Məhkəmə qərarları › İş №2(103)-6974/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6974/2021

04.08.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6974/2021 04.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X6 nümayəndəsi X3 iştirakı ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(001)-1733/2021 saylı qətnaməsindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa, müqavilənin müddətsiz hesab edilməsi, qanunsuz işdən çıxarılma müddətində ödənilməmiş əmək haqqının verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzində müxtəlif vəzifələrdə işləyən mütəxəssisdir. İşlədiyi dövrdəbir çox dövlət əhəmiyyətli proqramların icrasında iştirak etmiş, əmək bazarı və sosial müdafiə məsələləri sahəsində müvafiq qərarların qəbul edilməsi məqsədi ilə sosioloji sorğuların və monitorinqlərin keçirilməsi, məlumatların xüsusi proqramlarda (SPPS və s.) emalı, təhlili və təkliflərin hazırlanması, elmi broşürların və tezislərin çap olunması və s.kimi işlərlə məşğul olmuşdur. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”-da əmək bazarının təhlili və monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsində çalışmışdır. Yeni yaradılan Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya da bu qəbildən olan işlərlə məşğul olacaqdır. Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2019-cu il tarixli, 479 №-li Fərmanı ilə bir sıra dövlət orqanlarının, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı müvafiq göstərişlər verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2019-cu il tarixli, 480 Ne-li Fərmanının 2.2.bəndinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin ləğv edilməsi ilə bağlı bir ay müddətinə müvafiq tədbirlər görülməsi tapşırılmışdır. “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın yaradılması haqqında” AzərbaycanRespublikası Prezidentinin 2019-cu il 04 iyun tarixli, 775 №-li Fərmanının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 mart 2020-ci il tarixli, 95 №-li Qərarının tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxs yaradılmış, onun nizamnaməsi, işçilərin ştat sayı və strukturu təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin ETTM, Observatoriya və digər müvafiq təşkilatlar ilə əlaqədar Fərmanlarından və Nazirlər Kabinetinin müvafiq qərarlarından da göründüyü kimi, məsələnin əsas mahiyyəti əvvəlki təşkilatlarda elmi-tədqiqat sahəsində uzun müddətə formalaşmış və təcrübə toplamış mütəxəssisləri ixtisar etmək yox,“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun “Məşğulluq sahəsində dövlətin vəzifələri” barədə 8-ci maddəsinin 8.03. bəndinə uyğun olaraq“ işəgötürənlərə yeni iş yerlərinin yaradılmasına, mövcud iş yerlərinin saxlanılmasına və inkişaf etdirilməsinə köməklik göstərən tədbirlərin hazırlanmasından” ibarətdir. Azərbaycan Respublikası Prezidentinin ETTM-in ləğvi ilə bağlı yuxarıda sözü keçən Fərmanın icrasının ƏƏSM Nazirliyi tərəfindən guya “gerçəkləşdirildiyi” vaxt iddiaçını 29 mart 2020-ci il tarixdə iş yerinə dəvət edərək (pandemiya şəraiti ilə əlaqədar işçilərə evdə oturmağa icazə vermişdilər) ərizə yazmağa məcbur etdilər ki, öz xahişi ilə həmin tarixdən işdən azad olunsun. Elə həmin tarixdən də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində ”Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”da işlə təmin olunmağına dair X1 adına ərizə yazdırdılar. İddiaçı 29 mart 2020-ci ildən ləğv edilməkdə olan təşkilatdan öz xahişi ilə işdən azad olunmağa ərizə yazmağa məcbur edildiyi vaxt, Azərbaycan Respublikasının Baş Nazirinin imzaladığı 20 mart 2020-ci il tarixli, 01/411 №-li sənədə əsasən 2020-ci il 29 mart tarixindən bir ay müddətinə əmək haqqı saxlanılmaqla ETTM-in əməkdaşlarının ödənişsiz məzuniyyətə göndərilməsi barədə sərəncam verilmişdir. 30 iyun 2020-ci il tarixdə isə pandemiya şəraiti ilə əlaqədar iddiaçı yenə evdə olduğuna görə işə çağırıb işdən azad olunduğunu şifahi olaraq bildirdilər. İşdən azad olunduğu gün bu barədə heç bir əmrin surəti, əmək kitabçası və son haqq-hesab verilməmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(001)-1733/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin olunaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X6 30.06.2020-ci il tarixli, **********5 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” X6ə “Əmək bazarının monitorinqi və təhlili” şöbəsinin mütəxəssisi vəzifəsinə bərpa edilməsi və onunla 30 mart 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinin müddətsiz bağlanmış hesab edilməsi, 30 iyun 2020-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" publik hüquqi şəxsi apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 02 aprel 2021ci il tarixli, 2(001)-1733/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iş üzrə materiallardan göründüyü kimi, hazırki iş üzrə tərəflər arasında 30 mart 2020-ci il tarixdə müddətli əmək müqaviləsi bağlanmış, müqavilənin müddəti 30 iyun 2020-ci il tarixdə bitmişdir. 30 iyun 2020-ci il tarixli, **********5 nömrəli əmr ilə İddiaçı Milli Observatoriyanm "Əmək bazarının monitorinqi və təhlili" şöbəsinin mütəxəssisi vəzifəsindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı işdən azad edilmişdir. Əmək qanunvericiliyinin qeyd olunan normalarının məzmunundan göründüyü kimi, əmək müqaviləsi sərbəst bağlanır və müqavilənin məzmunu tərəflərin razılığı ilə müəyyən edilir. Əmək müqaviləsi müddətsiz və ya tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli bağlanıla bilər. Başqa sözlə əmək qanunvericiliyi heç də əmək müqaviləsinin müddətli bağlanmasını təkcə işçinin əmək funksiyalarının icrasının müddətli və ya müvəqqəti xarakter daşıması ilə şərtləndirməmiş, hətta işçinin əmək funksiyalarının icrasının mütəmadi xarakter daşıması halında da tərəflərin qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsinin bağlanmasını mümkün və qanuni hesab etmişdir (bax. Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndi). Göründüyü kimi tərəflər arasında əmək müqaviləsi Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndinin tələbinə müvafiq olaraq tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli bağlanılmış, iddiaçı tərəfindən bu halı istisna edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmiş, əmək müqaviləsində müəyyən edilmiş müddət başa çatdıqdan sonra müqaviləyə xitam verilmişdir. Qeyd olunanlara əsasən, istinad olunan sahəvi qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edirik ki, tərəflər arasında müddətli əmək müqaviləsi bağlanmaqla əmək qanunvericiliyin tələbləri pozulmamışdır. Lakin buna baxmayaraq Məhkəmə iş üzrə səhv hüquqi nəticəyə gələrək iddia tələbini qanunsuz və əsassız olaraq təmin etmişdir. Başqa sözlə sözügedən əmək müqaviləsinin şərtləri tərəflərin sərbəst iradə azadlığına əsasən müəyyən edilmiş, təsadüfi deyildir ki, iddiaçı əmək müqaviləsinin müddət müəyyən edən normasını heç vaxt, hər hansı bir məhkəmə icraatında mübahisələndirməmişdir. Həmçinin məhkəmə faktiki olaraq iddia tələbindən kənara çıxaraq nəticə etibarilə tərəflər arasında 30 mart 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinin etibarlılığına hüquqi qiymət vermiş və faktiki olaraq iddiaçı tərəfindən etibarsızlığı mübahisələndirilməmiş müqavilə müddəasının doğurduğu hüquqi nəticələri ləğv etmişdir. Halbuki iş üzrə materiallardan göründüyü kimi tərəf əmək müqaviləsinin müddət müəyyən edən 2.1-ci bəndini heç vaxt qanunvericilikdə nəzərdə tutulmuş qaydada mübahisələndirməmişdir. Göründüyü kimi məhkəmə maddi hüquq normalarını pozaraq və səhv təfsir edərək Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndinin tərəflərin qarşılıqlı razılığı əsasında əmək müqaviləsinin müddətli bağlanıla bilməsi hüquqi imkanını nəzərə almadan işçi ilə əmək müqaviləsinin müddətli bağlana bilməməsi qənaətinə gəlmiş, eyni zamanda prosessual hüquq normalarını pozaraq iddia tələbinin həcmindən kənara çıxmaqla faktiki olaraq iddiaçı tərəfindən etibarsızlığı mübahisələndirilməmiş əqdin (müqavilənin) doğurduğu hüquqi nəticələrin (əmək müqaviləsinə xitam verilməsi barədə əmr və s.) ləğvi barədə qətnamə çıxarmışdır. Halbuki, əqdin özü mübahisələndirilmədən onun doğurduğu hüquqi nəticələr ayrıca və müstəqil mübahisə predmeti ola bilməz. Mübahisəli məhkəmə qətnaməsi ilə işçinin əmək müqaviləsinə xitam verilməsinə dair ləğv edilmiş əmr faktiki olaraq həmin əmək müqaviləsinin 2.1-ci bəndinin doğurduğu hüquqi nəticələrdən biridir. Mübahisəli məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsindən göründüyü kimi məhkəmə iddia tələbindən kənara çıxaraq iddiaçı birbaşa tələb etmədiyi halda tərəflər arasında bağlanmış əmək müqaviləsinin 2.1-ci bəndinin müddəalarını iddiaçının ayrı- seçkiliyə məruz qalması əsası ilə etibarsız hesab etmiş, bununla belə qətnamədə bunun üçün istinad etdiyi qanunu və müstəsnalığın nədən ibarət olmasını əsaslandırmamışdır. Məhkəmə işçi ilə işəgötürən arasında sözügedən əmək müqaviləsinin tərəflərin hüquq bərabərliyi və qarşılıqlı razılığı prinsiplərinə riayət edilməsi ilə bağlanması faktını əsassız subyektiv mülahizələr əsasında şübhə altına almağa çalışsa da bununla bağlı heç bir real sübuta və məhkəmə prosesində müəyyən edilmiş işin həqiqi hallarına istinad edə bilməmişdir. Əksinə tərəflər arasında 30.03.2020ci il tarixli müddətli əmək müqaviləsinin məhz tərəflərin hüquq bərabərliyi, qarşılıqlı razılığı və azad iradə ifadəsi əsasında bağlanmışdır. İddiaçının əvvəlki iş yeri olan ləğv edilmiş Əmək və Sosial Problemlər üzrə Elmi- Tədqiqat və Tədris Mərkəzi (bundan sonra - Mərkəz) isə Milli Observatoriyadan tamamilə fərqli olaraq müvafiq sahələrdə elmi tədqiqatlar aparan və nazirlik sistemində avtomatlaşdırılmış idarəetmə sistemləri yaradılması və mütəxəssislərin ixtisasının artırılmasını həyata keçirən əsas və əlaqələndirici təşkilat kimi ixtisaslaşdırılmış, tərkibində məşvərətçi hüquqa malik Elmi Şura fəaliyyət göstərmiş, müxtəlif ölkələrin elmi-tədqiqat təşkilatları ilə yaradıcılıq əlaqələri olan, aspirantura və dissertantura vasitəsilə müvafiq sahələrdə mütəxəssislər hazırlayan elm və tədris mərkəzi olmuşdur. Qeyd olunan funksiyaları Azərbaycan Respublikasının təhsil sisteminə daxil olan digər təhsil müəssisələri həyata keçirdiyindən Mərkəzin perspektiv fəaliyyətinə lüzum qalmamış və Mərkəz ləğv edilmişdir. Göründüyü kimi yeni yaradılan publik hüquqi şəxs iddiaçının əvvəl işlədiyi Mərkəzin fəaliyyət sferası və işçinin əmək funksiyası baxımından faktiki olaraq onların fəaliyyəti tamamilə fərqli xarakter daşımış, Mərkəz sırf nəzəri, elmi-tədqiqat və kadr hazırlığı müəssisəsi kimi fəaliyyət göstərsə də, Milli Observatoriya müvafiq sahədə empirik və praktiki fəaliyyət göstərən, bu sahədə monitorinq və sorğuların təşkili kimi tətbiqi fəaliyyətlə məşğul olan publik hüquqi şəxs qismində yaradılmışdır. Eyni zamanda Milli Observatoriya ləğv edilmiş Mərkəzdən fərqli olaraq Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər. Belə ki, ləğv edilmiş Mərkəzin sərbəstləşən işçiləri, o cümlədən iddiaçı Milli Observatoriyaya ərizə ilə müraciət edərək işlə təmin olunmalarını xahiş etmiş, Milli Observatoriya da öz növbəsində faktiki olaraq sınaq müddəti məqsədilə tərəflərin qarşılıqlı razılığı əsasında 3 aylıq müddətli əmək müqaviləsi bağlanılmaqla onları işlə təmin etmiş, həmin müddət ərzində ləğv edilmiş Mərkəzin işlə təmin edilmiş sərbəstləşən işçilərinin fəaliyyətinin təhlili və qiymətləndirilməsi aparılmış, qiymətləndirmənin nəticələri həmin əməkdaşların birbaşa struktur bölmə rəhbərlərinin şifahi rəyləri, işə davamiyyəti, nizam- intizam qaydalarına riayət etmələri, ünsiyyət və kommunikasiya həmçinin, komandada işləmək potensialları və s. keyfiyyətləri nəzərə alınmaqla müəyyən edilmiş və bir sıra əməkdaşların əmək müqavilələrinin müddətinin uzadılmaması məqsədəuyğun hesab edilmişdir. Həmin əməkdaşlardan biri də iddiaçı olmuşdur. Apellyasiya şikayətinə əlavə edilmiş İddiaçı Milli Observatoriyaya işlə təmin olunması barədə ərizəsinin surəti qeyd olunan xüsusatları təsdiq edir. Göründüyü kimi işəgötürən ləğv edilmiş Mərkəzin sərbəstləşən işçilərini faktiki olaraq sınaq müddəti üçün yeni yaradılmış quruma işə götürmüş, onlarla bağlanan əmək müqaviləsinin şərtləri tərəflərin qarşılıqlı razılığı əsasında müəyyən edilmiş, bunu istisna edən hər hansı bir fakt və ya sübut mövcud olmamışdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" X6 nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edərək, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatlarını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin müəyyən olunmuş hallarına görə, iddiaçı 09.01.2017-ci ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzində mntodist vəzifəsində çalışmış, həmin Mərkəzin Azərbaycan Respublikası Prezidentinin 18 yanvar 2019-cu il tarixli 480 nömrəli Fərmanına əsasən ləğv edilməsi ilə bağlı görülən tədbirlərlə əlaqədar öz xahişi əsasında Mərkəzdə tutduğu vəzifədən azad olunmuş, 30 mart 2020-ci il tarixdə onunla yeni yaradılmış “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” arasında 3 (üç) ay müddətinə əmək müqaviləsi bağlanaraq PHŞ-də “Əmək bazarının monitorinqi və təhlili” şöbəsinə mütəxəssis vəzifəsinə işə götürülmüş, cavabdeh təşkilatın 30 iyun 2020-ci il tarixli əmri ilə isə əmək müqaviləsinin müddətinin bitməsi əsas göstərilməklə tutduğu vəzifədən azad edilmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İV hissəsinə əsasən əmək müqaviləsi sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra-ƏM) 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. ƏM-nin 43-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. ƏM-nin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. ƏM-nin 45-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinə müqavilənin müddətinin qurtarması əsası ilə xitam verilə bilər. ƏM-nin 73-cü maddəsinə görə isə, “müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. İşçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər”. Tədqiq olunmuş sübutlar əsasında müəyyən olunur ki, iddiaçının əmək müqaviləsinin müddəti 30 iyun 2020-ci il tarixdə bitmiş, cavabdeh təşkilat isə Əmək Məcəlləsinin 73-cü maddəsinin tələblərinə uyğun olaraq onun əmək müqaviləsinə həmin tarixli əmrlə xitam vermişdir. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Göründüyü kimi, iddiaçının bildirdiyi faktiki hallar, onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. İddiaçının, onunla əmək müqaviləsinin müddətli bağlanmasının qanunsuz olması dəlilinə münasibətdə kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinə əsasən, əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə müddətli bağlana bilər və iddiaçı ilə müqavilə də məhz həmin maddi hüquq norması çərçivəsində müddətli bağlanmışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində "Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya" publik hüquqi şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(001)- 1733/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar