Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6984/2021 21.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2(010)-4130/2020 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, gəlin köçdüyü ünvan 1 ünvanında yerləşən yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan evə gəlin köçmüşdür, hazırda cehiz əşyaları da oradadır. Lakin boşanmaq barədə ərizə verdikdən sonran nikahları hələ məhkəmə qaydasında pozulmasa belə, cavabdehlər onu evdən çıxarmış, orada yaşamağa icazə verməmişlər. Sözügedən ev xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmədiyindən cavabdehlərlə bərabər onun da evdən istifadə etmək hüququ var. Belə olan halda, cavabdehlərin həmin evdə yaşamasına maneçilik yaratmaları qanunsuzdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2(010)- 4130/2020 saylı qətnaməsi ilə (hakim Anar Qasımov) iddia təmin edilmişdir. Cavabdehlər, birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddiaçını evdən qovmamaları, onun öz iradəsi əsasında evdən çıxması, hazırda onlarla birlikdə yaşaması, ona görə də yaşadığı mənzilə köçürülməsinin məntiqsiz olması və s. kimi əsaslandırmışlar. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etmiş və suallara cavab olaraq bildirmişdir ki, iddiaçı 2006-ci ildən hal-hazıradək sözügedən evdə yaşayır. Aralarında müxtəlif vaxtlarda münaqişələr olmuş, lakin iddiaçı heç vaxt uzun müddət başqa yerdə qalmamışdır. Anasıgil çox yaxında qaldığından bəzən bir neçə gün orada qalıb. Apellyasiya şikayətində evə dair sənədlərin olmasını qeyd etsələr də məhkəmə kollegiyasına hər hansı sənəd təqdim edə bilmirlər. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, eyni zamanda bildirmişdir ki, aralarında müəyyən münaqişələr olmuş, cavabdehlər onu evə buraxmamışlar. Evdən məhkəmədən təxminən bir il qabaq çıxmış və həmin vaxt anasıgildə qalmışdır. Birinci instnasiya məhkəməsinin qətnaməsi çıxdıqdan sonra isə əlində əsas olduğu üçün evə qayıda bilmişdir. Odur ki, göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin mübahisəsiz hallarına görə, mübahisə predmet olan ünvan 1 ünvanında yerləşən yaşayış evi xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmalkın dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçı, 2006-cı ildə Cavabdeh2lə nikaha daxil olaraq, cavabdehlərə məxsus həmin evə gəlin köçmüş və 02.12.2012-ci il tarixdə Həmid və İlahə adlı uşaqları doğulmuşdur. Sonradan tərəflərin ailə münasibətləri pozulmuş və iddiaçı nikahın pozulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Mübahisəli hal isə ondan ibarətdir ki, iddiaçı Cavabdeh2a qarşı nikahın pzoulması barədə iddia ilə müraciət etdikdən sonra, cavabdehlərin onu uzun müddət yaşadığı evdən qovduqlarını, buna görə də anasıgildə qalmağa məcbur olduğunu bildirərək, həmin evə köçürülməsini tələb edir. Cavabdehlər isə, iddiaya etiraz edərək, iddiaçını evdən qovmadıqlarını, öz iradəsi ilə getdiyini (eyni zamanda, evi heç vaxt tərk etmədiyini), hazırda onlarla birlikdə yaşadığını bildirirlər. Birinci instansiya məhkəməsi, iddianı təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı mübahisəli evin özbaşına tikili statusuna malik olmasına baxmayaraq, həmin evə gəlin köçməklə uzun müddət orada yaşayaraq cavabdehlərlə birgə təsərrüfat apardığından onun evə köçürülmə barədə iddiası əsaslıdır. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsində göstərilir ki, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. «İnsan hüquqları haqqında» Ümumi Bəyənnamənin 13-cü maddəsinə görə, hər bir şəxs hər bir ölkə hüdudunda sərbəst hərəkət etmək və yaşayış yeri seçmək hüququna malikdir. «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən, hər hansı bir ölkənin ərazisində qanuni surətdə olan hər kəsin həmin ölkənin hüdudlarında sərbəst şəkildə yerdəyişmək və yaşayış yeri seçmək hüquq var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.3-cü maddəsinə əsasən, əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində təsbit edilmişdir ki, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Hazırki iş üzrə müəyyən olunmalı olan əhəmiyyətli hal - iddiaçının mübahisəli yaşayış sahəsinə köçərək uzun zaman ərzində oradan yaşayış sahəsi kimi istifadə etməsi, beləliklə kifayət qədər davamlı əlaqələrinin mövcudluğudur. İddiaçının tələbi mübahisəli yaşayış sahəsinə hər hansı əmlak (əşya) hüquqlarının tanınması deyil, məhrum edildikləri yaşayış yerinə köçürülməsindən ibarətdir. Yaşayış sahəsi xüsusi mülkiyyətdə olmadan da, şəxslərin faktiki istifadəsində və sahibliyində ola bilər. Bu hal, həmçinin Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsi üzrə Avropa Məhkəməsinin president təcrübəsindən irəli gəlir. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi «Gillounun işi»nə dair qərarında göstərmişdir ki, həmin işdə ərizəçilər evlərində 1958-ci ildə məskunlaşmış, işləmək üçün xaricə getməzdən əvvəl orada iki il yaşamış və evdə olmadıqları müddətdə mebellərini evdə saxlamışlar. Xaricdə olarkən onlar Birləşmiş Krallığa qayıtdıqdan sonra həmin evdə yaşayacaqları barədə niyyətlərini ifadə etmişdilər. Sonralar 1979-cu ildə geriyə qayıtdıqdan sonra onlar yenidən həmin evdə məskunlaşmış və onların Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarına müdaxilə baş verənə qədər bir neçə ay orada yaşamışdılar. Məhkəmə müəyyən etmişdir ki, həmin işdə ərizəçilər sözügedən evdə özlərinə «mənzil» qurmuşdular və onların həmin mənzillə kifayət qədər davamlı əlaqələri vardır (Bax: Valentina Akimova Azərbaycana qarşı 1985/03 saylı ərizənin qəbul edilənliyinə dair Avropa İnsan Hüquqları Məhkəməsinin 12.01.2006-cı il tarixli qərarı, 3-cü bənd, 3 və 4-cü abzaslar). Baxılan işdə mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Cavabdehlər apellyasiya şikayətində yaşayış sahəsinə dair müəyyən sənədlərin olmasını göstərsələr də, məhkəməyə bununla bağlı hər hansı təsdiqedci sənəd təqdim edə bilməmişlər. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı 2006-cı ildən mübahisəli yaşayış sahəsinə köçərək orada yaşamağa başladığından və ev xüsusi mülkiyyətdə olmadığından mübahisə qanunun analogiyası üzrə bu və ya digər şəxsin istifadəsində olan yaşayış sahəsinə köçürülməni təmin edən normaları özündə əks etdirən 01 oktyabr 2009-cu ilə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarına uyğun olaraq araşdırılmalıdır. Həmin Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə görə, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. İşin müəyyən edilmiş hallarından görünür ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində hansısa şəxsin adına qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər kimi mövcuddur və mənzil ehtiyacını qarşılayan tikilidir. Evdən çıxarılmış iddiaçının mənzil şəraitində yaşama ehtiyacını təmin edəcək başqa yaşayış sahəsi isə mövcud deyil. Cavabdehlər mübahisəli evdə yaşayaraq ondan bir iqtisadi dəyər kimi yararlandığına görə, bərabərlik prinsipinə uyğun olaraq iddiaçı da eyni imkana, yəni həmin evdə yaşamaq hüququna malik olmalıdır. Başqa sözlə, iddiaçının faktiki vəziyyətə uyğun olaraq, evdən cavabdehlərlə birlikdə yararlanmaq, yəni orada yaşamaq hüququ vardır. Əks yanaşma, bərabərlik prinisipinin pozulması, yəni evə münasibətdə eyni hüquqi vəziyyətdə olan şəxslərə fəqli münasibət göstərilməsi ilə nəticələnə bilər. Kollegiya, bu qənaətə gələrkən, onu da vurğulayır ki, iddiaçının birinci instansiya məhkəməsinin qətnaməsi çıxarıldıqdan sonra sözügedən evdə yaşamağa başlaması, işin halları baxımından iddianın rədd olunması üçün əsas ola bilməz. Ona görə ki, tərəflər arasındakı hazırkı münasibətlər münaqişəli olduğundan bu əsasla iddianın rədd olunduğu halda, sonradan yaranmış münaqişələr nəticəsində iddiaçının evdən çıxarılması və bu halda yenidən eyni iddia ilə müraciət etməsi ehtimalı açıq qalmış olur ki, bu da həm ədalət mühakiməsinin səmərəliliyi, həm də hüquqi müəyyənlik prinsipinin təmin olunması baxımından doğru yanaşma hesab edilə bilməz. Eyni zamanda, qeyd olunmalıdır ki, Cavabdeh2 məhkəmə iclasında iddiaçının mübahisə predmeti olan evi heç vaxt tərk etmədiyini bildirsə də, məhkəmə kollegiyası onun izahatını səmimi hesab etmir. Belə ki, hər iki cavabdeh birinci instansiya məhkəməsində verdikləri izahatlarında, eyni zamanda apellyasiya şikayətlərində tamamilə əks dəlil ortaya qoyaraq, iddiaçını evdən qovmadıqlarını, onun öz iradəsi ilə getdiyini bildirməklə, ziddiyyətli mövqelər irəli sürmüşlər. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə qətnamənin ləğvi üçün əsas ola bilməz. Bu səbəbdən də, şikayət təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmaldıır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “evə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2(010)-4130/2020 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2(010)-4130/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6984/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6984/2021
21.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver