Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6974/2023 06.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “işə bərpa, əmrin ləğv edilməsi, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 dekabr 2022-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı olan apellyatorun özünün və vəkili (nümayəndəsi) Vəkil1, Cavabdeh vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdeh Mərkəzin 1229 saylı, xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsi, onun tutduğu vəzifəyə - həmin Mərkəzin İİİ Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin (KTM doğum) tibb bacısı vəzifəsinə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi, mənəvi ziyana görə 7.000 manat məbləğində pulun cavabdeh Mərkəzdən tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, 1995-ci ildən 2022-ci ilədək cavabdeh Mərkəzdə müxtəlif şöbələrdə tibb bacısı vəzifəsində çalışmış, işlədiyi dövrdə intizam pozuntusuna yol verməmişdir. Buna baxmayaraq Mərkəzin rəhbərliyi 1229 saylı, xx.xx.2022-ci il tarixli əmrlə iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən heç bir əsas olmadan xitam vermişdir. Əmrin surəti vəkil sorğusu verildikdən sonra xx.xx.2022-ci il tarixdə iddiaçıya təqdim edilmişdir. İddiaçı hesab edir əmr əsassızdır. Belə ki, Mərkəzin rəhbərliyi iddiaçıya qarşı qərəzli münasibət nümayiş etmiş və heç bir əsas olmadan həmin qanunsuz əmri qəbul etmişdir. Əmrdə iddiaçının əmək funksiyalarını və öhdəliklərini pozmasının nədə ifadə olunduğu göstərilməmişdir. Bunun nəticəsində iddiaçı həmçinin mənəvi sarsıntılar keçirmişdir. b) iş üzrə tərəflərin birinci instansiya məhkəməsində iştirakı və verdikləri izahatlar barədə məlumat
3. İddiaçının vəkili (nümayəndəsi) iddianı müdafiə edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, mübahisəli əmrin verilməsinə əsas işəgötürənin təqdimatı olmuşdur. Təqdimat xx.xx.2022-ci il tarixdə Həmkarlar İttifaqına göndərilmişdir. Həmin təqdimatda iddiaçının işdən azad olunmasının hüquqi əsası kimi xx.xx.2022 və xx.xx.2022-ci il tarixli 2 akta istinad olunmuşdur. Həmin aktlarda qeyd olunmuşdur ki, iddiaçı öz öhdəliklərini yerinə yetirə bilmir. Halbuki işəgötürən tərəfindən buna qiymət verilməsi düzgün deyildir. Belə ki, praktik əczaçılıq və tiblə məşğul olan şəxslərin peşəkarlıq səviyyəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur və sertifikat verilir. İşdən azad edilən vaxt iddiaçının sertifikatının müddətinin bitməsinə hələ 1 gün qalmışdı. Sertifikatın müddəti xx.xx.2022-ci il tarixə qədər idi. Aktların məzmunu Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun deyil. İddiaçıya işdən çıxarılan zaman hansısa sənədə imza etdirmişlər. İddiaçı işdən azad edilməsinin səbəbini bilməmişdir. Digər tərəfdən, aktlar arasında ziddiyyət vardır. Aktların birində iddiaçının “Əmək kitabçasını” alıb cırdığı, digərində isə “Əmək kitabçasını” alıb getdiyi qeyd edilmişdir.
4. Cavabdeh Mərkəzin nümayəndəsi iddia tələbinə etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmək üçün Əmək Məcəlləsində nəzərdə tutulmuş 1 aylıq iddia müddəti ötürmüşdür. Belə ki, iddiaçı, xx.xx.2022-ci il tarixdə mediasiya təşkilatına müraciət etmişdir. Müraciətdə qeyd olunmuşdur ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. Göründüyü kimi hansı tarixdən işdən azad edildiyi iddiaçıya məlum olmuşdur. Bundan əlavə, Nəsimi Rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarında da qeyd edilmişdir ki, izahat alınması üçün iddiaçı X7 çağırılmış, iddiaçının ünvanına işdən azad olunması ilə bağlı məktublar göndərilmiş, lakin iddiaçının yaşadığı evin qapısı bağlı olduğundan həmin məktublar geri qaytarılmışdır. İddiaçı əmrin surətini və “Əmək kitabçasının” alınması üçün Mərkəzə dəvət olunmuş, lakin qəti şəkildə buna etiraz etmişdir. Bununla bağlı akt tərtib edilmişdir. xx.xx.2022-ci il tarixdən etibarən əmrin surəti və “Əmək kitabçası” X2mış, sonradan prokurorluğa təqdim edilmişdir. xx.xx.2022-ci il tarixdə bu məsələyə qiymət verildikdən sonra iddiaçı yenidən Kadrlar Şöbəsinə dəvət olunmuş və “Əmək kitabçası” iddiaçıya təqdim edilmişdir, bununla bağlı akt tərtib edilmişdir. Bundan başqa, işəgötürənin iddiaçı ilə bağlı heç bir qərəzli münasibəti olmamışdır. 2021-ci ildə iddiaçıya Reanimasiya Şöbəsinə keçirilməsi ilə bağlı təklif olunmuş, iddiaçının xahişi ilə həmin Şöbə təklif olunmuşdur. Lakin, sonradan dəfələrlə həmin Şöbədən şikayətlər daxil olmuşdur ki, iddiaçı ağır xəstələrə tibbi yardım göstərə bilmir. Sonradan iddiaçıya Şöbə tərəfindən başqa işə keçirilməsi ilə bağlı çoxsaylı təkliflər olunmuş, lakin bununla razı olmamışdır. Odur ki, iddiaçının işdən çıxarılması tamamilə qanuni şəkildə həyata keçirilmişdir. Mənəvi ziyanla bağlı isə iddiaçı tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.
6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əmrin ləğv edilməsi üçün əsas yoxdur. Belə ki, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” xitam verilərkən cavabdeh Mərkəz tərəfindən qanunvericiliyin tələblərinə riayət olunmuş, intizam xətasına yol verilməsinin səbəb və şəraiti aydınlaşdırmaq, işçinin təqsir dərəcəsini müəyyənləşdirmək üçün işçidən yazılı izahat alınması üçün bildiriş göndərilmiş, iddiaçıya intizam tənbehi onun tərəfindən yol verilən pozuntunun aşkar edildiyi müddət ərzində verilmiş, bu barədə müvafiq əmr cavabdeh tərəfindən əsaslandırılmış və imzalanmış, işçiyə bu barədə məlumat verilməklə onunla haqq-hesab aparılmış, əmək kitabçasını götürməsi təklif edilmişdir. İşəgötürən tərəfindən əmək müqaviləsinə qanuni əsaslarla xitam verildiyindən məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbi də əsassızdır. Mənəvi ziyana görə pulun verilməsi tələbi isə mənəvi ziyan sübuta yetirilmədiyi üçün əsassızdır. Rayon Məhkəməsi həmçinin hesab etmişdir ki, iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaçı xx.xx.2022-ci il tarixdə işdən azad olunması barədə əmrlə tanış olmaq, “Əmək kitabçasını” və əmrin surətini təhvil almaq üçün X8 Şöbəsinə dəvət edilmiş, lakin bundan imtina etmişdir. Həmin fakt üzrə X3 tərəfindən xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Eyni zamanda, iddiaçının işdən azad olunması ilə bağlı son haqq-hesab edilərək xx.xx.2022-ci il tarixdə onun bank hesabına 2.488,71 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Sonradan iddiaçıya əmrin surətini və “Əmək kitabçasını” götürməsi təklif olunsa da, o, bundan imtina etmişdir. Buna görə məktubla iddiaçının ünvanına göndərilmiş, lakin qəbul etməmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə iddiaçı “Əmək kitabçasını” götürmək üçün X8 Şöbəsinə getmiş, “Əmək kitabçasını” cıraraq “Əmək kitabçasını” götürüb otağı tərk etmişdir. Göründüyü kimi iddiaçı xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş, ona bir neçə dəfə əmrin surətinin təqdim edilməsi və göndərilməsinə baxmayaraq o, qəsdən əmrin surətini almasından imtina etmiş, ona əmrin surətini təqdim etmək mümkün olmamışdır. Belə olan halda iddiaçı onunla bağlanmış “Əmək müqaviləsinə” xitam verilməsindən xəbərdar olmuş, lakin buna baxmayaraq hüquqlarının pozulduğunu aşkar etdiyi gündən 1 ay müddəti ötürərək xx.xx.2022-ci il tarixdə mediasiya təşkilatına müraciət etmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyasında cavabdeh tərəfin iştirak edilməməsi barədə arayış almış və pozulmuş hüququnun bərpası üçün məhkəməyə müraciət etmək barədə 1 ay müddəti ötürərək xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. d) apellyasiya şikayəti barədə məlumat
7. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
8. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, iş materiallarına 1229 saylı, xx.xx.2022-ci il tarixli əmr iki fərqli məzmunda təqdim edilmişdir. İddiaçının “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilsə də, bütün sənədlərdə onun guya ixtisasını bilməməsi səbəbi qeyd edilmişdir ki, bu 70-ci maddənin “ç” bəndinin normalarına uyğun düzgün əsaslandırılmamışdır. Bundan başqa, Rayon Məhkəməsinin iddia müddətinin ötürülməsi ilə bağlı gəldiyi nəticə də əsassızdır. İşçinin hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), “Əmək kitabçasının”, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gündür. Əmr iddiaçıya Mərkəzin xx.xx.2022-ci il tarixli məktubu ilə təqdim edilmiş, “Əmək kitabçası” isə sonradan prokurorluğa təqdim edilmişdir. Bu hal Nəsimi Rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd olunması barədə” qərarında da qeyd edilmişdir. İddiaçı hesab edir ki, iddia müddətinin axımı əmrin iddiaçıya təqdim edildiyi xx.xx.2022-ci il tarixdən başlanmış və iddia müddəti onun tərəfindən ötürülməmişdir. e) apellyasiya instansiyası məhkəməsində birinci icraat barədə məlumat
9. İşə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə (İş № 2(103)-2342/2023) ilə apelyasiya şikayətinin qismən təmin edilməsini, Rayon Məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsini, iddianın qismən təmin edilməsini, cavabdeh Mərkəzin iddiaçının işdən azad edilməsi barədə 1229 saylı, xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsini, iddiaçının tutduğu vəzifəyə - həmin Mərkəzin İİİ Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin (KTM doğum) tibb bacısı vəzifəsinə bərpa olunmasını, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsini, qalan hissədə Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. f) kassasiya instansiyasında icraat barədə məlumat
10. Cavabdehin verdiyi kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərar (İş № 2(102)-3407/2023) ilə kassasiya şikayətinin qismən təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni iddia tələbənin bir qisminin təmin edilməsi hissəsində ləğv edilməsini və işə yenidən baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara almışdır.
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən iddia müddətinin axımının başlanmasında və müddətin hesablanmasında hüquq normaları pozulmuşdur. Belə ki, iddia müddətinin axımının başlanğıcının iddiaçının vəkilinin müraciəti əsasında əmrin ona xx.xx.2022-ci il tarixdən hesablanması Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçının barəsində qəbul edilmiş əmrdən xəbərdar olunduğu halda, işəgötürənin qeyd etdiyi zaman olmasa da, bundan sonra qısa müddətdə müraciət edərək müvafiq sənədləri tələb etmək və hüquqların müdafiəsi üçün elementar addımları atmaq imkanı olmuşdur. g) apellyasiya instansiyası məhkəməsində ikinci icraat zamanı apellyasiya baxışı iclasında iş üzrə tərəflərin iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat
12. Apellyasiya baxışının əvvəlki iclasında iştirak edən iddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdilər.
13. İddiaçı və onun vəkili (nümayəndəsi) işə apellyasiya qaydasında baxılmanın növbəti iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, iclasda gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.
14. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
15. Cavabdeh Mərkəzin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi. h) apellyasiya baxışının hədləri barədə məlumat
16. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın əmrin ləğv edilməsi, iddiaçının tutduğu vəzifəyə işə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi hissəsində mülki işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərdiyi üçün, iddianın mənəvi ziyanın əvəzinin ödənilməsi hissəsi yeni apellyasiya baxışının predmetini təşkil etmir.
17. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinin rədd edilməsi hissəsinin əsaslılığını yoxlamamışdır. i) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
18. Məhkəmə, apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını həmin hədlər çərçivəsində araşdıraraq hesab edir ki, apellyasiya təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
19. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin bildirdiklərinə əsasən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh Mərkəz arasında bağlanmış xx.xx.2005-ci il tarixli “Əmək müqaviləsinə” əsasən iddiaçı, cavabdeh Mərkəzin İİİ Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə tibb bacısı vəzifəsinə əsas iş yeri üzrə işə qəbul edilmişdir. Mərkəzin xx.xx.2022-ci il tarixli, 1229 saylı əmri ilə iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” maddəsinə əsasən xitam verilmiş və iddiaçı işdən azad edilmişdir. İddiaçı həmin əmri əsassız hesab edir və xahiş edir ki, əmr ləğv edilsin, o, əvvəlki işinə bərpa olunsun, məcburi iş buraxmaya görə əmək haqqı cavabdehdən tutularaq ona ödənilsin. Cavabdeh Mərkəz iddianı əsassız hesab edir və bildirir ki, əmr qanuni və əsaslıdır. Bununla yanaşı, Mərkəz, “iddia müddətinin tətbiqi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı tərəfindən Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsi ilə müəyyən olunmuş iddia müddətinin ötürülməsinə istinad etməklə, iddianın rədd olunmasını xahiş etmişdir.
20. Məhkəmə ilk öncə iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə hüquqi qiymət verərək qeyd edir ki, iddia müddətinin başlanğıcının müəyyən edilməsi üçün Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə nəzər salınmalıdır. Həmin normaya əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət etmə müddəti işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən hesablanır. Bu tələb həmçinin Mülki Məcəllənin 377.1-ci maddəsində də nəzərdə tutulmuşdur.
21. İddiaçı apellyasiya şikayətində qeyd edir ki, Rayon Məhkəməsinin iddia müddətinin ötürülməsi ilə bağlı gəldiyi nəticə əsassızdır. Belə ki, işçinin hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), “Əmək kitabçasının”, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gündür. Əmr iddiaçıya yalnız Mərkəzin xx.xx.2022-ci il tarixli məktubu ilə təqdim edilmiş, “Əmək kitabçası” isə sonradan Nəsimi Rayon Prokurorluğuna təqdim edilmişdir. Bu hal xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd olunması barədə” qərarda da qeyd edilmişdir. İddiaçı hesab edir ki, iddia müddətinin axımı əmrin ona təqdim edildiyi xx.xx.2022-ci il tarixdən başlanmış və iddia müddəti ötürülməmişdir.
22. Məhkəmə hesab edir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü bəndi işçinin hüququnun pozulduğunu bildiyi tarixi müəyyən edilməsini mümkün olmadığı hallara aiddir. Belə ki, məhkəmə kollegiyası razılaşır ki, əmək münasibətlərində işçi daha zəif tərəf olmaqla, məhkəmədə müdafiəsini təşkil etmək məqsədi ilə ona zəruri sənədlər təqdim olunmalıdır. Lakin, onun bu hüququndan sui-istifadəsinə də yol verilməməlidir. Əks halda, iddia müddəti institutunun mahiyyətinə və məqsədlərinə xələl gətirilmiş olardı.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumumu bir sıra qərarlarında iddia müddəti institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “H.Həşimov və qeyrilərinin şikayəti üzrə” xx.xx.2005-ci il, “R.Salamovun şikayəti üzrə” xx.xx.2007-ci il və “X.Xəlilovun şikayəti üzrə” xx.xx.2009-cu il tarixli qərarları).
24. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2001-ci il tarixli qərarı).
25. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə qəbul etdiyi xx.xx.2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
26. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarda Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə istinad edərək qeyd etmişdir ki, həmin maddədə göstərilən prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir.
27. Cavabdeh Mərkəz bildirir ki, o, işəgötürən olaraq işçi olan iddiaçıya yuxarıda qeyd edilən əmri və müvafiq sənədləri xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə təqdim etməyə çalışsa da, iddiaçı, həmin sənədləri qəbul etməkdən bundan imtina etmişdir. Bunun sübutu kimi, cavabdeh Mərkəz, həmin tarixlərdə tərtib olunmuş aktları təqdim etmişdir.
28. İş materiallarından görünür ki, “Əmək kitabçasının” iddiaçı tərəfindən götürülməsi ilə bağlı cavabdeh Mərkəzin müvafiq əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixli akt tərtib edilmiş və orada da ziddiyyətli məqamlar qeyd edilmişdir. Belə ki, aktın məzmununa nəzər saldıqda görünür ki, aktda həm iddiaçının əmək kitabçasını cırdığı, həm də əmək kitabçasını götürüb getdiyi qeyd edilmişdir. Hansı ki, eyni zamanda iş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan da görünür ki, cavabdeh Mərkəz tərəfindən “Əmək kitabçasının” surəti Nəsimi Rayon Prokurorluğuna təqdim edilmişdir.
29. Qeyd olunan aktların məzmununda ziddiyyətlər aşkar olsa da, həmin ziddiyyətlər iddiaçının barəsində qəbul edilmiş əmrdən xəbərdar olunmamasını, yəni hüquqlarının pozulmasını bilməməsini təsdiq etmir.
30. Bunun əksinə Nəsimi Rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarının məzmunundan müəyyən olunur ki, hazırki iş üzrə iddiaçı şikayət ərizəsi ilə Prokurorluğa müraciətlər edərək, cavabdeh X5 rəhbəri Bəhruz Bağırovun iddiaçıya işdən azad olunması ilə bağlı sənədi məcburi olaraq imzalatmaq istəməsi səbəbindən xx.xx.2022-ci il tarixdə özünü inzibati binanın birinci mərtəbəsindən atmasını göstərmişdir. Araşdırma zamanı iddiaçı izahatında bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə işlədiyi X7 dəvət olunmuş, Şöbəyə aid olan kabinetə daxil olarkən Bəhruz Bağırov əlindəki kitabçanı tibb bacısı Mehriban Məhərrəmovaya verib, iddiaçıya müraciət edərək “səni statya ilə işdən çıxartdım, qol çək” demiş, iddiaçı “Əmək kitabçasını” götürüb masanın üzərinə qoymuş, heç nəyə qol çəkməcəyini demişdir.
31. Göründüyü kimi, iddiaçı özü də, işdən azad olunmasından xx.xx.2022-ci il tarixdən xəbərdar olunmasını, həmin tarixdə ona əmrlə tanış edilməsinə cəhd edilməsini, “Əmək kitabçasının” ona təqdim edilsə də, qəbul etməkdən imtina etməsini etiraf etmişdir. Yəni işəgötürən əmrin və “Əmək kitabçasının” işçiyə təqdim olunması üçün zəruri addımları atmış, sonuncu isə bu sənədlərin qəbulundan imtina etmişdir. İşəgötürənin vəzifəli şəxslərinin bu zaman davranışı və işçinin sənədlərin qəbulundan imtinanın motivləri iddia müddətinin axımının hesablanması üçün əhəmiyyət kəsb etmir.
32. Belə olan halda, iddia müddətinin axımının başlanğıcının iddiaçının vəkilinin müraciəti əsasında əmrin ona xx.xx.2022-ci il tarixdən hesablanması Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir.
33. Belə ki, iddiaçının barəsində qəbul edilmiş əmrdən xəbərdar olunduğu halda, işəgötürənin qeyd etdiyi zaman olmasa da, bundan sonra qısa müddətdə müraciət edərək müvafiq sənədləri tələb etmək və hüquqların müdafiəsi üçün elementar addımları atmaq imkanı olmuşdur. Lakin bu imkanından istifadə etməmişdir.
34. Müvafiq sənədlər iddiaçıya lazımi qaydada təqdim olunmamış hesab edilsə belə, yenə də iddia vaxtında verilmiş hesab edilə bilməz.
35. Belə ki, iş materiallarına əsasən iddiaçı əmək hüquqlarının müdafiəsi ilə bağlı mediasiya təşkilatına müraciət etmiş və xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfin ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Yəni, “Mediasiya haqqında” Qanunun 35-ci maddəsi tətbiq edilməklə, iddia müddəti azı həmin tarixdən hesablanmalıdır. Belə ki, iddiaçının mediasiya təşkilatına müraciət etdiyi tarixədək iddia müddətinin hesablanmamasını qəbul etsək də belə, artıq mediasiya təşkilatının bu arayışı aldıqdan sonra iddia müddətinin axımı başlanmışdır.
36. Lakin, iddiaçı hazırki iddia ilə xx.xx.2022-ci il tarixdə Rayon məhkəməsinə müraciət etməklə, əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş 1 aylıq iddia müddətini buraxması ehtimal olunur. Belə ki, mediasiya təşkilatının arayışının iddiaçıya hansı tarixdə təqdim olunması ilə bağlı sübutlar iş materiallarına əlavə olunmamışdır.
37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
38. Bu baxımdan apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddia müddətini tətbiq etməklə iddianı təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin iddia müddəti ilə bağlı dəlilləri əsassızdır.
39. İddia tələbi iddia müddəti ötürülməklə verildiyi üçün əsassız hesab edildiyindən, Məhkəmə apellyasiya şikayətinin digər dəlillərini geniş şərh etməyə lüzum görmədən bildirir ki, əmək müqaviləsinə xitam verilməsində cavabdeh tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi aşkar edilməmişdir.
40. Belə ki, iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, intizam xətasına yol verilməsinin səbəb və şəraiti aydınlaşdırmaq, işçinin təqsir dərəcəsini müəyyənləşdirmək üçün işçidən yazılı izahat alınması üçün bildiriş göndərilmiş, iddiaçıya intizam tənbehi onun tərəfindən yol verilən pozuntunun aşkar edildiyi müddət ərzində verilmiş, bu barədə müvafiq əmr Əmək Məcəlləsinin 71.3-cü maddəsində nəzərdə tutulan qaydada cavabdeh tərəfindən əsaslandırılmış və imzalanmış, işçiyə bu barədə məlumat verilməklə onunla haqq-hesab aparılmış, əmək kitabçasının götürməsi təklif edilmişdir. İşəgötürən tərəfindən əmək müqaviləsinə qanuni əsaslarla xitam verildiyindən iddia tələbinin əmrin ləğv edilməsi və ondan irəli gələn işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi hissələri əsassızdır.
41. Rayon Məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halı müəyyən edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları ilə öz təsdiqini tapmadığı üçün əsassız hesab edilməlidir.
42. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Bu baxımdan apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianın müzakirə edilən hissələrini təmin etməməkdə faktlar nöqteyi-nəzərindən mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin qətnamənin həmin hissəsinə aid dəlilləri əsassızdır.
44. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin apellyasiya baxışının predmeti olan hissədə iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin apellyasiya baxışının predmeti olan hissədə tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.
44. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
45. Odur ki, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 119, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 12 dekabr 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.