Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6952/2020 19.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi X1, həmçinin iddiaçının vəkili X8, Cavabdeh X6, təkrar apellyasiya baxışı zamanı işə cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 Tərcüməçi: X5 qızının iştirakları ilə İddiaçı cavabdeh X10 qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4229/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X10 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birlikdə həyat yoldaşı Cavabdeh2 və övladları X19, X14 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi ev 19, mənzil 44-dən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi ev 19, mənzil 44 DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsində xüsusi mülkiyyət kimi 2002-ci ildən idddiaçının adına qeydiyyatdan keçmişdir. Mənzil bir otaqdan ibarət olub, sahəsi 44 kv.m-dir. Mənzildə o, anası və bacısı 2002-ci ildən qeydiyyatdadır və yaşayır. X20 yaşamış, orada evlənmiş, 2004-cü ildə Bakı şəhərinə qayıtmış, burada işləmək istədiyini bildirmiş və iddiaçıdan xahiş etmişdir ki, onu birotaqlı evinə qeydiyyata salsın. Qardaşı olduğu üçün iddiaçı onu bir otaqlı evinə qeydiyyata salmış, lakin o, işləməmiş, yenidən Rusiyaya qayıtmışdır. 2011-ci ildə qardaşının həyat yoldaşı Cavabdeh2 və uşaqları X19, X21 ilə birlikdə yenidən geri qayıtmış, iddiaçı olmadığı vaxt anasını aldadaraq qapını açdırmış, evə soxulmuşdur. Həmin vaxtdan bugünə kimi iddiaçının mülkiyyət hüququnu pozmuş, dəfələrlə evdən çıxmalarını tələb etsə də, onlar evdən çıxmamışlar. Əksinə, Cavabdeh1 iddiaçıya bildirmişdir ki, iddiaçı onun evdən çıxmasını tələb edərsə, onu və anasını dəlixanaya saldıracaqdır. Dəfələrlə cavabdehin rus millətindən olan arvadı anasının saçından tutub sürümüşdür. Onlar iddiaçının həyatını dözülməz etmişlər. Dəfələrlə iddiaçını, anasını və bacısını tərbiyəsiz söyüşlərlə təhqir etmiş və döymüşlər.İddiaçı cavabdehin ailəsi ilə birlikdə evdən çıxmasını tələb etsə də, onlar evdən çıxmamışlar. Qeyd olunanlara əsasən, iddianın təmin olunması barədə qətnamə qəbul olunması xahiş olunur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh X13 ailə üzvləri – arvadı Cavabdeh2 və uşaqları X19 və X21 ilə birlikdə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi 19 saylı evin 44 mənzilindən çıxarılmaları qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh X13 apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prossesual huquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların araşdırılmaması səbəbindən ləğv edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12873/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2731/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, mülki işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi isə işi yeni apellyasiya baxışa göndərərkən mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “İddia tələbindən göründüyü kimi, tələb Cavabdeh1la yanaşı onun həyat yoldaşı Cavabdeh2 və onların uşaqları X19 və X11rşı da yönəlmiş, iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin edilərək sonuncuların iddiaçıya məxsus mənzildən çıxarılmaları qət edilmişdir. Lakin nə birinci instansiya məhkəməsi, nə də məhkəmənin qətnaməsini dəyişdirimədən saxlayan apelyasiya instansiyası məhkəməsi Cavabdeh2 qarşı iddia tələbini təmin edərkən onu məhkəmə iclaslarına cəlb etməmiş, sonuncunun hüquq və mənafeləri bağlı məsələni həll etmiş, nəticədə düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuş prosessual normaların tələbləri pozulmuşdur. Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə görə, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 51.3-cü maddəsinə əsasən başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər.”. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Təkrar apellyasiya baxışı zamanı xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddiaçı ərizə verərək Cavabdeh2 işə cavabdeh qismində cəl edilməsini xahiş etmiş, kollegiya Cavabdeh2 işə cavabdeh qismində cəlb etmişdir. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdeh Elxan Yusupov izahatında bildirmişdir ki, atasının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən və 2002-ci ildə satılan 2 otaqlı evin pullarının hesabına (həmin evdə doğulduğu vaxtdan, yəni 1977-ci ildən mənzil satılana kimi daimi yaşamışdır və orada pasport qeydiyyatında olmuşdur). 2002-ci ildə ünvan 2 mənzil 44 ünvanında yerləşən mənzil bacısı İddiaçı adına rəsmiləşdirilmiş və 2004-cü ildən bu günə kimi cavabdeh həmin mənzildə daimi pasport qeydiyyatındadır. Ailəni saxlamaq üçün bir müddət Rusiya Federasiyasında yaşayıb işləmiş, orada indiki həyat yoldaşı Cavabdeh2 ilə ailə qurmuş, birgə nikahlarından onların Günel və Ayan adlı övladları olmuşdur. Atası öz evini satıb həmin pullara bacısı İlahənin adına mübahisəli mənzili alandan sonra 5 ildən artıq X2 Vilayətinin Novokuznetsk şəhərində onlarla birlikdə yaşamış, ona daimi qulluq etmişlər (həmin müddətdə o, 2 dəfə əməliyyat olunmuşdur). xx.xx.2011-ci ildə atası, o, həyat yoldaşı və 2 azyaşlı uşaq Rusiyadan Bakıya qayıtmış və həmin vaxtdan bugünə kimi mübahisəli evdə daimi yaşamışlar. İddia ərizəsində göstərilənlər ağ yalandır və həqiqətə uyğun deyil. Belə ki, xx.xx.2011-ci ildə cavabdeh öz ailəsi və atası ilə birlikdə Rusiyadan Bakıya qatarla qayıdanda anası onları X23 şəxsən özü qarşılamış, anası özü onları ünvan 2 mənzil 44 ünvanında yerləşən mənzilə aparmış və gəlişləri ilə əlaqədar evdə süfrə açmışdır. Səhərisi günü isa onları görmək üçün bacısı İlahə Quba rayonundan gəlmiş və sonradan onları Qubaya aparıb qonaqlıq vermişdir. İlahə öz ailəsi ilə birlikdə 8 ildən artıq müddətdir ki, Bakıda yaşamır, mübahisəli mənzil formal olaraq onun adınadır, O, 2011-ci ildən bugünə kimi öz ailəsi ilə birlikdə Quba rayonunda daimi yaşayır və hal-hazırda Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi 19 saylı evin 44 saylı mənzilində İlahəyə məxsus hər hansı bir əşya və ya əmlak yoxdur. Digər tərəfdən, Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinin 39 saylı MKİS tərəfindən məhkəməyə təqdim etmək üçün verilmiş xasiyyətnamədən görünür ki, xx.xx.1977-ci il təvəllüdlü X13 2004-cü ildən hal-hazlrki günədək ünvan 2 mənzil 44 ünvanında yerləşən mənzildə yaşayır və daimi qeydiyyatdadır. Cavabdehin pulları hesabına iddiaçı mənzili əsaslı təmir edərək faktiki olaraq birotaqlı mənzili 3 otaqlı mənzilə düzəltmişdir. Onlar Rusiyadan gəlməmişdən əvvəl anası və bacısı İlahə təklif etmişdir ki, cavabdeh Rusiyadan onlara pul göndərsin, onlar da əvəzində cavabdehə həyət evi və təcrid olunmuş mənzil alsın. Bu məqsədlə onlar cavabdehin həyat yoldaşının mülkiyyətində olan evi satmış və xx.xx.2011-ci ildə “Zolotoya Korona” pul köçürmələri sistemi ilə anasının adına pul köçürtmüş, həmin məbləğ isə 15000 ABŞ dollarından çox və ya 25000 manat təşkil etmişdir. Həmin pulları anasının adına göndərib xx.xx.2011-ci ildə Rusiyadan Bakıya qayıtmış, yeni alınan evin harada yerləşdiyini soruşanda anası və bacısı İlahə bildirmişdir ki, onların göndərdiyi pullar mənzilin təmirinə və genişləndirilməsinə xərclənmiş, əlavə 2 otaq tikilmiş, onlar bir ailə olduqları üçün hamı birlikdə yaşasın, əlavə mənzilin alınmasına ehtiyac yoxdur. Məhz bu səbəbdən cavabdeh anasının və bacısının təklifi ilə razılaşmış, həmin vaxtdan bugünə kimi ailəsi ilə birlikdə artırılmış yaşayış sahəsindən istifadə edir. Eyni zamanda cavabdeh bildirir ki, mübahisəli mənzildə yaşadığı müddətdə mənzilin təmirinə və əşyaların (televizor, paltaryuyan maşın və s) alınmasına 3000 manatdan artıq pul xərcləmişdir. Bundan başqa cavabdeh əlavə olaraq bildirmişdir, mübahisəli mənzilə qeydiyyata alınarkan iddiaçı ilə aralarında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (anası), həmçinin onun vəkili Əfqan Kazımov iddia ərizəsinin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş etmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, Cavabdeh2 işə birinci instansiya məhkəməsində baxılarkən ümumiyyətlə prosesdə iştirak etməmiş, cavabdeh qismində işə cəlb edilməsə də, birinci instansiya məhkəməsi ona münasibətdə iddia tələbini təmin etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”.Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan hallar birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Belə ki, iş materiallarında olan X16 ilə İddiaçı arasında xx.xx.2002-ci il tarixdə bağlanmış Müqavilənin surətindən görünür ki, müqavilə üzrə tərəflər Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi 19 saylı evin 44 saylı mənzilinin 19400000 manata alqı-satqısı barədə razılığa gəlmişlər. İş materiallarında olan ÖM seriyalı 121202 saylı Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi 19 saylı evin 44 mənzili xx.xx.2002-ci ildə xüsusi mülkiyyət kimi İddiaçı adına 1217 saylı reyestr kitabında 182855 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan “Forma 2” saylı arayışdan görünür ki, Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi 19 saylı evin 44 sayl mənzilində İddiaçı (2002), X7 (2002), X13 (2004), X3 (2009) X4 (2007) daimi qeydiyyatdadır. İş materiallarında olan fotoşəkillərdən görünür ki, mübahisəli mənzilin balkonunda əlavə artırma olmuşdur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh X13 iddiaçının qardaşıdır. Mübahisəli mənzil 2002-ci ildə alqı-satqı qaydasında İddiaçı adına xüsusi mülkiyyət kmi hüquqi qeydiyyatdan keçmişdir. Cavabdeh E.H.Yusupov iddiaçının razılığı ilə 2004-cü ildə mübahisəli mənzilə qeydiyyata düşsə də, iddiaçı ilə aralarında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmamış və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Cavabdeh 2004-cü il tarixdən iddiaçının razılığı olmadan həyat yoldaşı və uşaqları ilə birlikdə Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi 19 saylı evin 44 saylı mənzilində yaşamağa başlamışlar. Hazırda onların birlikdə mübahisəli mənzildə yaşamaqları mümkün olmadığından İddiaçı cavabdehin ailə üzvləri ilə birlikdə mülkiyyətçisi olduğu mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş edir Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Yuxarıda qeyd olunduğu kimi, Elxan Yusupov iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi İlahə Yuspovanın qardaşıdır. Mübahisəli mənzil 2002-ci ildə alqı-satqı qaydasında İddiaçı adına xüsusi mülkiyyət kmi hüquqi qeydiyyatdan keçmiş, cavabdehlər mənzildə bundan sonra yaşamamışdır. Cavabdehlər ilə İddiaçı arasında, sonuncuların mübahisəli mənzildən istifadə qaydalarını tənzimləyən hər hansı razılaşma bağlanmadığından bu o deməkdir ki, mübahisəsi gedən mənzildə daha əvvəldən yaşamışdırlarsa belə, onların mənzildən istifadə hüququ mənzil iddiaçı tərəfindən alınan dövrdən itirilmişdir. Bu zaman həm də nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarındakı hüquqi mövqelərə görə, “...Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz”. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” xx.xx.2015-ci il tarixli Qərardadında isə Konstitusiya Məhkəməsinin Palatası qeyd etmişdir ki, “Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslərin ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar”. Konstitusiya Məhkəməsinin qeyd olunan hüquqi mövqelərinə uyğun olaraq kollegiya hesab edir ki, cavadehlərin mübahisəsi gedən mənzilin mülkiyyətçisi İddiaçı özlərinin saxlanılmalarını tələb etmək hüququ olmadığından, ona məxsus yaşayış sahəsindən istifadə etmək səlahiyyətləri də ola bilməz;olmayan bir hüququn itirilməsi isə mümkün deyildir. Yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, cavabdehlər X6 və Cavabdeh2 mübahisəli mənzildən istifadə hüquqları mövcud olmadığından, onlar iki övladı ilə birlikdə mübahisəli mənzildən çıxarılmalıdır. Kollegiya həmçinin qeyd edir ki, Elxan Yusupovun mübahisəli mənzildə hazırkı dövrədək qeydiyyatda qalması da onun həmin ünvana istifadə hüququnun olması mənasına gəlmir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4229/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. Cavabdeh X13 və Cavabdeh2 uşaqları X19 və X21 ilə birlikdə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, S.Şuşinski küçəsi 19 saylı evin 44 mənzilindən çıxarılsınlar. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6952/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6952/2020
19.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver