Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6966/2021 15.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil3, cavabdeh - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri Üzrə Milli Observatoriya” X5 nümayəndəsi X2 iştirakı ilə İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri Üzrə Milli Observatoriya” X3rşı “əmrin ləğv olunması, işə bərpa, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi və əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafıə Məsələləri Üzrə Milli Observatoriya” X6 (bundan sonra Observatoriya) qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğvi, Observatorıyada demoqrafik təhlil və proqnozlaşdırma departamentinin demoqrafik proqnozlaşdırma şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə bərpa edilməsi, əmək müqaviləsinin müddətsiz bağlanmış hesab olunması və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzində müxtəlif vəzifələrdə işləmiş, işlədiyi dövrdə bir çox dövlət əhəmiyyətli proqramların icrasında iştirak etmiş, əmək bazarı və sosial müdafiə məsələləri sahəsində müvafiq qərarların qəbul edilməsi məqsədi ilə sosioloji sorğuların və monitorinqlərin keçirilməsi, məlumatların xüsusi proqramlarda (SPPS və s.) emalı, təhlili və təkliflərin hazırlanması, elmi broşurların və tezislərin çap olunması və s. kimi işlərlə məşğul olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2019-cu il tarixli 479 nömrəli Fərmanı ilə bir sıra dövlət orqanlarına, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı müvafiq göstərişlər verilmiş, Prezidentin 18 yanvar 2019-cu il tarixli 480 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzinin ləğv edilməsi ilə bağlı bir ay müddətinə müvafiq tədbirlər görülməsi tapşırılmış, “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 04 iyun 2019-cu il tarixli 775 nömrəli Fərmanının və AR Nazirlər Kabinetinin 17 mart 2020-ci il tarixli 95 nömrəli Qərarının tələblərinə uyğun olaraq “Milli Observatoriya” X9 yaradılmış, onun nizamnaməsi, işçilərin ştat sayı və strukturu təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin ETTM, Observatoriya və digər müvafiq təşkilatlar ilə əlaqədar Fərmanlarından və Nazirlər Kabinetinin müvafiq qərarlarından da göründüyü kimi, məsələnin əsas mahiyyəti əvvəlki təşkilatlarda elmi-tədqiqat sahəsində uzun müddətə formalaşmış və təcrübə toplamış mütəxəssisləri ixtisar etmək yox, "Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun "Məşğulluq sahəsində dövlətin vəzifələri” barədə 8ci maddəsinin 8.03-cü bəndinə uyğun olaraq "işəgötürənlərə yeni iş yerlərinin yaradılmasına, mövcud iş yerlərinin saxlanılmasına və inkişaf etdirilməsinə köməklik göstərən tədbirlərin hazırlanmasından” ibarətdir. Lakin aidiyyəti dövlət orqanlarının vəzifəli şəxslərinin qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə əməl etməməsi, səriştəsiz və yarıtmaz fəaliyyəti dövlətin apardığı məqsədyönlü struktur islahatlara kölgə salmaqdadır. AR Prezidentinin ETTM-in ləğvi ilə bağlı Fərmanının icrasının ƏƏSM Nazirliyi tərəfindən guya "gerçəkləşdirildiyi” vaxt 29 mart 2020-ci il tarixdə onu iş yerinə dəvət edərək (pandemiya şəraiti ilə əlaqədar evdə oturduqları vaxtda) ərizə yazmağa məcbur etmişlər ki, öz xahişi ilə həmin tarixdən işdən azad olunsun. Elə həmin tarixdən də Observatoriyada işlə təmin olunmasına dair X1 adına ərizə yazdırılmış, 29 mart 2020-ci ildən ləğv edilməkdə olan təşkilatdan öz xahişi ilə işdən azad olunması barədə ərizə yazmağa məcbur edildiyi vaxt, Azərbaycan Respublikasının Baş Nazirinin imzaladığı 20 mart 2020ci il tarixli 01/411 nömrəli sənədə əsasən 29 mart 2020-ci il tarixindən bir ay müddətinə əmək haqqı saxlanılmaqla ETTM-in əməkdaşlarının ödənişsiz məzuniyyətə göndərilməsi barədə sərəncam verilmişdir. 30 iyun 2020-ci il tarixdə isə pandemiya şəraiti ilə əlaqədar yenə evdə olduğuna görə işə çağırıb işdən azad olunduğunu şifahi olaraq bildirmişlər. İşdən azad olunduğu gün bu barədə heç bir əmrin surəti, əmək kitabçası və son haqqhesab verilməmiş, belə bir kobud hüquq pozuntuları ilə əlaqədar 02 iyul 2020-ci il tarixdə nazir Sahil Babayevə kollektiv müraciət etmişlər. 20 iyul 2020-ci il tarixdə isə Mehriban xanım Əliyevanın adına ünvanlanmaqla, əvvəlki məktubun və yeni məktubun surətlərini Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana), ƏƏSM Nazirliyinə və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərmişlər. Sonuncu müraciətlərinə ƏƏSM Nazirliyinin Aparatının rəhbərinin imzası ilə 28 avqust 2020-ci il tarixli və İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) 07 sentyabr 2020-ci il tarixli cavab məktublarını almışlar. O, ilk öncə ETTM-in əməkdaşı kimi çalışmış, daha sonra Observatoriya yarandıqdan sonra “öz xahişi” ilə işdən azad edilmiş və Observatoriyada 3 ay müddətli əmək müqaviləsi bağlanmışdır. Müddətli əmək müqaviləsi 3 ay müddətinə bağlanmış və həmin 3 ayın tamamında onun əmək müqaviləsinə əmək müqaviləsinin vaxtının bitməsinə görə xitam verilmişdir. Həmin müddət ərzində əmək haqqı əksik verilmiş və ya müəyyən məbləğdə kəsintilər baş vermişdir. O, peşəkar, işdə çox geniş səlahiyyətlərə malik olan, eyni zamanda yüksək staja malik şəxsdir və onunla əmək müqaviləsinin müddətli bağlanması üçün hər-hansı bir əsas mövcud olmamışdır. Bundan əlavə əmək müqaviləsi yalnız əmək müqaviləsinə xitam verildiyi gün ona təqdim edilmiş və imzalatdırılmışdır. Hansı əsaslarla işdən azad edildiyi, hansı prosedur qaydalara riayət edilib-edilməməsi onun üçün mücərrəd olaraq qalmaqdadır. Eyni zamanda, işəgötürən cavabdeh əmək haqqı ödənməsində də qanunsuzluğa yol vermiş, ödənişlərin bir qismini etmədən, sadəcə formal kağız üzərində əmək haqqı müəyyənləşdirmişdir. Cavabdehin əməlləri nəticəsində əmək kitabçasını da əldə edə bilməmiş, buna görə başqa bir iş yeri ilə əmək müqaviləsi bağlamaq imkanından məhrum olmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin olunmuş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X7 İddiaçı arasında bağlanmış 30 mart 2020-ci il tarixli əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi, İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X8 əvvəlki vəzifəsinə bərpa edilməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X9 tərəfindən məcburi işburaxmaya müddəti üzrə 30.06.2020-ci il tarixdən işə bərpa edildiyi günə qədər ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq İddiaçı ödənilməsi qət olunmuşdur. Qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin işin hallarına və sübutlara düzgün hüquqi qiymət vermədiyi, maddi və prosessual hüquq normalarının tələblərini pozduğu, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə onun əmək müqaviləsinə xitam verildiyini, Observatoriyanın, iddiaçının əvvəllər işlədiyi Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzindən fərqli qurum olduğunu və fərqli istiqamətdə fəaliyyət göstərdiyini, iddiaçının ixtisasının bu qurumda işləməyə uyğun ixtisas olmadığını nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını; iddiaçı və vəkili isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmalıdır. İşin müəyyən olunmuş hallarına görə, iddiaçı əvvəllər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzində çalışmış, həmin Mərkəzin Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2019-cu il tarixli 480 nömrəli Fərmanına əsasən ləğv edilməsi ilə bağlı görülən tədbirlərlə əlaqədar 30 mart 2020-ci il tarixdə öz xahişi əsasında Mərkəzdə tutduğu vəzifədən azad olunmuş, həmin tarixdə onunla yeni yaradılmış “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” arasında 3 (üç) ay müddətinə əmək müqaviləsi bağlanaraq “Demoqrafik təhlil və proqnozlaşdırma departamenti”nin Demoqrafik proqnozlaşdırma şöbəsinə aparıcı müətəxxəsis vəzifəsinə işə götürülmüş, cavabdeh təşkilatın 30 iyun 2020-ci il tarixli əmri ilə isə əmək müqaviləsinin müddətinin bitməsi əsas göstərilməklə tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinə müqavilənin müddətinin qurtarması əsası ilə xitam verilə bilər. Həmin Məcəllənin 73-cü maddəsinə görə isə, “müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər”. İşin hallarından görünür ki, iddiaçının əmək müqaviləsinin müddəti 30 iyun 2020-ci il tarixdə bitmiş, cavabdeh təşkilat isə Əmək Məcəlləsinin 73-cü maddəsinin verdiyi imkandan istifadə edərək onun əmək müqaviləsinə həmin tarixli əmrlə xitam vermişdir. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının bildirdiyi faktiki hallar, onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının, onunla əmək müqaviləsinin müddətli bağlanmasının qanunsuz olması arqumentinə münasibətdə kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinə əsasən, əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə müddətli bağlana bilər və iddiaçı ilə müqavilə də məhz həmin maddi hüquq norması çərçivəsində müddətli bağlanmışdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbi üzrə gəldiyi nəticə əsaslı olmamış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, tətbiq etməli olduğu maddi hüquq normasını tətbiq etməmişdir. Mülki Prosessual Məcəllənin 385.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4-cü maddəsinə görə isə, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi qətnamənin ləğvi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1728/2021 saylı iş üzrə 18 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri Üzrə Milli Observatoriya” X3rşı “əmrin ləğv olunması, işə bərpa, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi və əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi” tələblərinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-6966/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6966/2021
15.07.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver