Məhkəmə qərarları › İş №2(103)-6975/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6975/2020

24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6975/2020 24.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə xx.xx.2017-ci il tarixdə 40 000 manat dəyərində qızıl-zinət əşyaları verdiyini, xx.xx.2017-ci il tarixli “borcun etirafı haqqında” müqaviləyə əsasən cavabdehin 40 000 manat dəyərində qızıl-zinət əşyaları şəklində borcunun olduğunu etiraf etdiyini və 40 000 manatı xx.xx.2019-cu il tarixinədək qaytarmağı öhdəsinə götürdüyünü, həmin məbləğdən 13 000 manatını qaytarsa da, qalan 27 000 manatı qaytarmadığını bildirmiş, buna görə də Cavabdeh 27 000 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 24 800 (iyirmi dörd min səkkiz yüz) manat borcun və dövlət rüsumunun 27 (iyirmi yeddi) manat hissəsinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun dəyişdirilməsini və iddiasının tam təmin edilməsini xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, cavabdehin ona guya 15 200 manat qaytarmış olması barədə dəlilinin hər hansı sübutla təsdiq olunmadığını irəli sürmüşdür. Qətnamədən cavabdeh də apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin isə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, 2017-ci ilin iyul ayında cavabdehlə birlikdə öz aralarında keçirilən hər ayı 500 manat təşkil edən “Lotareya” oyununda iştirak etmiş, iştirakçıları on nəfər olan oyunun kassiri o olmuş, birinci ay pul yığılıb iştirakçılardan birinə verildikdən sonra, ikinci ay pul yığılmalı olduqda, dörd nəfər iştirak etməkdən imtina etmiş, beləliklə oyun dağılmış və verilən pulları qaytarmaq məcburiyyətində qalmışdır. Həmin oyunda Vüsalə adlı şəxs də iştirak etmiş, lakin o, oyunun dağılmasına etiraz etmiş, daha 9 nəfər iştirakçı tapıb ona 4500 manat pul verilməsini tələb etmiş, Vüsalənin öz təklifi ilə Fatma adlı şəxsdən qızıl alıb sataraq Vüsaləyə 2500 manat vermişdir. Fatmadan 12 000 manat dəyərində qızıl alaraq cəmi 5700 manata satmış, bir müddət sonra Fatma ondan həmin qızıllara görə 40 000 manat tələb etmiş, məcbur qalaraq xx xxxxxxxx 2017-ci il tarixdə 40 000 manat məbləğində borcun etirafı müqaviləsi bağlamışdır. Bundan sonra mütamadi olaraq İddiaçı hər ay 2222 manat pul ödəmiş, xx xxxxxx 2018-ci ildə iddiaçı ona bildiriş göndərərək müqavilə üzrə ödənişin kecikdirildiyini, hər ay üzrə ödənilməli olan 2222 manat pulun iki ayını bir yerdə, yəni 4444 manat ödənilməli olmasını, həmin məbləğdən başqa borcun 3100 manat olmasını bildirmişdir. xx xxxxxx 2018-ci il tarixdə iddiaçı yenidən bildiriş göndərərək hər ay 2222 manat olmaqla 7 ay borcunun qaldığını bildirmiş, iddiaçının xx xxxxxx 2018-ci il tarixli bildirişində qalan borcun 3100 manat olmasını göstərməsindən sonra ona 3400 manat pul ödəmişdir. Ödəniş barədə qəbzləri məhkəməyə təqdim etsə də, birinci instansiya məhkəməsi həmin sənədləri nəzərə almamışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-ci il tarixli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayətinin qismən təmin edilməsi, İddiaçı apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin cavabdehdən 24 800 (iyirmi dörd min səkkiz yüz) manatın tutularaq iddiaçıya ödənilməsi hissəsində dəyişdirilməsi, Cavabdeh 12 254 (on iki min iki yüz əlli dörd) manatın tutularaq İddiaçı ödənilməsi, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayətinin tam, cavabdehin kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apelyasiya baxışına göndərilməsi, cavabdehin kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil hər biri ayrı-ayrılıqda apellyasiya şikayətlərinin dəlillərini müdafiə edərək müvafiq qətnamə çıxarılmasını xahiş etmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi işi yeni apellyasiya baxışına göndərərkən mövqeyini və bundan irəli gələn göstərişlərini aşağıdakı kimi şərh etmişdir: “İşin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2017-ci il tarixdə borcun etirafı haqqında notarial qaydada təsdiq olunmuş müqavilə bağlanmış, həmin müqaviləyə görə Cavabdeh, İddiaçı 40 000 manat dəyərində qızıl-zinyət əşyaları şəklində borcunun olduğunu etiraf etmiş, həmin məbləği xx.xx.2019-cu ilədək qaytarmağı öhdəsinə götürmüş, ilk ödənişin xx.xx.2018-ci il tarixdən başlanacağı razılaşdırılmışdır. İşdə olan və tərəflərin imzaları ilə təsdiqlənmiş ödəniş qəbzlərinin surətindən görünür ki, xx.xx.2108-ci il tarixdən xx.xx.2018-ci il tarixədək cavabdeh müxtəlif məbləğlərdə pul vəsaitlərini iddiaçıya ödəmiş, iddiaçı 2018-in noyabr ayının 12-də və 20də və 2019-cu ilin fevral ayının 12-də cavabdehə yazılı bildirişlər göndərmişdir. Birinci bildirişdə qeyd olunmuşdur ki, “...müqavilə əsasında cəmi sizin 7 ayınız qalır. Qalan borcunuz üç min üç yüz manat qalır...”. İkinci bildirişdə isə qeyd edilmişdir ki, “...Ödənişi aparmırsınız. Hər aya düşən 2222 manatı vaxtında ödəyin. Müqavilə əsasında cəmi sizin 7 ayınız qalır. Qalan borcunuz otuz min üç yüz manat qalır...”. Üçüncü bildirişdə isə qeyd edilən müqavilənin pozulduğu bildirilməklə pulun vaxtında ödənilməsi tələb edilmişdir. İşdə olan və tərəflərin imzaları ilə təsdiqlənmiş ödəniş qəbzlərinin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-ci il tarixədək cavabdeh tərəfindən iddiaçıya müxtəlif məbləğlər olmaqla cəmi 3300 manat pul ödənilmişdir. Hazırda iddiaçı müqavilə üzrə borcdan işdə olan qəbzlər üzrə cəmi 13 000 manat ödənildiyini bildirərək qalan məbləğin cavabdehdən tutulmasını xahiş edir. Cavabdeh isə borcu tam ödədiyini bildirərək iddianın rədd olunmasını xahiş edir. Apelyasiya instansiyası məhkəməsi cavabdehdən iddiaçının xeyrinə tutulan məbləği 12 254 manat müəyyən edərkən mövqeyini belə əsaslandırmışdır ki, “12 və xx xxxxxx 2019-cu il tarixli bildirişlərdə iddiaçı hər ay 2222 manat olmaqla cəmi 7 ay ödənişin qalması barədə dəfələrlə cavabdehi xəbərdar etmiş və həmin tarixdən sonra edilmiş ödənişlərin cəmi məbləği 3300 (üç min üç yüz) manat nəzərə alındıqda, qalıq borc 12 254 manat təşkil edir (7x2222=15554-3300=12254 manat).” Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə bu qənaətə gələrkən maddi və prosesssual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 217.3cü və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı işdə isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindəki əsaslandırma işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun deyil. Çünki xx xxxxxx 2018-cu il tarixli bildirişin məzmunu əsasında “hər ay 2222 manat olmaqla cəmi 7 ay ödənişin qalması” kimi gəlinən nəticə iş materialları ilə təsdiqlənmir. Belə ki, əvvəla, tərəflərin qarşılıqlı münasibətlərindən görünür ki, onlar həm borcun mövcudluğunu, həm də aylıq hissəvi ödənişləri hər ikisinin imzaları ilə təsdiqlənən sənədlərlə rəsmiləşdirmişlər. Borcun etirafı müqaviləsi üzrə ödənilməli olan ümumi məbləğ, ondan ödənilmiş məbləğlərə dair imzalı qəbzlərin surəti və iddiaçının cavabdehə göndərdiyi bildirişlər iş materiallarında mövcuddur. Həmin sənədlərlə, cavabdehin iddiaçıya 27 246 (40 000 – 12 254 = 27 746) manat ödəməsini təsdiqləyən qəbzlər mövcud deyil. Halbuki, Mülki Prossesual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Bundan əlavə, iddiaçının cavabdehə ünvanladığı xx xxxxxx 2018-cu il tarixli bildirişin “hər ay 2222 manat olmaqla cəmi 7 ay ödənişin qalması” məzmununda təfsir edilməsi işin yuxarıda qeyd olunan faktiki hallarına uyğun olmadığı kimi, həmin bildirişin mətninə də ziddir. Belə ki, bildirişdə “Qalan borcunuz otuz min üç yüz manat qalır...”. ifadəsi qeyd olunmuşdur. Başqa sözlə, həmin tarixə olan qalıq borcun məbləği bildirişdə açıqca yazıldığı və bu məlumat işdəki ödəniş qəbzlərinə daha uyğun olduğu halda, bildirişin yuxarıda qeyd edilən şəkildə təfsir edilməsi tərəflərin yazışmalarına və qarşılıqlı münasibətlərinin həqiqi məzmununa uyğun gəlmir. Halbuki, Mülki Məcəllənin 404.1-ci, 404.2-ci və 404.4-cü maddələrinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir”. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqelərlə razılaşan və işin hallarını (faktiki və hüquqi) təkrarən sadalamağa zərurət görməyən məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbini tam təmin etmədiyi zaman hüququn tətbiq edilməsində səhv buraxmış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir; nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu və sübutlara necə qiymət verilməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “borcun etirafı müqaviləsi” ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə bir müqavilənin mövcudluğunu inkar etməyən cavabdeh isə həmin müqaviləyə əsasən borclu olduğunu etiraf etdiyi borcun hansı məbləğdə hissəsini qaytardığını sübuta yetirməlidir. Mülki Məcəllənin 882.1-ci maddəsinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.Həmin Məcəllənin 882.2-ci maddəsinə görə isə, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. İş materiallarındakı qəbzlərdən aydın olur ki, cavabdeh iddiaçıya borclu olduğunu etiraf etdiyi məbləğdən cəmi 13 000 manatını qaytarmışdır; belə olan halda isə ondan iddiaçının xeyrinə 27 000 manat tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4784/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi iddia tələbinin təmin olunmadığı hissədə ləğv edilsin və həmin hissədə də iddia təmin olunsun. Cavabdeh 27 000 (iyirmi yeddi min) manat borc məbləği tutularaq İddiaçı ödənilsin. Cavabdeh apellyasiya şikayəti təmin olunmasın və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar