Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6966/2025 25.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: iddia ərizəsinin baxılmamış saxlanılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, Maraqlarına toxunan şəxs Cavabdeh4 vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli, 2(009)-77/2025 nömrəli qətnaməsindən maraqlarına toxunan şəxs Cavabdeh4 (vəkili və nümayəndəsi Vəkil) tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi, 49 saylı ev onun xüsusi mülkiyyətindədir. Həmin mənzilə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il tarixdə çıxarış verilmişdir. Lakin iş üzrə olan cavabdehlər mübahisəli mənzildə yaşamadıqlarına baxmayaraq, onlar qanunsuz olaraq qeydiyyatda qalmışlar. Cavabdehlərin birgə yaşamamasına baxmayaraq, həmin mənzildə pasport qeydiyyatında qalması onun mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırır. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və onun yetkinlik yaşına çatmayan qızı Cavabdeh4 Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi 49 saylı evə istifadə hüquqlarının itirilmiş hesab olunması və qeydiyyatdan çıxarılması üçün əsas olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İş üzrə qəbul olunmuş məhkəmə aktları:
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli, 2(009)- 77/2025 nömrəli qətnaməsi ilə (hakim Ş.Abdullayev) iddianın təmin edilməsi, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və onun yetkinlik yaşına çatmayan qızı Cavabdeh4 Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsində yerləşən 49 saylı evə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, qətnamənin Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və onun yetkinlik yaşına çatmayan qızı Cavabdeh4 yaşayış yeri üzrə qeydiyyatının ləğv edilməsi üçün əsas olması qət edilmişdir.
4. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktların hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıması nəzərə alınmalıdır. Yəni, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Cavabdeh2 və Cavabdeh3 hazırda mübahisə predmeti olan fərdi yaşayış evindən qeydiyyatdan çıxmağı öhdələrinə götürmələri, bununla da həmin evə aid istifadə hüquqlarından imtina etmələri, mübahisəli evdə iddiaçıların uzun müddətdir yaşamamaları müəyyən edilmişdir. Bu səbəbdən həmin faktın yenidən sübut edilməsi yolverilməz hesab edilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia tələbi Cavabdeh2 və Cavabdeh3 münasibətdə əsaslı hesab edilməli və təmin edilməlidir. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, iddia tələbi həmçinin yetkinlik yaşına çatmayan Cavabdeh3 qızı- Cavabdeh4 istifadə hüququnun itirilməsi hissəsində də əsaslı hesab edilməlidir. Məhkəmə iddia tələbinin Cavabdeh1 münasibətdə qeyd etmişdir ki, Cavabdeh1 mübahisəli evi iddiaçıya bağışladıqdan sonra həmin evdə ailə üzvü kimi yaşayan zaman AR Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən həmin mənzilə mülkiyyətçi ilə bərabər istifadə hüququna malik olmuşdur. Lakin məhkəmə tərəflər arasında nikah münasibətlərinə xitam verilməsini, Cavabdeh1 iddiaçının ailə üzvü sırasından çıxmasını, iddiaçının ona qarşı qaldırdığı tələbi də nəzərə alaraq hesab etmişdir ki, Cavabdeh1 mübahisəli mənzilə yaranmış istifadə hüququ saxlanıla bilməz.
Apellyasiya şikayətin dəlilləri:
5. Maraqlarına toxunan şəxs Cavabdeh4 (vəkili və nümayəndəsi Vəkil) qətnamədən apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini və Bakı şəhəri Səbail rayon Məhkəməsinin e-2(009)-77/2025 nömrəli, 07 noyabr 2025-ci il tarixli qətnaməsini qismən - yetkinlik yaşına çatmayan Cavabdeh4 Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsində yerləşən 49 saylı evə istifadə hüququnun itirilmiş hesab edilməsi hissəsində ləğv edərək iddianın həmin hissədə təmin edilməməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilk növbədə məhkəmə tərəfindən apelyatorun konstitusiya ilə qorunan məhkəmə müdafiəsi hüququ pozulmuşdur. Məhkəmə onu müstəqil cavabdeh qismində işə cəlb edərək onun iştirakı ilə işə baxmalı olduğu halda, onu yetkinlik yaşına çatmayan şəxs qismində qətnamədə göstərərək hüquq və mənafeyinə zidd olan qətnamə çıxartmışdır. İddiaçının əsas dəlili ondan ibarət olmuşdur ki, cavabdehlər mənzilin özgəninkiləşdirməsi zamanı razılıq ərizələri vermişlər. İşin faktiki hallarından və işdə olan sübutlardan göründüyü kimi bu mənzilin özgəninkiləşdirilməsinə digər cavabdehlər razılıq ərizələri yazsalar da, Cavabdeh4 mənzildən qeydiyyatdan çıxmağa və istifadə hüququnun itirilməsinə dair belə bir razılıq ərizəsi yazmamışdır. Onun bu mənzildə istifadə hüququnun olması işin mübahisəsiz halıdır. İddiaçı da nəinki iddia ərizəsində bu halı mübahisələndirmir, əksinə istifadə hüququnun olmasını təsdiq edir və ona xitam verilməsini tələb edir. Hesab edir ki, məhkəmə kompensasiya hüququndan məhrum etmək üçün aşkar surətdə yetkinlik yaşına çatmış şəxs olmağına baxmayaraq, onu yetkinlik yaşına çatmayan şəxs kimi işin icraatı zamanı heç bir tərəf statusda müəyyən etməməklə anasını və onun yetkinlik yaşına çatmayan qızı Cavabdeh4 Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsində yerləşən 49 saylı evə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qanunsuz qətnamə çıxartmışdır. İşin faktiki hallarından göründüyü kimi Cavabdeh4 mübahisəli mənzildə doğulub, böyüyüb boya-başa çataraq daima bu mənzildə yaşamış, yaşayış yerini daimi əsaslarla tərk etməmiş, mülkiyyətçinin dəyişməsinə razılıq ərizəsi verməmiş, istifadə hüququnun itirilməsinə razılıq ərizəsi yazmamış, sadəcə müvəqqəti olaraq mübahisələrə görə və cinayət hadisəsinə görə bu mənzildən çıxmış, ona görə də yalnız kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilə bilər.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
8. Maraqlarına toxunan şəxs Cavabdeh4 vəkili və nümayəndəsi Vəkil məhkəmə kollegiyasının iclasında izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
9. İddiaçı izahatında apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
10. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir.
12. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir.
13. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən fiziki şəxs heç bir halda hüquq qabiliyyətindən məhrum edilə bilməz. Fiziki şəxsin hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti yalnız qanunla müəyyənləşdirilmiş hallarda və qaydada məhdudlaşdırıla bilər.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir.
15. MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir.
16. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən... verildikdə məhkəmə ərizəni baxılmamış saxlayır.
17. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır.
18. Həmin Məcəllənin 260.2-ci maddəsinə əsasən qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir.
19. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya bilər.
20. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Apellyasiya baxışının hədləri:
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
22. Hazırkı işdə iddia tələbi təmin edildiyindən və qətnamə Cavabdeh4 tərəfindən özünə aid hissədə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı yalnız Cavabdeh4 aid hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
23. Məhkəmə kollegiyası mülki iş materiallarını nəzərdən keçirib hesab edir ki, Cavabdeh4 (vəkili və nümayəndəsi Vəkil) apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli, 2(009)-77/2025 nömrəli qətnaməsi qismən ləğv edilməli, iddia tələbi Cavabdeh4 aid hissədə baxılmamış saxlanılmalıdır.
4. Belə ki, iş materiallarından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir.
25. Həmçinin, iş materillarında olan Cavabdeh4 şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.2006-ci il tarixdə anadan olmuşdur.
26. Beləliklə, müəyyən olunmuşdur ki, İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, Cavabdeh4 18 yaşı tamam olmuş və o, və mülki hüquq fəaliyyət qabiliyyətli şəxs olmuşdur.
27. Lakin, buna baxmayaraq İddiaçı Cavabdeh4 cavabdeh qismində iddia ərizəsində göstərməmiş, ona qarşı heç bir iddia tələbi irəli sürməmişdir.
28. Bundan əlavə, birinci instansiya məhkəməsi də Cavabdeh4 iş üzrə tərəf qismində işə cəlb etmədən və onun maraqlarını nəzərə almadan işə baxmış və Cavabdeh4 münahisəli mənzilə dair istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə qəbul etmişdir.
29. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən, Cavabdeh4 mülki hüquq fəaliyyət qabiliyyətli şəxs olduğundan, onu işə cəlb edilmədən, izahatı alınmadan və digər hallar nəzərə alınmadan barəsində qətnamə qəbul etməklə birinci instansiya məhkəməsi prosessual pozuntuya yol vermişdir.
30. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh4 (vəkili və nümayəndəsi Vəkil) apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli 2(009)-77/2025 nömrəli qətnaməsi qismən maraqlarına toxunan şəxs Cavabdeh4 aid hissədə ləğv edilməli, iddia tələbi Cavabdeh4 aid hissədə baxılmamış saxlanılmalıdır.
31. Həmçinin, İddiaçı izah edilməlidir ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra o, ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır.
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12, 260.1, 260.2, 260.4, 384.0.5, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ:
Maraqlarına toxunan şəxs Cavabdeh4 (vəkili və nümayəndəsi Vəkil) apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli, 2(009)-77/2025 nömrəli qətnaməsi qismən – maraqlarına toxunan şəxs Cavabdeh4 aid hissədə ləğv edilsin. İddia ərizəsi Cavabdeh4 aid hissədə baxılmamış saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Fərrux Qasımov Məhəmməd Rüstəmli