Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6970/2022 01.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər:apellyasiyanın qeyri-mümkünlüyü) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı1 nümayəndəsi (vəkili) Nümayəndə1 qətnamənin hüquq və vəzifələrinə toxunduğunu irəli sürən X6 nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakı ilə İddiaçı1 və İddiaçı2 Cavabdeh MTK-ya qarşı “mənzilə köçürülmə və maneələrin aradan qaldırılması” tələbləri üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli qətnaməsindən X6 nümayəndəsinin (vəkilinin) verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi: İşin halları
1. İddiaçı2 ilə Cavabdeh MTK arasında 18 mart 2008-ci il tarixdə müqavilə bağlanmış, müqavilənin 1.1-ci bəndinə görə, 24 iyun 2005-ci il tarixli 01 nömrəli müqaviləyə və X2 məktubuna əsasən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən çoxmərtəbəli binanın 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən 3 otaqlı 128.2 kv.m. sahəsi olan X4 məxsus pulu tam ödənilmiş mənzil İddiaçı2 payı hesab edilmişdir.
2. İddiaçı1 ilə Cavabdeh MTK arasında 18 mart 2008-ci il tarixdə müqavilə bağlanmış, müqavilənin 1.1-ci bəndinə görə, 24 iyun 2005-ci il tarixli 01 nömrəli müqaviləyə və X2 məktubuna əsasən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən çoxmərtəbəli binanın 1-ci blokunun 9-cu mərtəbəsində yerləşən 4 otaqlı 184,9 kv.m. sahəsi olan X4 məxsus pulu tam ödənilmiş mənzil İddiaçı1 payı hesab edilmişdir.
3. Maraqlı şəxs1 ilə Cavabdeh MTK arasında xx.xx.2018-ci il tarixdə müqavilə bağlanmış, müqaviləyə görə MTK, ünvan 2 ünvanında inşa edilən çoxmərtəbəli binanın 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən 3 otaqlı mənzili Maraqlı şəxs1 verməyi, Maraqlı şəxs1 isə mənzilin 170 000 manat razılaşdırılan dəyərini ödəməyi öhdələrinə götürmüş, mənzilin dəyərini tam ödəməsi barədə Maraqlı şəxs1 həmin tarixdə kassa mədaxil qəbzi verilmişdir.
4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 iyun 2015-ci il tarixli qətnaməsi ilə, Cavabdeh MTK-nın Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa etdiyi yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, tam sahəsi 196,1 kv.m. olan dördotaqlı mənzilin və həmin yaşayış binasının 12-ci mərtəbəsində sahəsi 238,1 kv.m. olan dördotaqlı mənzilin X8 adına rəsmiləşdirilməsi, həmin mənzillərin Cavabdeh MTK və X5 tərəfindən boşaldılaraq X8 istifadəsinə verilməsi qət olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
5. İddiaçı1, X3 və İddiaçı3 Cavabdeh MTK-ya (MTK) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, MTK tərəfindən Bakı şəhəri, A.Abbaszadə 17 ünvanında inşa edilən çoxmərtəbəli binadan 120 kv.m olan qeyriyaşayış sahəsinin İddiaçı3 təhvil verilməsi, İddiaçı1 həmin binanın 1-ci blokunun 9-cu mərtəbəsində yerləşən 4 otaqlı 184,5 kv.m. sahəsi olan mənzilin təhvil verilərək onun həmin mənzilə köçürülməsi, İddiaçı2 binanın 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən 3 otaqlı 128,2 kv.m. sahəsi olan mənzilin təhvil verilərək onun həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
6. İddia tələbləri belə əsaslandırılmışdır ki, İddiaçı2 və İddiaçı1 18 mart 2008-ci il tarixində, İddiaçı3 25 oktyabr 2010-cu il tarixində MTK ilə müqavilələr bağlamış, müqavilələrin 1.1-ci bəndində qeyd edilmişdir ki, 24 iyun 2005-ci il tarixli müqaviləyə və X2 məktubuna əsasən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında inşa edilən çoxmərtəbəli binanın 120 kv.m olan pulu tam ödənilmiş qeyri-yaşayış sahəsi İddiaçı3, binanın 1-ci blokunun 9-cu mərtəbəsində yerləşən 4 (dörd) otaqlı 184,5 kv.m. sahəsi olan pulu tam ödənilmiş mənzil X1, binanın 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən 3 (üç) otaqlı 128,2 kv.m sahəsi olan pulu tam ödənilmiş mənzil İddiaçı2 payı hesab edilsin. Həmin müqavilələrə əsasən hər üç iddiaçı MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli binanın müqavilədə qeyd olunan daşınmaz əmlakın mülkiyyətçiləri hesab edilirdilər. Baxmayaraq ki, Bakı şəhəri, A.Abbaszadə 17 ünvanında Cavabdeh MTK tərəfindən çoxmərtəbəli binanın inşaatı ilə bağlı işlər tamamlanıb və artıq binaya elektrik xətləri, su kəmərləri, kanalizasiya xətləri (stoyakları) və digər vacib kommunal xətlər quraşdırılıb, onlara məxsus olan mənzillərə və qeyri-yaşayış sahəsinə onları buraxmırlar və maneələr törədirlər. MTK tərəfindən həmin mənzillərin təhvil verilməsi ilə bağlı arayışları təqdim edilməmişdir, bundan əlavə olaraq suni maneələr törədərək iddiaçılara öz mənzillərindən istifadə etməyə imkan vermirlər. MTK tərəfindən iddiaçılara məxsus olan mənzillərin qapıları və qapıların açarları dəyişdirilərək və digər hərəkətlərlə maneələr törədilir. Dəfələrlə bu cür maneələrin aradan qaldırılması ilə bağlı MTK-ya müraciət olunsa belə, bu müraciətlərə cavabdeh məhəl qoymamışdır. Həmin binada artıq 7 ailə mənzillərini təmir edərək oraya köcüb və 20 ailə faktiki olaraq hazırda mənzillərini təmir edir. Hər bir iddiaçının müqaviləsində xüsusilə qeyd edilib ki, daşınmaz əmlakın satış məbləği tam olaraq ödənilib.
7. İddiaçıların nümayəndəsi ərizə verərək İddiaçı3 iddia tələbi hissəsində iddia ərizəsinin geri qaytarılmasını və həmin hissədə iddianın baxılmamış saxlanılmasını xahiş etdiyindən, məhkəmənin 23 fevral 2021-ci il il tarixli qərardadı ilə iddianın sözügedən hissədə baxılmamış saxlanılması qərara alınmışdır.
8. Sonradan iddiaçıların nümayəndələri (vəkilləri) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermiş, MTK tərəfindən İddiaçı1 Bakı şəhəri, A.Abbaszadə 17 ünvanda inşa edilən çoxmərtəbəli binanın 1-ci blokunun 9-cu mərtəbəsində yerləşən 4 otaqlı 184,5 kv.m. sahəsi olan mənzilin verilməsi barədə MTK-nın üzvlərinin ümumi yığıncağının qərarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyularaq həmin mənzilin təhvil verilməsi və İddiaçı1 mənzilə köçürülməsi, İddiaçı2 Bakı şəhəri, A.Abbaszadə 17 ünvanda inşa edilən çoxmərtəbəli binanın 1-ci blokunun 12-ci mərtəbəsində yerləşən 3 otaqlı 128,2 kv.m. sahəsi olan mənzilin verilməsi barədə MTK-nın üzvlərinin ümumi yığıncağının qərarının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyularaq həmin mənzilin təhvil verilməsi və onun həmin mənzilə köçürülməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir.
9. Məhkəmənin 21 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilmiş, İddiaçı1 ünvan 4 ünvanda inşa edilən çoxmərtəbəli binanın 1-ci blok, 9-cu mərtəbəsində yerləşən 4 otaqlı sahəsi 184,5 kv.m olan mənzilin verilməsi barədə Cavabdeh MTK-nın üzvlərinin ümumi yığıncağının qərarının verilməsinin və həmin mənzilin təhvil verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması, İddiaçı1 həmin mənzilə köçürülməsi, İddiaçı2 ünvan 4 ünvanda inşa edilən çoxmərtəbəli binanın 1-ci blok, 12-ci mərtəbəsində yerləşən 3 otaqlı sahəsi 128,2 kv.m olan mənzilin verilməsi barədə Cavabdeh MTK-nın üzvlərinin ümumi yığıncağının qərarının verilməsinin və həmin mənzilin təhvil verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması, İddiaçı2 həmin mənzilə köçürülməsi qət olunmuşdur.
10. Həmin qətnamədən işdə iştirak etməyə cəlb olunmayan, lakin qətnamənin hüquq və vəzifələrinə toxunduğunu bildirən X8 nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmiş, şikayətini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 iyun 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh MTK-nın Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa etdiyi yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, tam sahəsi 196,1 kv.m. olan dördotaqlı mənzilin və həmin yaşayış binasının 12-ci mərtəbəsində sahəsi 238,1 kv.m. olan dördotaqlı mənzilin X8 adına rəsmiləşdirilməsinin, həmin mənzillərin Cavabdeh MTK və X5 tərəfindən boşaldılaraq X8 istifadəsinə verilməsinin qət olunduğunu, sözügedən mənzillərin təmsil etdiyi şəxsə təhvil verildiyini, məhkəmənin isə işini hallarını hərtərəfli araşdırmayaraq qanunsuz qərar çıxardığı arqumentləri ilə əsaslandırmışdır.
Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclasları və verilən izahatlar
11. X8 məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) Nümayəndə2 şikayəti müdafiə etdiyini bildirməklə qətnamənin ləğv olunmasını xahiş etmiş, İddiaçı1 nümayəndəsi (vəkili) Nümayəndə1 isə təmsil etdiyi şəxsə satılmış mənzillə X8 mənzillərinin fərqli mənzillər olduğunu, buna görə də apellyasiya şikayətinin əsassız olduğunu bildirmişdir.
12. İşə baxılmasının yeri (vaxtı) barəsində lazımi qaydada məlumatlandırılmış cavabdeh MTK nümayəndəsini məhkəməyə göndərməmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
13. Maddə 357. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir.
14. Maddə 384.0.6. Apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər.
Apellyasiya baxışının həddi
15. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır”. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
18. Məhkəmə kollegiyası hesab edir ki, qətnamədən X8 nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş apellyasiya baxışından çıxarılaraq onun apellyasiya şikayəti vermək hüququna malik olan şəxs kimi qəbul edilib-edilməməsi məsələsinin həll olunması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
19. Belə ki, ki, şəxsin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınması üçün məhz işə məhkəmələrdə baxılarkən onun cəlb edilməsinə zərurət olmalıdır.
20. İş materiallarından göründüyü kimi Nov Aleksandr mübahisə üzrə tərəf (iddiaçı və ya cavabdeh) olmamış, işdə iştirak etməyə cəlb edilməmiş, qətnamə ilə ona münasibətdə hər hansı qərar qəbul olunmamışdır. Onun nümayəndəsinin apellyasiya şikayətinin dəlillərinə görə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 iyun 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh MTK-nın Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa etdiyi yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, tam sahəsi 196,1 kv.m. olan dördotaqlı mənzilin və həmin yaşayış binasının 12-ci mərtəbəsində sahəsi 238,1 kv.m. olan dördotaqlı mənzilin X8 adına rəsmiləşdirilməsi, həmin mənzillərin Cavabdeh MTK və X5 tərəfindən boşaldılaraq X8 istifadəsinə verilməsi qət olunmuş, sözügedən mənzillər təmsil etdiyi şəxsə təhvil verilmiş, lakin məhkəmə bu halı nəzərə almayaraq eyni mənzillərlə bağlı hazırkı qətnaməni çıxarmışdır.
21. İddiaçı2 iddiadan imtina etməsi səbəbilə birinci instansiya məhkəməsinin hazırda mübahisəsləndirilən qətnaməsi “İddiaçı2 ünvan 4 ünvanda inşa edilən çoxmərtəbəli binanın 1-ci blok, 12-ci mərtəbəsində yerləşən 3 otaqlı sahəsi 128,2 kv.m olan mənzilin verilməsi barədə Cavabdeh MTK-nın üzvlərinin ümumi yığıncağının qərarının verilməsinin və həmin mənzilin təhvil verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması, İddiaçı2 həmin mənzilə köçürülməsi” hissəsində ləğv olunaraq işin icraatına İddiaçı2 Cavabdeh MTK-ya qarşı “mənzilə köçürülmə və maneələrin aradan qaldırılması” tələbləri üzrə xitam verildiyindən kollegiya hesab edir ki, həmin hissədə X8 nümayəndəsinin apellyasiya şikayəti üzrə apellyasiya icraatının davam etdirilməsi mümkün deyildir.
22. Qətnamənin “İddiaçı1 ünvan 4 ünvanda inşa edilən çoxmərtəbəli binanın 1ci blok, 9-cu mərtəbəsində yerləşən 4 otaqlı, sahəsi 184,5 kv.m olan mənzilin verilməsi barədə Cavabdeh MTK-nın üzvlərinin ümumi yığıncağının qərarının verilməsinin və həmin mənzilin təhvil verilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması, İddiaçı1 həmin mənzilə köçürülməsi” hissəsi ilə bağlı isə qeyd olunmalıdır ki, sözügedən mənzilin X8 lehinə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 iyun 2015-ci il tarixli qətnaməsində göstərilən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, tam sahəsi 196,1 kv.m. olan dördotaqlı mənzillə eyni mənzillər olub-olmadığını müəyyənləşdirmək mümkün deyildir. Halbuki, məhz bu hal aydınlaşdırıldıqdan sonra Nov Aleksandr qətnamənin müvafiq hissəsindən apellyasiya şikayəti vermək hüququna malik olan şəxs kimi qəbul edilə və işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs kimi tanına bilər. Əks halda, müvafiq hüququ olmayan şəxsin şikayəti əsasında apellyasiya icraatı başlanmış olar ki, bu da apellyasiya baxışının mümkünlüyü ilə bağlı prosessual qanunvericiliyin tələblərinə uyğun deyildir.
23. Nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq deyil və prosessual qanunvericiliklə nəzərdə tutulmuş hədləri vardır. Pozulmuş və ya mübahisəli mülki hüquqların müdafiəsi mülki prosessual qanunvericiliyin müvafiq maddələrinə uyğun olaraq həyata keçirilməlidir. Yəni, şikayət hüququ olan şəxslərin hüquqlarının bərpası üçün nəzərdə tutulmuş şikayətin verilməsindən ibarət prosessual təminatın həyata keçirilməsi qanunvericilikdə müəyyən edilmiş məhkəmə sisteminin mahiyyətinə xələl gətirməməlidir.
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu MPM-in 420-ci maddəsinin şərh edilməsinə dair 2012-ci il 28 fevral tarixli qərarında vurğulamışdır ki, məhkəmə aktlarından apelyasiya şikayəti verilməsi qanuni qüvvəyə minməmiş məhkəmə aktlarına yenidən baxılmasına imkan yaradır və birinci instansiya məhkəmələrində qəbul edilmiş qətnamə və qərardadların qanuniliyini və əsaslılığını yoxlamaq məqsədi daşıyır. Birinci instansiya məhkəməsinin aktlarına apelyasiya instansiyası məhkəməsi tərəfindən yenidən baxılması işdə iştirak edən şəxslərin hüquqlarının və qanuni mənafelərinin təsdiq edilməsinin mühüm təminatı olmaqla, artıq qəbul edilmiş, lakin qanuni qüvvəyə minməmiş məhkəmə aktlarının mümkün qədər tez yoxlanılması üsuludur.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun MPM-in 403.2-ci maddəsinin şərh edilməsinə dair 2020-ci il 24 iyul tarixli Qərarında da qeyd edilmişdir ki, “MPM-in mülki məhkəmə icraatının vəzifələrini təsbit edən 2-ci maddəsinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Məcəllənin 4.1-ci maddəsinə əsasən isə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Həmçinin ümumi hüquq nəzəriyyəsində, eləcə də beynəlxalq hüquqi aktlarda bu hüququn, müəyyən hallar nəzərə alınaraq, məhdudlaşdırılmasına yol verilir. Belə ki, məhkəmə müdafiəsi hüququnun vacibliyinə baxmayaraq, o mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 22 may tarixli qərarı). Qərarda Konstitusiya Məhkəməsinin Plenumu mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərlə bağlı qeyd edir ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Eyni zamanda yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. MPM-də məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran şikayətin mümkünlüyü, prosessual müddətlər, məhkəmə qərarlarından şikayət verə biləcək konkret şəxslərin dairəsi və s. amillər nəzərdə tutulmuşdur”.
26. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi bu qərardadın əsaslandırıcı hissəsində şərh olunanları nəzərə almaqla X8 lehinə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 iyun 2015-ci il tarixli qətnaməsində göstərilən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanda inşa edilən yaşayış binasının 10-cu mərtəbəsində yerləşən, tam sahəsi 196,1 kv.m. olan dördotaqlı mənzilin, onun hazırda mübahisələndirdiyi qətnamə əsasında İddiaçı1 hüququnun tanındığı mənzillə eyni olub-olmadığını aydınlaşdırdıqdan sonra qətnamənin Nov Aleksandrın hüquq və vəzifələrinə toxunub-toxunmadığına qərar verməlidir.
27. Kollegiya onu da qeyd edir ki, sözügedən apellyasiya şikayəti üzrə apellyasiyanın mümkün hesab edilməsi, sonradan apellyasiyanın qeyri-mümkün hesab edilməsinə mane olmur. Belə ki, qeyri-mümkünlük üçün hazırda istinad olunan hal apellyasiya mümkün hesab edilərkən məlum olsa da, həmin dövrdə qətnamənin digər hissəsinin (İddiaçı2 iddia tələbi üzrə olan hissənin) Nov Aleksandrın hüquq və mənafelərinə toxunması ehtimalı olmuş, lakin hazırda bu hal ortadan qalxmışdır. Mülkiprosessual qanunvericlik bu kimi hallarda apellyasiyanın sonradan qeyri-mümkün hesab edilməsini istisna etmir. Xüsusilə nəzərə alınmalıdır ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsindən fərqli olaraq, şikayətin mümkünlük məsələsini yoxlayarkən onun MPM-in 361-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə apelyasiya qaydasında baxılması üçün prosessual əsasların olub-olmamasını da yoxlamalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-752/2021 saylı iş üzrə 21 aprel 2021-ci il tarixli qətnaməsindən (qətnamənin İddiaçı1 iddia tələbi ilə bağlı hissəsindən) X8 nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli qərardadı müvafiq hissədə ləğv olunsun. X8 nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş apellyasiya baxışından çıxarılaraq, onun apellyasiya şikayəti vermək hüququna malik olan şəxs kimi qəbul edilib-edilməməsi məsələsinə baxılması, əgər qətnamə maraqlarına toxunmursa şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov