Məhkəmə qərarları › İş №2(103)-6977/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6977/2021

29.07.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6977/2021 29.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2105/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh MMC-yə qarşı “əmrlərin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin 16.12.2020-ci il tarixli 66,68 və 69 saylı əmrlərinin ləğv edilməsi; iddiaçıların əvvəlki vəzifələri üzrə işə bərpa edilməsi; məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi; vəkilin göstərdiyi yardıma görə ödənilmiş 600 manat məbləğində müqavilə haqqının Cavabdeh MMCdən tutularaq iddiaçılar İddiaçı2 və İddiaçı3 ödənilməsi; işdən qanunsuz olaraq çıxarıldıqları üçün 5000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq iddiçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2105/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçılar qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında tərəflər barışıq sazişi verərək, mübahisəni barışıq yolu ilə həll etdiklərini və barışıq sazişindən irəli gələn hüquqi nəticələrin onlara aydın olduğunu, buna görə də barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Barışıq sazişinin məzmununa görə:

1. Cavabdeh MMC 16.12.2020-ci il tarixli 66,68 və 69 saylı əmrlərdə istinad etdiyi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70(ç) maddəsini 69-cu maddə (işçinin öz təşəbbüsü ilə) ilə əvəz etməyi və bu dəyişikliyin iddiaçıların əmək kitabçalarında və müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınmasını təmin etməyi öz üzərinə götürür.

2. Cavabdeh MMC-nin 16.12.2020-ci il tarixli 66,68 və 69 saylı əmrlərdə istinad etdiyi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70(ç) maddəsini 69-cu maddə (işçinin öz təşəbbüsü ilə) ilə əvəz etməsi müqabilində iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 “əmrlərin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi” tələbinə dair hazırkı iddia tələbindən imtina edir. Məhkəmə kollegiyası barışıq sazişini müzakirə edərək hesab edir ki, barışıq sazişi tərəflərin hüquqlarını pozmur və qanuna zidd deyildir, ona görə də, barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-in 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan məhkəməyə göndərilən yazılı ərizələrində də ifadə oluna bilər. Azərbaycan Respublikası MPM-in 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsi, cavbdehin iddianı etiraf etməsi, iddia tələbinin dəyişdirilməsi və ya tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticəsini izah edir: iddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd olunan Məcəllənin 261.0.5-ci və 262.1-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir və bu barədə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, barışıq sazişinin təsdiq olunması barədə ərizə qəbul olunmalı, barışıq sazişi təsdiq edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Kollegiya qeyd edir ki, məhkəmə xərcləri tərəflərə aid edilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2020-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş) 09 iyul 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin normada (402-ci maddə) icraata xitam verilməsi barədə qərardadlar ümumi şəkildə əks olunmasına baxmayaraq, sözügedən normanın MPM-in digər müvafiq normaları ilə sistematik təhlilindən belə qənaət hasil olur ki, qanunverici heç də bütün icraata xitam verilmə hallarını, o cümlədən, iddiaçının iddiadan imtina etməsi (261.0.4), eləcə də tərəflərin barışıq sazişi bağlaması (261.0.5) əsasları ilə icraata xitam verilməsi hallarını nəzərdə tutmur. Belə ki, həmin hallar məhkəmənin gəldiyi qənaət olmayıb, icraatı başlamış tərəflərin bilavasitə iradə ifadəsi ilə bağlıdır. Bu baxımdan da müəyyən olunur ki, tərəflərin barışıq sazişi bağlaması əsası ilə icraata xitam verilməsinə dair hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 262, 263-264, 391, 397, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh MMC-yə qarşı “əmrlərin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı tərəflərin aşağıdakı şərtlərlə bağladıqları barışıq sazişi təsdiq edilsin.

1. Cavabdeh MMC 16.12.2020-ci il tarixli 66,68 və 69 saylı əmrlərdə istinad etdiyi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70(ç) maddəsini 69-cu maddə (işçinin öz təşəbbüsü ilə) ilə əvəz etməyi və bu dəyişikliyin iddiaçıların əmək kitabçalarında və müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınmasını təmin etməyi öz üzərinə götürür.

2. Cavabdeh MMC-nin 16.12.2020-ci il tarixli 66,68 və 69 saylı əmrlərdə istinad etdiyi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70(ç) maddəsini 69-cu maddə (işçinin öz təşəbbüsü ilə) ilə əvəz etməsi müqabilində iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 “əmrlərin ləğvi, işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi” tələbinə dair hazırkı iddia tələbindən imtina edir.

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2105/2021 saylı, 01 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunur ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə xərcləri tərəflərə aid edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar