Məhkəmə qərarları › İş №2(103)-6979/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6979/2020

28.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6979/2020 28.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil1, maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-10221/2016 saylı, xx xxxxxxx 2016-cı il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikası DİNnin Əzizbəyov RPİ-də xidmətdə olduğu 25 ilin (xx.xx.1981-xx.xx.2016) 20 ilini (xx.xx.1986-xx.xx.2006) Çilov adasında işləməsi (xidmət etməsi) faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, Ərizəçi Azərbaycan Respublikası DİN-nin Əzizbəyov RPİ-də xidmətdə olduğu 25 ilin (xx.xx.1981-xx.xx.2016) 20 ilini (xx.xx.1986-xx.xx.2006) Çilov adasında işləməsi (xidmət etməsi) faktı müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-321/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin apellyasiya şikayəti təmin edilməyərək, Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Sədri təqdimat verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-321/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək, mülki işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3983/2020 saylı, xx xxxx 2020ci il tarixli qərarı ilə təqdimat təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə təkrar apellyasiya qaydasında baxıldığı zaman Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərini müdafiə edərək iş üzrə icraata xitam verilməsini, ərizəçi, həmçinin onun nümayəndəsi və vəkili isə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya iş materiallarını araşdıraraq hesab edir ki,birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Qanunun tələblərinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Nəzərə alınmalıdır ki, inzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Belə hüquq münasibətlərində tərəflərdən biri kimi mütləq qaydada inzibati orqan çıxış edir. İnzibati hüquq münasibətlərinin bu əlaməti dövlət idarəetmə fəaliyyətinin mahiyyətinin təzahürüdür. İnzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət-tabeçilik prinsipi əsasında qurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinə müvafiq olaraq qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr tərəfindən həyata keçirilir. İnzibati məhkəmə icraatı qaydasında həmçinin, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Məhkəmə kollegiyası ərizəçinin inzibati orqan olan Daxili İşlər Nazirliyinə qarşı məhkəməyə müraciət edərək onun Azərbaycan Respublikası DİN-nin Əzizbəyov RPİ-də xidmətdə olduğu 25 ilin (xx.xx.1981-xx.xx.2016) 20 ilini (xx.xx.1986-xx.xx.2006) Çilov adasında işləməsi (xidmət etməsi) faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, həmin iddia üzrə yaranmış mübahisə tələbin predmetinə, mahiyyətinə və subyektlərin tərkibinə görə inzibati mübahisə olmaqla bu mübahisəyə yalnız inzibati məhkəmə icraatı qaydasında inzibatiiqtisadi məhkəmədə baxıla bilər. Kollegiya xüsusilə onu da nəzərə alır ki, təkrar apellyasiya baxışı zamanı kollegiyanın şifahi sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, sabiq polis əməkdaşı Bəkirov X1 rayon polis idarəsinin (indiki Xəzər RPİ) əlahiddə polis bölüyünün manqa komandiri vəzifəsindən xx.xx.2016-cı il tarixindən «öz arzusu ilə» daxili işlər orqanlarında xidmətdən xaric olunub. Daxili işlər orqanlarından tərxis olunduğu tarixə pensiyanın təyini üçün xidmət müddəti təqvimi hesablama ilə 27 il, 2 ay, 20 gün, imtiyazlı hesablama ilə 33 il, 2 ay, 7 gun təşkil etmişdir. İşlədiyi dövrdə Ərizəçi Cilov adasına xidmətə həqiqətən ezam olunması ilə bağlı heç bir əmrin olmadığını və şəxsi vərəqəsində bununla bağlı hər-hansı bir qeydiyyatın aparılmadığını nəzərə alaraq, ona məsafəyə görə vəzifə maaşının 65%-i miqdarındaəlavənin hesablanması mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə inzibati mübahisənin xüsusiyyətinə görə bu mübahisələrdən yaranan tələblər yalnız inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələrdə baxılmalıdır. Xüsusilə nəzərə alınmalıdır ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə qanunla dəqiq müəyyən edilmişdir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarana, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi qeyri-mümkün ola bilər. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır, eyni zamanda, məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə görə iş məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Kollegiya hesab edir ki, əgər ümumi məhkəməyə daxil olmuş ərizə müvafiq mübahisəyə ixtisaslaşdırılmış məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin ərizə (iddia) Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinin təsir dairəsinə düşür. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən isə, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 391, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayətiqismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-10221/2016 saylı, xx xxxxxxx 2016cı il tarixli qətnaməsi ləğv edilsin və Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Ərizəçiyə izah olunsun ki, o, müvafiq iddia tələbi ilə inzibati məhkəməyə müraciət etmək hüququna sahibdir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar