Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6971/2020 28.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı2 və vəkili X9, Cavabdeh1, Cavabdeh2 vəkili X10, Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(002)-1452/2019 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları xx.xx.2010-cu il təvəllüdlü X15, xx.xx.2012-ci il təvəllüdlü X12 və xx.xx.2016-cı il təvəllüdlü X16 ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi X22 2, küçə 6-da yerləşən 9 saylı evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş, nikaha daxil olduqdan bir il sonra torpaq sahəsi almış və orada birgə vəsait hesabına ev tikmişlər. Birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X15, xx.xx.2012-ci il təvəllüdlü X12, xx.xx.2016-cı il təvəllüdlü X16 adlı uşaqları doğulmuşdur. Cavabdeh1 onun ilə rəsmi nikahda olmasına baxmayaraq, başqa bir qadınla da faktiki ailə qurub yaşadığına görə xx.xx.2018-ci il tarixdə aralarında münaqişə baş vermiş, cavabdehlər onu döyərək yaşadığı evdən qovmuşlar. O, kiçik qızını götürərək evdən qaçmağa məcbur olmuş, həmin gecə anası onun cavabdehlər tərəfindən döyülməsi barədə DİN-in 102 xidmətinə müraciət etmişdir. Cavabdehlər cehizlərinin bir hissəsini gətirib onun anasının yaşadığı evin küçəsinə tökmüş, əmlaklarının bir hissəsi, eləcə də onun övladlarına məxsus bəzi əmlaklar hazırda cavabdehlərin yaşadığı mübahisəli evdə qalmışdır. Məhkəmənin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaqlar yanında saxlanılmış, uşaqların saxlanılması üçün alimentin tutulması qət edilmişdir. Cavabdeh aliment ödəməkdən qəsdən boyun qaçırır. Onun isə azyaşlı uşaqlarla yaşamağa başqa yeri yoxdur. Həmin ev birgə nikah dövründə alınmış torpaq sahəsində onun və Raminin vəsaiti hesabına tikilmişdir. O, qızıllarını sataraq pulunu həmin evin tikintisinə xərcləmişdir. Dörd otaqdan ibarət olan həmin evin tikintisi başa çatdıqdan sonra o, 2012-ci ildən 2018-ci ilədək uşaqları və cavabdehlərlə birgə orada yaşamışdır. Özünün və uşaqlarının bəzi əşyaları da hazırda həmin evdədir. Həmin yaşayış evi barədə cavabdehlərlə eyni hüquqlara malik olduğu halda, cavabdehlər onu üç azyaşlı uşağı ilə birgə öz yaşayış yerindən məhrum etmişlər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(002)- 1452/2019 saylı qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı2 uşaqları xx.xx.2010-cu il təvəllüdlü X15, xx.xx.2012-ci il təvəllüdlü X12, xx.xx.2016-cı il təvəllüdlü X16 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, X22 2, küçə 6, 9 saylı evə köçürülməsi qət edilmişdir. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin evin nə oğluna, nə də iddiaçıya aidiyyəti yoxdur. İddiaçının köçürülməyini tələb etdiyi evin yerləşdiyi 0,03 ha torpaq sahəsi Müşfiqabad Bələdiyyəsinin torpağı olmaqla xx.xx.2007-ci il tarixli 08 saylı Qərarla X5 xx.xx.2051-ci il tarixədək ayrılmış və tərəfindən 2011-2012-cı illərdə öz vəsaiti hesabına alınmışdır. Orada mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilinin satılmasından əldə etdiyi vəsaitlə ev tikmişdir. Oğlunun ailəsi əvvəlcə (evlənəndən sonra) kirayədə yaşamış, sonra isə onun razılığı ilə uşaqlarının çoxalması ilə əlaqədar onun evində yaşamışlar. Hazırda həmin evi o, satmış və həmin evdə hazırkı sahibi X4 ailəsi ilə birlikdə yaşayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-12991/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(002)-1452/2019 saylı qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(102)-3625/2020 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-12991/2019 nömrəli xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Məhkəmə Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə X4 cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh İddiaçı2 vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, xx.xx.2018-ci il tarixli ilkin alqısatqı müqaviləsinə əsasən Cavabdeh2 mübahisəli evi artıq üçüncü şəxs olan X.Fətəliyevə satmışdır, düzdür, bu müddət ərzində ilkin müqavilədə nəzərdə tutulmuş hərəkətlər, yəni evin və torpağın özəlləşdirilməsi həyata keçirilməmişdir, ancaq ev faktiki olaraq 39.000 manata X.Fətəliyevə satılmışdır və həmin vaxtdan evdə sonuncu ailəsi ilə birlikdə yaşayır. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddiaçı ilə oğlu 2010-cu ildə ailə qurmuş, həmin vaxt iddiaçını Müşfiqabad qəsəbəsində olan atası evinə gətirmiş, bir müddət həmin evdə yaşamışlar. Hazırki mübahisəli evi isə 2012-ci ildə öz vəsaiti hesabına tikmişdir, belə ki, o, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilini sataraq əldə etdiyi vəsaiti mübahisəli evin tikilməsinə sərf etmişdir. Eləcə də daş hasarın çəkilməsinə pulu çatmadığı üçün iddiaçının, yəni gəlinin qızılları 900 manata satılmış, həmin pul vəsaiti hesabına hasar tikilmişdir. İmkanı olmadığına görə evi sənədləşdirə bilməmişdir. xx.xx.2018-ci il tarixdə iddiaçı evi tərk etmiş, xx.xx.2018-ci ildə tarixdə isə o, evi üçüncü şəxs X.Fətəliyevə satmışdır. Evi tək yaşadığı üçün satmışdır, hazırda kirayədə yaşayır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etmədiyini bildirərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, keçmiş ailəsini evsiz qoymamaq məqsədilə onlar üçün yaxın gələcəkdə torpaq alıb ev tikmək niyyətindədir. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı həmçinin qeyd etdi ki, mübahisəli evin tikilməsində özünün şəxsən xeyli zəhməti olmuş, bu məqsədlə qızıllarını satmış, habelə keçmiş əri vəsait qoymuşdur. Cavabdeh2 satdığı mənzil isə faktiki olaraq sonuncunun qardaşına məxsus olmuş və həmin mənzilin pulu da həmin şəxsə çatmışdır, yəni həmin mənzilin satışından əldə olunmuş vəsait mübahisəli evin tikilməsinə sərf olunmamışdır. Üçüncü şəxs X.Fətəliyev bildirdi ki, mübahisəli evi 2018-ci il tarixdə 39.000 manata almışdır və hazırda da ailəsi ilə birlikdə həmin evdə yaşayır. İddiaçının mübahisəli evə köçürülməsi onun mənafeyinə toxunur, bunun üçün də iddianın təmin olunması yolverilməzdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi və bundan irəli gələn göstərişləri aşağıdakılardan ibarət olmuşdur: “Apelyasiya instansiyası məhkəməsi mübahisəli tikilinin hazırda tərəflərin deyil, başqa şəxsin istifadəsində olmasını müəyyən etməsinə baxmayaraq ilkin alqı-satqı müqaviləsi əsasında mübahisəli tikilini artıq əldə etmiş şəxsin olmasını nəzərə almamışdır. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin iddiaçının azyaşlı uşaqları ilə birlikdə mübahisəli evə köçürülməsinə dair mövqeyi ilə razılaşır və qeyd edir ki, hər bir halda mübahisəli ev birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul olunmasından sonra faktiki olaraq özgənikiləşdirilməsi qeyd edilsə də həmin şəxsin işə cəlb olunması məcburi olmuşdur. Çünki qəbul olunmuş qətnamənin həmin şəxsin maraqlarına toxunmasının müəyyən olunması vacib olan haldır. Belə olmadığı halda işə cəlb olunmayan və hüquqlarının pozulmasını iddia edən şəxs müvafiq prosessual hüquq normalarının tələbindən çıxış edərək apelyasiya məhkəməsinin qətnaməsindən müəyyən olunmuş qaydada şikayət vermək hüquqlarına malik ola bilər. Bu cür halların qarşısının alınması üçün baxılan işin icraatı dövründə məhkəmə ona məlum olan halların və apelyasiya şikayətində irəli sürülmüş dəlillərin yoxlamaq vəzisəsini yerinə yetirməlidir. Apelyasiya şikayətində mübahisəli tikilinin artıq X.Fətəliyevə satılması və tikilidə onların yaşaması göstərilmişdir. Məhz apelyasiya şikayətinin dəlillərindən biri həmin şəxsin işə cəlb olunması ilə bağlı olmuşdur. Lakin apelyasiya instansiya məhkəməsi şikayətin həmin dəlilinə müvafiq qiymət verməmiş, bu dəlilin əsaslılığını tam aydınlaşdırmamış, X.Fətəliyevin işə cəlb edilməsini təmin etməmiş onun hazırki iddiaya mövqeyinin öyrənilməsini təmin etməmişdir.” İş materiallarından müəyyən olunur ki, İddiaçı2 Cavabdeh1 ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X15, xx.xx.2012-ci il təvəllüdlü X12, xx.xx.2016-cı il təvəllüdlü X16 adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi X22 2, küçə 6-da yerləşən 9 saylı ev onların birgə nikahda olduqları dövrdə inşa edilmiş, iddiaçı azyaşlı uşaqları ilə birlikdə uzun müddət həmin evdə cavabdehlərlə birgə təsərrüfat aparmaqla yaşamış, həmin tikilidə yaşayışın təmin olunması tərəflərin birgə nikahı dövründə baş vermişdir. Qaradağ rayonu Müşfiqabad Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 61 saylı məktubundan görünür ki, İddiaçı2 övladları X15, X12, X16 ilə 2012-ci ildən 2018-ci ilədək X22 2, küçə 6, ev 9 ünvanında qeydiyyatsız yaşamışdır. Tərəflərin nikahlarına Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-6417/2018 saylı qətnaməsi ilə xitam verilmişdir. İddiaçı tərəfin təşəbbüsü ilə məhkəmədə şahid qismində dindirilmiş X11 və X8 ifadələrində iddiaçının köçmək istədiyi mənzilin 2011-2012-ci illərdə İddiaçı2 ilə Cavabdeh1 birgə vəsaiti hesabına tikilməsini təsdiq etmişlər. Bakı Baş Səhiyyə İdarəsinin Qaradağ rayonu 13 saylı şəhər poliklinikası tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 407 saylı arayışa əsasən, Müşfiqabad qəsəbəsi X22-2 ünvanında fərdi evdə yaşayan İddiaçı2 üç azyaşlı uşağı ilə birlikdə həmin poliklinikada qeydiyyatdadır. Cavabdeh2 apellyasiya baxışı zamanı izahatında göstərmişdir ki, mübahisəli evin tikilməsi zamanı iddiaçıya məxsus qızıllar da satılmış və həmin vəsait evin (hasarın) tikilməsinə sərf edilmişdir. Göründüyü kimi, iddiaçı da mübahisəli evin tikilməsində iştirak etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər (27.1). On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır (27.2). Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir (27.3). Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 11-ci maddəsinə görə, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Mübahisəli ev özbaşına tikili olmaqla hər hansı şəxsin adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Qüvvədə olan mənzil qanunvericiliyində özbaşına tikilidən istifadə hüququ ilə bağlı hər hansı norma yoxdur. Bununla belə, respublikamızda özbaşına tikintilərin mövcudluğu reallıq kimi qəbul edildiyindən, özbaşına tikiliyə köçürülmə barədə iddiaların təmin olunmaması sosial ədalət prinsiplərinə cavab verməmiş olardı. İşin hallarından da göründüyü kimi ev tərəflərin birgə nikahı dövründə tikilmişdir. Evə dair mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, dövlət faktiki olaraq həmin evin mövcudluğunu tanımışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən düzgün nəticəyə gəlmişdir. Mübahisəli mənzilin hazırda başqa şəxsə satılması barədə apelyasiya şikayətinin dəlilinə münasibətdə Kollegiya aşağıdakıları qeyd edir. xx.xx.2018-ci il tarixli ilkin alqı-satqı müqaviləsində qeyd edilir ki, Bakı şəhəri Müşfiqabad Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 08 saylı Qərarına əsasən satıcı X6 ona ayrılmış Bakı şəhəri Müşfiqabad qəsəbəsində yerləşən fərdi mənzil inşa etmək üçün ayrılmış 0,03 ha torpaq sahəsinin üzərində tikilmiş tikilini özəlləşdirdikdən, həbsdə və girovda olmaması barədə arayışı aldıqdan sonra 39000 manata alıcı X1 barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gəlmişlər. Müqavilə bağlanarkən Fərrux Qasımovu etibarnamə əsasında Cavabdeh2 təmsil etmişdir. Cavabdeh bu müqaviləyə istinad edərək mübahisəli evi üçüncü şəxs X.Fətəliyevə satdığını və hazırda sonuncunun orada yaşadığına istinad edir. Kollegiya qeyd edir, istinad edilən ilkin alqı-satqı müqaviləsi əhəmiyyətsizdir. Belə ki, Mülki Məcəllənin 402-ci maddəsinə görə ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər (402.1). İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur (402.2). Göründüyü kimi, əsas müqavilə hansı formada bağlanmalıdırsa, ilkin müqavilə də həmin formada bağlanmalıdır, bu qaydaya əməl edilməməsi həmin ilkin müqaviləni əhəmiyyətsiz edir. Başqa sözlə, mübahisəli yaşayış evi və altındakı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, həmin əmlaklar barəsində alqı-satqı müqaviləsinin (əsas müqavilənin) bağlanması qeyri mümkündür, belə olan halda isə bu əmlaklar barəsində ilkin müqavilənin bağlanması da yolverilən deyildir. Digər tərəfdən Kollegiya həmçinin qeyd edir ki, ilkin müqavilənin bağlanması mümkün hesab edilmiş olsa belə, hazırki ilkin müqavilə yenə də əhəmiyyətsiz hesab ediləcəkdir, belə ki, Mülki Məcəllənin 402.4-cü maddəsinə görə ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. 402.5-ci maddəsinə görə əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Göründüyü kimi, qanunvericiliyin tələbinə görə ilkin müqavilədə əsas müqavilənin bağlanması üçün müddət müəyyənləşdirilməyibsə, ilkin müqavilə bir il müddətində qüvvədə olur. Hazırki iş üzrə isə ilkin müqavilə xx.xx.2018-ci il tarixdə bağlanmış, müqavilədə əsas müqavilənin bağlanması üçün müddət müəyyənləşdirilməmişdir, odur ki, qeyd olunan maddənin tələbinə əsasən həmin müqavilə bir il müddətinə, yəni xx.xx.2019-cu il tarixə qədər qüvvədə olmuşdur. Beləliklə, mübahisəli evin üçüncü şəxs X.Fətəliyevə satılması və hazırda onun ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşaması üçün hər hansı hüquqi əsas mövcud deyildir və qeyd olunan hal iddiaçının iddiasının təmin edilməsinə və onun uşaqları ilə birlikdə həmin evə köçürülməsinə mane olan hal kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, məhkəmə iddianı təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1452/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-6971/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6971/2020
28.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver