Məhkəmə qərarları › İş №2(103)-6978/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6978/2023

27.11.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6978/2023 27.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMCyə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğv olunması və iş yerinə bərpa olunması tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1874/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Cavabdeh MMC (İşəgötürən) ilə İddiaçı (İşçi) arasında xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlanmış və o, xəzinədar vəzifəsinə işə qəbul edilmişdir.

2. AS6693 nömrəli Əmək müqaviləsinə əlavəyə əsasən 01 dekabr 2022-ci il tarixdən İddiaçı Baş xəzinədar vəzifəsinə qəbul edilmişdir.

3. xx.xx.2023-cü il tarixli T0508-23 nömrəli əmrə əsasən Cavabdeh MMC-nin müştəri ximətləri və əməliyyatlar sektoru şöbəsinin baş xəzinədarı vəzifəsində çalışan İddiaçı ilə bağlanmış AS6693 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72- ci maddəsinin “c” bəndini rəhbər tutaraq, həmin məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.2021-ci ildə Cavabdeh MMC-də xəzinədar vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2022-ci ildə baş xəzinədar vəzifəsinə keçirilmişdir. xx.xx.2023-cü ildə Əmək Məcəlləsnin 70-cimaddəsinin “ç” bəndinə əsasən, tutduğu vəzifədən azad edilmişdir. Bu barədə xx.xx.2023-cü il tarixli T0508-23 nömrəli əmr verilmişdir. Əsas kimi işçinin yol verdiyi intizam pozuntusu ilə bağlı tərtib edilmiş xx.xx.2023-cü il tarixli akt və işçinin xx.xx.2023-cü il tarixli izahatı göstərilmişdir. Hesab edir ki, aşağıda göstərilən əsaslara görə həmin əmr qanunsuz və əsassız hesab edilməlidir. Belə ki, o, xx.xx.2021-ci ildən həmin supermarketdə xəzinədar vəzifəsində işləməyə başlamış, işlədiyi müddətdə öz vəzifəsini vicdanla, layiqincə yerinə yetirmiş, bu müddət ərzində əmək fəaliyyəti ilə bağlı hər hansı pozuntuya yol verməmiş, rəhbərlik tərəfindən verilən bütün tapşırıqları vaxtında həll etmişdir. Məhz bunun nəticəsidir ki, qısa müddətdə xəzinədar vəzifəsindən baş xəzinədar vəzifəsinədək yüksəlmişdir. Lakin iş yerində onun əmək funksiyasına və vəzifə təlimatına aid olmayan nöqsanlarla bağlı ona irad bildirilmiş, həmin vaxt onunla birlikdə bir neçə nəfəri də işdən azad etmişlər. Ona hədə-qorxu gələrək onu izahat yazmağa məcbur etmişlər. O, qorxduğundan işəgötürənin təzyiqlərinə boyun əymiş, təqsiri olmadığı halda izahat yazmışdır. Onun heç bir təqsiri olmamasına baxmayaraq, onu qərəzli olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarmışlar. O, əmək müqaviləsi üzrə xx.xx.2021-ci ildən Supermarketdə işləyir və işlədiyi müddətdə vəzifə təlimatlarını layiqincə, vicdanla yerinə yetirmiş, işində hər hansı nöqsana yol verməmişdir. Onun vəzifənə aid olmayan, əmək müqaviləsində nəzərdə tutulmayan, əmək funksiyana aid olmayan və onun törətmədiyi hərəkətə görə qərəzli olaraq işdən çıxarılmışdır. Üstəlik əmrdə işəgötürən tərəfindən Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan hərəkətlərə yol verməyi ilə bağlı hər hansı mötəbər əsas göstərilməmişdir. Belə ki, əmək kitabçasında əmrdə onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad olunmağı qeyd edilsə də, əmək müqaviləsi üzrə və vəzifə təlimatları üzrə öhdəlikərini lazımi qaydada yerinə yetirmədiyinə görə əmək müqaviləsinə xitam verilməsi, Əmək Məcəlləsinin 72-ci bəndində nəzərdə tutulmuş hansı hal üzrə əmək vəzifələrinin kobud şəkildə pozulmasına yol verdiyi göstərilməmişdir. Əmrdə onun əmək müqaviləsinin hansı bəndi, hansı vəzifə təlimatı və onun hansı vəzifə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyi qeyd olunmamış və bununla da əmək müqaviləsinin ləğv edilməsinin əsası qeyri-müəyyən göstərilmişdir. Qeyd edilənlərə əsasən Cavabdeh MMC-nin xx.xx.2023- cü il tarixli, T0508-23 nömrəli əmrinin ləğv edilməsi, onun baş kassir vəzifəsinə bərpa olunmağı və işə bərpa olunan günə kimi olan məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1874/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MMCyə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Məhkəmə mübahisələndirilən əmrin verilməsi üçün əsas olmuş sənədlərə, işin faktiki hallarına diqqət çəkərək qeyd edir ki, ümumilikdə işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, müvafiq hüquq münasibətlərini Azərbaycan Respublikasının Əmək Məcəlləsi tənzimlədiyi kimi, hazırkı işdə tərəf olan Cavabdeh MMC (İşəgötürən) ilə İddiaçı (İşçi) arasında olan əmək və hüquq münasibətləri də həmin Məcəllə ilə tənzimlənmiş, onlar arasındakı əmək münasibətlərinin əsas şərtləri, hüquq və vəzifələri yazılı müqavilədə öz əksini tapmışdır. Hansı ki, xx.xx.2021-ci il tarixli AS6693 nömrəli əmək müqaviləsində tərəflər razılaşmışlar ki, tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75 maddələrində nəzərdə tutulan hallara əməl edilməklə xitam verilə bilər. Göründüyü kimi, işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi müqavilədə öz əksini tapmaqla mübahisə edilməyən, izahı aydın olan şərtlərdəndir, hansı ki, İddiaçı təqsirli hərəkətləri nəticəsində mülkiyyətçiyə maddi ziyan vurmuş və əməlini, cəmiyyətə maddi ziyan vurduğunu sadə yazılı formada öz xətti ilə qeyd etmişdir. İddiaçı tərəf həmin izahatın təzyiq və hədə-qorxu nəticəsində tərtib edildiyini qeyd etsə də, qeyd edilən hal öz təqsidini tapmamışdır, izahat kifayət qədər anlaşılan və açıq ifadələrlə iddiaçının özü tərəfindən yazılmışdır. Məhz bu səbəbdən, cavabdeh Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “c” bəndini rəhbər tutaraq, həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək münasibətlərinə xitam vermişdir. Məhkəmə əlavə olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında videogörüntülərin əks olunduğu 01 ədəd “DVD” diskə baxış keçirilən zaman, iddiaçının cəmiyyətə maddi ziyan vurması müşahidə edilmiş və bu fakt öz təsdiqini tapmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilə bilməz. Eyni zamandan, iddiaçı kimi cəmiyyətə maddi ziyan vuran digər işçilər barəsində görülmüş tədbirlərə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir və təqdim edilsə belə hazırkı iş üzrə əhəmiyyət kəsb etmir. Belə ki, tərəflər arasında bağlanmış əmək müqaviləsi kollektiv deyil, fərdi əmək müqaviləsidir və əmək müqaviləsinin bağlanması və xitamı əsası məhz müqavilə tərəfləri üçün nəzərdə tutulmuşdur. Digər işçilərlə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən xitam verilməsi, hazırkı iddianın təmin olunması qənaətinə gəlinməsi üçün əsas ola bilməz.

8. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə, 9-cu maddəsinin “b” bəndinə, 11-ci maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə, 46-cı maddəsinin 6-cı hissəsinə, 70-ci maddəsinin “ç” bəndinə, 72-ci maddəsinin “c” bəndi, 72-ci maddəsinin “c” bəndinə, 186-cı maddəsinin 2-ci hissəsinə, 83-cü maddəsinə, 296-cı maddəsinin 2-ci hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.2, 88, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami rayon Məhkəməsinin e-2(007)-1874/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərilmişdir ki, İddiaçı əmək müqaviləsi üzrə xx.xx.2021-ci ildən Supermarketdə işləyir və işlədiyi müddətdə vəzifə təlimatlarını layiqincə, vicdanla yerinə yetirmiş, işində hər hansı nöqsana yol verməmişdir. İddiaçının vəzifəsinə aid olmayan, əmək müqaviləsində nəzərdə tutulmayan, əmək funksiyasına aid olmayan və onun tərəfindən törədilməyən əmələ görə o, qərəzli olaraq işdən çıxarılmışdır. Üstəlik, əmrdə işəgötürən tərəfindən iddiaçının Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan hərəkətlərə yol verməsi ilə bağlı hər hansı mötəbər əsas göstərilməmişdir. Belə ki, əmək kitabçasında əmrdə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad olunmağı qeyd edilsə də, əmək müqaviləsi üzrə və vəzifə təlimatları üzrə öhdəlikərini lazımi qaydada yerinə yetirmədiyinə görə əmək müqaviləsinə xitam verilməsi, Əmək Məcəlləsinin 72-ci bəndində nəzərdə tutulmuş hansı hal üzrə əmək vəzifələrinin kobud şəkildə pozulmasına yol verdiyi göstərilməmişdir. Əmrdə iddiaçının əmək müqaviləsinin hansı bəndi, hansı vəzifə təlimatı və hansı vəzifə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyi qeyd olunmamış və bununla da əmək müqaviləsinin ləğv edilməsinin əsası qeyri-müəyyən göstərilmişdir. İddiaçının işlədiyi “Baş xəzinədar”-ın vəzifə öhdəlikləri əmək müqaviləsinə 1 saylı əlavədə belə ifadə olunmuşdur: Şöbə başçısı olmadıqda xəzinədar cədvəllərini tərtib etmək və onların işinə nəzarət etmək; İş yükünün kassalar arasında bərabər paylanmasına nəzarət etmək, müştəri izdihamına uyğun olaraq təcili tədbirlər görmək; Şöbə başçısı olmadıqda və ya digər zəruri hallarda onu əvəzetmək və təlimatlarını yerinə yetirmək; Müştərinin qəbulu və yola salınması zamanı müştəriyə hər cür lazımi köməklik göstərmək; Müştərilər tərəfindən satın alınmış malların qaytarılması və ya dəyişdirilməsi prosesini həyata keçirmək; Müştərilər tərəfindən gələn şikayətləri və narazılıqları səlahiyyət daxilində həll edə bilmədikdə məsul şəxslərə yönləndirmək; Xəzinədar olmadıqda və ya həddindən artıqiş zamanı xəzinədarın vəzifələrini icra etmək; İş ehtiyaclarını qarşılamaq üçün yetərli kassa sayının olmasını təmin etmək; İş zamanı bütün diqqət və aktivliyini işə yönəltmək və müştəri məmnuniyyətinə nail olmaq üçün komanda işinə töhfə vermək; Kassa cihazlarının, avadanlıqlarının texniki vəziyyətini və kassa ərazisinin təmizliyini nəzarətdə saxlamaq; İş qrafikinin başlanğıcında və sonunda pul qutusunun (float) təhvil və təslim prosesini həyata keçirtmək; Alış-veriş səbətlərinin və arabalarının təyinatı üzrə yerləşməsinə ümumi nəzarət etmək; Kassa çeklərini və alış-veriş paketlərini sifariş vermək; Rəhbərliyin göstərişi ilə əlavə SƏTƏM təlimatları tələb etməyən digər işləri həyata keçirmək; Birbaşa rəhbər tərəfindən öncədən təyin edilmiş həftəlik iş qrafikinə əsasən işə gəlmək, nahar və çay fasiləsini təyin edilmiş qrafikə uyğun istifadə etmək; Qida təhlükəsizliyi üzrə təlimatlara əməl etmək və qida təhlükəsizliyi ilə bağlı uyğunsuzluqlar barədə məsul şəxslərə məlumat vermək. Göründüyü kimi, yuxarıda sadaladığı öhdəliklər iddiaçının əmək müqavilə üzrə yerinə yetirməli olduğu öhdəliklərdir. İş materiallarında isə iddiaçının həmin öhdəliklərdən hər hansı birini və ya bir neçəsini pozması, layiqincə yerinə yetirməməsini təsdiq edən hər hansı sübut olmadığı halda, məhkəmə tərəfindən iddia tələbinin rədd olunması haqqında əsassız nəticəyə gəlinmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün aşağıda istinad edilən halları əsaslı hesab olunur: Şirkət tərəfindən iddiaçının əmək funksiyalarının pozulması və ya layiqincə yerinə yetirilməməsi nəticəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad etməklə əmək müqaviləsinə xitam verilir, lakin bu hal iş materialları ilə təsdiq olunmur. Şirkət tərəfindən məhkəməyə təqdim edilmiş diskdə olan görüntülərdə iddiaçı tərəfindən əmək funksiyasının layiqincə yerinə yetirilməməmsi və ya pozması halı müəyyən edilmir. Cavabdeh tərəfindən iddiçının 2000 manat məbləğində zərər vurulduğu bildirilsə də, həmin halı təsdiq edən hər hansı sübut iş materiallarında yoxdur. İddiaçı cavabdehin təsiri və hədə qorxusu nəticəsində izahat yazaraq 2000 manat məbləğində ziyan vurduğunu göstərmişdir. Həmin izahat birbaşa cavabdehin təsiri nəticəsində yazılmışdır. Ona görə ki, iddiaçı sadə vətəndaşdır, hüquqi savadı yoxdur, cavabdehin ittihamları qarşısında özünü aciz hiss etmiş, məcbur qalaraq etmədiyi əməli üzərinə götürmüşdür. Daha sonra Əmək Müfəttişliyinə teleqram vuraraq, işyerində hədə-qorxuya məruz qaldığını bildirsə də, heç bir nəticəsi olmamışdır. İddiaçının yazdığı izahatda adları çəkilən digər işçilərlə bağlanmış əmək müqaviləsinə onların öz ərizələri əsasında xitam verilmişdir. Belə bir halda sual olunur: Əgər həqiqətən də 3 işçi əmək funksiyalarını layiqincə yerinə yetirməyib işəgötürənə zərər vurubsa, onda nəyə görə digərləri öz xahişləri ilə işdən çıxır, İddiaçı isə ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə? Burada artıq İddiaçı qarşı olan qərəzli münasibət aydın görünür.

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Cavabdeh MMC tərəfindən apellyasiya şikayətinə etiraz ünvanlanmış, etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətində iddiaçının vəzifəsinə, əmək funksiyasına aid olmayan və onun tərəfindən törədilməyən əmələ görə qərəzli olaraq işdən çıxarıldığı, əmrdə bununla bağlı mötəbər sübutların göstərilmədiyi qeyd olunmuşdur. Halbuki, iddiaçı izahatlarında da göstərdiyi kimi, digər iş yoldaşları ilə birgə kassada ödənişləri həyata keçirərkən kobud pozuntulara yol vermişdir. Belə ki, o, almaq istədiyi məhsulların qiymətindən daha aşağı məbləğ təqdim edərək və ya bəzi hallarda, ümumiyyətlə ödəniş etmədən həmin məhsulları əldə etmiş və bununla da iddiaçıya maddi ziyan vurmuşdur. Eyni zamanda, iş materiallarında olan və məhkəməyə təqdim edilərək tədqiq olunmuş videogörüntülərin əks olunduğu 01 ədəd “DVD” diskə baxış keçirilən zaman iddiaçının cəmiyyətə maddi ziyan vurması müşahidə edilmiş və bu fakt öz təsdiqini tapmışdır. Eyni zamanda, apellyasiya şikayətində cavabdeh tərəfindən mötəbər əsas olmadan iddiaçının törətmədiyi əməllərə görə işdən çıxarıldığı qeyd olunsa da, iddiaçının işdən çıxarılmış digər şəxslər olan Məmmədov Təmkin və X2 ilə birlikdə ümumilikdə 2000 AZN olan məbləği törətmədiklərə əməllərə görə cavabdehə təhvil vermələri ağlabatan deyildir. Əlavə olaraq qeyd etmək lazımdır ki, iddiaçının baş xəzinədar vəzifəsinə keçirilməsi onun xx.xx.2021- ci ildən xx.xx.2022-ci il tarixinədək olan fəaliyyətinin nəticəsi olsa da, işdən çıxarılması xx.xx.2022-ci il - xx.xx.2023-cü il tarixlərində törətdiyi əməllərin nəticəsidir. Belə olan halda, işçinin öz vəzifələrini vəzifə artımına qədər olan müddət ərzində vicdanla icra etməsi onun vəzifə artımından sonra yol verdiyi pozuntuları istisna etmir və onu bu pozuntulara görə məsuliyyətdən azad etmir.

b) Proses iştirakçılarının izahatı

12. İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirir ki, o, orada telefonda olan "Umico" proqramı vasitəsi ilə bonus kartından pulu ödəmişdir. Bu videoda kassadakı o deyil. O, 1 il yarım işləyərək baş xəzinədar vəzifəsinə gəlmişdir. O,işdən çıxandan sonra orada işləyən digər kassirlərə də əlavə ödəniş olunduğunu soruşduqda onlara heç bir əlavə ödənişin edilmədiyini dedilər. Sadəcə olaraq onları polisə verəcəklərini,xərclərinin daha çox çıxacağını və 2000 manatın artaraq 5000 manat olacağını dedikləri üçün, orada İlqar Kərimov ona və əlavə 2 işçiyə ərizə ilə işdən çıxaçağı təqdirdə köməklik edərək əmək kitabçasının korlanmayacağını bildirdi. Onun qarşısına ərizə forması qoyaraq vərəqə köçürməyini istədilər,digər əməkdaşlarda da eyni ərizə formasıdır. Onlara 2000 manatı ödəməyi, kassirlərin işinin üstü açıldıqdan sonra geri qaytaracaqlarını və ərizə yazıb çıxdıqları halda əmək kitabçalarına heç bir xələl gəlməyəcəyini dedilər.

13. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirmişdir ki, iddiaçı işdə əməyini layiqincə və vicdanla yerinə yetirdiyinə görə və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyinə görə çox qısa bir zamanda xəzinədar vəzifəsindən baş xəzinədar vəzifəsinə yüksəlib. Hazırda cavabdeh şirkətin ona qarşı irəli sürdüyü ittihamları qəbul etmir. Ona görə ki, həmin hal müəyyən olunanda konkret olaraq işçilərin üzərinə atılıb və işçilərə hədə-qorxu gələrək onları prokurorluğa şikayət edəcəklərini deyərək onları öz əlyazmaları ilə ərizə yazmağa məcbur ediblər. Hətta, iddiaçıya işdən çıxmadıqda onu Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən çıxaracaqlarını deyiblər. İşdən çıxmağı üçün iddiaçı ərizə yazmağa getdikdə əmrin surətini verəndə məlum olub ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən çıxarılıb. İddiaçı əmri götürəndə də öz etirazını bildirib və dərhal Əmək Müfəttişliyinə şikayət edib ki, iş yerində təzyiqlərə məruz qalaraq belə bir ərizə yazmağa məcbur edilib. İddiaçının ona verdiyi məlumata görə işdə baş verən hadisələr iş vaxtında baş verməyib. Birinci instansiya məhkəməsində cavabdehə 2000 manatın götürülməsini nə ilə sübut edə biləcəyini soruşduqda cavabdehin nümayəndəsi iddiaçının yazdığı ərizəyə əsaslandıqlarını dedilər. Ərizə iş yerindən göstərilmiş təzyiq əsasında yazılıb. Məhkəməyə təqdim edilmiş diskdə iddiaçının təqsiri olması öz əksini tapmır. Birinci instansiya məhkəməsində göstərilmiş videoda sadəcə əllər görünür və onun da kimin əlinin olması bilinmir. Eyni zamanda baş xəzinədarın öhdəlikləri var. Birinci instansiya məhkəməsində baş xəzinədarın hansı öhdəliklərini yerinə yetirmədiyini soruşduqda heç bir cavab verilə bilmədi. Ona görə də biz hesab edir ki, birinci instansiya məhkəməsi qanunsuz və ədalətsiz qərar çıxarıb. Məhkəmə hesab edib ki, işçinin 70-ci maddəsinin "ç" bəndi ilə, digərlərinin ərizə ilə işdən çıxmasının heç bir fərqi yoxdur. Bu hallara görə onlar hesab edir ki, apellyasiya şikayətimiz təmin olunmalıdır. İddiaçını prokurorluğa şikayət edəcəkləri ilə qorxutduqları üçün iddiaçı ərizəsini yazaraq problemi həll etmək istəyib. Cavabdeh bir növ əksikliyi sənədləşdirmək istəyib.Videolara baxaraq iddiaçının təqsirliliyini demək düzgün deyil. İddiaçı aktı,izahatı nəyə görə yazdığınıda bildirir. 2000 manatı tamamlamaq üçün işəgötürənin təhrif etdiyi bir vasitədir.Burada işçinin saflığından və savadsızlığından istifadə edilib.İddiaçının işlədiyi müddətdə bir dəfə nöqsanı və ya barəsində intizam tədbiri olmayıb. Məhkəmə tərəfindən bunlar araşdırılmalıdır.İddiaçı heç yerdə rəsmi olaraq işləyə bilmir.Hansısa şirkətin öz maliyyə fəaliyyətini qaydaya salmaq üçün işçilərə hansı səbəblə töhmət verilməlidir.İddiaçı orada işləmək də istəmir, sadəcə olaraq öz ərizəsini yazaraq çıxmaq istəyir.

14. Cavabdeh MMC-nin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, iddiaçının törətdiyi əməllər vəzifə artımından sonra törədilən əməllərdir. Bu o demək deyil ki,vəzifə artanda törətdiyi əməlin cəzasını almayacaq. Hədə-qorxu ilə izahat yazmasını təsdiq edən heç bir sübut yoxdur. Orada İddiaçı 2 mart və 3 mart tarixli 2 izahatı var. Təzyiqlə yazıldığı halda izahat 1 dəfə yazılardı. İzahatda 2000 manat pul ödədiyi qeyd edilib. Heç kəs törətmədiyi əmələ görə pul ödəməz. Bu ağlabatan deyil. İşçiyə öz ərizəsi ilə işdən çıxarılması barəsində vəd də verilməyib. İşçiyə pulu ödəmədiyi təqdirdə hüquq-mühafizə orqanlarına müraciət ediləcəyi barəsində məlumat verilib. Onlar ödənişi ödəyiblər, amma bu onları intizam məsuliyyətindən azad etmir. Eyni zamanda məhkəməyə DVD disk də təqdim edilmişdir, 2000 manatın verilməsi video çəkiliş vasitəsilə aparılmışdır ki, bu da sübutların məcmusu şəklindədir. Video görüntü birinci instansiya məhkəməsi zamanı araşdırılaraq tədqiq edildi və hüquqi qiymət verildi. İddiaçı pulu xırdalayaraq məbləği azaltmağa çalışıb və beləliklə 2000 manata qədər çatmışdır. Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndində işçinin təqsirli hərəkətləri nəticəsində ziyan vurduğu hal açıq-aşkar göstərilib. Əlavə olaraq Baş Xəzinədarlığın vəzifə öhdəliklərində iş ehtiyaclarını ödəmək üçün yetərli kassa sayının olmasını təmin etmək göstərilib. Kassa sayını müəyyən etmək birbaşa iddiaçının vəzifəsidir. İşçi məhsulu aldıqda iddiaçı kassada olub. Yəni, işçi məhsulu alandan sonra kassadan pul yenidən həmin alan şəxsə qayıdır. Bu dəfələrlə təkrarlanıb və video görüntüdə hamısı göstərilib. Sonra isə yerlərini dəyişiblər. Yəni, kassada bir dəfə İddiaçı olub, daha sonra başqa işçi olub. Birinci instansiya məhkəməsində barışıq məsələsi rəhbərliklə danışılıb və məbləğ böyük olduğuna görə rəhbərlik qəti etirazını bildirib. Digər işçilərdə eyni maddə ilə işdən çıxarıldığına görə onda onların hamısını işə bərpa etməlidirlər. Apellyasiya şikayəti elektron sistemə yükləndikdə də rəhbərlikdən barışığın olub-olamasını soruşub. Rəhbərlik qəti şəkildə barışığın olmayacağını bildirdi. İşçilərin hamısı töhmətlə işdən çıxarılıb, o zaman digər işçilərin töhmətlə çıxarıldığını bilmirdi. Birinci instansiya məhkəməsi qətnaməsində bunun birgə əmək müqaviləsi yox, fərdi əmək müqaviləsi olduğunu qeyd etmişdir. İddiaçı xəzinədar vəzifəsindən baş xəzinədar vəzifəsinə keçmiş insandır.Ən azından öz vəzifəsinin məsuliyyətini başa düşməlidir. Savadsız bir işçi vəzifə öhdəliklərini yerinə yetirə bilməz,iddiaçının dedikləri ağlabatan fikir deyil.Hal-hazırda məbləğləri ödəməyən işçilərin işləri istintaqı gedir.İzahatlar sadə əlyazma ilə yazılıb və başa düşüləndir.

Tətbiq edilən hüquq normaları:

15. Azərbaycan Respublikasının Əmək Məcəlləsi

Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək.

Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

Maddə 68.1 1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması;

Apellyasiya baxışının hədləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qətnaməsinin əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

20. Belə ki, İddiaçı Baş xəzinədar vəzifəsində çalışırdı.

21. xx.xx.2023-cü il tarixi T0508-23 nömrəli əmrə əsasən onunla əmək müqaviləsinə Əmək Məcəlləsinin 72- ci maddəsinin “c” bəndini rəhbər tutaraq, həmin məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmrdə əmək müqaviləsinə xitam verilməsinə əsas kimi işçinin yol verdiyi intizam pozuntusu ilə bağlı tərtib edlmiş xx.xx.2023-cü il tarixli akt və işçının xx.xx.2023-cü il tarixli izahatı qeyd edilmişdir.

22. Məhkəmə kollegiyası tərəfindən xx.xx.2023-cü il tarixli akt nəzərdən keçirilərkən müəyyən edilir ki, mağaza müdürü Murad Baxşəliyev, Xidmət rəisi Həsənov Seymur təsdiq edirlər ki, 27.02.23-cü il tarixində Bravo (2009) YENİ YASAMAL SS mağazası tərəfindən verilmiş məlumata əsasən mağazada nağd vəsaitlərin mənimsənilməsi ilə bağlı araşdırma başlanıldı. Əldə olunmuş məlumat əsasında video görüntülər araşdırıldı və məlum oldu ki, baş kassir vəzifəsində çalışan İddiaçı, satıcı-kassir vəzifələrində çalışan Məmmədov Təmkin və Hüseynzadə Hüseyn kassada öz aralarında satış əməliyyatları zamanı birbirlərinə qaytarmalı olduqları xırda vəsaitdən daha artıq vəsait qaytararaq, eyni zamanda alınan məhsullar üçün daha az vəsait ödəyərək həmin məhsulları mənimsəmişlər. Adları sadalanan şəxslərin xx.xx.2022-dən xx.xx.2023-cü il tarixinə kimi Bravo (2009) YENİ YASAMAL SS mağazasında kassalardan ümumi mənimsədikləri məbləğ 2000 AZN dəyərindədir. Araşdırma zamanı satıcı-kassir vəzifəsində çalışan Şükürlü Ülvi adlı əməkdaş xx.xx.2023-cü il tarixində kassada olarkən iş yoldaşları Məmmədov Təmkin və İddiaçı onun işlədiyi kassaya yaxınlaşaraq 1,98 AZN məbləğində məhsul alaraq ödəniş etməmişdirlər. Akt işçi barədə aparılan araşdırma materiallarına əlavə etmək üçün tərtib olunur. Tərtib olunmuş akt iştirakçılara oxundu, aktın tərtibi ilə əlaqədar iştirakçılar tərəfindən heç bir əlavə, düzəliş olunmadı və aktın doğruluğu imzalarla təsdiq olunur;

23. Digər tərəfdən iddiaçının xx.xx.2023-cü il tarixli izahatında qeyd edilir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Moskva prospektində yerləşən Bravo mağazasında xəzinədar vəzifəsində işə başlamış və hazırda Əsəd Əhmədov 24b üvananında yerləşən Bravo mağazasında baş xəzinədar vəzifəsində çalışı. İşlədiyi müddət ərzində “SOP” qaydaları ilə tanış olmuşdur. İşlədiyi müddət ərzində 2022-ci ilin dekabr ayının əvvəlindən etibarən iş yoldaşları Məmmədov Təmkin və Hüseynzadə Hüseyn ilə birlikdə müxtəlif vaxtlada kassa ödəniş edən zaman artıq qalıq məbləğ götürmüşlər və ya daha az ödəniş etmişlər. Eyni zamanda məhsul alarkən ödəniş etmədikləri hallarda olmuşdur. Yuxarıda qeyd etdiyi hallarla adları çəkdiyi iş yoldaşları ilə birlikdə şirkətin ümumiliklə 2000 (iki min) AZN vəsaitini mənimsəmişlər. Həmin məbləğin öz üzərinə düşən hissəsini xx.xx.2023-cü il tarixində heç bir təzyiq olmadan geri ödəməyə hazırdır. İzahatı heç bir təzyiq olmadan özü yazmış və öz imzası ilə təsdiq edir.

24. İddiaçı xx.xx.2023-cü il tarixli izahatının surətindən görünür ki, 2022-ci ilin dekabr ayından etibarən çalışdığı Bravo mağazasında ciddi qayda pozuntusuna yol vermişdir. Şirkətə maddi zərəri tam şəkildə geri ödəmişdir. Bu haldan peşmançlıq çəkir. İşdən azad olunmağına etiraz etmir. Yaşı və bu işdə tutduğu əməldən peşmançılığı nəzərə alaraq ona köməklik göstərilməsini xahiş edir. Mağazada baş verən digər halların araşdırılmasına və üzə çıxarılmasına köməklik etməyə hazırdır.

25. xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Cavabdeh MMC-nin Baş Ofis əməkdaşları Daxili nəzarət üzrə kiçik mütəxəssis Emil Mehtiyev, Maliyyə və Mühasibatlıq üzrə böyük mühasib Əkbərova Zərifə imzalarımızla təsdiq edirlər ki, həqiqətən Bakı şəhəri, Əsəd Əhmədov 24B, ünvanında yerləşən “Bravo” mağazasında Baş kassir vəzifəsində çalışan İddiaçı, satıcı- kassir vəzifələrində çalışan Məmmədov Təmkin və Hüseynzadə Hüseyn 2022-ci il dekabr ayı tarixindən 2023-cü il fevral ayının sonunadək kassada iş növbəsində olduqları müddətdə ümumilikdə 2000 (iki min) manat dəyərində nağd vəsait məbləğini mənimsəmə etmişdlər. İddiaçı və Məmmədov Təmkin 03.03.23 tarixində 2000 AZN məbləği onun iştirakı ilə Əkbərova Zərifəyə təhvil vermişdir.

26. Göründüyü kimi, İddiaçı əmək müqaviləsi ilə işlədiyi dövrdə yol verdiyi pozuntularla əlaqədar olaraq işdən azad edilmişdir. Bununla əlaqədar olaraq İddiaçı iki dəfə izahat yazmış və zərəri ödəmişdir.

27. İddiaçı iddiasının, həmçinin apellyasiya şikayətinin dəlili olaraq qeyd edir ki, onun tərəfindən aktda qeyd edilən pozuntuların heç biri törədilməmiş, onun tərəfindən yazılmış izahatlar ona göstərilən təzyiqlər, hədə-qorxu təsiri altında tərtib edilmişdir.

28. Qeyd olunmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və sair kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur (Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsi).

29. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddiasının və şikayətinin dəlili olaraq qeyd etdiyi hallarla bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Bunun əksinə Cavabdeh MMC tərəfindən video disk təqdim edilmişdir.

30. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh MMC iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsinə əsas olan halları sübut edə bilmişdir.

31. Məhkəmə kollegiyası o cümlədən qeyd edir ki, İddiaçı öz təşəbbüsü ilə işdən azad edilməsi barədə ərizə ilə işəgötürənə müraciəti olmamışdır.

32. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

33. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

34. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1874/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar