Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6960/2022 14.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Yusifov Cahangir Afər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)-2223/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:
1. İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində olan 118/K saylı, 02 oktyabr 2021-cu il tarixli əmrin ləğv edilməsi, onun işə bərpa edilməyi və həmçinin məcburi iş buraxma müddətində əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 10 may 2019-cu ildə əmək müqaviləsi əsasında Cavabdeh, "MKT-Saatlı" filialında "SƏTƏM üzrə mütəxəssis" vəzifəsinə işə qəbul edilmiş, 05 oktyabr 2021-ci ildə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən, "xxxx" MMC-nin, ''MKT-Saatlı" filialında "SƏTƏM üzrə mütəxəssis" vəzifəsindən azad edilmişdir. Əmək müqaviləsinin bitməsinə 2 (iki) ay qalmasına baxmayaraq, məlumatı olmadan onu işdən azad ediblər. İşdən çıxmazdan əvvəl ona heç bir xəbərdarlıq edilməmişdir. Hesab edir ki, ona qarşı əsassız qərar verilmişdir və o, işə bərpa olmalıdır. Vəzifədən qeyri-qanuni azad edilməyi barədə "xxxx" MMC-nin, "MKT-Saatlı" filialının rəhbərliyinə bildirsə də, onlar heç bir əsaslı səbəb göstərə bilməmişlər və məhkəməyə şikayət etməyini tövsiyyə etmişlər. Onun hüquqları kobud surətdə pozulmuşdur. İşdən qanunsuz çıxarıldığı üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə ərizə ilə müraciət etmiş, araşdırma nəticəsində məlum olmuşdur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin "əmək müqaviləsi bildirişi altsisteminə" baxış keçirilərkən müəyyən edilmişdir ki, onunla "xxxx" MMC-nin arasında bağlanmış müddətli əmək müqaviləsinin müddəti xx.xx.2021-cı il tarixdə bitir. Araşdırma nəticəsində məlum olmuşdur ki, "xxxx" MMC-nin, "MKT-Saatlı" filialının rəhbərliyi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin tələbləri pozmuşdur. Nəticədə işə götürən tərəfindən inizbati xətaya yol verilib, qanunu pozduğu üçün "xxxx" MMC-nin "MKT-Saatlı" filialının direktoru X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə inzibati məsuliyyət tədbiri görülmüşdür. Qeyd edilənləri nəzərə alaraq iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir.
3. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2223/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Aytən Novruzova) ilə iddia ərizəsi təmin edilməmişdir.
4. Birinci instansiya məhkəməsi öz mövqeyini Əmək Məcəlləsinin 296.2-ci madəsinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayəti və onun dəlilləri:
5. İddiaçı apelyasiya şikayətini verərək, qeyd etmişdir ki, rayon məhkəməsində maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla qətnamə qəbul edilmişdir. Belə ki, o məhkəməyə müraciət etmək üçün bir illik müddəti ötürməmişdir. X2 Xidmətinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məlumatdan da məlum olur ki, iddiaçının əmək müqaviləsinin müddətinin xx.xx.2021-ci il tarixdə bitməsinə baxmayaraq işəgötürən tərəfindən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcələsinin 73-cü maddəsinin tələbləri pozulmaqla xitam verilmiş, işəgötürən barəsində İXM-nin 192.6-cı maddəsi ilə inzibati məsuliyyət tədbiri görülmüşdür. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
6. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
7. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, iddiaçı X2 Xidmətinə müraciət edib, bu səbəbdən məhkəməyə müraciət etmək üçün bir aylıq müddətin keçməsini üzrlü hesab etmək olar. Bundan başqa, qətnamədə 296.2-ci maddəsində nəzərdə tutulmuş müddət bir il kimi göstərilib. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
8. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndəsi apellyasiya şikayəti ilə razılaşmayaraq, bildirdi ki, iddiaçı tərəfindən hazırkı mübahisə ilə bağlı məhkəməyə müraciət etmək üçün bir aylıq iddia müddəti ötürülmüş, cavabdeh də müddətin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, rayon məhkəməsi də müddəti tətbiq edərək, iddia tələbini təmin etməmiş, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri gözlənilməklə qəbul edilmişdir. Bundan əlavə, cavabdeh tərəfindən buraxılmış iddia müddətinin üzrlü hesab edilərək bərpa edilməsi ilə bağlı rayon məhkəməsinə ərizə də verilməmişdir. Həmçinin, iddiaçının məhkəməyə qədər X2 Xidmətinə müraciət etməsi, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanı ehtiva etmir. Belə ki, Konstitusiya Məhkəməsinin müvafiq Plenum qərarına əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinin tələbinə görə, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması yalnız kollektiv müqavilələrdə nəzərdə tutulmalı və bu orqan müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılmalıdır. Eyni zamanda, iddiaçı göstərdiyi qətnamədəki ƏMnin 296.2-ci maddəsində nəzərdə tutulmuş müddətin bir il qeyd edilməsi texniki yanlışlıq olmuşdur. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşəgötürən barəsinə cərimə tətbiq edilməsi ilə bağlı isə qeyd etdi ki, sonuncu dəfə əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən, iddiaçı ilə əmək müqaviləsinin müddəti elə xx.xx.2021-ci il tarixdə bitirdi, lakin altsistemə yanlışlıqla xx.xx.2021-ci il tarixi qeyd edilmişdir, bu mexaniki səhv olmuşdur.
9. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, X2 Xidmətin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:
10. Cavabdeh MMC -işəgötürən ilə İddiaçı-işçi arasında bağlanmış 10 may 2019cu il tarixli əmək müqaviləsinin surətindən və məzmunundan görünür ki, işçi iş yerinə Sətəm üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir (2.1- ci bənd). Müqavilə 10 may 2019-cu il tarixdən etibarlı hesab edilir və xx.xx.2019-cu il tarixədək qüvvədə olacaq (3.1-ci bənd). İşin birinci 3 ayı sınaq müddəti hesab edilir (3.2-ci bənd). İşçi 10 may 2019-cu il tarixdən işə başlayır (3.4-cü bənd). İşçiyə hər ay 350 (üç yüz əlli) manat məbləğdə əmək haqqı ödənilir (7.1-ci bənd);
11. Əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli əlavə dəyişiklikdən görünür ki, işçi ilə işə götürən arasında bağlanmış əmək müqaviləsinin müddətinin xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2021-ci il tarixədək uzadılmışdır (i/v 51).
12. Cavabdeh MMC-nin “Saatlı” filialının xx.xx.2021-ci il tarixli 43/K №-li əmrindən görünür ki, İddiaçı müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinə 3 ay müddətinə uzadılmışdır (i/v 42).
13. Cavabdeh MMC-nin “Saatlı” filialının xx.xx.2021-ci il tarixli 43/K №-li əmrindən görünür ki, İddiaçı müqaviləsinin müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinə 3 ay müddətinə uzadılmışdır (i/v 43).
14. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 05 oktyabr 2021-ci il tarixli əmək müqaviləsi bildirişinin surətindən və məzmunundan görünür ki, Cavabdeh MMC-nin işçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b“ bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xx.xx.2021-ci il tarixində 118/K nömrəli əmr ilə xitam verilmişdir;
15. Əmək kitabçasının surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-nin “Saatlı” filialına xx.xx.2019-cu il tarixli, 30/k nömrəli əmrlə SƏTƏM üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh MMC-nin 118/k nömrəli, xx.xx.2021-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "b" bəndi ilə ( müqavilənin müddətinin bitməsinə görə) xitam verilmişdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Əmək Məcəlləsi:
16. Maddə 3. İşəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs.
17. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
18. Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması;
19. Maddə 288. Bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi a) əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi;
20. Maddə 292. 1. İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.
21. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
22. Mülki Məcəllə:
23. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
27. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
28. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
29. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
30. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
33. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
34. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
35. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri: Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmalıdır.
36. Belə ki, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
37. Məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli, 118 №-li əmrlə xitam verilmiş, elə həmin gün iddiaçı əmrlə tanış olmuş, əmrin surəti, əmək kitabçası və son haqq-hesabı ona ödənilmişdir. İddiaçı tərəfindən isə yalnız xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Nərimanov Rayon məhkəməsinə müraciət edilmiş və iddia ərizəsinə əmək kitabçasının surəti əlavə edilmişdir. Belə olan halda bəlli olur ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə qanunla müəyyən olunmuş bir aylıq müddət keçdikdən sonra müraciət etmiş, bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinin imperativ tələbləri pozulmuşdur. Mübahisə tərəfi olan cavabdeh isə iddia müddətinin ötürülməsinə görə iddianın rədd edilməsini xahiş etmişdir.
38. Məhkəmə kollegiyası idiaçının hazırkı məsələ ilə bağlı, X2 Xidmətinə müraciət etməsi, bu səbəbdən məhkəməyə müraciət etmək üçün bir aylıq müddətin keçməsinin üzrlü hesab edilməsi barədə izahatı ilə bağlı bildirir ki, iddiaçı tərəfindən rayon məhkəməsinə ötürülmüş müddətin üzürlü hesab olunaraq bərpasına dair ərizə verilmədiyindən, onun həmin dəlili də əsassızdır.
39. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsi”nə dair 30 iyul 2021-ci il tarixli Qərarında qeyd edilir ki, ...məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir.
40. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Kollegiya iddiaçının apellyasiya şikayətinin onunla cavabdeh arasında bağlanmış müddətli əmək müqaviləsinin müddətinin xx.xx.2021-ci il tarixdə bitməsinə baxmayaraq, 02 oktyabr 2021-ci ildə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə dəlilinə münasibətdə aşağıdakları qeyd edir. X2 Xidmətinin iddiaçıya ünvanladığı 21.012.2021-ci il tarixli məlumatdan da məlum olur ki, iddiaçının əmək müqaviləsinin müddətinin xx.xx.2021-ci il tarixdə bitməsinə baxmayaraq işəgötürən tərəfindən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcələsinin 73-cü maddəsinin tələbləri pozulmaqla xitam verilmiş, işəgötürən barəsində İXM-nin 192.6-cı maddəsi ilə inzibati məsuliyyət tədbiri görülmüşdür (i/v 8). Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi qeyd etmişdir ki, sonuncu dəfə əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən, əmək müqaviləsinin müddəti elə xx.xx.2021-ci il tarixdə bitirdi, lakin altsistemə yanlışlıqla xx.xx.2021-ci il tarixi qeyd edilmişdir.
42. Rayon məhkəməsinin qətnaməsində ƏM-nin 296.2-ci maddəsində nəzərdə tutulmuş müddətin bir il kimi, eləcə də iddiaçı tərəfindən həmin müddətin bir ildən artıq ötürülməsi kimi səhv göstərilməsi ilə bağlı iddiaçı tərəfin bildirdiklərinə münasibətdə Məhkəmə kollegiyası qeyd edir ki, həqiqətən də qətnamənin 5-ci vərəqinin 6-cı abzasında ƏM-nin 296.2-ci maddəsində nəzərdə tutulmuş müddət bir il, elə orada da iddiaçının həmin müddəti bir ildən artıq ötürdüyü qeyd edilmişdir, lakin bu aşkar texniki səhv olduğundan, onun məhkəmənin gəlmiş olduğu nəticəyə hər hansı bir təsiri olmamış və ola da bilməzdi, bu isə öz növbəsində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvinə əsas vermir. Belə ki, MPM-in 385.2-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
43. Beləliklə, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticə:
44. Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
45. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2223/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Cahangir Yusifov Anar Tanrıverdiyev