Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-697/2024 19.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Xoreoqrafiya Akademiyasına qarşı «əmrlərin ləğv edilməsi» tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğv olunması tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Bakı Xoreoqrafiya Akademiyasının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı Xoreoqrafiya Akademiyasına qarşı «əmrlərin ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2915/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı xx.xx.2021-ci il tarixli xxxxxxx000400 nömrəli əmək müqaviləsinə əsasən Bakı Xoreoqrafiya Akademiyasına klassik rəqs fənni üzrə müəllim vəzifəsinə qəbul edilmişdir.
2. İşçi İddiaçı işəgötürən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı Xoreoqrafiya Akademiyası tərəfindən “tam orta təhsil pilləsində klassik rəqs fənni üzrə müəllim” vəzifəsinə işə qəbul edilmişdir. Tərəflər İddiaçı xx.xx.2022-ci il tarixindən işə başlaması, əmək müqaviləsinin 1 il müddətinə bağlanması barədə razılığa gəlmişlər.
3. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı Xoreoqrafiya Akademiyasının xx.xx.2023-cü il tarixli 01/50-k nömrəli əmrindən görünür ki, Bakı Xoreoqrafiya Akademiyasının Tam orta təhsil pilləsinin klassik rəqs fənni üzrə müəllimi, orta ixtisas təhsil pilləsinin 0.5 ştat əvəzçi ixtisas fənləri üzrə müəllimi İddiaçı təhsil müəssisəsinin fəaliyyətinə mənfi təsir göstərən mübahisə və münaqişələrə yol verdiyinə, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək və icra intizamını pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən xəbərdarlıq verilmişdir. Əmrin əsasını orta ixtisas təhsil pilləsinin direktoru T.R.Eynullayevin xx.xx.2023-cü il tarixli yazılı məlumatı təşkil etmişdir.
4. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksinin xx.xx.2023-cü il tarixli 01/74-k nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq intizam qaydalarını yerinə yetirmədiyinə, etik davranış qaydalarına riayət etmədiyinə, təhsil müəssisəsinin fəaliyyətinə mənfi təsir göstərən mübahisə və münaqişəyə yol verdiyinə, yaranmış mübahisə və münaqişəni konstruktiv həll etmədiyinə görə Tam orta təhsil pilləsinin müəllimi, Orta ixtisas təhsil pilləsinin 0.5 ştat əvəzçi müəllimi İddiaçı intizam tənbehi – “töhmət” elan edilmiş, gələcəkdə bu cür nöqsanlara yol verəcəyi təqdirdə barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinə müvafiq olaraq daha ciddi tədbir görüləcəyinin İddiaçı nəzərinə çatdırılması, əmrin əsasının hüquq məsləhətçisi Nümayəndə2 xx.xx.2023-cü il tarixli təqdimatının və xx.xx.2023-cü il tarixli aktının təşkil etməsi qeyd edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Bakı Xoreoqrafiya Akademiyasına qarşı «əmrlərin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Xoreoqrafiya Akademiyasının xx.xx.2023-cü il tarixli 01/50-k nömrəli və Bakı Xoreoqrafiya Akademiyasının xx.xx.2023-cü il tarixli 01/74-K nömrəli əmrlərinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı xx.xx.2021-ci il tarixli xxxxxxx000400 nömrəli əmək müqaviləsinə əsasən Bakı Xoreoqrafiya Akademiyasına klassik rəqs fənni üzrə müəllim vəzifəsinə qəbul edilmiş və xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinin müddətinin başa çatması ilə əlaqədar əmək müqaviləsinə xitam verilmişdir. Daha sonra cavabdeh qurumla iddiaçı arasında xx.xx.2021-ci il tarixdə xxxxxxx000500 nömrəli müddətli əmək müqaviləsi bağlanmaqla, bir neçə dəfə həmin əmək müqaviləsinin müddəti uzadılmış və sonuncu xxxxxxx000506 nömrəli əmək müqaviləsinə əsasən əmək müqaviləsinin xx.xx.2023-cü il tarixdə bitməsi nəzərdə tutulmuşdur. Bakı Xoreoqrafiya Akademiyasının hüquq məsləhətçisi Nümayəndə2 2023-cü ilin aprel ayının ilk ongünlüyündə onu otağına dəvət edərək, xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə ilə bağlı izahat verməsini tələb etsə də, həmin tarixdə hər hansı bir hadisə baş vermədiyini, əgər baş vermişdirsə və ondan şikayət vardırsa, həmin şikayətlə tanış olduqdan sonra şikayətin mahiyyəti üzrə izahat verəcəyini bildirmişdir. Buna cavab olaraq Nümayəndə2 ona hər hansı bir sənəd təqdim etməyəcəyini və izahat verməyəcəyi təqdirdə onu işdən çıxartdıracağı ilə hədələdiyindən, sonuncunun hərəkətləri ilə bağlı X2 və digər aidiyyəti qurumlara şikayət etmişdir. xx.xx.2023-cü il tarixdə Bakı Xoreoqrafiya Akademiyasının ümumi şöbəsindən ona bildirilmişdir ki, akademiyanın tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən Nailə Məmməd-Zadənin xx.xx.2023-cü il tarixli 01/74-K nömrəli əmri ilə ona intizam tənbeh növündə “Töhmət” elan edilmişdir. Əmrin əsasları və səbəbləri barədə ona məlumat verilmədiyindən, xx.xx.2023-cü il tarixdə həmin əmrin, əmrin verilməsi üçün əsasların və barəsində aparılmış intizam icraatının materiallarını özündə əks etdirən sənədlərin təsdiq edilmiş surətinin verilməsi barədə ərizə ilə cavabdehə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə ona mübahisələndirdiyi əmrin, tədris müəssisənin etik davranış qaydalarının, xx.xx.2023-cü il tarixli aktın və Nümayəndə2 təqdimatının surətləri təqdim edilmişdir. Daha sonra aralarındakı əmək mübahisəsinin mediasiya prosesi vasitəsilə həll edilməsi barədə təklifi xx.xx.2023-cü il tarixdə Bakı Xoreoqrafiya Akademiyasına təqdim etsə də, akademiya tərəfindən ona göndərilmiş xx.xx.2023-cü il tarixli 74d nömrəli cavab məktubundan məlum olmuşdur ki, guya ona hələ xx.xx.2023-cü il tarixli 01/50-k nömrəli əmrlə xəbərdarlıq elan edilsə də, o, bundan nəticə çıxarmadığından, barəsində xx.xx.2023-cü il tarixli 01/74-K nömrəli əmrlə intizam tənbehi növündə “Töhmət” elan edilmişdir. xx.xx.2023-cü il tarixli 01/50-k nömrəli əmr ona elan edilməmiş, təqdim edilməmiş və əmrin çıxarılması üçün əsas olan hallardan xəbərsiz olsa da, istənilən halda həmin əmrin qanunsuz olduğuna əmindir. Aktda qeyd olunan 305 nömrəli zalda daim video və audio müşahidə aparıldığından, iddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə Bakı Xoreoqrafiya Akademiyasına müraciət edərək, xx.xx.2023-cü il tarix üçün 12:00-dan 14:30-dək olan hissənin video və audio yazısına onun iştirakı ilə baxış keçirilməsi və həmin hissənin surətinin ona təqdim edilməsini xahiş etsə də, həmin video yazıların polisə və ya məhkəməyə təqdim edilə biləcəyi şifahi qaydada bildirilmişdir. İddiaçının ona xəbərdarlıq elan edilməsi ilə bağlı xx.xx.2023- cü il tarixli 01/5-k nömrəli əmrdən, həmin əmrin verilməsi üçün əsas olmuş hallardan, o cümlədən, xx.xx.2023-cü il tarixli 01/74-k nömrəli əmrin qəbul edilməsi üçün barəsində inztizam icraatının aparılmasından xəbəri olmamış, ona bu burədə məlumat verilməmişdir. Həmin əmrlərin qəbul edilməsinin səbəbi Bakı Xoreqrafiya Akademiyasının rəhbərliyinin və rəhbərliyə yaxın bir neçə şəxsin təhsil müəssisəsində özbaşınalıq edərək, öz şəxsi məqsədləri üçün istifadə etməsi ilə bağlı narazılığını bildirməsidir. Cavabdeh müəssisənin rəhbərliyi onu müəssisədən kənarlaşdırmaq üçün əsassız səbəblər fikirləşərək, onu işdən çıxarmaq üçün onlara verilmiş hüquqlardan sui-istifadə edərək, heç bir əsası olmayan sənədlər tərtib etməklə barəsindən qanunsuz əmrlər qəbul edirlər. İddiaçının əvvəllər uzun müddət işlədiyi digər qurumlarda iş təcrübəsinin olması və iş müddətində hər hansı intizam tənbehinə məruz qalmaması onun işçi kimi yüksək keyfiyyətlərinin olması anlamına gəlir. Onun əmrdə göstərilən hərəkətləri etməsi (halbuki edilməmişdir) işəgötürənin qanunla qorunan mənafelərinə hər hansı ziyan vurmamışdır. Bu xüsusatda onun barəsində çıxarılmış intizam məsuliyyətinə cəlb olunma barədə əmrin qəbul edilməsi qanunsuz və ədalətsiz olduğu üçün ləğv edilməlidir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2915/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Bakı Xoreoqrafiya Akademiyasına qarşı «əmrlərin ləğv edilməsi» tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iddia tələbinin “xəbərdarlıq verilməsi barədə xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi” hissəsinə dair qeyd etmişdir ki, işdə olan sübutlar əsasında təsdiq olunur ki, iddiaçı rəhbərlik tərəfindən təyin edilmiş cədvələ əsasən digər müəllim Ç.Yelenanın dərsi olan zala onu buraxmamış, tələbələrin yanında onunla mübahisə etmiş, dərsin aparılmasına maneçilik törətmişdir. Bununla da o, əmək intizamını və müəllimlərin etik davranış qaydalarını pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh tərəfindən ona xəbərdarlıq verilməsi barədə əmrin ləğv edilməsinə əsas yoxdur. Eyni zamanda qeyd edilməlidir ki, əmək qanunvericiliyinə müvafiq olaraq, xəbərdarlıq intizam tənbehi sayılmır. Buna görə də məhkəmə hesab edir ki, xəbərdarlıq verilməsi iddiaçının hər hansı hüququnun pozulmasına səbəb olmamışdır. Cavabdeh tərəfin “iddiaçının xəbərdarlıq əmrinin ləğvini mediasiya prosesi zamanı mübahisələndirmədiyindən bu tələbə baxılmalı olmaması barədə” dəlilinə münasibətdə qeyd edilməlidir ki, barəsində xəbərdarlıq barədə əmr verildiyini iddiaçı sonradan öyrəndiyini iddia edir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında mediasiya prosesi zamanı 1 məsələ üzrə barışıq əldə edilməməsi, hazırda isə cavabdehin iddianın həmin hissəsinə də etiraz etməsi onu deməyə əsas verir ki, məhz formallıq baxımından tələbə mediasiyada mübahisələndirilmədiyi əsası ilə məhkəmədə baxılmaması süründürməçiliyə gətirib çıxaracaqdır. Mülki prosessual qanunvericiliyə əsasən iddia tələbinin həcminin artırılması hüququnun verilməsi zamanı və qarşılıqlı iddia verilən zaman mediasiyadan keçməyin tələb edilməməsi məhkəməyə bu nəticəyə gəlməyə əsas verir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin bu dəlili əsassızdır, xəbərdarlıqla bağlı da iddiaçıdan mediasiyaya müraciət etməyi tələb etmək prosessual qənaət prinsipinə, həmçinin, mediasiya institutunun hüquqi təyinat və məqsədinə uyğun gəlmir. İddia tələbinin “töhmət verilməsi barədə xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edilməlidir ki, şahid ifadələri və təqdim edilmiş sənədlər əsasında müəyyən edilir ki, iddiaçı kütləvi tədbirdə akademiyanın rəhbərinə qarşı hörmətsizlik nümayiş etdirmiş, bununla da subordinasiya qaydalarını pozmuşdur. İddiaçının etik davranış qaydalarına əməl etməməsi, əmək intizamını pozması səbəbindən ona töhmət verilməsi əsaslı olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, töhmət əmrinin ləğv edilməsi barədə tələb təmin edilməməlidir. Onu da qeyd etmək zəruridir ki, iddiaçı müəssisədaxili etik davranış qaydalarının əvvəllər olmaması, sonradan köhnə tarixlə hazırlanmasını mübahisələndirmiş, lakin cavabdeh tərəfin təqdim etdiyi sübutları (Bakı Xoreoqrafiya Akademiyası Təhsil kompleksi Elmi Şurasının xx.xx.2022-ci il tarixli (protokol № 001) Qərarı, “Bakı Xoreoqrafiya Akademiyası Təhsil kompleksi professormüəllim heyəti və əməkdaşlarının etik davranış Qaydaları”) təkzib edən mötəbər sübutları təqdim etməmiş, bu barədə verilən şahid ifadələri isə ziddiyyətli olmuşdur. İddiaçının bu dəlili doğru olsaydı da belə, müəssisədaxili etik davranış qaydalarının olmaması iddiaçının cəmiyyətdə qəbul edilmiş normalara, həmçinin, müəllimlərin etik davranış qaydaları barədə Təhsil Nazirliyinin Kollegiyası tərəfindən təsdiq edilmiş aktın göstərişlərinə zidd hərəkət etməsi üçün ona hüquq verməzdi.
9. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “b”, “e” və “f” bəndləri, 186-cı maddəsinin 1-3-cü hissələrinə, 187-ci maddəsinin 1-3-cü hissələrinə, 188-ci maddəsinin 1-2-ci hissələrinə, 189-cu maddəsinə, 190-cı maddəsinin 1-3-cü hissələrinə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 1/2 nömrəli xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları”nın: 1.1, 1.3-1.5-ci bəndlərinə, 2.1, 2.1.3-2.1.5, 2.1.7-ci bəndlərinə, 3.8, 3.14-cü bəndlərinə, 4.2.1-4.2.4, 4.2.6cı bəndlərinə, 4.3.4-cü bəndinə, 6.1-6.2-ci bəndlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixlie-2(006)-2915/2023 nömrəli qətnaməsinin ləğv edilməsinə və iş üzrə iddia tələblərinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli əmrin verilməsi üçün əsas kimi gətirilən guya iddiaçı tərəfindən digər iş yoldaşını 305 nömrəli zala buraxmaması ilə bağlı halın baş verməsini təkzib edən dərs cədvəli məhkəmə iclasında iddiaçı tərəfindən məhkəməyə təqdim edilərək, məhkəmədə tədqiq edilib hadisənin baş verməsi ehtimal olunan vaxt 305 nəmrəli zalda məhz iddiaçının dərsinin olması halı müəyyən edilsə də, xx.xx.2023-cü il tarixli əmrlə iddiaçıya töhmət elan edilməsi üçün əsas gətirilən və əmrin əsasını təşkil edən etik davranış qaydalarının nə iddiaçıya, nə də ki digər işçilərə heç bir zaman elan edilməməsi, işçilərin həmin davranış qaydaları ilə tanış edilməməsi, həmin qaydaların ilk dəfə mübahisəyə məhkəmədə baxıldığı ərəfədə sosial mesajlaşma proqramı üzərindən işçilərin tanış olması üçün qrupa göndərilməsi halı müəyyən edilsə də, birinci instansiya məhkəməsi əsl həqiqəti müəyyən etmədən, öz şəxsi qənaətini (bu halda tərəfkeşliyini) nümayiş etdirərək, tərəf tutmaqla cavabdehin mübahisələndirilən əmrlərinin haqlı olması qənaətinə gəlmişdir.
Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
13. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, iddiaçı işə bərpa olunmaq istəmir, ona bəllidir ki, onun əmək müqaviləsinin müddəti uzadılmayacaq, çünki ona qarşı Bakı Xoreoqrafiya Akademiyası tərəfindən xüsusi qərəz mövcuddur. Bakı Xoreoqrafiya Akademiyasının daxili etik davranış qaydalarına iddiaçı əməl etmədiyinə görə işçi barəsində əsassız olaraq inzibati tənbeh tədbiri tətbiq edilib. Əvvəla intizam tənbeh tədbirinin görünməsi üçün müəssisənin mənafeyinə zərər dəyməli, işçi hansısa hüququndan sui-istifadə etməli idi. Əmək qanunvericiliyində konkret hallar göstərilmişdir. Bakı Xoreoqrafiya Akademiyasına müəssisəyə hansısa zərərin dəyməsini, işçinin hansısa hüququndan sui-istifadə etmə hallarının olduğunu sübut edə bilməyib. Əmrdə qeyd edilib ki, müəssisə daxili etik davranış qaydalarına əməl olunmadığı üçün iddiaçıya tənbeh tədbiri tətbiq edilib. Lakin,həmin gün heç bir hadisə baş verməmişdir. Səs tonunun yüksəldilməsi, irad bildirilməsi heç bir davranış qaydasının pozulması demək deyil. İddiaçının tələbəsi səhnəcik hazırlayıb, müəllim heyəti də baxış keçirib. Müəllim heyətinin rəhbəri isə ümumiyyətlə səhnəciyə əhəmiyyət verməyib, bu zaman iddiaçı da xahiş edib ki, tələbəsinə diqqət yetirsinlər. Bunun üzərində cavabdeh müəssisənin rəhbərliyi iddiaçıya səs tonunu qaldırıb. Guya ki, bu haddisə 1 aprel də olub. Aprelin ilk 10 günlüyündə iddiaçını dəvət ediblər ki, izahat versin, iddiaçı da heç bilməyib ki, nə üçün çağırlıb. Ona bildirilib ki, barəsində şikayət və təqdimat var. Əmr elan olunmalı idi, lakin elan olunmamışdır. İddiaçı da tanış olmaq istəyib, amma şikayət iddiaçıya göstərilməyib. Bundan sonra iddiaçı ona qarşı qərəzli münasibətlərinin olmasını hiss edib, Əmək Müfəttişliyinə şikayət edib. Bundan sonra geri tarixə cavabdeh saxta sənədlər tərtib edib. Bu da açıq-aşkar görünür. Həmin sənədlərdə qeyd edilib ki, iddiaçı guya ki, etik davranış qaydalarını pozub lakin, rayon məhkəməsində sübut olundu ki, "Whatsap" üzərindən etik davranış qaydaları göndərilib ki, işcilər tanış olsunlar. Şahidlər də bildiriblər ki, davranış qaydaları onlara təqdim edilməyib. Əmək müqaviləsində və əmək funksiyalarında qeyd edilməyib ki, davranış qaydalarına əməl edilməlidir. İddiaçı həmçinin zalın video görüntüləri təqdim edilməsini istəsə də ona təqdim edilməyib. Bildirdilər ki, görüntülər silinmişdir. Əgər iddiaçı günahkar olsaydı video görüntünü Bakı Xoreoqrafiya Akademiyası saxlayardı. Çünki həmin zalda iddiaçının daxili etik davranış qaydalarının pozulduğnu istinad ediblər. Rayon məhkəməsinin qətnaməsi ləğv edilməli və şikayət təmin edilməlidir. İddiaçı müəssisədə işləmir, işləmək perspektivi də yoxdur. İddiaçı bu sahə üzrə peşəkar mütəxəssisdir. Qərəzli və böhtan xarakteri münasibətin aşkara çıxarılmasını istəyir. İddiaçı Azərbaycan dilində yazıb oxuya bilmir. Aktda imza edənlər şahid qismində rayon məhkəməsində ifadə verən zaman bildirmişlər ki, azərbaycan dilində yazıb-oxuya bilmirlər. Onlar da bildiriblər ki, sadəcə imzalayıblar. Nə yazıldığını bilməyiblər. Bakı Xoreoqrafiya Akademiyasına iddiaçı xahiş ilə çağırılmışdır. Çünki, iddiaçının tələbələri Azərbaycanda ən yüksək nəticə göstərən tələbələrdir. İddiaçı işinin peşəkarıdır. Hazırda tələbələrin adların səsləndirmək iddia predmetindən kənardır.
14. Cavabdeh Bakı Xoreoqrafiya Akademiyasının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirmişdir ki, Bakı Xoreoqrafiya Akademiyasına qədər başqa yerdə işləməyib. 14 sentyabr 2023-cü il tarixində Akademiyanın daxili nizam-intizam qaydaları təsdiq edilmişdir. Qaydalar kadrlara paylanıb, bütün müəllimlər tanış olub, imza ediblər. İddiaçı iş yoldaşını auditoriyaya qoymayıb, bunu da heç bir əsas olmadan etmişdir. Buna görə xəbərdarlıq almışdır. 6 aydan keçmədən iddiaçı yenidən pozuntu törədib və intizam tenbeh tədbiri tətbiq edilmişdir. Mediyasiyada xəbərdarlıq məsələsi müzakirə edilməyib. Rayon məhkəməsində isə həm xəbərdarlıq, həm də töhmət əmrin ləğv edilməsini xahiş etmişdir.
15. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh Bakı Xoreoqrafiya Akademiyasının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirmişdir ki, Rayon məhkəməsində iddiaçı özü iştirak etmişdir. İntizam tənbeh tədbirinin əsaslı olub-olmaması barəsində iddiaçıya suallar veriləndə o, etiraf etmişdir ki, hər iki halda - Akademiyanın müəlliməsi ilə və rektor Nailə xanım ilə ilə böyük mübahisəsi olub.İddiaçı bildirib ki, guya onun tələbəsinə imtahan verərkən diqqət yetirilməyib. Tələbə imtahan verib, məqbul nəticə də göstərib. İddiaçıya qarşı qərəzli mövqe də olmamışdır. Bütün bu halllar öz təsdiqini tapmışdır. İddaçı dəfələrlə Bakı Xoreoqrafiya Akademiyasının normal fəaliyyətinə mane olub, subordaniasiya qaydalarını pozub, rektorun üzərinə möhkəm səslə qışqırıb. Bu kimi hərəkətlərlə etik davranış qaydalarını pozub. Akademiyanın rektoru Nailə xanım iddiaçını həqiqətən də işə dəvət etmişdir. Çünki, ora kadr tapmaq çox çətindir, bu gündə müəllim həyətində çatışmazlıq var. Rektor Nailə xanım təyin olunandan iddiaçını işləməyə dəvət edib. Amma,bu o demək deyil ki, müəssisə daxili itizam qaydalarını iddiaçı pozmalıdır. İş materiallarında da var ki, daxili etik davranış qaydaları ilə tanış olmuş, iddiaçı hətta imzalamışdır. 13 aprel tarixli Akt əmrdən sonra verilmişdir ki, o da sənədlərin iddiaçıya təqdim edilməsi barədədir.
Tətbiq edilən hüquq normaları:
16. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək.
Maddə 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.
Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.
3. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.
Maddə 188.1. İntizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər.
2. Müəssisənin nizamnaməsində (əsasnaməsində) başqa hal nəzərdə tutulmayıbsa, işəgötürən işçilərə intizam tənbehi vermək səlahiyyətini əmri (sərəncamı, qərarı) ilə özünün müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edə bilər. Həmin əmrdə (sərəncamda, qərarda) hansı səbəbə görə intizam tənbehi vermək səlahiyyətinin başqa vəzifəli şəxsə həvalə edildiyi əsaslandırılmalı və onun səlahiyyətinin dairəsi dəqiq müəyyən edilməlidir.
Maddə 189.1. Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.
2. İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz.
3. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır.
4. İntizam tənbehi verilməsi barədə əmrdə (sərəncamda, qərarda) işçinin şərəf və ləyaqətini alçaldan, onun şəxsiyyətini, mənəvi hisslərini gözdən salan, habelə intizamsızlığına görə qisas almaq motivli məlumatların göstərilməsi yolverilməzdir. Maddə 190.1. İntizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur.
2. İşçi verilən intizam tənbehindən nəticə çıxararaq əmək funksiyasını yüksək səviyyədə yerinə yetirərsə, müəssisədaxili əmək və intizam qaydalarını pozmazsa işəgötürən işdə fərqləndirilmə qaydasında intizam tənbehini vaxtından əvvəl öz əmri (sərəncamı, qərarı) ilə ləğv edə bilər.
3. İşçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər.
17. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 1/2 nömrəli xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları” Bənd 2.1. Müəllim peşə fəaliyyətində aşağıdakı etik davranış prinsiplərini gözləməli və tələblərə ciddi şəkildə əməl etməlidir: 2.1.1. Qanunun aliliyi – müəllim vəzifə funksiyalarının icrası zamanı Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə, insan hüquqlarına və demokratik prinsiplərə əməl etməyə borcludur. 2.1.2. Vicdanlılıq – müəllim cəmiyyət və dövlətin maraqları naminə öz peşə fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirməyə borcludur. Müəllim bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. 2.1.3. Peşəkarlıq və fərdi məsuliyyət – müəllim öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş vəzifələr çərçivəsində peşəkar səviyyədə yerinə yetirməyə borcludur və vəzifə funksiyalarının keyfiyyətlə yerinə yetirilməməsinə görə intizam məsuliyyəti daşıyır. Müəllim peşəkar fəaliyyəti və şəxsi nümunəsi ilə təhsilalanların, valideynlərin, cəmiyyətin təhsil sisteminə, təhsil müəssisəsinə və təhsil işçilərinə inamını artırmalı və möhkəmləndirməlidir. 2.1.4. Loyallıq – müəllim onun peşə vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Müəllim peşə fəaliyyəti zamanı müəllim adına və nüfuzuna, habelə təhsil müəssisəsinin işgüzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir. 2.1.5. Mədəni davranış – müəllim təhsilalanlarla, rəhbərlik və həmkarları ilə davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır. Müəllim peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalıdır. Müəllim səmimi, çalışqan, intizamlı, təşəbbüskar olmalı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, hər zaman səliqəli olmalıdır. 2.1.6. Qərəzsizlik – müəllim peşə vəzifəsini yerinə yetirərkən qərəzsiz olmalı, irqinə, etnik mənsubiyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, dinə münasibətinə, əqidəsinə, ictimai mənsubiyyətinə görə təhsilalanlara və təhsil prosesinin digər iştirakçılarına fərq qoymamalıdır. Müəllim özünün və ya maraqlı şəxslərin mənafelərinin vəzifə funksiyalarının icrası zamanı ona təsir etməsinə yol verməməli və buna şərait yaratmamalıdır. Müəllim öz peşə vəzifəsindən və səlahiyyətlərindən kənar məsələlərə müdaxilə etməməlidir.[1] 2.1.7. İctimai etimad – müəllim peşə nüfuzunu möhkəmləndirməyə, müəllim adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Müəllim etik davranış qaydalarını pozduğu halda pozuntunu tez bir zamanda aradan qaldırmalı, ictimai etimadın bərpasına çalışmalıdır. Müəllim işlədiyi təhsil müəssisəsinin fəaliyyəti barədə kütləvi informasiya vasitələri nümayəndələrinin qanunla müəyyən edilmiş qaydada doğru məlumatlanmasına kömək göstərməlidir. 2.1.8. Konfidensiallıq - qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, müəllim peşə vəzifələrinin icrası ilə bağlı təhsilalanların, onların valideynlərinin, habelə həmkarlarının şəxsi həyatı barədə ona məlum olan məlumatların konfidensiallığını təmin etməlidir. Bənd 4.2.1. Müəllimlər arasında münasibət əməkdaşlıq və qarşılıqlı hörmət prinsipinə əsaslanmalıdır. Müəllim yalnız şəxsi nüfuzunu deyil, işlədiyi təhsil müəssisəsinin və həmkarlarının da nüfuzunu qorumalıdır. Təhsilalanlar və digər şəxslər qarşısında müəllimin öz həmkarını təhqir etməsi və zor tətbiq edilməsi yolverilməzdir. Bənd 4.2.2. Müəllim öz həmkarının peşəkar baxış və fikirlərinə hörmətlə yanaşmalıdır. Bənd 4.2.3. Müəllim pedaqoji münasibətlərdə təhsil müəssisəsinin fəaliyyətinə mənfi təsir göstərən mübahisə və münaqişələrə yol verməməli, yaranmış mübahisə və münaqişəni konstruktiv həll etməyə çalışmalıdır. Bənd 6.1. Hər bir müəllim etik davranış qaydalarına əməl etməyə borcludur. 6.2. Müəllimlər tərəfindən etik davranış qaydalarına əməl olunması rəhbər tərəfindən təhlil edilir və bu Qaydaların 6.3.6-cı yarımbəndində müəyyən edilmiş tədbirlər görülür. Bənd 6.3. Rəhbər: 6.3.1. yeni işə qəbul olunan müəllimləri bu Qaydalarla tanış etməli və pedaqoji kollektivə bu Qaydaları izah etməklə müraciət edən hər bir müəllimə müvafiq tövsiyələr verməlidir; 6.3.2. müəllimlərin davranışının bu Qaydalara uyğunluğuna nəzarət etməli və onun təhlilini aparmalıdır; 6.3.3. öz davranışı ilə bu Qaydalara əməl olunmasında nümunə göstərməlidir; 6.3.4. pedaqoji kollektivi və ya hər hansı bir müəllimi hüquqa və etik normalara zidd olan hərəkətlərə sövq etməməlidir; 6.3.5. bu Qaydaların pozulmasının qarşısının alınması üzrə tədbirlər görməlidir; 6.3.6. bu Qaydaların pozulması hallarının rəhbərlikdə və kollektivdə müzakirəsini təşkil etməli və qayda pozmuş müəllimlərin intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir; 6.3.7. təhsil müəssisəsinin fəaliyyətinə mənfi təsir göstərən mübahisələr, münaqişələr və maraqların toqquşması hallarının qarşısını vaxtında almalı, yaranmış mübahisə və münaqişəni konstruktiv həll etməyə çalışmalı və nizam-intizam yaratmalıdır; 6.3.8. bu Qaydaların pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə kollektivi və ictimaiyyəti iclaslar, yığıncaqlar keçirilməsi və ya kütləvi informasiya vasitələri ilə məlumatlandırmalıdır; 6.3.9. bu Qaydaların pozulmasının nəticələrinin aradan qaldırılması, təhsil müəssisəsinə ictimai etimadın artırılması üçün tədbirlər görməlidir.
Apellyasiya baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
22. Belə ki, iddiaçı hazırkı iddia tələbində ona xəbərdarlıq edilməsi ilə bağlı Bakı Xoreoqrafiya Akademiyasının xx.xx.2023-cü il tarixli 01/50-k nömrəli və “töhmət” elan edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli 01/74-K nömrəli əmrinin ləğv edilməsini xahiş edir.
23. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmişdir.
24. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı Xoreoqrafiya Akademiyasının xx.xx.2023-cü il tarixli 01/50-k nömrəli əmrindən görünür ki, Bakı Xoreoqrafiya Akademiyasının Tam orta təhsil pilləsinin klassik rəqs fənni üzrə müəllimi, orta ixtisas təhsil pilləsinin 0.5 ştat əvəzçi ixtisas fənləri üzrə müəllimi İddiaçı təhsil müəssisəsinin fəaliyyətinə mənfi təsir göstərən mübahisə və münaqişələrə yol verdiyinə, əmək müqaviləsi ilə müəyyən edilmiş əmək və icra intizamını pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən xəbərdarlıq verilmişdir. Əmrin əsasını orta ixtisas təhsil pilləsinin direktoru T.R.Eynullayevin xx.xx.2023-cü il tarixli yazılı məlumatı təşkil etmişdir.
25. Əmrin əsasının təşkil edən Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas təhsil pilləsinin direktoru T.R.Eynullayev tərəfindən akademiyanın tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən Nailə Məmməd-Zadəyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, orta ixtisas təhsil pilləsinin (kollec) müəllimlərindən İddiaçı və Çernousova Yelena arasında zala görə mübahisə yaranmışdır. Belə ki, hər iki müəllim “klassik rəqs” fənni üzrə İİİ kurslara dərs deyirlər. Dərs ilinin 2-ci yarım ilindən etibarən cədvəl üzrə İddiaçı 2,4,6-cı günlər 305-ci zalda, 1,3,5-ci günlər 304-cü zalda, Çernousova Yelena 2,4,6-cı günlər 304-cü zalda, 1,3,5-ci günlər 305-ci zalda dərs aparmalıdırlar. Lakin İddiaçı cədvəli inkar edərək, Çernousova Yelenanı zala buraxmır, tələbələrin yanında mübahisə baş verir və nizam-intizam qaydaları pozulur. Bu hallar dəfələrlə təkrar olunub. İddiaçı Kollec direktorunun tövsiyələrini nəzərə almır, tapşırıqlarına əməl etmədən zalı digər dərs üçün azad etmir. Direktorun müraciətinə əsasən Akademiyanın İnzibati və Təsərrüfat işləri üzrə prorektoru X4 Zaur ilə danışaraq ondan cədvələ riayət olunmasını xahiş etmiş, lakin İddiaçı onun sözünə də əməl etməmişdir. İddiaçı sözlərinə görə ona heç kim Akademiyada söz deyə bilməz, o zaldan çıxmayacağını və belə davam edəcəyini bildirmişdir. İddiaçı belə hərəkəti digər müəllimlər üçün mənfi örnək yaradır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı haqqında ölçü götürülməsi xahiş edilmişdir.
26. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, xəbərdarlıq intizam tənbeh növü hesab edilməsə belə nə qədər ki, həmin xəbərdarlıq müvafiq əmrlə rəsmiləşdirilmişdir və növbəti əmrin verilməsi zamanı nəzərə alınmışdır, iddiaçının onu mübahisələndirmək hüququ vardır.
27. Məhkəmə kollegiyası hesab edir ki, xəbərdarlığın verilməsi barədə əmrin ləğv edilməsi tələbi əsassızdır. Belə ki, xəbərdarlığın verilməsinə əsas olmuş mübahisənin baş verdiyini iddiaçı özü də izahatında təsdiqləmişdir. 01 avqust 2023-cü il tarixli məhkəmə iclasında iddiaçı izahatında qeyd etmişdir ki, “ o, zalı cədvələ uyğun istifadə etmişdir. Cədvəl onunla razılaşdırılmadan dəyişdirilmişdir, cədvəlin dəyişdirilməsindən onun xəbəri olmayıb. Nailə xanım ona demişdi ki, cədvəli dəyişmədən Ç.Yelenaya şərait yaradaq ki, orada günün müəyyən vaxtları dərs keçə bilsin. Ancaq o dərs cədvəlinə uyğun dərs keçərkən Ç.Yelena otağa daxil olaraq qışqırıb zalı tərk etməyi tələb edirdi. ....Daha sonra bu məsələ ilə bağlı ondan izahat verməyi tələb olunub. (i.v.160).
28. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksinin xx.xx.2023-cü il tarixli 01/74-k nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq intizam qaydalarını yerinə yetirmədiyinə, etik davranış qaydalarına riayət etmədiyinə, təhsil müəssisəsinin fəaliyyətinə mənfi təsir göstərən mübahisə və münaqişəyə yol verdiyinə, yaranmış mübahisə və münaqişəni konstruktiv həll etmədiyinə görə Tam orta təhsil pilləsinin müəllimi, Orta ixtisas təhsil pilləsinin 0.5 ştat əvəzçi müəllimi İddiaçı intizam tənbehi – “töhmət” elan edilmiş, gələcəkdə bu cür nöqsanlara yol verəcəyi təqdirdə barəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinə müvafiq olaraq daha ciddi tədbir görüləcəyinin İddiaçı nəzərinə çatdırılması, əmrin əsasının hüquq məsləhətçisi Nümayəndə2 xx.xx.2023-cü il tarixli təqdimatının və xx.xx.2023-cü il tarixli aktının təşkil etməsi qeyd edilmişdir.
29. Əmrin əsasını təşkil edən Bakı Xoreoqrafiya Akademiyasının insan resursları şöbəsinin müdiri S.M.Məmmədova, ümumi şöbəsinin müdiri S.Ə.Vəliyeva, hüquq məsləhətçisi Nümayəndə2 və insan resursları şöbəsinin mütəxəssisi A.E.Mahmudova tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, adları qeyd olunan şəxslərin iştirakı ilə İddiaçı xx.xx.2023-cü il tarixində Akademiyanın 305 nömrəli zalında baş vermiş insidentlə bağlı təhsil müəssisəsinin rəhbərinin adına izahat yazmağı təklif edilmiş, ancaq o, heç bir səbəb göstərmədən izahat yazmaqdan imtina etmişdir.
30. Əmrin əsasını təşkil edən Nümayəndə2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli təqdimatdan görünür ki, xx.xx.2023-cü il tarixində 305 nömrəli zalda Bakı Xoreoqrafiya Akademiyasının rektoru vəzifəsini müvəqqəti icra edən Nailə Məmməd-Zadənin iştirakı ilə Akademiyanın orta ixtisas təhsili pilləsinin (kollec) məzunlarının buraxılış konsertinə hazırlığı zamanı orta ixtisas təhsili pilləsinin müəllimi İddiaçı Akademiyanın daxili nizamintizam qaydalarına riayət etməyərək rəhbərliyin işinə müdaxilə etməsi və özünü qeyriadekvat aparması ilə bağlı məlumatla əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, tələbələrin çıxışları zamanı İddiaçı dərs dediyi tələbələrin çıxışını digər tələbələrin çıxışı ilə müqayisə etmiş, rəhbərliyin onun tələbəsinin çıxışına biganə yanaşdığını əsassız dəfələrlə qeyd edərək Nailə Məmməd-Zadə ilə söz polemikaları etmişdir. Nailə Məmməd-Zadə tərəfindən İddiaçı müzakirələrin çıxışlardan sonra aparılması və tələbəsinin çıxışı tamamlandığı üçün zalı tərk etməsi barədə təklifinə sonuncu kobud cavab vermiş və tədbirə uyğun olmayan fikirlər bildirərək zalda qalmağa davam etmişdir. Baş vermiş insidentlə bağlı İddiaçı izahat verməkdən imtina etmişdir ki, bu aktlaşdırılmışdır. Bakı Xoreoqrafiya Akademiyasının rektor vəzifəsini müvəqqəti icra edən Nailə Məmməd-Zadənin xx.xx.2023-cü il tarixli 01/50-k nömrəli əmri ilə orta ixtisas təhsili pilləsinin (kollec) 0.5 ştat müəllimi İddiaçı xəbərdarlıq elan olunmuşdur. Qeyd olunanları və “Bakı Xoreoqrafiya Akademiyası Təhsil kompleksi professor-müəllim heyəti və əməkdaşlarının etik davranış Qaydaları”nın 4.2.3, 4.3.4 və 6.4-cü bəndlərini nəzərə alaraq, İddiaçı töhmət elan edilməsi məqsədəmüvafiq hesab edilmişdir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, sonuncu əmrin verilməsinə səbəb olmuş hadisə ilə bağlı iddiaçı izahatında bildirmişdir ki, Nailə xanım tədbirə kefsiz gəlmişdi. Onun tələbəsi səhnədə çıxış edəndə Nailə xanım səhnəyə baxmıdı, diqqətsizlik nümayiş etdirirdi. O, məşq zamanı Nailə xanımın yanında oturmuşdur. O, Nailə xanıma təklif etdi ki, baxmırsa bəlkə S.Eyvazlının çıxışını saxlayaq, çünki belə davranış tələbəyə hörmətsizlikdir. O, bu sualı verəndə dedi davam etsin. O dedi axı siz baxmırsız, o, isə dedi qoy davam etsin. Sonra bir də dedi siz baxmırsız dayandıraq, o, isə dedi özün bil. Məşq bitdikdən sonra o soruşdu ki, S.Eyvazlının çıxışı keçdi, yoxsa yox. O, isə dedi ki, fikirləşəcək. O dedi hər şey aydındır və Nailə xanım soruşdu ki, nə aydındır? Ona aydındır ki, nömrə keçməyəcək. Nailə xanım qışqırmağa başladı. ...Nailə xanım zaldan çıxmasını tələb etdi. .. Ona üç dəfə zaldan çıxın dedi, lakin o, çıxmadı. (i.v.160)
32. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının izahatından müəyyən etmək olur ki, iddiaçı tədirdə rəhbərə verdiyi israrlı sualları və atmaca cavabları ilə o vəziyyətə gətirib çıxarmışdır ki, ondan zalı tərk etməsi tələb edilmişdir. Özü də izahatında təsdiq edir ki, o, hətta buna belə məhəl qoymamışdır.
33. İddiaçı şikayətinin dəlili olaraq qeyd edir ki, etik davranış qaydaları nə ona, nə digər işçilərə təqdim edilməmiş, sonradan tərtib edilmişdir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının Bakı Xoreoqrafiya Akademiyası tərəfindən tərtib edilmiş etik davranış qaydaları ilə tanış olmaması onu Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 1/2 nömrəli xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları”na əməl etmək vəzifəsindən azad etmir. Bu qaydalar müəllimlərin peşə fəaliyyətində əməl etməli olduğu qaydalardır.
35. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 1/2 nömrəli xx.xx.2014cü il tarixli qərarı ilə təsdiq edilmiş “Müəllimlərin etik davranış Qaydaları” 2.1.5-ci bəndində qeyd edilir ki, müəllim təhsilalanlarla, rəhbərlik və həmkarları ilə davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır. Müəllim peşə fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və onlardan düzgün nəticə çıxarmalıdır. Müəllim səmimi, çalışqan, intizamlı, təşəbbüskar olmalı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, hər zaman səliqəli olmalıdır.
36. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
37. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
38. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-2915/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev