Məhkəmə qərarları › İş №2(103)-6972/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6972/2020

20.10.2020 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6972/2020 20.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı Həsənova (Almazbəyli) Aygün Həsənpaşa qızının, onun nümayəndəsi və vəkili X10 iştirakı ilə Həsənova (Almazbəyli) Aygün Həsənpaşa qızının X2rşı “bank əmanəti müqaviləsinin bağlanmış hesab edilməsi və sığortalanmış pul vəsaitinin kompensasiya olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən X4 nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X5 (Fond) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxxxxxxx” ASC-nin (bank) Xətai filialında xx.xx.2017-ci il tarixdə adına 22 330 ABŞ dolları əmanət qoyduğunu, bununla bağlı bankla arasında 70358363 saylı müqavilə bağlandığını, eyni tarixdə əkiz bacısı X9 tərəfindən də həmin banka eyni məbləğdə, qeydiyyat nömrəsi 70358364 olan əmanət yerləşdirildiyini, bank əməkdaşı tərəfindən ona səhvən bacısına aid müqavilənin verildiyini və müqavilə ilə tanış olmadan onu imzaladığını, bankdan əmanətini götürmək üçün bankın ləğvedicisi olan X5 etdiyi müraciətə xx.xx.2018-ci il tarixli məktubla “təqdim olunmuş əmanət müqaviləsi ilə sistemdəki məlumatlar arasında uyğunsuzluq mövcud olduğu üçün kompensasiya ödənişini aparmaq mümkün olmamışdır” məzmununda cavab verildiyini bildirmiş, buna görə də bankla arasında xx xxx 2017-ci il tarixdə 7035863-9 saylı bank əmanəti müqaviləsinin bağlanmış hesab edilməsi və Fonddan sığortalanmış 22 330 ABŞ dolları pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 22 330 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə X3 alınaraq Almazbəyli (Həsənova) Aygün Həsənpaşa qızına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. X1 Fondunun nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin sübutları düzgün qiymətləndirmədiyi, yalnız iddiaçının bildirdiklərinə əsaslanmaqla işin həqiqi hallarına əhəmiyyət vermədiyi, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyi, Mülki Məcəllənin, “Əmanətlərin tam sığortalanması haqqında” Qanunun, bankların müflisləşməsini və iflas prosedurlarını tənzimləyən “Banklar haqqında” Qanunun müddəalarını nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə X4 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən Fondun nümayəndəsi X11 apellyasiya şikayətini müdafiə etməklə yanaşı bildirmişdir ki, ləğv prosesində olan “xxxxxxxxx” ASC-də İddiaçı adına həqiqətən də AZ66AZER**********0005U41120 saylı əmanət hesabı vardır və cari uçot reyestrində əmanətin hazırkı qalığı 22 330 ABŞ dolları təşkil edir; bununla belə, bacısı Günay Həsənovanın əmanəti qaytarılsa da, sənədlərdəki uyğunsuzluğa görə İddiaçı əmanətinin qaytarılması mümkün olmamışdır. Məhkəmə iclaslarında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahatlar verməklə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin olunması ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən şikayət verməmişdir; cavabdeh isə qətnamənin ləğv olunmasını xahiş etsə də, onun apellyasiya şikayətinin dəlilləri məhz iddianın təmin olunan hissəsinin qanunsuz olmasına yönəlmişdir. Həmçinin qeyd olunmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bununla yanaşı nəzərə alınmalıdır ki, “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını bu kontekstdə аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunan hallarına görə, X9 ilə “xxxxxxxxx” ASC arasında xx.xx.2017-ci il tarixdə 70358364-8 nömrəli iki bank əmanəti müqaviləsi bağlanmış, hər bir müqavilə üzrə bank əmanətçidən 22 330 ABŞ dolları məbləğində pul vəsaitini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün illik 3 faiz ödəməyi öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın xx xxxx 2019-cu il tarixli 15618 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, həmin müqavilələrdən birində - mülki işin 25-26-cı, 113-114-cü vərəqələrində olan müqavilədəki “müştəri” qrafalarındakı imzalar, işin 27-ci, 115-ci vərəqələrində olan həmin müqavilənin əlavələrindəki “əmanətçi” qrafalarında imzalar Almazbəyli (Həsənova) Aygün Həsənpaşa qızı tərəfindən icra olunmuşdur. İşin müəyyən olunan digər halına görə, İddiaçı ilə Günay Həsənova əkiz bacılardır və Günay Həsənovanın adına yerləşdirilmiş əmanət məbləği Fond tərəfindən kompensasiya edilsə də, İddiaçı “təqdim olunmuş əmanət müqaviləsi ilə sistemdəki məlumatlar arasında uyğunsuzluq mövcud olduğu üçün kompensasiya ödənişini aparmaq mümkün olmamışdır” məzmununda cavab verilmişdir. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, hazırda ləğv prosesində olan “xxxxxxxxx” ASC-də İddiaçı adına AZ66AZER**********0005U41120 saylı əmanət hesabı mövcud olmaqla hesabda 22 330 ABŞ dolları əmanət məbləği vardır (hesab №21- 70358363-9, hesabın açıldığı tarix xx.xx.2017-ci il, məhsul - Göy əmanət müddətin sonunda sığortalanan). “G. Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının x xxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli qərarında qeyd olunur ki, “Məhkəmə mübahisəsi üzrə tərəflərin təqdim etdikləri sənədlərin sübut növü kimi qəbul edilməsi və qiymətləndirilməsi formal xarakter daşımamalı, Mülki Prosessual Məcəllənin 76, 77, 88 və 89-cu maddələrində öz əksini tapan sübutların qiymətləndirilməsi baxımından əks tərəfin irəli sürdüyü dəlillərlə birlikdə tam, düzgün və hərtərəfli araşdırılmalıdır. Məhkəmə araşdırması zamanı tərəflər özlərinin mənafeyinə uyğun dəlillər təqdim etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə, müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Kollegiya hesab edir ki, işin müəyyən olunan halları, Günay Həsənova ilə bağlanılmış kimi rəsmiləşdirilən müqavilələrdən birinin əslində İddiaçı ilə bağlanıldığı qənaətinə gəlməyə tam əsas verir və əks yanaşma Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməli olması tələbinə zidd olardı. Sadəcə onu vurğulamaq kifayətdir ki, Günay Həsənova ilə bir gündə eyni saylı (70358364-8) iki müqavilənin bağlanması mümkün deyildir və İddiaçı adına həmin gün (xx xxx 2017-ci il) 70358363-9 saylı əmanət hesabının açılaraq hazırda da həmin hesabda Günay Həsənovanın adına rəsmiləşdirilmiş müqavilədə göstərilən məbləğin mövcudluğu bu qənaətin doğrulunu təsdiq edir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apellyasiya baxışına göndərərkən vurğuladığı, “...iddiaçı onun adının bank işçilərinin səhvi ucbatından düzgün yazılmadığını və bank əmanəti müqaviləsinin onun deyil, bacısının adına rəsmiləşdirildiyini göstərsə də, iddiaçı tərəfindən təqdim edilən müqavilədə onun adı, soyadı, atasının adı, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsində hər hansı bir səhvin və ya uyğunsuzluğun olması müəyyən edilmir. Belə bir müqavilənin həqiqətən mövcud olması halında, iddiaçının onunla “xxxxxxxxx” ASC arasında xx xxx 2017-ci il tarixdə bank əmanəti müqaviləsinin bağlanmış hesab edilməsini tələb etməsinə lüzum yoxdur. Lakin hər iki müqavilə eyni tarixdə eyni filialda bağlansa da, filial müdiri kimi fərqli şəxslər göstərilmişdir. Göründüyü kimi iddiaçının tələbi, tələbinin əsası kimi istinad etdiyi hallarla və təqdim etdiyi sübutlarla təsdiqlənmir və ümumiyyətlə üst-üstə düşmür. Bununla bərabər, X7 tərəfindən birinci instansiya məhkəməsinə “xxxxxxxxx” ASC ilə X9 arasında bağlanmış bank əmanəti müqavilələri təqdim edilmişdir. İş materiallarının 113-cü vərəqəsində olan 70358364-8 saylı xx xxx 2017-ci il tarixli əmanət müqaviləsi “xxxxxxxxx” ASC-nin Xətai filialının müdiri X13 ilə X9 arasında bağlanılmış və həmin müqaviləyə əsasən sonuncu tərəfindən 03 ay müddətinə illik 03 faiz ödəmək şərtilə 22 330 ABŞ dolları məbləğində əmanət qoyulmuşdur. Həmin müqavilədə X8 şəxsiyyət vəsiqəsinin rekvizitləri, o cümlədən hesab nömrəsi (AZ94AZER**********08USD41120 saylı) öz əksini tapmışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsinə iki ayrı müqavilə kimi təqdim edilmiş müqavilələr X8 adına olan bank əmanəti müqaviləsi və onun bir nüsxəsi olmaqla, müqavilə nömrəsi, hesab nömrəsi, müqavilə tərəflərinin rekvizitləri eynidir. Yəni, ikinci müqavilənin mövcudluğu müəyyən edilmir” mövqeyinə də münasibət bildirərək kollegiya qeyd edir ki, əvvəla, İddiaçı ilə bank arasında hər hansı müqavilənin bağlandığı iş materiallarından görünmür (işin 20ci səhifəsində İddiaçı imzaladığı sənəd mövcud olsa da, həmin sənəd bankın nümayəndəsi tərəfindən imzalanmadığından onu müqavilə adlandırmaq mümkün deyildir); ikincisi isə, bilavasitə Fond tərəfindən təqdim edilərək işin 113-115-ci və 118-120-ci səhifələrinə tikilmiş müqavilələrin eyni (bir) müqavilənin nüsxələri olmadığı onların “müştəri” qrafasındakı imzaların, habelə imzaların yerləşmə yerlərinin adi gözlə açıq-aşkar görülən fərqliliyi və bu müqavilələrin birinin yalnız birinin İddiaçı tərəfindən imzalandığını təsbit edən ekspert rəyi ilə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.2-ci və 2.1.2.6-cı maddələrinə əsasən, qorunan əmanət – sığorta hadisəsi baş verdikdə X7 tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətdir. Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. Həmin Qanunun 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir; 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir və buna görə də kollegiya hesab edir ki, iddia ərizəsinin verərkən Almazbəyli (Həsənova) Aygün Həsənpaşa qızının ödədiyi dövlət rüsumunun əvəzi qismində 30,40 (otuz manat 40 qəpik) X3 alınaraq ona ödənilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği isə X5 aid olunmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-934/2019 saylı iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “22 330 ABŞ dolları məbləğində pulun ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə X3 alınaraq Almazbəyli (Həsənova) Aygün Həsənpaşa qızına ödənilməsi”hissəsində dəyişdirilmədən saxlanılsın. İddia ərizəsinin verilməsi üçün Almazbəyli (Həsənova) Aygün Həsənpaşa qızının ödədiyi dövlət rüsumunun əvəzi qismində 30,40 (otuz manat 40 qəpik) X3 alınaraq ona ödənilsin; apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği isə X5 aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar