Məhkəmə qərarları › İş №2(103)-6952/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6952/2022

15.11.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6952/2022 15.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Eyvazov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədova və Fuad Fikrət oğlu Babayevdan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «X3» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(011)- 90/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «X3» ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 11 iyul 2011-ci il tarixli, 24N/11 saylı kredit müqaviləsi çərçivəsində bağlanmış 05 noyabr 2018-ci il tarixli, 62İK/GAR/18 saylı əlavə kredit müqaviləsinə əsasən 91294,17 manat əsas borc, 10744,92 manat faiz olmaqla, cəmi 102039,09 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Montin yaşayış sahəsi, M.Məmmədzadə küçəsində 3A saylı evin 8 saylı mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, borcun hərracdan əldə olunmuş vəsait hesabına banka ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 133000 manat məbləğində müəyyən edilməsi, mənzilə tutma yönədildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 və Cavabdeh2 həmin mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(011)-90/2022 saylı qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddia qismən təmin olunmuş, 05 noyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə 91119,56 manat əsas, 7592,26 manat faiz borcu, daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat xidmət haqqı olmaqla, cəmi 98711,82 manat pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 29,10 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 alınaraq «X3» ASC-yə ödənilməsi, tələbin Cavabdeh3 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Montin yaşayış sahəsi, M.Məmmədzadə küçəsində 3A saylı evin 8 saylı mənzilinə yönəldilməsi, mənzilin likvid dəyəri 164000 manat olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən «X3» ASC-yə olan 98740,92 manat məbləğində pulun ödənilməsi, ipoteka predmetinə tutma yönədildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 və Cavabdeh2 qızının Bakı şəhəri, Nərimanov rayonu, Montin yaşayış sahəsi, M.Məmmədzadə küçəsində 3A saylı evin 8 saylı mənzilindən çıxarılmaları, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsmunun 0,90 manat hissəsinin iddiaçıya aid edilməsi, ekspertiza xərcinin 194 manat hissəsinin Cavabdeh1, 6 manat hissəsinin “X3” ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Cavabdeh1 qeyd edilən qətnamədən apellyasiya şikayət verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayətini - qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, ekspertiza rəyinin düzgün olmaması, əsas məbləğində borcu qəbul etdiyini, lakin faizlərin çox olması, ekspertiza rəyinin düzgün olmaması, ipoteka qoyulmuş mənzilin dəyərinin düzgün müəyyən olunmaması, mənzildən çıxarılması barədə tələbin yeni mülkiyyətçi tərəfindən verilməli olması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. İZAHATLAR, PROSESSUAL MƏSƏLƏLƏR: Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsinə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İlkin olaraq qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı və digər cavabdeh qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz Cavabdeh1 apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, işdə olan sübutlara əsasən (əsas və əlavə kredit müqavilələri, ödəniş cədvəli və s.) iddiaçı ilə Cavabdeh1 arasında kredit münasibətlərinin yaranması, 05 noyabr 2018-ci il tarixli sazişə əsasən sonuncuya 24 ay müddətinə (sonradan kreditin qaytarıması müddəti 13 dekabr 2023-cü il tarixədək uzadılmış, bu barədə kredit və ipoteka müqavilələrinə müvafiq dəyişikliklər edilmişdir), illik 11 faiz hesablanmaqla 117385 manat kredit verilməsi, həmin müqavilə üzrə öhdəliyin icrasının təmini kimi 11 iyul 2011-ci il tarixli ipoteka müqaviləsi üzrə Cavabdeh3 məxsus yaşayış sahəsinin bankın xeyrinə ipoteka ilə yüklü edilməsi, kredit müqaviləsi üzrə öhdəliyini lazımi qaydada icra olunmaması işin mübahisə olunmayan hallarıdır. Cavabdeh apellyasiya şikayətində kredit borcu üzrə faizləri mübahisələndirmiş, lakin birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə əsassızlığının və qanunsuzluğunun nədən ibarət olmasını əsaslandırmamış, borcun reallıqda nə qədər təşkil etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının rəyi ilə (Məhkəmə Ekspertizası Mərkəzinin 10 mart 2022-ci il tarixli 9/8878 saylı rəyi) müəyyən olunmuşdur ki, cavabdehin xx.xx.2020-ci il tarixə banka olan əsas borcu 99119,56 manat, faiz borcu isə 7592,26 manat məbləğində təşkil edir. Birinci instansiya məhkəməsi digər sübutlarla yanaşı, həmçinin ekspertiza rəyinə əsaslanaraq kredit borcunun məbləğini dəqiqləşdirmiş, bu səbəbdən də iddianı faizlərin tutulması hissədə qismən təmin etmişdir (halbuki, iddiaçı 10744,92 manat faiz tələb etmişdir). Cavabdeh isə apellyasiya şikayətində yenidən ekspertizanın keçirilməsinə zərurət olduğunu qeyd etmiş, lakin ekspertiza rəyinin əsassızlığı, faizlərin daza az olması və s. bu istiqaimətdə hər hansı əsaslandırma aparmamış, məhkəmə baxışı zamanı ekspertiza rəyinə şübhə yaranmamışdır. Belə olan halda isə, məhkəmə kollegiyası əlavə və ya təkrar ekspertizanın təyin olunmasını zəruri hesab etmir (ekspertizanın təyin olunması üçün real əsaslar mövcud olmalı, bununla bağlı mötəbər sübutlar təqdim olunmalı və s.). Əksinə bu hal məhkəmə icraatının əsassız uzadılması və ləngidilməsi ilə nəticələ bilər. Bununla yanaşı, cavabdeh apellyasiya şikayətində ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin az müəyyən olunmasını, onun dəyərinin daha çox olmasını göstərmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd edilən dəlili ilə də razılaşmayaraq bildirir ki, birinci instansiya məhkəməsində icraat zamanı ipotekanın dəyərinin obyektiv müəyyən olunması üçün qiymətləndirici dəvət olunmuşdur. Belə ki, «İpoteka haqqında» Qanunun 1.0.9-cu maddəsinə əsasən, ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. «İpoteka haqqında» Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 saylı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair" qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. İşdə olan "xxxx" MMC-nin 30 iyul 2021-ci il tarixli “mənzilin qiymətləndirilməsi barədə hesabatı”ndan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Montin yaşayış sahəsi, M.Məmmədzadə küçəsində yerləşən 8A nömrəli evin 8 saylı mənzilin hazırki dövrə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində likvid qiyməti 164000 manat təşkil edir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərinə əsasən ipotekanın ilkin satış qiymətinin müəyyən olunması istiqamətində zəruri və obyektiv tədbirlər görmüşdür. Cavabdeh isə apellyasiya şikayətində ipoteka qoyulmuş əmlakın likvid dəyərinin daha artıq olması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətini digər hissədə əsaslı sayır. Belə ki, birinci instansiya iddianı - «ipoteka predmetinə tutma yönədildikdən və o satıldıqdan 1 ay sonra cavabdehin Bakı şəhəri, Nərimanov rayonu, Montin yaşayış sahəsi, M.Məmmədzadə küçəsində 3A saylı evin 8 saylı mənzilindən çıxarılması» hissəsində təmin etmişdir ki, bu da «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinin tələblərinə uyğun olumuşdur. Həmçinin işdən görünür ki, daşınmaz əmlak ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdur. Belə olan halda isə, iddia həmin hissədə də əsaslı olmuşdur. Göründüyü kimi, cavabdeh apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. MM-in 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən, yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı «X3» ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(011)- 90/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2(011)- 90/2022 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən, yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar