Məhkəmə qərarları › İş №2(103)-6941/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6941/2022

26.10.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6941/2022 26.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Rəhimova Tahirə Həmdulla qızına qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-6941/2022 (Açar sözlər: mənzildən çıxarma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən çıxarma tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2121/2022 saylı 16 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə 26 oktyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. 198428 saylı 04 noyabr 1983-cü il tarixli orderə əsasən ünvan 1, 9 saylı mənzili İddiaçı1 verilmişdir. Cavabdeh1 iddiaçının oğludur və orderdə iddiaçının ailə üzvü kimi onun da adı qeyd olunmuşdur. Mənzil sonradan iddiaçının adına özəlləşdirilmiş, Cavabdeh1 Mənzilin atasınan adına özəlləşməsinə razılıq vermiş və iddiaçının Mənzilə mülkiyyət hüququ xx.xx.2008-ci il tarixdə dövlət qeydiyyatına (qeydiyyat nömrəsi: **********) alınmış və bu barədə ona Dövlət reyestrindən Çıxarış verilmişdir.

2. Cavabdeh İddiaçı2 iddiaçıların gəlinidir, Cavabdeh1la 2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş və nikaha daxil olduqdan sonra iddiaçılara məxsus yaşayış evinə gəlin köçmüş və hazırda orada yaşayır

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlərin xüsusi mülkiyyətində olan ünvan 1, 9 saylı mənzildən çıxarılmaları barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, mənzil İddiaçı1 xüsusi mülkiyyətindədir. Cavabdeh1 onların övladı, Cavabdeh2 isə gəlinləridir. Gəlinlərinin ona məxsus evdə heç bir cehiz əmlakı yoxdur. Cavabdehlərin münasibətləri əvvəllər normal olsa da, son iki ildə cavabdehlərin onlara qarşı münasibətləri tamamilə pisləşməyə başlamışdır. Oğlunun ailəsinin dağılmaması üçün cavabdehlərin onlara verdiyi bütün mənəvi və psixoloji təzyiqlərinə dözmüşlər. Artıq hər iki cavabdeh onları bir valideyiıı olaraq saymır, gəlinləri onlarla nalayiq və kobud rəftar edir, onları təhqir edir. Cavabdehlərin onlara qarşı olan bu qanunsuz, hərəkətlərinin səbəbi olaraq məcburiyyət qarşısında qalaraq onların mülkiyyətində olan mənzidən çaxırılınası üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli 2(011)-2121/2022 saylı qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddianın qismən təmin edilməsi, Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilindən çıxarılması, iddia tələbinin qalan hissədə (Cavabdeh1 aid hissədə) təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci Ailə Məcəlləsinin 15-ci fəsli, Köhnə Mənzil Məcəlləsinin 53, 123-cü, Mülki Məcəllənin 158.1.2, 158.2, Mülki Prosessual Məcəllənin 14.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə işə birtərəfli və yarımçıq baxmış, onun əleyhinə başdansovdu ədalətsiz qərar qəbul edilmişdir. Onun göstərdiyi dəlil və mülahizələrə məhkəmədə hüquqi qiymət verməmiş, ədalətli qərar qəbul etmək əvəzinə saxta qətnamə qəbul etmişdir. Onun həmin mənzildə yaşamaq hüququ olduğu təqdirdə, o, mənzildən çıxarılmışdır. Qanunsuz və əsassız yerə olaraq qaynanası və qaynatası onu evdən məhrum edir. Onların azyaşlı övladları yaşadıqları evin yaxınlığındakı məktəbdə oxuyurlar. Onların başqa yerdən gəlir və qazancları yoxdur, kirayə evə çıxa bilmirlər. Onun həyat yoldaşı Cavabdeh1 həmin evdə qanuni payı vardır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər apelyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdilər.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar apelyasiya şikayətiə etiraz edərək, onun təmin edilməməsini xahiş etdilər.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsi

11. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

12. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

13. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır.

14. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

18. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Qətnamədən yalnız Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ona aid hissəsini mübahisələndirdiyindən, qətnamə həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

23. Kollegiya qeyd edir ki, mülkiyyətçi ilə bərabər yaşayış sahəsində yaşayan şəxslərin istifadə hüquqlarının yaranması əsaslarını müəyyən edən Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin mənası baxımından mülkiyyətçinin ailə üzvləri 2 qrupa bölünür. Birincisi, mülkiyyətçi ilə birlikdə yaşayan onun arvadı (əri), uşaqları və valideynləri, ikincisi, mülkiyyətçinin himayəsində olmaqla əmək qabiliyyəti olmayan və mülkiyyətçi tərəfindən ailə üzvü kimi köçürüldükdə - digər qohumlar.

24. Cavabdeh2 iddiaçıların gəlinidir, ona görə də, Mənzil Məcəlləsinin adı çəkilən müddəalarında nəzərdə tutulan mənada mülkiyyətçinin (iddiaçının) ailə üzvləri tərkibinə daxil deyil, iddiaçıların oğlu ilə nikaha daxil olduqdan sonra onlara məxsus mənzildə yaşamışdır. Həmçinin, Cavabdeh2 iddiaçıların digər qohumu da hesab edilə bilməz.

25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

26. Şərh edilənlərə və qeyd edilən qanunvericilik normalarına əsasən kollegiya hesab edir ki, Cavabdeh2 iddiaçıların nə ailə üzvü, nə də digər qohumu olmadığından onun mənzildən istifadə hüququ olmadığından, onun mənzildən çıxarılması hissəsində təmin edilməlisinə dair birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

27. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2121/2022 saylı iş üzrə 16 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar