquqi əqdlə bağlı qanunvericiliyin digər tələblərinə cavab vermədiyindən sığorta aktı əqd kimi qiymətləndirilməməlidir. Belə ki, Mülki Məcəllənin 324.1-ci maddəsində qeyd edilir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.2020-ci il tarixdə sığorta aktına əsasən 7129,18 manat məbləğində sığorta ödənişini aldıqdan sonra müəyyən etmişdir ki, həmin məbləğ dəymiş zərəri qarşılamır və bu fakt Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza rəyləri ilə təsdiqini tapmışdır.
36. Apellyasiya baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsinin 0697 saylı Materiallından müəyyən olunduğu kimi, İddiaçı ona məxsus fərdi yaşayış evinə dəymiş ziyanın cavabdeh şirkət tərəfindən verilmiş sığorta ödənişinə əsasən aradan qaldırılmasının mümkün olmaması əsası ilə müraciət etmiş və ekspertiza təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/905 saylı tikinti-texniki ekspertizasının rəyi ilə yanğın nəticəsində tikilinin yenidən bərpası üçün yerinə yetirilməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 12812 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsinin böyük tədqiqatçı, mayor X8 tərəfindən qəbul edilmiş 24 avqust 2020-ci il tarixli qərara əsasən əlavə tikinti texniki ekspertizası təyin edilmişdir. Həmin qərardan müəyyən olunur ki, İddiaçı ərizə ilə müraciət edərək baş vermiş yanğın hadisəsindən sonra təmir bərpa işləri apardığı zaman yanğının təsirindən evin divarlarının çatladığını, təmir məqsədilə dəvət etdiyi ustaların evin sökülərək yenidən bərpa olunmasına ehtiyac olduğunu, dəymiş ziyanın tərtib olunmuş tikinti smetasında göstərilmədiyini bildirmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020ci il tarixli 10/2110 saylı tikinti-texniki ekspertizasının rəyi ilə yanğın nəticəsində tikilinin yenidən bərpası üçün yerinə yetirilməli təmir-bərpa işlərinin,dəymiş ziyanın təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 30019.90 manat məbləğində müəyyən edilmişdir. Səbail rayon məhkəməsinin qərardadına əsasən keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/2700 saylı məhkəmə mühəndis texniki ekspertizası, tikinti texniki obyektlərin tədqiqi ekspertizasının rəyindən müəyyən olunur ki, tədqiq olunan ünvanda faktki olaraq yaşayış evinin mövcud olmadığı və ərazinin daxilində mişar daşından inşa olunmuş (tikintisi tam başa çatmamış vəziyyətdə) tikilinin yerləşdiyi müəyyən edilmişdir. Bu səbəbdən rəy iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020ci il tarixli 10/2110 saylı tikinti-texniki ekspertizasının rəyinə uyğun verilmişdir. 37.Yuzarıda qeyd olunduğu kimi, sığorta hadisəsi xx.xx.2020-ci il tarixdə baş vermiş və hadisə ilə əlaqədar Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyi Əməliyyat İstintaq İdarəsi tərəfindən araşdırma aparılmışdır. Məhz araşdırma nəticəsində qəbul edilmiş qərara əsasən keçirilmiş ilkin ekspertizanın nəticəsinə əsasən tikilinin yenidən bərpası üçün yerinə yetirilməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 12812 manat məbləğində müəyyən edilmişdir. Daha sonra sığortalı aparılan müvafiq araşdırma ərəfəsində yenidən müraciət edərək təmir bərpa işləri apardığı zaman yanğının təsirindən evin divarlarının çatladığını, təmir məqsədilə dəvət etdiyi ustaların evin sökülərək yenidən bərpa olunmasına ehtiyac olduğunu, dəymiş ziyanın tərtib olunmuş tikinti smetasında göstərilmədiyini bildirmişdir. Keçirilmiş ikinci ekspertizanın nəticəsinə əsasən yanğın nəticəsində tikilinin yenidən bərpası üçün yerinə yetirilməli təmir-bərpa işlərinin, dəymiş ziyanın təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 30019.90 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən keçirilən ekspertiza zamanı artıq hadisənin baş vediyi tarixdən 1 ildən çox vaxt keçmişdir və tikili artıq mövcud olmadığından və yaşayış evinin mövcud olmadığı və ərazinin daxilində mişar daşından inşa olunmuş (tikintisi tam başa çatmamış vəziyyətdə) tikilinin olduğu müəyyən edildiyindən sonuncu rəyə uyğun zərərin məbləği qeyd edilmişdir.
38. Məhkəmə kollegiyası “iddiaçının yeni və geniş ev tikdirməyə başlaması və aldığı sığorta ödənişi məbləğinin buna kifayət etməməsi” barədə cavabdehin apellyasiya şikayətinin dəlilini də əsassız hesab edir. Çünki, iş materiallarında olan fotoşəkillərdən və xx.xx.2020-ci il tarixli yanğın haqqında Aktdan da müəyyən olunduğu kimi yanğın nəticəsində evin yanar konstruksiyaları yanmışdır. Habelə, yanğın nəticəsində tikilinin yenidən bərpası üçün yerinə yetirilməli təmir-bərpa işlərinin,dəymiş ziyanın təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 30019.90 manat məbləğində müəyyən edilərkən isə cavabdehin bildirdiyi kimi, ölçü baxımından daha geniş ev deyil, məhz yanmış vəziyyətdə olan tikilinin bərpa xərci nəzərə alınmışdır.
39. Mülki Prosesual Məcəllənin 101.7-ci maddəsində qeyd edilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
40. Tərəflər arasında imzalanmış sğorta müqaviləsinə əsasən sığorta məbləği 25000 manat müəyyən edilmişdir.
41. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, iddiaçıya sığorta məbləği kimi 25000 manatdan ödənilmiş 7129,18 manat çıxılmaqla, yerdə qalan məbləğ 17870.82 manat cavabdeh tərəfindən ödənilməlidir.
42. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
43. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
44. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-36/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Fuad Abdıyev Fuad Babayev