Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6986/2025 06.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Nizami Rayon Məhkəməsinin 2(007)-1215/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 tərəfindən verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:
1. İddiaçı “REA MMC” cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “mənzillərin sökülməsi, cavabdehlərə mənzil təhvil verilənədək kirayə haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 12 saylı evin 4 saylı mənzilinə, Cavabdeh2 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 12 saylı evin 6 saylı mənzilinə, Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 12 saylı evin 12 saylı mənzilinə və Cavabdeh4 Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 12 saylı evin zirzəmisindəki 47.20 kv metr sahəsi olan qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının 02 il müddətinə məhdudlaşdırılması; həmin mənzillərin və qeyri-yaşayış sahəsinin sökülməsi, Nazirlər Kabinetinin qərarına uyğun olaraq, həmin binanın yerində tikiləcək yeni yüksək mərtəbəli, müasir yaşayış binasında kompensasiya qismində Cavabdeh1 - 10-cu binada, 12-ci mərtəbə, 2 otaqlı, tam təmirli, sahəsi 70.94 kv metr olan 63 saylı mənzilin verilməsi və həmin mənzil təhvil verilənədək ona 600 (altı yüz) manat kirayə haqqının ödənilməsi; Cavabdeh2 - 10-cu binada, 5-ci mərtəbə, 2 otaqlı, tam təmirli, sahəsi 76,47 kv metr olan 21 saylı mənzilin verilməsi və həmin mənzil təhvil verilənədək ona 600 (altı yüz) manat kirayə haqqının ödənilməsi; Cavabdeh3 - 10-cu binada, 13-cü mərtəbə, 2 otaqlı, tam təmirli, sahəsi 70,94 kv metr olan 69 saylı mənzilin verilməsi və həmin mənzil təhvil verilənədək ona 600 (altı yüz) manat kirayə haqqının ödənilməsinə; Cavabdeh4-10-cu binanın zirzəmisində, sahəsi 57 kv.metr olan qeyri-yaşayış sahəsinin verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Nizami Rayon Məhkəməsinin 2(007)-1215/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə ekspertiza təyin edilmiş, mülki iş üzrə icraat ekspertin rəyi Nizami Rayon Məhkəməsinə təqdim edilənədək dayandırılmışdır.
3. Həmin qərardaddan cavabdehlərin verdiyi şikayət Məhkəmənin eyni nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün mülki ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.
6. Məhkəmə kollegiyası (bundan sonra – Məhkəmə) mülki işin materiallarını nəzərdən keçirib, şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayətlər təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
7. Belə ki, MPM-in 255.0-cı maddəsinə görə məhkəmə işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə aşağıdakı hallarda iş üzrə icraatı dayandıra bilər: ...255.0.5. məhkəmə tərəfindən ekspertiza təyin olunduqda;
8. Göründüyü kimi, prosessual qanuna görə ekspertiza təyin edilən iş üzrə məhkəmə tərəfindən icraatın dayandırılması mümkündür.
9. Cavabdehlər şikayətlərində ekspertizanın keçirilməsinə və mənzillərinə baxış keçirilməsinə razı olmadıqlarını qeyd etmişlər.
10. Məhkəmə bununla bağlı qeyd edir ki, rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadının yalnız icraatın dayandırılması hissəsi mübahisələndirilə bilər. Ekspertizanın təyin olunması hissəsindən isə şikayət verilməsi nəzərdə tutulmamışdır.
11. Bundan başqa, şikayətlərdən məlum olur ki, cavabdehlər daha çox iş üzrə icraatın dayandırılmasının əsaslarından narazıdır, halbuki işin hallarından bəlli olur ki, həmin iş üzrə ekspertizanın təyin edilməsi zəruri olmuşdur. Belə olan halda isə müəyyən olunur ki, rayon məhkəməsinin ekspertiza təyin etməsi və müvafiq olaraq da bununla əlaqədar mülki iş üzrə icraatı dayandırması MPM-in tələblərinə uyğun olmuşdur.
12. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi icraatı dayandırmaqda haqlı olmuş, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır:
14. 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək;
15. 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək;
16. 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
17. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
18. Beləliklə müəyyən olunur ki, prosessual qanunvericiliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
19. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
qərara aldı: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 tərəfindən verilmiş şikayətlər təmin edilməsin. Nizami Rayon Məhkəməsinin 2(007)-1215/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə hazırkı qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.