Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6987/2022 24.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2967/2022 saylı, 23 avqust 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-220/2021 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli SF/280-19 nömrəli kredit müqaviləsinə əsasən 35.565,50 manat əsas, 1.975,86 manat faiz borcu olmaqla, cəmi 37.541,36 manat və 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması, tutmanın cavabdeh "xxxx" MMC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, 2-ci mk/rn-da yerləşən 15/21A saylı evin 3 saylı mənzilinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsi, mənzilin ilkin satış qiymətinin 65000(altmış beş min) manat müəyyən edilməsi qət edilmişdir.
2. Həmin icra vərəqəsi əsasında Sumqayıt şəhər İcra İdarəsinin sifarişi ilə Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 15/21A, 3 saylı mənzil "xxxx" MMC tərəfindən hərraca çıxarılmışdır. Birinci hərracın keçirilməsi ilə bağlı tərəflərə xx.xx.2022-ci il tarixdə, ikinci hərracın keçirilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə bildiriş göndərilmiş, xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə bu barədə “Market” qəzetində elan yerləşdirilmişdir.
3. “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” xx.xx.2022-ci il tarixli 050/22 saylı protokolla Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)- 220/2021 saylı icra vərəqəsinə əsasən "xxxx" MMC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 15/21A, 3 saylı mənzil Sumqayıt şəhər İcra İdarəsinin sifarişi əsasında hərraca çıxarılmış, hərrac baş tutmadığına görə ipoteka saxlayan "xxxx" ASC əmlakı 41437,50 manata almışdır.
4. "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 15/21A, 3 saylı mənzil 41437,50 manata "xxxx" ASC-yə satılmışdır.
5. Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 15/21A, 3 saylı mənzil xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın Dövlət reyestrində mülkiyyət hüququ əsasında"xxxx" ASCnin adına qeydiyyatdan keçmişdir.
Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (məhkəmə tərəfindən "xxxx" ASC müstəqil tələb irəli sürməyən üçün şəxs qismində cəlb edilib) hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müəraciət edərək, “Bakı Hərrac Mərkəzi“ MMC-nin Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 15/21A, 3 saylı mənzilinin əldə edilməsi üzrə hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Tələbdə göstərilir ki, hərracın keçirilmə yeri və vaxtı barədə ümumiyyətlə məlumatlandırılmamış və hazırda buna dair heç bir sübut mövcud deyildir. Hərrac təşkilatı tərəfindən hərrac keçirilən zaman “İpoteka haqqında” qanunun 42.1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, hərracın keçirilməsi ilə bağlı bildiriş onun ünvanına göndərilməmişdir. Həmin bildirişlərdən məlumatlı olmadığından hərracda iştirak edə bilməmiş və nəticədə “İpoteka haqqında” Qanunun 42.3-cü maddəsində nəzərdə tutulmuş iştirak hüququndan məhrum olmuşdur. Bundan əlavə hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi ilə bağlı özünün rəsmi internet saytında elan verməmişdir. Belə ki, hazırda hərracı keçirmiş hərrac təşkilatının özünün internet səhifəsi mövcud olmamışdır. Qeyd edilən hallar bir daha sübut edir ki, faktiki olaraq həmin bildirişlər formal olaraq tərtib edilmiş, əslində aidiyyəti üzrə və vaxtında göndərilməmiş, qanunvericliyin tələbləri hərrac təşkilatı tərəfindən pozulmuşdur. Nəzərə alınsa ki, ikinci hərrac xx.xx.2022-ci il tarixində keçirilib və buna dair bildiriş yalnız xx.xx.2022-cı il tarixində tərtib edilmişdir. Bu zaman hərrac təşkilatı iki halda qaydanı pozmuş olur: a) İpoteka haqqında Qanunun 42.1-ci maddəsinində nəzərə tutulmuş “hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir” normanı, b) eyni zamanda həmin maddənin ikinci cümləsində nəzərdə tutulmuş “Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir” normasını.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2967/2022 saylı, 23 avqust 2022-ci il tarixli qətnaməsi (hakim Ayaz Məmmədov) ilə iddia tələbi təmin edilməmiş və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir.
9. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərib ki, İddiaçı hərracın yekunları barədə protokolun etibarsızlığı tələbi ilə məhkəməyə müraciət etmişdir. Bununla yanaşı, müdafiə etdiyi tələbi əsaslandırmamış, bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Habelə, iddiaçının gətirdiyi “dəlillər” məhkəmə üçün inandırıcı gəlmir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
11. İddiaçı apellyasiya şikayətini bununla əsaslandırmışdır ki, mübahisəli yaşayış evinin ilkin satış qiyməti 65.000 (altmış beş min) manat məbləğində müəyyən edilmiş və buna müvafiq olaraq hərrac təşkilatçısı kimi "xxxx" MMC tərəfindən əvvəlcə xx.xx.2022-ci il tarixdə birinci hərrac keçirilmiş, daha sonra "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə ikinici hərrac keçirilmişdir. Göründüyü kimi, hərrac təşkilatçısı hərracın keçirilməsi haqqında məlumatı lazımi qaydada çatdırmadığı üçün ilkin hərracın baş tutmamasına səbəb olan hallar da mövcud olmamışdır. Yəni, təkrar hərracın keçirilməsi qanunsuz olaraq baş tutmuşdur. Ümumiyyətlə, təkrar hərracın keçirilməsi qanunvericiliyin tələblərinə zidd olaraq baş tutduğu üçün onun nəticələri etibarsız hesab edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
12. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və cavabdeh "xxxx" MMC-nin nümayəndəsi, eləcə də mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı elektron kabinet vasitəsilə məhkəməyə təqdim etdiyi ərizəsində hazırki məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, lakin üzrlü səbəb barədə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh və üçüncü şəxsin nümayəndələri isə məhkəmə iclasında iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməyiblər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə işdə iştirak edən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 416. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfındən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
14. “İpoteka Haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
15. F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına istinadən qeyd edir ki, Azərbaycan Respublikasınn Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyriməhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
17. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
18. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
19. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
21. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
22. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
23. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
24. Hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada ipoteka qoyan olmasa da iddiaçının yaşadığı ünvana bildiriş göndərilmiş və 09 fevral 2022-ci il tarixdə həmin ünvanda sonuncunun atası tərəfindən həmin bildiriş xəbərnaməli qəbzə imza edilməklə alınmış, eləcə də ipoteka qoyan MMC-yə də həmin bildiriş göndərilmişdir(bax.i.v.27). İddiaçı ipoteka qoyan olmasa da onun həmin bildirişi şəxsən almaması da keçirilmiş hərracdan məlumatsız olması anlamına gəlmir və hərracın etibarsızlığı üçün əsas ola bilməz. Çünki, Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında da vurğulanmışdır ki, ...bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Ona görə mənzilin hərracın nəticəsi olaraq bankın mülkiyyətinə keçməsi iddiaçının hüququna və mənafeyinə zidd hesab edilə bilməz. İddiaçının "Market" qəzetinin mövcudluğundan xəbəri olmaması, oradakı məlumatları və elanları görə bilməməsi də da iddianın əsaslı olmasına dəlalət etmir.
25. Qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, həmçinin müəyyən müddət daxilində göndərilməsini müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış ipoteka qoyana, o cümlədən hazırki iş üzrə ipoteka qoyan olmasa da iddiaçıya müəyyən müddət verməklə, məhz özü tərəfındən ipoteka predmetinin alınmasına şərait yaradır, başqa sözlə, bu şəxslərə əlavə olaraq daha bir şans verilir. Hərraca çıxarılmış mənzilin qiyməti təkrar hərracda az göstərilsə belə, iddiaçının həqiqətən də həmin mənzili almaq niyyəti olsa idi, hərracda iştirak edə, eləcə də həmin əmlakı hərracdan ucuz qiymətə ala və sonradan baha qiymətə də sata bilərdi. Lakin iddiaçının hərracdan məlumatı olmasına baxmayaraq, əslində onun bu prosesləri süni surətdə uzatması hərracın keçirilməsinin nəticələrinə mane olmaq istəyinə dəlalət edir. Bu cür hallar isə ipoteka saxlayanın da mənafeyinə zərər vurmaqla yanaşı, icra sənədinin uzun müddət ərzində tam icra olunmamasına da səbəb olur.
26. Şikayətin dəlilləri həm də ona görə formal hesab edilir ki, iddiaçı şikayətində hərracın keçirildiyi tarixləri də düzgün göstərməmiş, eləcə də “İpoteka haqqında” Qanunun qüvvədə olmayan 42.1-ci maddəsinin mətninə istinad etmişdir. Bu hallar isə şikayətin əsaslı olmasını açıq-aşkar istisna edir.
27. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2967/2022 saylı, 23 avqust 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2967/2022 saylı, 23 avqust 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.