Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6957/2022 29.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X9 oğlunun katibliyi, İddiaçı, onun etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh etibarnamə əsasında nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4398/2022 saylı, 15 avqust 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İşin hallarından görünür ki, Cavabdeh Gəncə X14 İdarəsi ilə İddiaçı arasında bağlanmış 13 04.2015-ci il tarixli 264 nömrəli əmək müqaviləsinə əsasən, İddiaçılə işəgötürən arasında müddətsiz əmək müqaviləsi bağlanmış və İddiaçı Gəncə X14 İdarəsinin Gəncə şəhəri üzrə Təbii qazın qəbulu və satışı xidmətinə 5-cı dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri peşəsinə qəbul edilmişdir.
2. İş materiallarında olan, Gəncə X14 İdarəsinin rəisi A.A.Muxtarov tərəfindən xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş “Təbii qazın qəbulu və satışı xidmətinin 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərinin Peşə təlimatı”nın surətindən görünür ki, 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərinin üzərinə o cümlədən: 2.4. Xidmət göstərdiyi ərazidə daşıyıcı və məhəllədaxili qaz xətlərində qoşulma nöqtəsinədək qaz xətlərinə, onların üzərindəki avadanlıqlara, qaz sayğaclarına, bağlayıcı armaturlara, bütün yivli və qaynaq birləşmələrinə texniki baxışın keçirilməsi və aşkar edilmiş sızmaların aradan qaldırılması; 2.8. Məişətdə, sənayedə təbii qazdan səmərəli istifadə edilməsi, xidmət sahəsi üzrə qaz itkisinə yol verilməməsinə nəzarət edilməsi: 2.9. Xidmət göstərdiyi ərazidə dövrü olaraq istehlakçıların sayğac göstəricilərinin qeydiyyata alınması və məlumatların aidiyyəti üzrə təqdim edilməsi; 2.14. Qaz sayğaclarına müdaxilə edilməsi, onların yararsız hala salınması haqqında, həmçinin oğurluq hallarının baş verməsi haqqında dərhal xidmət sahəsinə məlumat verilməsi; 2.15. Rəsmi razılıq olmadan istehlakçılar tərəfindən qaz cihazlarının, qaz xətlərinin yerinin dəyişdirilməsi, ləğv edilməsi və yeni qaz xəttinin çəkilməsi, qaz cihazlarının quraşdırılması kimi hallara yol verilməməsi, göstərilən faktların aşkar olunduğu təqdirdə aidiyyəti üzrə xidmət sahəsinə məlumatın təqdim edilməsi; 2.18. Qaz xəttlərinin üzərində quraşdırılmış qaz sayğaclarının sazlığına nəzarət edilməsi, sayğaclara və plomblara müdaxilə, sayğacların sökülməsi, sındırılması zamanı dərhal akt tərtib etməklə və qaz təminatını dayandırmaqla aidiyyəti üzrə xidmət sahəsinə məlumat verilməsi; 2.19. Xidmət göstərdiyi sahədə təbii qazdan qeydiyyatsız istifadə, sayğacdan kənar xətt vasitəsilə və ya rezin borularla qoşulma hallarına yol verilməməsi və bu tip neqativ hallara rast gələn zaman qazın verilməsinin dayandırılması haqqında aidiyyəti üzrə xidmət sahəsinə məlumat verilməsi və sair kimi vəzifələr qoyulmuş və bu icra edilməməsinə görə məsuliyyət daşıdığı müəyyən edilmişdir.
3. İş materiallarında olan, əmrlərin surətindən müəyyən olunur ki, İddiaçı vəzifə öhdəliklərini yerinə yetirməməsi səbəbindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndinə əsasən xx.xx.2015-ci il tarixdə töhmət, xx.xx.2016-cı il tarixdə töhmət, 16 02 2017-ci ıl tarixdə töhmət, xx.xx.2019-cu il tarixdə töhmət, xx.xx.2020-ci il tarixdə töhmət, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin “b” bəndinə əsasən xx.xx.2020-ci il tarixdə “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehləri verilmiş, Əmək Məcəlləsinin 186-cı maddəsinin “c” bəndinə əsasən xx.xx.2021-ci il tarixdə “aylıq əmək haqqının 1/4-dən çox olmamaq şərtilə cərimə edilmiş, Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndinə əsasən xx.xx.2021-ci il tarixdə töhmət, xx.xx.2021-ci il tarixdə töhmət intizam tənbehləri verilmiş, Əmək Məcəlləsinin 186cı maddəsinin “c” bəndinə əsasən xx.xx.2021-ci il tarixdə “aylıq əmək haqqının 1/4-dən çox olmamaq şərtilə cərimə edilmiş, Əmək Məcəlləsinin 186-cı maddəsinin “b” bəndinə əsasən xx.xx.2022-ci il tarixdə “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehi verilmişdir. İddiaçı əmrlərlə tanış olmasını imzası ilə təsdiq etmişdir.
4. İş materiallarında olan, Gəncə RQİİ-nin X10 heyətinin xx.xx.2022-ci tarixli 2 saylı Protokolunun surətindən görünür ki, Gəncə X14 İdarəsinin Gəncə xidmət sahəsi üzrə Təbii qazın qəbulu və satışı xidmətinin qaz avadanlıqlarının İstismarı və təmiri üzrə çilingəri İddiaçı xidmət göstərdiyi ərazidə yol verdiyi ciddi nöqsanlara görə əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsini kobud surətdə pozduğu üçün onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə münasibət bildirilməsi xahiş edilmişdir. Gəncə RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəisi X3 xx.xx.2022-ci il tarixli SOCAR**********30560046X00435 saylı xidməti məlumatında Gəncə xidmət sahəsi üzrə Təbii qazın qəbulu və satışı xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını lazımınca icra etməməsini göstərmişdir. Araşdırma zamanı Gəncə şəhəri, Cavadxan qəsəbəsində yaşayan X12 məxsus evdə yaşayış olmasına baxmayaraq həmin ünvanda quraşdırılmış G-4 Eister tipli qaz sayğacının göstəricisinin 1 il 5 ay götürülmədiyi müəyyən olunmuş, 2021-ci ilin sentyabr ayında Bağ yeri ev 357 saylı ünvanda İSQNŞ-nin əməkdaşları tərəfindən sayğacdan kənar əlavə xətt aşkar olunmuşdur. Gəncə RQİİ-nin İcraya Nəzarət və Kargüzarlıq şöbəsinin rəisi X7, insan resursları şöbəsinin aparıcı mütəxəsisi X2, TİŞnin rəisi X16 və digərləri çıxış edərək, Gəncə X14 İdarəsinin Gəncə xidmət sahəsi üzrə Təbii qazın qəbulu və satışı xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı işdə yol verdiyi nöqsanların təkrarlandığını, ona verilən intizam tənbehlərindən nəticə çıxarmadığını nəzərə alıb barəsində tədbir görülməsini bildirmişdirlər. Yuxarıda göstərilənləri nəzərə alaraq Gəncə RQİİ-nin X11 X14 İdarəsinin Gəncə xidmət sahəsi üzrə Təbii qazın qəbulu və satışı xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı xidmət göstərdiyi ərazidə yol verdiyi ciddi nöqsanlara görə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə etiraz edilməməsini qərara almışdır.
5. İş materiallarında olan, Cavabdeh İB-nin Gəncə X14 İdarəsinin rəisi A.A.Muxtarovun xx.xx.2022-ci il tarixli, SQCAR**********00070020B00016 saylı “Əmək müqaviləsinin ləğv edilməsi haqqında” əmrin surətindən görünür ki, X13 Qaz istismarı İdarəsinin Gəncə xidmət sahəsi üzrə Təbii qazın qəbulu və satışı xidmətinin 05-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri İddiaçı ilə bağlanmış xx.xx.2015-ci tarixli 264 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İB-nin Gəncə X14 İdarəsinin rəisi A.A.Muxtarovun xx.xx.2022-ci il tarixli, SQCAR**********00070020B00016 nömrəli əmrinin ləğv edilməsi, əvvəlki vəzifəyə bərpa edilməsi və məcburi iş buraxma dövrünün əmək haqqının tam ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 2008-ci ildən etibarən Azəriqaz İB Gəncə Qİİ, xx.xx.2015-cı il tarixdən isə ad dəyişikliyi olaraq SOCAR İB-nin Gəncə X14 İdarəsinin Gəncə rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətinin “5-ci dərəcəli Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər” vəzifəsində işləmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh İB Gəncə X14 rəisi X5 SQCAR**********00070020B00016 nömrəli əmri ilə “əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi ləğv edilmişdir. Həmin əmrlə razılaşmır. Belə ki, AR MPM-nin və digər qanunvericiliyin tələblərinə riayət edərək ilkin Mediasiya sessiyasından keçmiş, cavabdehin nümayəndəsinin sessiyada iştirak etməməsi səbəbindən 00776 saylı, xx.xx.2022 il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışını aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İşdən çıxarılması barədə əmr əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Lakin,onun tərəfindən əmək müqaviləsinə əsasən iş vaxtı hər hansı qayda pozuntusuna yol verilməmiş, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi kimi hallar baş verməmişdir. Sözügedən əmri xx.xx.2022-ci il tarixdə şəxsən müraciət etdikdən sonra almışdır. Digər tərəfdən mübahisələndirilən əmr verilərkən qanunvericiliyin tələblərinə əməl edilməyərək onun izahatı alınmamış, həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmasına baxmayaraq, qanunvericiliyinin prossesual normalarının tələbləri kobud şəkildə pozulmuşdur. xx.xx.2022-ci il tarixli 305/2022 saylı vəkil sorğusuna verilən natamam cavab məktubuna əlavə olunan sənədlərə baxdıqda görünür ki, onun işdən çıxarılması barədə verilən əmrlə həmkarlar ittifaqının verdiyi müvafiq rəy eyni tarixə təsadüf edir. Daha sonra onun işdən çıxarılmasına əsassız səbəb olan hal-tərəflər arasında bağlanan əmək müqaviləsinin 3-cü bəndində çilingərin “Sayğacdan göstərici götürmək” kimi hər hansı bir vəzifəsi yoxdur. Eyni zamanda ona ardıcıl verilən intizam tənbehləri barədə rəsmi tanış olması barədə imzalanan vərəqlərdə kobud pozuntular aşkarlanır. Sorğuda onun izahatlarının verilməsi tələb olunsa da, bu verilməmişdir. Eyni ilə sorğuya cavab olaraq göndərilən müvafiq Vəzifə təlimatı qanunvericiliyin tələblərinə uyğun gəlmir, etibarsız və əsassızdır. Bu kimi hallar verilmiş əmrin qanunsuz və əsassız olduğunu təsdiq edir. Bundan başqa, əmrdə işçi ilə işəgötürən arasında əmək münasibətlərini nizama salan qanunvericilik aktlarına, o cümlədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin normasına düzgün istinad edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə görə, əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğur gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72- cı maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda. Sadalanan normanı məzmunundan göründüyü kimi, əslində onunla müddətsiz əmək müqaviləsi başlanmışdır və həmin müqavilənin birtərəfli qaydada, əmrdə göstərilən şəkildə ləğv edilməsi qanunsuz olmuşdur. Cavabdehlə aralarında yaranmış mübahisəni yoluna qoymaq cəhdləri nəticə verməmişdir.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(011)-4398/2022 saylı, 15 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Sərdar Mehrəliyev), İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair” iddiasının təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının işdən qanunsuz azad olunması barədə dəlillərinin məhkəmə baxışında təsdiqini tapmamasını və əmrin ləğv edilməsi üçün əsasların olmamasını nəzərə alıb, qanunvericiliyin müddəalarına əsaslanaraq hesab edir ki, iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəllənin (bundan sonra - ƏM) 11, 45, 68, 70, 71, 80, 83-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinın (bundan sonra - MPM) 2.1, 4.1, 9, 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
11. Qətnamədən İddiaçı apelyasiya şikayəti vermişdir. a) Apelyasiya şikayətinin dəlilləri
12. İddiaçı apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul etməsini xahiş etmişdir.
13. İddiaçı apelyasiya şikayətində göstərilmişdir ki, onun tərəfindən əmək müqaviləsinə əsasən iş vaxtı hər hansı qayda pozuntusuna yol verilməmiş, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi kimi hallar baş verməmişdir. Digər tərəfdən mübahisələndirilən əmr verilərkən qanunvericiliyin tələblərinə əməl edilməyərək onun izahatı alınmamış, həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmasına baxmayaraq, qanunvericiliyin prossesual normalarının tələbləri kobud şəkildə pozulmuşdur. Vəkil sorğusuna verilən natamam cavab məktubuna əlavə olunan sənədlərə baxdıqda görünür ki, onun işdən çıxarılması barədə verilən əmrlə həmkarlar ittifaqının verdiyi müvafiq rəy eyni tarixə təsadüf edir. Daha sonra onun işdən çıxarılmasına əsassız səbəb olan hal-tərəflər arasında bağlanan əmək müqaviləsinin 3-cü bəndində çilingərin “Sayğacdan göstərici götürmək” kimi hər hansı bir vəzifəsi yoxdur. Eyni zamanda ona ardıcıl verilən intizam tənbehləri barədə rəsmi tanış olması barədə imzalanan vərəqlərdə kobud pozuntular aşkarlanır. Sorğuda onun izahatlarının verilməsi tələb olunsa da, bu verilməmişdir. Eyni ilə sorğuya cavab olaraq göndərilən müvafiq Vəzifə təlimatı qanunvericiliyin tələblərinə uyğun gəlmir, etibarsız və əsassızdır. Həmkarlar ittifaqının Qərarı olmadığı halda, birinci instansiya məhkəməsi həmkarların iclas protokoluna hüquqi qiymət vermişdir. Halbu ki, iclas Protokolu və Qərar fərqli və ayrı-ayrılıqda tərtib olunub rəsmləşdirilən hüquqi sənədlərdir. Onun işdən azad edilməsi haqqında əmrdə qeyd edilmiş, əmrin verilməsi üçün göstərilmiş əsaslarda göründüyü kimi işəgötürən tərəfindən həmkarlar təşkilatına təqdimat verilməmiş, həmkarlar təşkilatının razılaşdırılmış qərarı qəbul edilməmişdir. Həmkarlar təşkilatı bir gün ərzində guya ki, iclas keçirmiş və sadəcə iclas protokol tərtib edilmişdir. Eyni zamanda işçinin işəgötürənə vurduğu ziyan sübuta yetirilməmişdir. İşdən azad edilməsi haqqında əmrdə, əsas olmuş sənədlərdə, o cümlədən digər sənədlərdə iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyanın dəyməsi haqqında heç bir qeyd aparılmamış və sübut təqdim edilməmişdir. Proses iştirakçılarının izahatı:
14. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 verdikləri apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
15. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə əsasında nümayəndəsi Nümayəndə2 İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz edərək təmin edilməməsini xahiş etdilər. Apelyasiya baxışının hədləri.
16. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
18. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən, qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsi:
19. Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək.
20. Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları:
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.
21. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda.
22. Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər.
2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
23. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsi.
24. Maddə 80. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar [135]
1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
25. Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası
1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
28. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
35. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
36. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
37. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
39. Məhkəmə kollegiyası iş üzrə tərəflərin çıxışlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Birinci instansiya məhkəməsi işin materialları əsasında müəyyən etmişdir ki, Gəncə X14 İdarəsinin Gəncə şəhəri üzrə Təbii qazın qəbulu və satışı xidmətinə 5-cı dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingərinin əmək funksiyalarına o cümlədən, xidmət göstərdiyi ərazidə dövrü olaraq istehlakçıların sayğac göstəricilərinin qeydiyyata alınması və məlumatların aidiyyəti üzrə təqdim edilməsi, xidmət göstərdiyi sahədə təbii qazdan qeydiyyatsız istifadə, sayğacdan kənar xətt vasitəsilə və ya rezin borularla qoşulma hallarına yol verilməməsi və bu tip neqativ hallara rast gələn zaman qazın verilməsinin dayandırılması haqqında aidiyyəti üzrə xidmət sahəsinə məlumat verilməsi daxildir və iddiaçının həmin funksiyaları icra etməməsi nəticəsində xidmət göstərdiyi ərazidə- Gəncə şəhəri, Cavadxan qəsəbəsində yaşayan X12 məxsus evdə yaşayış olmasına baxmayaraq həmin ünvanda quraşdırılmış G-4 Eister tipli qaz sayğacının göstəricisinin 1 il 5 ay götürülmədiyi müəyyən olunmuş, 2021-ci ilin sentyabr ayında isə Bağ yeri ev 357 saylı ünvanda İSQNŞ-nin əməkdaşları tərəfindən sayğacdan kənar əlavə xətt aşkar olunmuş, qaz sayğacının göstəricisinin 1 il 5 ay götürülməməsi və sayğacdan kənar qazdan istifadə olunması nəticəsində cavabdeh təşkilata qanunsuz istifadə olunmuş qazın dəyərinin ödənilməməsi şəklində maddi ziyan dəymişdir.
41. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş halları əsasında belə nəticəyə gəlmişdir ki, işin faktiki hallarına əsasən İddiaçı müddətsiz Gəncə X14 İdarəsinin Gəncə şəhəri üzrə Təbii qazın qəbulu və satışı xidmətinə 5-cı dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingəri peşəsinə qəbul edilməsi, Gəncə X14 İdarəsir rəisi A.A.Muxtarovun xx.xx.2022-ci il tarixli, SQCAR**********00070020B00016 saylı əmri ilə onunla bağlanmış 13 04.2015-ci il tarixli 264 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə) xitam verilməsi, iddiaçının işdən qanunsuz azad olunması barədə dəlillərinin məhkəmə baxışında təsdiqini tapmamasını və əmrin ləğv edilməsi üçün əsasların olmamasını nəzərə alıb, qanunvericiliyin göstərilən müddəalarına əsaslanaraq hesab edir ki, iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir.
42. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı verdiyi apelyasiya şikayətində qeyd etmişdir ki, onun tərəfindən əmək müqaviləsinə əsasən iş vaxtı hər hansı qayda pozuntusuna yol verilməmiş, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi kimi hallar baş verməmişdir. Onun işdən çıxarılması barədə verilən əmrlə həmkarlar ittifaqının verdiyi müvafiq rəy eyni tarixə təsadüf edir. Tərəflər arasında bağlanan əmək müqaviləsinin 3-cü bəndində çilingərin “Sayğacdan göstərici götürmək” kimi hər hansı bir vəzifəsi yoxdur. Eyni zamanda ona ardıcıl verilən intizam tənbehləri barədə rəsmi tanış olması barədə imzalanan vərəqlərdə kobud pozuntular aşkarlanır. Sorğuya cavab olaraq göndərilən müvafiq Vəzifə təlimatı qanunvericiliyin tələblərinə uyğun gəlmir, etibarsız və əsassızdır.
43. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini qiymətləndirərək aşağıdakıları qeyd edir.
44. Məhkəmə kollegiyası İddiaçı oglunun əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi kimi halların baş vermədiyini əsaslandırmaq üçün irəli sürdüyü bu dəlilini əsassız hesab edir. Belə ki, işin materialları ilə müəyyən olunur ki, iddiaçı cavabdeh təşkilatda işlədiyi müddətdə əmək funksiyası lazımi qaydada icra etməməsi səbəbindən dəfələrlə intizam məsuliyyətinə cəlb olunmuş, sonuncu dəfə də əmək funsiyası ilə üzərinə qoyulmuş vəzifələri lazımi qaydada icra etməməsi, verilmiş intizam tənbehlərindən nəticə çıxarmaması əsası ilə əmək müqaviləsinə xitam verilmişdir.
45. Apelyasiya məhkəməsinin iclasında iddiaçı ona əvvəllər verilmiş intizam tənbehlərindən məlumatlı olmasını, intizam tənbehləri barədə verilmiş əmrlərlə tanış olmasını, ondan bunlarla əlaqədar izahatlar alındığını bildirsə də, intizam tənbehləri barədə əmrləri əsassız hesab etdiyini bildirmiş, lakin həmin intizam tənbehləri barədə əmrləri mübahisələndirmədiyini bildirmişdir.
46. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz əmək funksiyalarının icrası zamanı vəzifələrini lazımi qaydada icra etməməsi və bunun nəticəsində də dəfələrlə intizam məsuliyyətinə cəlb olunmasına baxmayaraq, işində dönüş yaratmamış və öz hərəkətləri ilə vəzifə öhdəliklərini yerinə yetirməməsi müvafiq iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulmasına səbəb olmuş və cavabdeh də haqlı olaraq onunla bağlanmış əmək müqaviləsini əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq xitam verilməklə ləğv etmişdir. Bu səbəbdən də iddiaçının qeyd edilən apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsaslı hesab edilmir.
47. Apelyasiya şikayətində iddia edilmişdir ki, işəgötürən olaraq Cavabdeh İB tərəfindən İddiaçı isdən azad edilməsi qanunvericilikdə tələb olunan çərçivədə asaslandırılmamışdır. Məhkəmə kollegiyası bu dəlili aşağıda qeyd edilən səbəblərdən asassız hesab edir.
48. Birinci instansiya məhkəməsinin qətnaməsində də qeyd edildiyi kimi İddiaçı əmək funksiyalarını icra etməməsi nəticəsində xidmət göstərdiyi ərazidə, yəni ünvan 1 ünvanda abonent tərəfindən sayğacdan kənar əlavə xətt vasitəsi ilə qanunsuz olaraq qazdan istifadə halı aşkar olunmuşdur. Bununla, o, onunla Cavabdeh İB arasında imzalanmış əmək müqaviləsinin 3.1-ci bəndinin tələblərini pozmusdur.
49. Azarbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi Cavabdeh İB-nə İddiaçı özünün əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə əmək müqaviləsini ləğv etməyə icazə verir.
50. Əmək Məcəlləsinin 71.2-ci maddəsində tələb edilir ki, yuxarıda qeyd edilən 70-ci maddanin “ç” bəndi ilə İddiaçı əmək müqaviləsinə xitam vermək üçün İddiaçı qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu yerinə yetirmədiyinə görə işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
51. Əmək Məcəlləsinin 71.3-cü maddəsi isə tələb edir ki, yuxarıda qeyd edilən 70-ci maddə ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmalıdır.
52. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyildir.
51. Məhkəmə kollegiyası apelyasiya şikayətinin iddiaçının işdən azad olunması barədə əmrlə həmkarlar təşkilatının rəyinin eyni tarixdə olmasının qanun pozuntusu olması barədə dəlilinə münasibətdə qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, işəgötürən cavabdeh əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq, təqdimatla həmkarlar komitəsinə müraciət etmiş, həmin təqdimat həmkarlar komitəsinin iclasında müzakirə edilmiş və təqdimat əsaslı hesab edilərək, iddiaçının işdən azad edilməsinə razılıq verilmişdir. Həmkarlar təşkilatının rəyi ilə işəgötürənin əmrinin eyni gündə olmasının qanunvericiliyin tələblərinin pozuntusu kimi qiymətləndirilməməlidir. Belə ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən həmkarlar ittifaqı təşkilatı təqdimat daxil olduqdan sonra ən geci 10 gün müddətində yekun qərarı işəgötürənə təqdim etməlidir. İşəgötürən tərəfindən verilmiş təqdimata həmin gün baxılması qanun pozuntusu hesab edilə bilməz. Buna görə də kollegiya apelyasiya şikayətinin həmin dəlillərini də əsassız hesab edir.
52. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.
53. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4398/2022 saylı, 15 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.