Məhkəmə qərarları › İş №2(103)-6945/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6945/2023

14.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6945/2023 14.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 05 oktyabr 2023-cü il tarixli qərardadından cavabdehin verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehə qarşı irəli sürdüyü “pul tələbi barədə” iddiasına dair mülki işə baxmış Suraxanı Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti və eyni zamanda “qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə vermişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamə cavabdehə rəsmi qaydada təqdim edilməmişdir. Qətnamə icraya yönəldikdən sonra cavabdehin qətnamənin qəbul edilməsi barədə məlumatı olmuşdur. Cavabdehə məxsus “Asan imza” mühasibində olduğu üçün qətnamənin elektron kabinetinə yüklənməsindən xəbəri olmamışdır. Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizənin təmin edilməməsini və cavabdehin apellyasiya şikayətinin geri qaytarılmasını qərara almışdır. Cavabdeh həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardad ilə şikayəti təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Rayon Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinin tələbinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 130.1-ci maddəsinə görə isə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli qərardadını onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli qətnamə xx.xx.2023-cü il tarixdə cavabdehin “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində olan elektron kabinetinə yüklənmişdir. Cavabdeh isə apellyasiya şikayətini xx.xx.2023-cü il tarixdə verilmişdir. Cavabdeh 1 aylıq prosessual müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən sübutları təqdim etməmişdir. Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşan Məhkəmə şikayətin dəlillərini formal xarakterli hesab edərək qeyd edir ki, MPM-in 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. MPM-in 135.5-ci maddəsinə görə, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. MPM-in 135.6-cı maddəsinə görə, Elektron Məhkəmə İnformasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər həmin İnformasiya Sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış «elektron kabinet»lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada çatdırılır. Odur ki, qeyd olunanları nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi “prosessual müddətin bərpa edilməsi barədə” ərizənin rədd edilməsi və apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadı qəbul etməklə, habelə həmin qərardaddan verilmiş şikayəti təmin etməməklə iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlilləri əsassızdır. MPM-in 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 397, 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: Cavabdeh şikayəti təmin edilməsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 oktyabr 2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar