Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6988/2020 15.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, Əliyeva Aytən Rafayel qızının katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkil X8 oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2206/20 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilərək, cavabdeh İddiaçı azyaşlı uşaqları - X1 və X3 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, azyaşlı uşaqları - X1 və X3 ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehin oğlu X4 xx.xx.2013-cü il tarixdə ailə quraraq xx.xx.2014-cü cü il tarixdə rəsmi nikaha daxil olmuşlar və onların birgə nikahlarından iki övladları–xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2016-cı təvəllüdlü X3 doğulmuşdur. İddiaçı nikaha daxil olduqdan sonra yaşayış evinə gəlin köçmüş, cehiz əşyalarını həmin yaşayış evinə gətirmiş və hazırda da iddiaçının cehiz əşyaları oradadır. İddiaçının azyaşlı uşaqları doğulduqları tarixdən xx.xx.2016-cı il tarixədək Bakı şəhəri, Xocalı prospekti 35 ünvanında yerləşən 2 saylı Uşaq Poliklinikasında sahə həkiminin qeydiyyatında olmuşlar. İddiaçının keçmiş əri hərbiçi olmuş, onlar bir müddət yaşayış evində cavabdehlə birlikdə yaşadıqdan sonra, ərinin peşəsi ilə bağlı olaraq azyaşlı uşaqları ilə birlikdə başqa yerdə yaşamışlar. Həyat yoldaşı hərbiçi olmuşdur, aprel döyüşlərində iştirak etmişdir və o, xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Hal-hazıradək heç kimin yaşayış evinə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə dair 1962-ci ilin sentyabr ayında tərtib edilmiş pasportda yaşayış evinin sahibi kimi X2 adı göstərilmiş, cavabdehin isə yaşayış evinə istifadə hüququ Bakı şəhər Xətai Ryon Məhkəməsinin xx.xx.2001-ci il tarixli qətnaməsi ilə tanınmışdır. Hazırda iki azyaşlı uşaqları ilə birlikdə atasının yaşadığı ünvanda, Saray qəsəbəsində yaşayırlar. Cavabdeh onları yaşayış evinə buraxmır. Yaşayış sahəsi özbaşına tikilidir. Onlar həmin evdə yaşamış və birgə təsərrüfat aparmışlar. Bütün cehiz əşyaları və geyim əşyaları hazırda həmin evdədir.Göstərilənlərə əsasən iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada təmin olunmuşdur. Qətnamədən Cavabdehapellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə qətnaməni qəbul edilərkən işi tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki halları nəzərə alınmamışdır, maddi və prosessual hüquq normaları pozulmuşdur. Bu və digər əsasları gətirərək, cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti qəbul etməyərək təmin olunmamasını, iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edən iddiaçının və onun səlahiyyətli nümayəndəsinin izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin hallarından görünür ki,iddiaçı cavabdehin oğlu ilə nikaha daxil olaraq yaşayış evinə gəlin köçüb, bir müddət ərzində azyaşlı uşaqları ilə birlikdə yaşayış evində yaşayıb, iddiaçıya məxsus cehiz əşyaları həmin yaşayış evinə gətirilib və hazırda da orada olması işin mübahisəsiz hallarıdır. İddiaçının mübahisəli yaşayış evində yaşaması faktı iş materiallarında olan digər sübutlarla da öz təsdiqini tapır. Belə ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.2019-cu il tarixli, 313 saylı əmrindən (nizami hissə üzrə) çıxarışda iddiaçının yaşayış yerinin Bakı şəhəri, Xətai rayonu, S.Əhmədov küçəsi, ev 12 olduğu qeyd edilmişdir. Bundan başqa, Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 2 saylı Uşaq Poliklinikasının xx.xx.2020-ci il tarixli, 47 saylı arayışında qeyd edilmişdir ki, iddiaçının azyaşlı uşaqları, X1 xx.xx.2014-cü il tarixdən, X3 isə xx.xx.2016-cı il tarixdən sahə həkiminin qeydiyyatında olmuş və xx.xx.2016-cı il tarixdə qeydiyyatdan çıxmışlar. Göründüyü kimi cavabdeh yazılı etirazında iddiaçının yaşayış evinə gəlin köçməsini, gəlin köçdükdən sonra 1-2 ay müddətində həmin evdə yaşadığını və ona məxsus cehiz əşyalarının hazırda orada olmasını bildirmişdir. Həmçinin, cavabdeh etirazda iddiaçının yaşayış evinə gəlibgetməsinə etiraz etmədiyini qeyd etmişdir. İşin mübahisəsiz hallarından da görünür ki, iddiaçı mübahisəli yaşayış evində yaşamış, hətta gəlin köçərkən özünə məxsus cehiz əşyalarını da həmin evə gətirmiş və cehiz əşyaları da hazırda orada qalmaqdadır. Həmçinin, onun keçmiş əri X4 cavabdehin övladı olaraq həmin yaşayış evində yaşamışdır. Uşaqların doğulduğu yer Sumqayıt şəhəri göstərilsə də, doğum haqqında şəhadətnamə 2 saylı Bakı “ASAN” Xidməti Qeydiyyat şöbəsi tərəfindən verilmişdir. Həmçinin, uşaqlar doğulduqları gündən xx.xx.2016-cı il taixədək yaşadıqları ərazi üzrə sahə həkiminin qeydiyyatında olmuşlar. Bütün bunlar isə, iddiaçının özünün və uşaqlarının mənzil ehtiyaclarının ödənilməsi üçün mübahisəli yaşayış evində yaşayaraq istifadə etməsini, özünə məxsus cehiz əşyalarını da hazırda orada saxlamaqla, yaşayış evi ilə bağlılığını kəsməməsini göstərir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 8-ci maddəsində hər kəsin öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malik olması təsbit edilmişdir Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1.1-ci maddsində qeyd edilir ki, mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Məhkəmə kollegiyası qeyd edir ki,iddiaçı azyaşlı uşaqları ilə birlikdə özlərinin yaşayış sahəsinə olan ehtiyaclarını təmin etmək məqsədilə mübahisəli yaşayış evində yaşamışlar. Mənzil Məcəlləsində yaşayış sahəsinə verilən anlayışda da onun vətəndaşların daimi yaşaması və müəyyən edilmiş sanitariya, texniki norma və qaydalara cavab verən ayrıca sahə olması kimi xüsusiyyətləri qeyd edilmişdir. Mübahisəli yaşayış evi hazırda heç kəsin mülkiyyətində deyil. Cavabdehin isə istifadə hüququ məhkəmə qərarı əsasında tanınmışdır. Kollegiya işə baxan birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, iddiaçı da, yaşayış evi ilə əlaqədar yuxarıda qeyd edilən bağlılıqları nəzərə alınmaqla, ondan istifadə etməkdə və azyaşlı uşaqları ilə birlikdə orada yaşamaqda haqlıdır. İddiaçının keçmiş ərinin peşəsi ilə əlaqədar olaraq müvəqqəti olaraq başqa yaşayış yerində yaşaması onun daimi yaşamaq niyyəti ilə yaşadığı evdə olan hüquqlarının itirilməsinə səbəb ola bilməz. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəliləri qətnamənin ləğvi üçün əsaslar vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin hazırkı iş üzrə olan xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6988/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6988/2020
15.10.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver