Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6970/2021 17.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil və Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa, məcburi işburaxma üçün əmək haqqının, istifadə olunmamış məzuniyyətlərə görə pul əvəzinin və ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2(001)-1270/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh MMC-nin direktoru Mustafa Korkmazın 19 oktyabr 2020-ci il tarixli K-039/20 saylı əmrinin ləğv edilməsi və işə bərpa olunması, Cavabdeh MMC-nin direktorunun qanunsuz əmri nəticəsində məcburi iş buraxma müddəti üçün əmək haqqının, həmçinin istifadə olunmamış məzuniyyət haqlarının MMC tərəfindən ona ödənilməsi, işlədiyi 2019-cu ilin iyun ayından 19 oktyabr 2020-ci il tarixədək olan müddətdə ödənilməmiş əmək haqqının cavabdeh tərəfindən ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2018-ci ildən Cavabdeh MMC-nin Bakı şəhərində həyata keçirdiyi çoxmərtəbəli bina inşaatında suvaqçı vəzifəsində çalışmışdır. MMC-nin rəhbərliyi işçilərlə əmək müqaviləsini qısa müddətə olmaqla 5 ay müddətinə bağlamış, hər 5 aydan bir əmək müqaviləsinin müddəti uzadılmışdır. Sonuncu dəfə MMC ilə aralarında bağlanmış əmək müqaviləsi 05 avqust 2020-ci il tarixində 5 aylıq müddətə, yəni 30 dekabr 2020-ci il tarixinədək bağlanmışdır. Əmək müaviləsinə əsasən aylıq əmək haqqı 295 manat təşkil etsə də, şirkət rəhbərliyi ilə arasında olan ilkin anlaşmaya əsasən işçilərin əmək haqqı günəmuzd müəyyən edilmiş, bir günə görə onlara 25 manat əmək haqqı ödənilmişdir. Razılaşmaya görə bir ay üçün ona ödənilməli olan əmək haqqının məbləği 700-750 manat təşkil etməli idi. 2019-cu ilin iyun ayından bəri MMC-nin rəhbərliyi ona əmək haqqı ödəməmişdir. Bundan başqa o, qanunla müəyyən edilmiş məzuniyyət hüququndan istifadə etməmişdir. O hər gün şirkət rəhbərliyindən əmək haqqını tələb etsə də, ona əmək haqqı verilməmişdir. 17 oktyabr 2020-ci il tarixində o, şirkətin tikinti işlərinin rəisi Çingizdən əmək haqqını tələb etdikdə sonuncu şirkət rəhbərliyi tərəfindən pul verilmədiyini və bir qədər gözləməli olduğunu bildirmişdir. Buna görə də o, rəisə bildirmişdir ki, ona əmək haqqı verilmədiyinə görə əmək haqqı kimi inşaatdan laqonda daşı götürüb satacaq. Əmək haqqı tələbi nəticəsiz qaldığına görə inşaata daxil olmuş, 10- 20 laqonda daşı götürərək oradan çıxmışdır. Oradan çıxanda mühafizəçi və sahə rəisi onu saxlamış və izahatını almışlar. Yazdığı izahatında səhv hərəkət etdiyini bildirmiş, ona demişlər ki, sabah gəlib əmək haqqını ala bilər. O da onlara inanıb izahat yazmışdır ki, şirkətdən laqonda daşı götürmüşdür. 19 oktyabr 2020-ci il tarixində işə getdiyi zaman əmək haqqını tələb etsə də, şirkət rəhbərliyi ona əmək haqqını verməkdən imtina etmişdir. Ona hədə-qorxu gələrək tutduracaqlarını bildirmiş, bundan sonra onlar işdən çıxma barədə kompyuterdə yazılmış hazır ərizəyə imza etdirmişlər. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişi əldə etdikdən sonra ona məlum olmuşdur ki, o, MMC-nin direktorunun 19 oktyabr 2020-ci il tarixli K-39/20 saylı əmri ilə işdən azad edilmişdir. İşdən çıxmaq istəməməsi barədə dərhal MMC-nin rəhbərliyinə ərizə yazmış, bundan bir gün sonra isə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2(001)- 1270/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, o, işdən çıxma barədə kompyuterdə hazır yazılmış ərizəyə imza etməyə məcbur edilmiş, ərizədə işdən çıxma tarixi konkret göstərilmədiyi halda, əmək qanunvericiliyində nəzərdə tutulmuş bir aylıq müddəti gözləmədən onu işdən azad etmişlər. Qətnamə qəbul edilərkən əmək qanunvericiliyində nəzərdə tutulmuş maddi hüquq normaları pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Cavabdeh MMC-nin nümayəndəsi X2 şikayətin əsassız olduğunu, İddiaçı şirkətdən oğurluq etdiyinə görə işdən azad olunduğunu bildirdi və şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2(001)-1270/2021 saylı qətnaməsi ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 05 avqust 2020-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh MMC-də suvaqçı vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətli olmaqla 5 ay müddətinə bağlanmış, müqavilənin bitmə tarixi 31 dekabr 2020-ci il müəyyən edilmişdir. Müqavilə üzrə əmək haqqı 295 manat müəyyən edilmişdir. Sosial arayışdan görünür ki, İddiaçı “Korkmaz Group“ MMC-də 31.01.2019-cu ildən 15.10.2019-cu il tarixinədək olan dövrdə bənna, daha sonra müqavilə müddəti uzadılaraq 08.09.2020-ci il tarixədək bənna, 05.08.2020-ci il tarixdən 22.10.2020-ci il tarixədək əmək müqaviləsi əsasında suvaqçı kimi çalışmışdır. Sonuncu müqavilə üzrə əmək haqqı 295 manat müəyyən edilmişdir. 17.10.2020-ci il tarixli aktdan görünür ki, Cavabdeh MMC-də suvaqçı vəzifəsində çalışan İddiaçı mühafizə otağından kənara çıxarkən onun üstünə keçirilən baxış zamanı MMC-yə məxsus olan ümumi dəyəri 33 manat 70 qəpik olan böyük laqonda daşı (10 ədəd), kiçik laqonda daşı (26 ədəd), iş əlcəyi (iki cüt) aşkar edilmişdir. İddiaçı tərəfindən “Korkmaz Group“ MMC-yə yazılan 17 oktyabr 2020-ci il tarixli ərizənin surətindən görünür ki, o həmin tarixdə şirkətdən çıxarkən böyük laqonda daşı (10 ədəd), kiçik laqonda daşı (26 ədəd və iş əlcəyini (iki cüt) özü ilə aparmaq istədikdə mühafizəsi tərəfindən tutulmuşdur. İddiaçı tərəfindən Cavabdeh MMC-yə yazılan 19 oktyabr 2020-ci il tarixli ərizənin surətindən görünür ki, o öz ərizəsi ilə işdən azad edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin direktoru Mustafa Korkmaz tərəfindən verilmiş 19 oktyabr 2020-ci il tarixli K-039/20 saylı əmrdən görünür ki, İddiaçı 19 oktyabr 2020-ci il tarixdən Cavabdeh MMC-dən işdən azad olunaraq onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, 19 oktyabr 2020-ci il tarixli K-039/20 saylı əmr 22 oktyabr 2020-ci il tarixində sistemə daxil edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin : 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. 69-cu maddəsinin 1-ci hissəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 69-cu maddəsinin 2-ci hissəsinə əsasən, ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. 69-cu maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. 69-cu maddəsinin 5-ci hissəsinə əsasən, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı 31 yanvar 2019-cu il tarixdən 19 oktyabr 2020-ci il tarixədək Cavabdeh MMC-də əmək müqaviləsi üzrə bənna və suvaqçı vəzifələrində işləmiş, sonuncu dəfə onunla 5 avqust 2020-ci il tarixdə əmək müqaviləsi bağlanmış və müqavilənin müddəti 31 dekabr 2020-ci il tarixədək müəyyən edilmişdir. İddiaçı işdən azad olunmaq barədə 19 oktyabr 2020-ci il tarixli ərizəsi əsasında o həmin tarixli əmrlə işdən azad olunmuşdur. İddiaçı zorla işdən çıxmağa məcbur edilməsi və işdən çıxmaq istəməməsi barədə Cavabdeh MMC-nin direktoru Mustafa Korkmaza ərizə ilə müraciət etmiş, ərizəyə 03.11.2020-ci il tarixli dərkənar qoyulmuşdur. İddiaçı işdən azad olunduqdan 1 gün sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı 19 oktyabr 2020-ci il tarixli ərizəsindən görünür ki, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməmişdir. Cavabdeh MMC-nin direktoru Mustafa Korkmaz əmək qanunvericiliyində nəzərdə tutulmuş bir aylıq xəbərdarlıq müddətini gözləmədən onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. İş materiallarında işəgötürənin həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməsi barədə heç bir sübut yoxdur. Göründüyü kimi, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin tələbləri pozulmuşdur. Buna görə də İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh MMC-nin direktoru Mustafa Korkmazın 19 oktyabr 2020ci il tarixli K-039/20 saylı əmri ləğv edilməli, İddiaçı həmin MMC-də suvaqçı peşəsi üzrə işə bərpa olunmalı, ona 19 oktyabr 2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi işburaxma üçün əmək haqqı ödənilməlidir. Cavabdeh MMC-nin nümayəndəsi İddiaçı müəssisədən oğurluq etdiyinə görə işdən azad olunduğunu göstərsə də, iş materiallarından görünür ki, İddiaçı ərizəsi əsasında işdən azad edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 110-cu maddəsinə əsasən, işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. Əlavə iş yerində əvəzçiliklə işləyən işçilərin də bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququ vardır. İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz. İş materiallarından görünür ki, Cavabdeh MMC-də işlədiyi 2019-2020-ci illər ərzində İddiaçı məzuniyyət verilməmişdir. Əmək Məcəlləsinin 131-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir. Həmin maddənin 2-ci hissəsinə əsasən, işçiyə altı ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər. Əmək Məcəlləsinin 135-ci maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. Həmin maddənin 2-ci hissəsinə əsasən, işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Buna görə də İddiaçı 2019-2020-ci illər ərzində istifadə olunmamış əmək məzuniyyətlərinə görə kompensasiya ödənilməlidir. Əmək Məcəlləsinin 155-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. İddiaçı iddia ərizəsində Cavabdeh MMC-də işlədiyi 2019-cu ilin iyun ayından 19 oktyabr 2020-ci il tarixədək olan müddətdə ona əmək haqqı ödənilmədiyini, əmək haqqını almaq üçün MMC-yə müraciət etsə də, nəticəsi olmadığını bildirmişdir. Cavabdeh MMC iddiaçının bu tələbi ilə bağlı etiraza dair nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə heç bir sübut təqdim etməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, İddiaçı 2019-cu ilin iyun ayından 19 oktyabr 2020-ci il tarixədək olan dövrdə əmək haqqı ödənilməlidir. Nəticə etibarilə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, qətnamə qəbul olunarkən maddi hüquq normaları pozulmuş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun olmamışdır. Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən, maddi hüquq normalarının pozulması və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli 2(001)- 1270/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. Cavabdeh MMC-nin direktorunun 19 oktyabr 2020-ci il tarixli, K-039/20 saylı əmri ləğv edilsin. İddiaçı Cavabdeh MMC-də suvaqçı peşəsi üzrə işə bərpa edilsin. Ona 19 oktyabr 2020-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi işburaxma üçün əmək haqqı, 2019-cu ilin iyun ayından 19 oktyabr 2020-ci il tarixədək işlədiyi dövr üçün əmək haqqı və 2019-2020-ci illərdə Cavabdeh MMC-də işlədiyi dövrdə istifadə olunmamış məzuniyyətlərə görə kompensasiya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6970/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6970/2021
17.08.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver