Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6957/2025 11.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-nə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti cəlb edilməklə) iş üzrə QƏTNAMƏ İş № 2(103)-6957/2026 (Açar sözlər: iş yerinin dəyişdirilməsinin əsassız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X3, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti cəlb edilməklə) “iş yerinin dəyişdirilməsinin qanunsuz hesab edilməsi və əvvəlki vəzifəyə qaytarılma” barədə tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-4483/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 11 fevral 2026-cı il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.2025-ci il tarixində öz ərizəsinə əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB-nin Sumqayıt Qaz İstismar Sahəsinin 9-cu dərəcəli “usta” vəzifəsindən Sumqayıt Regional Qaz İstismarı İdarəsinin Abşeron rayonu üzrə sayğac əməliyyatları xidmətinə 5-ci dərəcəli “qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər” vəzifəsinə keçirilmişdir.
2. Hazırda iddiaçı iş yerini dəyişdirilmə barədə ərizəni hədə-qorxu, məcburiyyət təsiri altında yazdığına istinad edərək xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsini, “usta” vəzifəsinə bərpa edilməsini məhkəmədən xahiş edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh İB-nə qarşı “iş yerinin dəyişdirilməsinin qanunsuz hesab edilməsi və əvvəlki vəzifəyə qaytarılma” barədə iddia tələbi ilə məhkəməyə müraciət edərək onun Cavabdeh İB-də işlədiyi “çilingər” vəzifəsindən əvvəl işlədiyi “usta” vəzifəsinə geri qaytarılması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ali təhsillidir, Azərbaycan Dövlət Pedoqoji Universitetini Cavabdeh İB-nin göndərişi əsasında AR Prezidentinin Aparatı yanında İdarəçilik Akademiyasını bitirmişdir. xx.xx.2010-cu ildə Bakı şəhəri Xətai rayonu Qaz İstismar Sahəsində işə qəbul olmuşdur. 2016-cı ildən Binəqədi rayonu Qaz istismar sahəsinə keçirilmişdir. 2024-cü ildə imtahan verib 1 illik müqavilə ilə usta vəzifəsinə qəbul olunsa da, 8 ay sonra yenidən imtahana çağırılmışdır. İmtahanda 40 sualdan 28 sualı doğru cavablandırmışdır. İmtahandan bir ay sonra ona bildirilib ki, guya ki, imtahandan keçməyib. 2025-ci ildə “Socar”-ın İnsan Resursları mərkəzinə yüksək nəticə ilə imtahan verib, Cavabdeh İB müsahibəsindən keçib, Sumqayıt QİS - də 1 illik müqavilə ilə işə başlamışdır. Ona “1 il ərzində heç bir vakansiyaya müraciət etmək olmaz” deyilib. Lakin 8 ay sonra 1 iş günü əvvəl yanvar ayının 13-ü ona yenidənqurma ilə əlaqədar telefonla sms göndərib imtahana çağırıblar. Qanunla isə imtahan xəbərdarlığı 14 iş günü ərzində verilməliydi. İmtahanda 40 sualdan 28-i doğru cavablandırmışdır, imtahan vaxtından təqribi 1 ay sonra Azəriqaz” İB-nin kadrlar şöbəsindən ona bildirildi ki, “ya çilingər vəzifəsində işləməlidir, ya da ki, işinə xitam verilir”. Ondan aşağı bal yığan, təhsili olmayan şəxsləri şəxsi maraqları zəmnində mühəndis vəzifəsinə keçiriblər. Qanunla isə ali təhsili olmayan şəxsləri mühəndis vəzifəsinə götürmək olmaz. Şöbədə onunla bərabər işləyən 5 nəfəri mühəndis vəzifəsinə təyin edilərək yer doldurulub, bunlardan 3 nəfərin ali təhsili yoxdur. O, bununla razılaşmayıb kadrlar şöbəsinə, baş direktora ərizə ilə müraciət edib, qəbul şöbəsinə gedib, lakin “bu kimi hallar olur, onlar qarışmırlar”deyib onu qəbul etməyiblər. Uzun müddət işləməyinə baxmayaraq, Cavabdeh İB-nin Kadrlar şöbəsindən ona bildirilib ki, “ya çilingər vəzifəsində işlə, ya da ki, işdən çıx”. Hal-hazırda çilingər vəzifəsində işləsə də, maaşı çox azaldılıb. Hal-hazırda ailə başçısı olduğu üçün himayəsində 3 azyaşlı uşaq var. Maddi vəziyyəti yaxşı olmadığından bir neçə krediti var və əmək haqqı ona xəbərdarlıq edilmədən azaldığı üçün kreditlərini ödəyə bilmir. Ona qarşı irəli sürülən tələbləri, yəni onu seçim qarşısında qoyacaq təklifi qeyri-obyektiv hesab edir. Belə ki, o, işində həmişə vicdanla və sədaqətlə çalışmışdır. Üzərinə qoyulan öhdəlikləri layiqincə yerinə yetirmişdir. Qanunsuz və haqsız yerə bu cür vəzifəsindən azad olunmağı onu çox sarsıdıb. Hüququn pozulduğunu hesab etdiyinə görə müvafiq qaydada iddia ərzəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. O, hesab edir ki, onun vəzifəsinin dəyişdirilməsi barədə verilən qərar prosessual hüquq normalarının pozulması nəticəsində baş vermişdir. Bu səbəbdən də o, ağır sarsıntı və iztirab keçirir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-4483/2025 saylı qətnaməsi ilə (hakim Aynur Abdullayeva) iddia rədd edimişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 43.4, 57.1, 57.3, 57.4, 59, 70-ci maddənin “b” bəndinə əsasən, 77.1-77.4, 78.1 və 78.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3, 76, 77.1. 88, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərmişdir ki, məhkəmə araşdırma zamanı bir neçə məsələyə hüquqi qiymət verməmiş, sübutları tam tədqiq etməmişdir. Belə ki, iddiaçının maddi vəziyyəti, o cümlədən tələbin əsasını təşkil edən qiymətləndirmə üçün imtahan bildirişinin ona 1 iş günü qalmış bildirilməsinə birinci instansiya məhkəməsi əhəmiyyət verməmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apelyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir.
12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası prosesə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi
14. Maddə 42. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.
15. Maddə 43.4. Bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz.
16. Maddə 57.1. İşəgötürən işçinin əmək funksiyasının — əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir.
17. Maddə 57.3. Əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir.
18. Maddə 57.4. Əgər müəyyən səbəblərdən işəgötürən göstərilən işlərlə işçini təmin edə bilmədiyinə görə ona peşə-ixtisas dərəcəsinə uyğun olan başqa iş verəcəksə, işçi həmin işləri yerinə yetirməkdən yalnız orta əmək haqqı saxlanılmadıqda imtina edə bilər.
19. Maddə 59.1. İşçinin başqa işə keçirilməsinə onun razılığı ilə əmək müqaviləsinə dəyişiklik edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir.
20. Maddə 59.2. İşçinin başqa işə keçirilməsi dedikdə, işçi tərəfindən əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsi başa düşülür.
21. Maddə 70 (b bəndi). Əmək müqaviləsinə işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə xitam verilə bilər.
22. Maddə 78.1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.
22. Maddə 78.2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: - şəhid ailəsinin üzvlərinə; - müharibə iştirakçılarına; - əsgər və zabitlərin arvadına (ərinə); - öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; - məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; - kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
29. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
32. İşin müəyyən edilmiş hallarından görünür ki, Socar Cavabdeh İB Sumqayıt Qaz İstismarı Sahəsi ilə İddiaçı arasında bağlanılmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə əsasən iddiaçı Cavabdeh İB-nin Sumqayıt Qaz İstismarı Sahəsinə təbii qazın qəbulu və satışı şöbəsinə 9-cu dərəcəli usta vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli, 14-2-2/3-1İ976/2024 saylı əmri ilə onun ştatı ixtisar edilmiş, lakin iddiaçı ilə bağlanılan əmək müqaviləsinə xitam verilməmişdir. Onun işlə təmin edilməsi üçün Birliyin Sumqayıt Qaz İstismar Sahəsində Sumqayıt QİS-nin Abşeron rayonu üzrə sayğac əməliyyatları xidmətində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər işi təklif olunmuş, iddiaçı xx.xx.2025-ci il tarixində bu təklifi qəbul edərək öz ərizəsinə əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB-nin Sumqayıt Qaz İstismar Sahəsinin 9-cu dərəcəli “usta” vəzifəsindən Sumqayıt Regional Qaz İstismarı İdarəsinin Abşeron rayonu üzrə sayğac əməliyyatları xidmətinə 5-ci dərəcəli “qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər” vəzifəsinə keçirilmişdir. xx.xx.2025-ci il tarixdə Socar Cavabdeh İB Sumqayıt Regional Qaz İstismarı İdarəsinə əmək müqaviləsi əsasında 1 il müddətinə Birliyin Sumqayıt Regional Qaz İstismarı İdarəsinin Abşeron rayonu üzrə sayğac əməliyyatları xidmətinə 5-ci dərəcəli “qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər” peşəsinə qəbul edilmişdir.
33. Hazırda iddiaçı iş yerini dəyişdirilmə barədə ərizəni hədə-qorxu, məcburiyyət təsiri altında yazdığına istinad edərək onun Cavabdeh İB-də işlədiyi “çilingər” vəzifəsindən əvvəl işlədiyi “usta” vəzifəsinə geri qaytarılması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
34. Kollegiya hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verərəkən işəgötürən tərəfindən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Belə ki, iddiaçı öz iddia ərizəsində və apellyasiya şikayətində bildirmişdir ki, o, işdən çıxma barədə ərizəni öz iradəsi ilə verməmişdir və əvvəlki vəzifəsinə qaytarılmasının qarşısının alınması üçün işçilərin attestasiya qaydaları pozularaq, ona müvafiq müsabiqə barədə bildiriş gec təqdim olunmuş, bu səbəbdən imtahanda uğur əldə edə bilməmiş və nəticədə iş yerini itirməməsi üçün ərizəni imzalamaq məcburiyyətində qalmışdır.
35. İlk növbədə işin mübahisəsiz halını təşkil edən hal kimi qeyd edilməlidir ki, iddiaçının “usta” vəzifəsindən çıxmasına səbəb attestasiyadan keçməməsi deyil, bundan aylar öncə, xx.xx.2024-cü il tarixdə müəssisədə usta vəzifəsinin ixtisarı olmuşdur.
36. Bundan əlavə iddiaçı keçirilən attestasiyanın qaydaların pozulması ilə aparıldığını qeyd etmişdir və kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
37. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.
38. Qanunvericiliyin tələblərindən göründüyü kimi, attestasiyanın mahiyyəti əsas etibarilə işçinin tutduğu vəzifəyə uyğunluğunun (peşəkarlıq səviyyəsinin, ixtisas biliyinin və sənətinin yoxlanılması vasitəsilə) müəyyən edilməsi məqsədilə həyata keçirilməsindən ibarətdir.
39. Hazırki işin hallarından görünür ki, iş materiallarında olan Cavabdeh İB-nin Sumqayıt RQİİ tərəfindən məhkəməyə elektron qaydada ünvanlanmış xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh strategiyasının tətbiq planına uyğun olaraq yeni əməliyyat modelinə keçidlə əlaqədar olaraq Sumqayıt rayonu üzrə sayğac əməliyyatları xidmətində mühəndis ştatı üzrə xx.xx.2025-ci il tarixində biliklərin test üsulu ilə yoxlanılması imtahanı keçirilmişdir. Həmin imtahanda iştirak etmək üçün Sumqayıt rayonu üzrə sayğac əməliyyatları xidmətinin mühəndisi İddiaçı da dəvət edilmişdir. İddiaçı test balı, təhsil, iş təcrübəsinə əsasən yekun qiymətləndirmənin nəticəsinə görə 58 bal toplamış ve reytinq siyahısı ilə işçilərin yerləşdirilməsi əməliyyatı əmək qanunvericiliyinin tələbləri gözlənilməklə müvafiq qaydada aparılmışdır. Yekun qiymətləndirmə nəticəsinə əsasən İddiaçı imtahandan yüksək bal toplaya bilmədiyi üçün qulluqçu kateqoriyası üzrə mühəndis vəzifəsinə yerləşdirilməsi mümkün olmamışdır.
40. Bununla da məlum olur ki, iddiaçı həmin attestasiya nəticələrini nə vaxtsa bu və ya digər formada mübahisələndirməmişdir və hazırki “iş yerinin dəyişdirilməsinin qanunsuz hesab edilməsi” barədə tələbin həmin attestasiya proseduru ilə hər hansı bağlılığı yoxdur.
41. Kollegiya apelyatorun təzyiq altında hazırki vəzifəni qəbul etməsinə və əvvəlki vəzifəsinə bərpa edilməsinə dair şikayətinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, bərpa olunmasını tələb etdiyi həmin vəzifənin, ümumiyyətlə, mövcudluğuna, cavabdehin isə onu qərəzli şəkildə o vəzifədən kənarlaşdırmasına dair heç bir sübut təqdim etməmişdir.
42. Belə ki, yuxarıda da qeyd edildiyi kimi iddiaçının hazırda bərpa olunmasını xahiş etdiyi “usta” ştatı Cavabdeh xx.xx.2024-cü il tarixli, 14-2-2/3-1İ- 976/2024 saylı əmri ilə ixtisar edilmiş və iddiaçı həmin ixtisar əmrini də hər hansı formada mübahisələndirməmişdir. Odur ki, iddiaçının hazırda həmin ştata bərpa olunması mümkün deyildir.
43. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh müəssisədə həmin vəzifə üzrə ştat vahidi yenidən mövcud olsa idi belə, yenə də iddiaçının irəli sürdüyü faktlar əsasında iddiasının təmini üçün əsas mövcud deyil. Belə ki, ixtisar baş verən zaman iddiaçıya onun işlə təmin edilməsi üçün Birliyin Sumqayıt Qaz İstismar Sahəsində Sumqayıt QİS-nin Abşeron rayonu üzrə sayğac əməliyyatları xidmətində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər işi təklif olunmuşdur. Həmin məktub üzrə “iş təklifini qəbul edirəm” qrafasında imza edilmiş, “iş təklifini qəbul etməkdən imtina edirəm” qrafası boş saxlanılmışdır.
44. İddiaçı bu təklifi qəbul edərkən ona təzyiq olunduğunu bildirsə də, bu faktı da təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
45. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
46. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
47. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”.
48. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
49. Kollegiya diqqətə çatdırır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
50. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
51. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
52. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
53. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-4483/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev