Məhkəmə qərarları › İş №2(103)-6964/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6964/2022

25.10.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6964/2022 25.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçı, Cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(008)-4456/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 25 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. 11 dekabr 2012-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi yanında "xxxx" MMC-nin icraya nəzarət, kargüzarlıq və təsərrüfat şöbəsində «elektron hesablama maşınlarının operatoru» vəzifəsinə işə qəbul olunmuşdur.

2. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi yanında "xxxx" MMC-nin direktoru Fərhad Cəfərquliyevin 12 avqust 2014-cü il tarixli, 35/k nömrəli əmrinə əsasən İddiaçı icraya nəzarət, kargüzarlıq və təsərrüfat şöbəsində «elektron hesablama maşınlarının operatoru» xx.xx.2014-cü il tarixdə bağlanmış əmək müqaviləsində nəzərdə tutulan şərtlərə uyğun olaraq həmin şöbədə «kompüter texnikası üzrə sazlayıcı» vəzifəsinə keçirilmiş və əmək haqqı ştat cədvəlinə əsasən 6-cı dərəcə ilə ödənməsi əmr edilmişdir.

3. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi yanında "xxxx" MMC-nin 07 mart 2017-ci il tarixli, 25 saylı əmri ilə "xxxx" MMC-də kompüter texnikası və onlara qoşulan qurğuların müvafiq qaydada istifadəsinə nəzarət uçun daimi fəaliyyət göstərən komissiya yaradılmış, iddiaçı nəzarət komissiyasının üzvü olmuşdur.

4. 135588 nömrəli əmək kitabçasındakı məlumatlara əsasən 11 dekabr 2012-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi yanında "xxxx" MMCnin icraya nəzarət, kargüzarlıq və təsərrüfat şöbəsində «elektron hesablama maşınlarının operatoru» vəzifəsinə işə qəbul olunmuş, 05 aprel 2022-ci il tarixdən işdən çıxarılmışdır.

5. "xxxx" MMC-nin «bəzi ştatların ixtisar olunması haqqında» 18 nömrəli 16 fevral 2022-ci il tarixli əmrinə əsasən İNKTŞ-nin kompüter texnikası üzrə sazlayıcı ştatı ixtisar olunmuş, həmin ştatın əvəzində işçilərə rəqəmsal proqramla dəzgahların idarə olunması operatoru təklif olunmuşdur.

6. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi yanında "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 21/k nömrəli əmri ilə "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 18 saylı əmrinə əsasən ştatların ixtisar olunması ilə əlaqədar İddiaçı - icraya nəzarət, kargüzarlıq və təsərrüfat şöbəsinin kompüter texnikası üzrə sazlayıcısı 05 aprel 2022-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən işçilərin sayı və ştatların İxtisar ediiməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin xx.xx.2022-ci il tarixdən ləğv edilməsi, xx.xx.2021-xx.xx.2022-ci iş ili üçün istifadə etmədiyi əmək məzuniyyətinin əvəzinə 28 gün pul əvəzi (kompensasiya) ödənilməsi, Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən 09 il 3 ay 25 gün əmək stajı olduğu üçün ona orta aylıq əmək haqqının 1,7 misli miqdarında müavinət ödənilməsi əmr edilmişdir.

7. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi yanında "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 33 nömrəli xx.xx.2022-ci il tarixli, 21/k saylı əmrdə düzəliş edilməsi barədə əmri ilə "xxxx" MMC-nin icraya nəzarət, kargüzarlıq və təsərrüfat şöbəsinin kompüter texnikası üzrə sazlayıcısı İddiaçı ilə «Əmək müqaviləsinin ləğv edilməsi barədə» xx.xx.2022-ci il tarixli, 21/k saylı əmrində mexaniki səhv olaraq xx.xx.2022-ci il tarixi qoyulduğundan, yaranmış nöqsanın aradan qaldırılması məqsədi ilə əmrin verilmə tarixində göstərilən xx.xx.2022-ci il tarixinə düzəliş edilərək həmin əmrin verilmə tarixinin xx.xx.2022-ci il tarixi hesab edilməsi, əmrin surətinin müvafia qaydada İddiaçı çatdırılmasının təmin edilməsi əmr edilmişdir.

8. "xxxx" MMC tərəfindən İddiaçı göndərilmiş xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, ştatların ixtisar edilməsi barədə İddiaçı həmin gün xəbərdarlıq edilmişdir.

9. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi yanında "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 09/17 saylı ştatların ixtisar edilməsi haqqında təqdimatdan görünür ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin X1 sədri G.F.Məhəmmədovaya təqdimat ilə müraciət olunmuş, 6 statın (həmçinin iddiaçının qeyd etdiyi rəqəmsal proqramla dəzgahların idarə olunması operatoru ştatı) "xxxx" MMC-nin izafi xərclərinin aradan qaldırılması və işçilərin əməyinin məhsuldarlığının zərurəti ilə bağlı ixtisar olunmasını təklif edilmişdir.

10. "xxxx" MMC-nin X1 1 saylı İclas Protokolundan görünür ki, həmkarlar İttifaqı təşkilatına daxil olmuş xx.xx.2022-ci il tarixli, 09/17 nömrəli ştatların ixtisarı ilə bağlı "xxxx" MMC-nin təqdimatı müzakirə edilmiş, etiraz daxil olmamış və yekdilliklə məqsədəmüvafıq hesab edilmişdir.

11. "xxxx" MMC-nin X1 2 saylı İclas Protokolundan görünür ki, həmkarlar İttifaqı Təşkilatına daxil olmuş İNKTŞ-nin Kompüter texnikası üzrə sazlayıcısı İddiaçı xx.xx.2022ci il tarixli şikayətinə baxılmış və R.Rəcəbinin əmək şəraitinin normadan aşağı olması və ya pisləşməsi aşkar edilməmiş, rəhbərllık və şöbə rəisinin İddiaçı aid sərəncam və göstərişləri əmək qanunvericiliyi çərçivəsində verilmiş və direktorun, şöbə rəisinin, kadrlar xidməti işçilərinin İddiaçı qarşı qərəzlili münasibətləri aşkar edilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin 01 aprel 2022-ci il tarixli, 21/K nömrəli əmək müaviləsinin ləğv edilməsi ilə bağlı əmrin və 08 aprel 2022-ci il tarixli, 09/50 saylı həmin əmrə düzəliş edilməsi ilə bağlı müvafiq əmrlərinin ləğv edilməsi, işə bərpa edilmə və məcburi iş buraxma günlərinə görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı 11 dekabr 2012-ci ildə Müdafiə Sənayesi Nazirliyi yanında "xxxx" MMC-nin icraya nəzarət, kargüzarlıq və təsərrüfat şöbəsində «elektron hesablama maşınlarının operatoru» vəzifəsinə işə qəbul olunmuşdur. İşəgötürənin 12 avqust 2014-cü il tarixli, 35/k nömrəli əmri ilə bu vəzifədən «kompüter texnikası üzrə sazlayıcı» vəzifəsinə keçirilmişdir. 07 mart 2017-ci ildən işdən çıxarılana qədər müəssisənin 25 nömrəli əmri ilə daimi fəaliyyət göstərən nəzarət komissiyasının üzvü olmuşdur. İşlədiyi müddətdə ona heç bir intizam tənbeh tədbiri tətbiq edilməyib, işini hər zaman məsuliyyətlə yerinə yetirmişdir. X4 zavoda yeni direktor kimi təyin olunandan etibarən ona qarşı qərəzli münasibət bəsləmişdir. İlk öncə, ona 3 ilə yaxındır zavodda kompüterlərin sayının artması ilə əlaqədar olaraq vəzifə maaşına 315 manat məbləğində verilən əlavənin ödənilməsi dayandırılmışdır. 12 may 2021-ci il tarixdə isə onu yanına çağırıb ixtisasına uyğun olmayan fəhlə vəzifəsinə keçməyini tələb etmişdir. Bunu qəbul etmədikdə isə çalışdığı kompüter texnikası üzrə sazlayıcı vəzifəsini ixtisara salmaqla onu təhdid etmişdir. Sonradan iddiaçı ona ayrılmış xidməti iş otağından çıxarılmış və ümumi işçilər üçün olan otağa keçirilmiş, bir müddət sonra isə təsərrüfat və tikinti işçilərinin otağına keçirilmişdir. Bu iş şəraiti isə iddiaçının əmək funksiyalarını yerinə yetirməsi üçün münasib deyildi. Belə ki, kompüterlərin sazlanması və təmiri üçün xidməti otağa, diaqnostika edilməsi üçün isə kompüter avadanlığına ehtiyac var. Beləliklə, iddiaçının əmək şəraiti çətinləşdirililmişdir. 22 noyabr 2021-ci il tarixdə kadrlar üzrə aparıcı mühəndis Xalidə Abdullayevə iddiaçını yanına çağırtdırmış və X2 idarə olunması üzrə operatorun işdən çıxdığını bildirmiş və iddiaçının həmin işə keçməsini tələb etmişdir. İddiaçı isə cavabında bunun onun ixtisasına uyğun olmadığını bildirmişdir. İNKTŞ şöbəsində 35 nəfər işçi var idi və yalnız ona qarşı münasibətdə ayrı-seçkilik mövcud olmuşdur. İddiaçı 07 mart 2021-ci il və 18 iyun 2021-ci il tarixlərdə İNKTŞ şöbə rəisinə xidməti məlumat yazaraq müraciət etmiş, lakin müraciətlərinə baxılmamışdır. 22 fevral 2022-ci il tarixdə müəssisə ştatların ixtisarı qərarına gəlmiş və yalnız onun çalışdığı ştat olan kompüter qurğularının sazlayıcısı ştatının ixtisara salınması qərara alınmışdır. Müəssisənin qanunsuz işdənçıxarma siyasəti təkcə iddiaçı ilə məhdudlaşmışdır. Bir sıra işçilərə imza çəkdirilərək müddətsiz əmək müqaviləsi müddətli əmək müqaviləsinə çevrilmiş, digərləri hədə-qorxu tətbiqi ilə işdən çıxarılmış, iddiaçıdan əlavə 5 işçi isə fevral ayından verilmiş müvafiq əmrlə ixtisarla işdən çıxarılmışdır. Rəhbərliyin müvafiq əmri əsasında isə (21/k saylı və ona düzəliş edilməsi barədə 33 saylı) 05 aprel 2022-ci il tarixindən işdən çıxarılmışdır. Bu qərar tamamilə əsassız və qanunsuzdur. Belə ki, müəssisədə bu vəzifəyə böyük ehtiyac olmasına baxmayaraq bu ştatın ixtisara salınması olduqca məntiqsizdir. Ona bildirmişlər ki, müəssisədəki kompüterlərin mütəmadi olaraq yenilənməsi onların yenilənməsinə olan tələbi aradan qaldırır. Onun 9 il kompüter proqramlaşdırılmasında təcrübəsi var və buna əsaslanaraq o qeyd edir ki, kompüterlərin mütəmadi olaraq yenilənməsi kompüter nasazlığı problemini və işçilərin avadanlıqlarla müvafiq problemlərini aradan qaldıra bilməz. Avadanlıqların yenilənməsi ancaq problemlərin yaranmasını bir müddətliyinə ləngidə bilər. Kompüterlərə nəzarət edilərək «Windows ƏS», “Microsoft Office” proqramları və antivirus proqramlarına nəzarət edərək yarana biləcək sistem səhvlərinin aradan qaldırılmasında kompüter texnikası üzrə sazlayıcının iştirakı mütləqdir. "xxxx" MMC-nin «bəzi ştatların ixtisar olunması haqqında» 16 fevral 2022-ci il tarixli, 18 nömrəli əmrindən çıxarışda qeyd olunur ki, istehsalat həcminin azalması və nəticədə müəssisənin maliyyə vəziyyətinin zəifləməsini nəzərə alaraq, işçilərin sayının optimallaşdırıiması, əmək fəaliyyətinin məhsuldarlığının artırılması və əmək haqlarının vaxtında verilməsi məqsədilə bəzi ştatlar ixtisar edilir. Bunlar isə sadəcə söz yığını və əmək hüquq nəzəriyyəsində ştatların ixtisarı terminini izah edən anlayışlardır. İşəgötürən niyə bu addımı atdığını əsaslandırmır, maliyyə vəziyyətinin çətinləşdiyini təsdiqləyən faktlar göstərmir. Müəssisədə ştatların ixtisarının aparılması üçün ciddi əsaslar olmalı və bunlar öz növbəsində əsaslandırılmalıdır. Əgər, doğrudan da, bu vəzifəyə ehtiyac yox idisə, ondan 2014-cü ildə iddiaçının elektron hesablayıcı maşınların operatoru vəzifəsindən məhz bu vəzifəyə niyə keçirilməsi də sual yaradır, bu həmçinin vəzifənin aktuallığını təsdiqləyir. Bu ştatın yaradılması, 2019-cu ildə isə iş yükünün çoxluğundan dolayı əmək haqqına əlavənin hesablanması da müəssisədə bu vəzifəyə ehtiyacın zəruriliyini əsaslandırır. Əlavə olaraq da qeyd edir ki, rəhbərlik iddiaçının çalışdığı ştatı ixtisar etsə də, kompüter avadanlıqlarının sazlanması üçün digər müəssisələrdə çalışan işçiləri xidməti müqavilə əsasında cəlb edir, deməli bu ştata ehtiyac var, işəgötürən isə sırf iddiaçını işdən çıxarsın deyə çalışdığı ştatı ixtisara salmışdır. Konkret ştatda sadəcə iddiaçı çalışmışdır. Hər kəs razılaşar ki, hazırda bütün müəssisələrdə kompüter texnikalarından geniş şəkildə istifadə edilir. Təbiidir ki, əgər kompüterlərdən geniş şəkildə istifadə olunursa, deməli, onların sazlanmasına da ehtiyac var. İddiaçı işlədiyi dövrdə də daimi olaraq buna tələbat olub. 2021-ci il üçün müəssisədə 51 kompüter var. Bu isə onların təmirə ehtiyacını və sazlanması zərurətini qaçılmaz edir. Maraqlı olan odur ki, belə bir böyük müəssisədə sadəcə iddiaçı çalışdığı və xeyli lazımlı ştat ixtisar olunur. Bu addım müəssisəyə hansı faydanı verəcək? İddiaçınım aldığı əmək haqqından xilas olmaqla müəssisənin maliyyə vəziyyətimi düzələcək, yoxsa nəzarətsiz qalan kompüterlərin sıradan çıxmasımı müəssisəyə fayda gətirəcək? İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılmalıdır. Belə ki, o, 9 illik çalışma dönəmində iddiaçıya heç bir intizam tənbeh tədbiri verilməmişdir, işini yüksək səviyyədə yerinə yetirmişdir. Bundan əlavə, iddiaçının 5 və 2 yaşlarında iki azyaşlı uşağı var. Qanunvericiliin tələbinə görə öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanların da ixtisar zamanı işdə saxlanmağa üstünlük hüququ var. Yoldaşı Hepatit-C və 2-ci tip şəkərli diabet xəstəsidir. Ailənin tək qazanc yeri bu iş idi. Qeyd olunanlara əsasən "xxxx" MMC-nin 01 aprel 2022-ci il tarixli, 21/K nömrəli əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı əmrinin və 08 aprel 2022-ci il tarixli, 09/50 saylı həmin əmrə düzəliş edilməsi ilə bağlı müvafiq əmrlərinin ləğv edilməsi, işə bərpa edilməyi və məcburi iş buraxma günlərinə görə əmək haqqı ödənilməsi barədə qətnamə qəbul edilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

14. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2022-ci il tarixli, 2(008)-4456/2022 saylı qətnaməsi ilə (hakim Nilufər Cəfərli) iddia tələbi rədd edilmişdir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 68 (1 və 2-ci bəndləri), 70, 76.1, 80.1, 80.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayətində göstərilmişdir ki, İddiaçı, 11 dekabr 2012-ci ildə Müdafiə Sənayesi Nazirliyi yanında "xxxx" MMC-nin icraya nəzarət, kargüzarlıq və təsərrüfat şöbəsində “elektron hesablama maşınlarının operatoru” vəzifəsinə işə qəbul olunmuşdur. Bildirmək istəyir ki, X4 zavoda yeni direktor kimi təyin olunandan etibarən ona qarşı qərəzli münasibət bəsləmişdir, ilk öncə, ona 3 ilə yaxındır zavodda kompüterlərin sayının artması ilə əlaqədar olaraq vəzifə maaşına 315 manat məbləğində verilən əlavənin ödənilməsi dayandırılmışdır. 12 may 2021-ci il tarixdə isə onu yanına çağırıb ixtisasına uyğun olmayan fəhlə vəzifəsinə keçməyini tələb etmişdir. Bunu qəbul etmədikdə isə çalışdığı kompüter texnikası üzrə sazlayıcı vəzifəsini ixtisara salmaqla onu təhdid etmişdir. 22 fevral 2022-ci il tarixdə müəssisə ştatların ixtisarı qərarına gəlmiş və yalnız onun çalışdığı ştat olan kompüter qurğularının sazlayıcısı ştatının ixtisara salınması qərara alınmışdır. Müəssisənin qanunsuz işdənçıxarma siyasəti təkcə onunla məhdudlaşmır. Bir sıra işçilərə imza çəkdirilərək müddətsiz əmək müqaviləsi müddətli əmək müqaviləsinə çevrilmiş, digərləri hədə-qorxu tətbiqi ilə işdən çıxarılmış, ondan əlavə 5 işçi isə fevral ayından verilmiş müvafiq əmrlə ixtisarla işdən çıxarılmışdır. Rəhbərliyin müvafiq əmri əsasında isə (21/k saylı və ona düzəliş edilməsi barədə 33 saylı) 05 aprel 2022-ci il tarixindən işdən çıxarılmışdır. Bu qərar tamamilə əsassız və qanunsuzdur. Belə ki, müəssisədə bu vəzifəyə böyük ehtiyac olmasına baxmayaraq bu ştatın ixtisara salınması olduqca məntiqsizdir, sistem səhvlərinin aradan qaldırılmasında kompüter texnikası üzrə sazlayıcının iştirakı mütləqdir. "xxxx" MMC-nin "bəzi ştatların ixtisar olunması haqqında" 18 nömrəli 16 fevral 2022-ci il tarixli əmrində çıxarışda qeyd olunur ki, istehsalat həcminin azalması və nəticədə müəssisənin maliyyə vəziyyətinin zəifləməsini nəzərə alaraq, işçilərin sayının optimallaşdırılması, əmək fəaliyyətinin məhsuldarlığının artırılması və əmək haqlarının vaxtında verilməsi məqsədilə bəzi ştatlar ixtisar edilir. Bunlar isə sadəcə söz yığını və əmək hüquq nəzəriyyəsində ştatların ixtisarı terminini izah edən anlayışlardır, işəgötürən niyə bu addımı atdığını əsaslandırmır, maliyyə vəziyyətinin çətinləşdiyini təsdiqləyən faktlar göstərmir. Müəssisədə ştatların ixtisarının aparılması üçün ciddi əsaslar olmalı və bunlar öz növbəsində əsaslandırılmalıdır. Əgər, doğrudan da, bu vəzifəyə ehtiyac yox idisə, ondan 2014-cü ildə onun elektron hesablayıcı maşınların operatoru vəzifəsindən məhz bu vəzifəyə niyə keçirilməsi də sual yaradır, bu həmçinin vəzifənin aktuallığını təsdiqləyir. Bu ştatın yaradılması, 2019-cu ildə isə iş yükünün çoxluğundan dolayı əmək haqqına əlavənin hesablanması da müəssisədə bu vəzifəyə ehtiyacın zəruriliyini əsaslandırır. Əlavə olaraq da qeyd etmək istəyirəm ki, rəhbərlik onun çalışdığı ştatı ixtisar etsə də, kompüter avadanlıqlarının sazlanması üçün digər müəssisələrdə çalışan işçiləri xidməti müqavilə əsasında cəlb edir, deməli bu ştata ehtiyac var, işəgötürən isə sırf onu işdən çıxarsın deyə çalışdığı ştatı ixtisara salmışdır. Konkret ştatda sadəcə o, çalışırdı. Hər kəs razılaşar ki, hazırda bütün müəssisələrdə kompüter texnikalarından geniş şəkildə istifadə edilir. Təbiidir ki, əgər kompüterlərdən geniş şəkildə istifadə olunursa, deməli, onların sazlanmasına da ehtiyac var. Onun işlədiyi dövrdə də daimi olaraq buna tələbat olub. 2021-ci il üçün müəssisədə 51 kompüter var. Bu isə onların təmirə ehtiyacını və sazlanması zərurətini qaçılmaz edir. Maraqlı olan odur ki, belə bir böyük müəssisədə sadəcə onun çalışdığı və xeyli lazımlı ştat ixtisar olunur. Bu addım müəssisəyə hansı faydanı verəcək? Onun aldığı əmək haqqından xilas olmaqla müəssisənin maliyyə vəziyyətimi düzələcək, yoxsa nəzarətsiz qalan kompüterlərin sıradan çıxmasımı müəssisəyə fayda gətirəcək? Əmək müqaviləsinə xitam verilərkən X1 iclasının keçirilməsi barədə ona məlumat verilməmiş, ştatların və işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlük hüququ olan şəxslər kateqoriyasına aid olsa da, bu hal nəzərə alınmamış rayon məhkəməsi isə öz qətnaməsində bu halları təhlil etməmiş, məsələyə düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 aprel 2021-ci il tarixli, 2(102)-1680/2021 saylı qərarında qeyd olunur ki, analoji işlərdə məsələnin formal tərəfləri deyil, mahiyyəti ilə bağlı dəyərləndirmə aparılmalıdır. Məsələn işəgötürənin həmkarlar ittifaqı təşkilatına müraciətinin olub-olmaması, məsələnin həmkarlar ittifaqı təşkilatında müzakirəyə çıxarılıb-çıxarılmaması və bu barədə işçiyə məlumat verilib-verilməməsi və s. Bundan əlavə nə işəgötürənin belə bir təqdimatı ilə bağlı, nə də X1 razılığı ilə bağlı ona hər hansı bir məlumat verilməmişdir. Onun həmkarlar ittifaqının onun işdən çıxarılması ilə bağlı iclas keçirməsindən xəbəri olmamış və iştirakı olmadan məsələ barədə qərar qəbul edilmişdir. Sonradan iclas protokolu belə ona təqdim edilməmişdir. O, bu barədə iddia ərizəsində də qeyd etməsinə baxmayaraq, rayon məhkəməsi işə baxarkən bu nüansı təhlil etməmiş və ümumən yekun hüquqi qiymət verməmiş və beləliklə də qərəzli mövqe sərgiləmişdir. Məhkəmə yalnız onun əmək şəraitinin pisləşməsi ilə bağlı şikayəti ilə bağlı olan X1 iclasının keçirilməsini qeyd etmiş və qətnaməni əsaslandırarkən bundan istifadə etmişdir, halbuki həmin iclas ümumən mübahisə predmeti belə deyil. Ona ştatların ixtisarı ilə bağlı olan iclas barədə məlumat verilməmişdir. Təqdimat və həmin iclasın protokolu məhkəmə zalında təqdim edilmişdir, onun da bu sənədlərin varlığından məhz onda xəbəri olmuşdur. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılmalıdır. Qeyd etmək istəyir ki, 9 illik çalışma dönəmində ona heç bir intizam tənbeh tədbiri verilməmişdir, işini yüksək səviyyədə yerinə yetirmişdir. Bundan əlavə, onun 5 və 2 yaşlarında iki azyaşlı uşağı var. Qanuna görə öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanların da ixtisar zamanı işdə saxlanmağa üstünlük hüququ var. Yoldaşı Hepatit-C və 2.tip şəkərli diabet xəstəsidir. Ailənin tək qazanc yeri bu iş idi. İddia ərizəsində bu məsələni qeyd etməsinə baxmayaraq rayon məhkəməsi bu məqamı da qiymətləndirməmiş və bu məsələyə ümumən hüquqi qiymət verməmişdir. İşçilərin sayının və ştatların ixtisarı zamanı işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X1 qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu əsasla əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı isə bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən bu normanın tələblərinə də riayət edilməmişdir. Belə ki, normanın tələblərinə uyğun olaraq işəgötürən həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etməli və əsaslandırma ilə bağlı sənədlər də müraciətə əlavə edilməli idi, ancaq müəssisə tərəfindən bu materiallar təşkilata təqdim edilməyib. Analoji iş üzrə qərarda (Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(102)- 4992/2021 saylı qərarı) işəgötürənin (iş üzrə cavabdeh) kassasiya şikayəti təmin edilməmiş, məhkəmə kollegiyasının mövqeyi belə ifadə edilmişdir ki, şirkətdə ixtisar aparılmasının müzakirə olunması, şirkət üzrə belə bir əsaslandırılmış qərar qəbul edilməsi ilə bağlı sübut təqdim edilməmişdir. İşçilərin ixtisarı ilə bağlı qərar hər gün qəbul edilən sıradan qərarlardan deyil. Bunun üçün fəaliyyətin analizi aparılır, ixtisar nəticəsində qarşılanacaq itkilərlə əldə ediləcək qazancın çəkisi qarşılaşdırılır, müzakirə aparılır və bundan sonra hansı işçilərin ixtisar olunmasına zərurət olduğu müəyyən edilir. Buna görə də, əmrdə qeyd olunan hər bir əsas üzrə analiz aparılmalı idi. İşəgötürən onun təşəbbüsü ilə həyata keçirilən əmək müqaviləsinə xitam verilməsi hallarının zəruriliyini əsaslandırmalıdır. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əgər, həqiqətən, onun işdən azad olunmasının əsasını istehsalat həcminin azalması və nəticədə müəssisənin maliyyə vəziyyətinin zəifləməsini nəzərə alaraq, işçilərin sayının optimallaşdırılması, əmək fəaliyyətinin məhsuldarlığının artırılması təşkil edirdisə onda nəyə görə müəssisədəki hazırki dövrdə hər bir müəssisənin fəaliyyəti üçün əhəmiyyət kəsb edən kompüterlərin sazlanmasına xidmət edən və sadəcə onun çalışdığı ştatın ixtisarının aparılması məsələsi sual yaradır. Kompüterlərin sıradan çıxması və təmirə ehtiyacı məsələsi qaçınılmazdır, bu qurğuların fəaliyyətsizliyi müəssisəyə daha ciddi zərər vura bilər, nəinki onun aylıq əmək haqqı. Həmçinin, əmrdə müəssiənin maliyyə vəziyyətinin zəifləməsi və istehsalat həcminin azalması qeyd edilsə də, müəssisə bu halı təsdiqləyəcək hər hansı sübut da təqdim edə bilməyib.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Vəkil apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.

22. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər.

23. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.

24. Həmin Məcəllənin 76-cı maddəsinin birinci hissəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

25. Həmin Məcəllənin 77-ci maddəsinin birinci hissəsinə əsasən işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda - azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda - azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda - azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda - azı doqquz təqvim həftəsi.

26. Həmin Məcəllənin 77-ci maddəsinin üçüncü hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

27. Həmin Məcəllənin 78-ci maddəsinin birinci hissəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir.

28. Həmin Məcəllənin 78-ci maddəsinin ikinci hissəsinə əsasən işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə.

29. Həmin Məcəllənin 80-ci maddəsinin birinci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X1 qabaqcadan razılığı alınmaqla ləğv edilir.

30. Həmin Məcəllənin 80-ci maddəsinin ikinci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

34. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

37. Hazırkı apellyasiya baxışı zamanı birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

40. İşin müəyyən edilmiş hallarına əsasən xx.xx.2012-ci il tarixli əmək müqaviləsi əsasında İddiaçı Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi yanında "xxxx" MMC-nin icraya nəzarət, kargüzarlıq və təsərrüfat şöbəsində “elektron hesablama maşınlarının operatoru” vəzifəsinə işə qəbul olmuş, 12 avqust 2014-cü il tarixli, 35/k nömrəli əmrə əsasən həmin şöbədə «kompüter texnikası üzrə sazlayıcı» vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi yanında "xxxx" MMCnin xx.xx.2022-ci il tarixli əmri ilə işçilərin sayının və ştatların ixtisar edilməsi səbəbindən X3 ilə bağlanmış əmək müqaviləsi ləğv edilmişdir.

41. İddiaçının apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, işəgötürən ştatın ixtisar edilməsinin səbəbini kifayət qədər əsaslandırmamış, bununla bağlı həmkarlar ittifaqı təşkilatına müraciət etməmiş, onun X1 yığıncağından xəbəri olmamış, onun işlədiyi peşə üzrə ştat qərəzli şəkildə ixtisar edilmişdir.

42. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının həmin dəlilləri əsassızdır. Belə ki, işəgötürən tərəfindən ştatın ixtisarı aparılarkən və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ştatların ixtisarı səbəbi ilə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. İşin müəyyən edilmiş hallarına əsasən işəgötürən ilk öncə həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etmiş, həmkarlar ittifaqının müvafiq rəyini aldıqdan sonra işçiyə qanunla müəyyən edilmiş müddətdə məlumat verilmiş, ona müvafiq ştat təklif edilmiş, razılıq əldə edilmədiyində xx.xx.2022-ci il tarixli əmr ilə onunla əmək müqaviləsinə ştatın ixtisar edilməsi ilə əlaqədar xitam verilmişdir.

43. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4456/2022 saylı iş üzrə 19 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar