Məhkəmə qərarları › İş №2(103)-6943/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6943/2023

13.11.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6943/2023 13.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Xanlar oğlunun sədrliyi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4583/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadından İddiaçı tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsindən nəqliyyat vasitəsilə keçidin təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə iddiaçının xeyrinə eni 6 metr olmaqla nəqliyyat vasitəsilə keçidin təmin edilməsi və avtomobil yolunun təmin edilməsi üçün ümumi istifadədə olan torpaq sahəsinin üzərində salınan meydançanın bir hissəsinin (eni 6 metr, uzunluğu 12 metr olan hissəsinin) sökülməsinin Suraxanı Rayon İcra Hakimiyyətinə, servitutun müvafiq qaydada dövlət qeydiyyatına alınmasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4583/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı torpaq sahəsindən nəqliyyat vasitəsilə keçidin təmin edilməsi tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilmiş və iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı geri qaytarılması müəyyən edilmişdir. İddiaçı şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4583/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsaslandırılarkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti" barədə 10 aprel 2015-ci il tarixli qərarın 15.4-cü bəndinə istinad edilmişdir. Lakin, məhkəmə Ali Məhkəmənin Plenumunun yuxarıda adı çəkilən Qərarının 2-ci bəndini nəzərə almadan, yəni mübahisə tərəflərinin arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid oluduğunu müəyyən etmədən mübahisənin inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğu qənaətinə gəlmişdir. Belə ki, Plunumun məlum qərarının 4-cü bəndində qeyd edilir ki, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Həmin Qərarın 5.2-ci bəndində isə göstərilir ki, dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Hazırki mübahisənin predmeti torpaq sahəsindən avtomobillə keçidin təmin edilməsidir, yəni servitutun müəyyən edilməsi. Torpaq Məcəlləsinin 54-cü maddəsinə əsasən servitut - bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququdur. Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər Torpaq Məcəlləsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nizama salınır. Servitut — torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma ilə, yaxud məhkəmənin qərarı ilə müəyyən edilə bilər. Torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır. Torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək hüququ servitutun növlərindən biridir. Servitutlar qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməlidir. Hazırki mübahisədə torpaq sahəsinin mülkiyyətçisi dövlət olduğundan servitut münasibətlərinin iştirakçısı qismində fiziki şəxs yox məhz inzibati orqan olan Suaraxanı Rayon İcra Hakimiyyəti çıxış edir. Bu isə o deməkdir ki, tələb yönəldilən şəxs inzibati orqan olsa da, servitutdan irəli gələn münasibətlər mülki hüquq münasibətləridir. Yəni icra hakimiyyətinin sözügedən ərazidə yol çəkmək kimi bir vəzifəsi varsa və o bu vəzifəsini yerinə yetirmirsə, bu halda vətəndaşla bu orqan arasında inzibati hüquq münasibətləri yaranmış olur. Servitut münasibətlərində isə tərəflər bərabərhüquqlu olduğundan bu işə inzibati icraat qaydasında yox, mülki icraat qaydasında baxılmalıdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4583/2023 nömrəli, 05 oktyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)- 4583/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2-ci maddəsinin tələblərinə görə - şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) (maddə 2.2.1), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) (maddə 2.2.2), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) (maddə 2.2.3), inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) (maddə 2.2.4), inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) (maddə 2.2.5), Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia) (maddə 2.2.6), inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara (maddə 2.2.7) və bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına (maddə 2.2.8) - inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun: 2.0 və 2.0.1-ci maddələrinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəmənin düzgün olaraq qeyd etdiyi kimi, hazırki işin mahiyyətindən və işin hallarından məlum olur ki, iddiaçı X2 cavabdeh qismində qeyd etdiyi inzibati orqanın üzərinə müvafiq tədbirlərin görülməsini ilə bağlı tapşırığın qoyulmasını tələb edir. Belə ki, hazırki halda inzibati orqandan ümumi istifadədə olan torpaq sahəsinin üzərində salınan meydançanın bir hissəsinin (eni 6 metr, uzunluğu 12 metr olan hissəsinin) sökülməsinin tələb edilməsi həmin orqanın üzərinə öhdəliyin qoyulması ilə əhatə olunmuşdur. Bu isə daşınmaz əşyanın yüklülüyüyün ifadə edilməsi kimi qiymətləndirilə və mülki mühakimə icraatı qaydasında baxıla bilən iddia hesab edilə bilməz. Bu baxımdan iddiaçı əvvəlcə mübahisə predmeti olan məsələ ilə bağlı müvafiq inzibati orqana müraciət etməli, müraciət təmin edilmədiyi və ya cavabsız qoyulduğu təqdirdə isə qeyd olunan mübahisə ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq İddiaçı iddia ərizəsinin icraata qəbul etməkdən imtina etmişdir. Bu səbəbdən iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e- 2(010)-4583/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-4583/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar