Məhkəmə qərarları › İş №2(103)-6988/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6988/2025

04.02.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6988/2025 04.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh “SKY CATERİNG” filialına qarşı mülki iş üzrə (Açar sözlər: işə bərpa) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh “SKY CATERİNG” filialına qarşı “işə bərpa və.s” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 noyabr 2025-ci il tarixli, 2(003)- 3875/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İŞİN HALLARİ

1. İddiaçı Cavabdeh MMC-nin «SKY CATERİNG» filialına qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, 4 il 2 ay müddətində ASG Business Aviation" MMC-nin "SKY CATERİNG" filialında davamlı olaraq göstərdiyi əmək fəaliyətini nəzərə alaraq əsassız yerə əmək müqaviləsinə verilən xitamın qanunsuz hesab edilməsi barədə, İddiaçı əvvəlki vəzifəsinə ASG Business Aviation" MMC-nin "SKY CATERİNG" filial istehsalat şöbəsinə böyük aşpaz vəzifəsinə bərpa edilməyi barədə, iş yerində ona təhkim edilmiş dolabın açarının yalnız onun ixtiyarında saxlanılması, xx.xx.2025-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi işdən məcburi boş qaldığı dövr üçün orta aylıq əmək haqqınının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı xx.xx.2021 – xx.xx.2025-ci il aralığında ASG Business Aviation" MMC-nin "SKY CATERİNG" filialı istehsalat şöbəsi bölməsində böyük aşpaz vəzifəsində çalışmışdır. Əmək münasibətləri uzun müddətli 4 il 2 ay davam etmişdir. “SKY CATERİNG”də işləyərkən 2022-ci il iyun ayında sürüşgən ayaqqabı geyinilməyə məcbur edildiyi üçün bir dəfə ağır dərəcədə yanmışdır. Hal-hazırda sağ qolaltı, sağ sinə, sağ kürək nahiyəsində çapıq izləri ilə yaşamağa davam edir. Bütün bu hallara baxmayaraq yenidən işinə davam eləmişdir. İş yerində ona əmək funksiyalarını icra etmək üçün bir dolab təhkim olunmuşdur. Sözügedən dolab şirkətin mülkiyyətində olsa da, gündəlik iş prosesində şəxsi əşyalarının saxlanması üçün və əmək münasibətləri çərçivəsində yalnız onun istifadəsinə verilmişdir. Sonradan şirkət rəhbərliyinin tələbi ilə Arif bəy həmin dolabın açarının surətini ondan tələb etdi. Dolabın açarının nüsxəsini vermədi. Bundan sonra onu yuxarı ofisə dəvət edən 2 şəxs Şirkətin hüquqşunası Şəmsi bəy və SƏTƏM üzrə nümayəndəsi Vahab bəy ona bildirdilər ki, əgər dolabın açarının bir nüsxəsini onlara verməsə əmək müqaviləsinə son veriləcək. O, yenidən etiraz edərək bu halın düzgün olmadığını bildirdi. Bildirdi ki, bu hal şəxsi toxunulmazlıq hüququna birbaşa müdaxilə təhlükəsi yaradır. Çünki dolaba onun xəbəri olmadan daxil olunaraq şəxsi əşyalarına qanunsuz əl qoyula bilər. Həmçınin dolaba qanunsuz və təhlükəli əşyalar (kimyəvi maddələr, partlayıcılar, kəsici alətlər) yerləşdirilə bilər. Şəxsi telefonu və ya digər cihazları qanunsuz məqsədlərlə istifadə edilə bilər. Burada “təhlükə” ehtimal yox, real risk xarakteri daşıyır. Çünki açarın surətini versə artıq cavabdeh tərəfindən onun xəbəri olmadan dolabın açılması texniki olaraq mümkündür. Onlara bildirdi ki, isdədikləri vaxt yalnız onun iştirakı ilə hər an onun dolabına baxış keçirə bilərlər. Ofisdəki danışıqlardan təxmini 3 - 4 gün sonra şirkətin hüquqşunası Şəmsi bəy və SƏTƏM üzrə nümayəndəsi Vahab bəy və İnsan Resursları üzrə nümayəndəsi Zaur bəyin iştirakı ilə yenidən 2-ci dəfə yuxarı dəvət olundu. Ona bildirdilər ki, dolabın açarı vermədiyinə görə əmək müqaviləsinə xitam verirlər. Yenidən düşünməyini istədilər, lakin fikri qəti idi. Dolabının açarını verməkdən imtina etdi. Elə həmin vaxt xx.xx.2025-ci il tarixdə ona İddiaçı əmək müqaviləmin xx.xx.2025 tarixdə bitdiyini və müqavilənin bu səbəbdən (dolabın açarını vermədiyim üçün) artırmayacaqları barədə bildiriş təqdim etdilər. Bildirişə qol çəkdi, bir nüsxəsini aldı. Yuxarıda qeyd etdiyi səbəblərlə əlaqəli olaraq xx.xx.2025 tarixdə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin b bəndinə əsasən xitam verilmişdir. Hesab edir ki, bu xitam əmri əsassızdır. Onun davranışı qanunsuz və ya əmək intizamını pozan hərəkət olmayıb, sadəcə olaraq şəxsi toxunulmazlıq hüququmun qorunmasını və həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq, habelə belə şəraitin yaradılmasını tələb etmişdir. Xitamın əsil səbəbi, iş yerində ona təhkim edilmiş dolabının açarını vermədiyi üçün və bu səbəblə şəxsi toxunulmazlıq hüququnun pozulmasına qarşı etirazı olmuşdur ki, bu da əmək hüquqlarının pozulması ilə yanaşı, diskriminasiya əlamətləri daşıyır. Əmək müqaviləsinə xitam verilməsi heç bir real əsas olmadan, yalnız etirazını ifadə etdiyi üçün həyata keçirilib. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə görə hər kəsin şəxsi həyatına, onun sirrinə və toxunulmazlığına qanunsuz müdaxilə qadağandır. İş yerində ona təhkim olunmuş dolab şirkətin mülkiyyətində olsa da, əmək münasibətləri çərçivəsində onun şəxsi istifadəsinə verildiyindən dolbının açarı yalnız onda olmalıdır. Dolabın açarının onun xəbəri olmadan cavabdehdə saxlanılması və istənilən vaxt şirkətin əməkdaşları tərəfindən istifadə oluna bilməsi real müdaxilə təhlükəsi yaradır ki, bu da şəxsi həyatının toxunulmazlığı prinsipinə ziddir. Hazırkı halda həm şəxsi toxunulmazlıq hüququ, həm də əmək hüquqları pozulmuşdur. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “ASG Business Aviation" MMC-nin "SKY CATERİNG" filialında davamlı olaraq göstərdiyi əmək fəaliyətini nəzərə alaraq əsassız yerə əmək müqaviləsinə verilən xitamı qanunsuz hesab edilməsi və əmrin ləğv edilməsi barədə, İddiaçı əvvəlki vəzifəsinə “ASG Business Aviation" MMC-nin "SKY CATERİNG" filialı istehsalat şöbəsinə böyük aşpaz vəzifəsinə bərpa edilməsi barədə, xx.xx.2025-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi işdən məcburi boş qaldığı dövr üçün orta aylıq əmək haqqınının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 noyabr 2025-ci il tarixli, 2(003)- 3875/2025 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir.

3. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanılmış əmək müqaviləsində müqavilənin müddətli bağlanılmasını nəzərdə tutduğundan, müqavilə isə tərəflərin iradə ifadəsinə uyğun olaraq bağlanıldığından, beləliklə də müqavilənin müddətli bağlanılmasına tərəflərin qarşılıqlı razılığının mövcud olması məhkəmə tərəfindən müəyyən edildiyindən, məhkəmə hesab edir ki, həmin əmək müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanılmış, iddiaçı əmək müqaviləsinə imza etməklə onun mahiyyəti və şərtləri ilə razılaşdığını nümayiş etdirmiş bu səbəbdən iddiaçının əmək müqaviləsinin müddətsiz hesab edilməsi barədə tələbi əsaslı hesab edilə bilməz. Həmçinin tərəflər arasında əmək münasibəti 5 ildən az müddətə davam etdiyindən müqavilə müddətsiz əmək müqaviləsi kimi qəbul edilə bilməz. Məhkəmə tərəfindən cavabdeh təşkilatla iddiaçı arasında bağlanılmış əmək müqaviləsinə xitam verilməsi zamanı qanunvericiliyin hər hansı bir tələbinin pozulması aşkar edilmədiyindən, iddiaçının onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh MMC-nin «SKY CATERİNG» filialının xx.xx.2025-ci il tarixli 1387 nömrəli əmrinin qanunsuz hesab edilməsi ilə bağlı gətirdiyi dəlillər əsassızdır.

4. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45, 47, 68, 73-cü maddələrinə istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZİN DƏLİLLƏRİ

5. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 noyabr 2025-ci il tarixli, 2(003)-3875/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəmə prosesində vəsatət qaldıraraq, HİK üzvlüyünə dair onun imzası ilə təsdiqlənmiş ərizənin cavabdeh tərəfindən təqdim edilməsini xahiş etmişdir. Lakin cavabdeh belə bir sənədi təqdim edə bilməmişdir. Çünki iddiaçı tərəfindən HİK-ə üzvlük üçün heç bir müraciət edilməmişdir. Bu hal cavabdehin onun barəsində qərəzli və böhtan xarakterli sənədlər düzəltdiyini açıq şəkildə göstərir. Necə ki, 7 nəfər əsassız olaraq onun HİK-ə üzv olduğunu təsdiqləyiblərsə, eyni qaydada onun barəsində əsassız və qanunsuz aktlar tərtib edilmişdir. Ona dəfələrlə işdən çıxarılma ilə hədə-qorxu gəlməklə bu aktlara imza atmağa məcbur edilməsinə baxmayaraq, onların əsassız və qərəzli olması səbəbindən imza atmaqdan imtina etmişdir. Bundan əlavə, müəssisədə işçilərin dolablarından müəmmalı şəkildə pulların oğurlanması hallarının baş verməsinə baxmayaraq, işəgötürən cavabdeh qurum “ASG Business Aviation" MMC-nin "SKY CATERİNG" filialı yazılı şəkildə maddi məsuliyyəti üzərinə götürdüyünü bildirsə də, praktiki olaraq bu öhdəliyi icra etməmişdir. Hətta 2022-ci ilin iyun ayında yanğından xəsarət almasına baxmayaraq, ona müxtəlif adlar altında yalnız 168,75 manat məbləğində ödəniş həyata keçirilmişdir ki, bu da real zərərin ödənilməsi deyil və işəgötürənin əmək müqaviləsinin şərtlərini pozduğunu təsdiq edir. Bunun nəticəsində işəgötürənə qarşı iddiaçının əsaslı güvənsizliyi yaranmışdır. Dolabında qanunsuz əşyalar, partlayıcı və kimyəvi maddələr yerləşdirilməsi ehtimalı ilə bağlı obyektiv narahatlığı olduğu üçün, ona təhkim edilmiş şəxsi əşyaların saxlanılması üçün nəzərdə tutulan dolabın açarını təhvil verməməkdə tamamilə haqlı olmuşdur. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı etiraz təqdim edilmişdir.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. 7.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

8. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı ilə müddətli əmək müqaviləsi bağlanmış və sonuncu böyük aşbaz vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsi müddətli xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 1 ay müddətinə bağlanmışdır və əmək müqaviləsinə bağlanmış əlavə №1, №2 və №3 ilə şərtlər müəyyənləşdirilmişdir. 9.AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X24 Xidmətinə ünvanvanlanmış izahatın sürətindən görünür ki, İddiaçı işlədiyi Cavabdeh MMC-nin «SKY CATERİNG» filialının direktoru tərəfindən ona hədə-qorxu gəlindiyini, ondan şəxsi dolabının açarının nüsxəsinin istənildiyini bildirmişdir. 10.Cavabdeh MMC-nin «SKY CATERİNG» filialının xx.xx.2025-ci il tarixli 1387 nömrəli əmrindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. 11.İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC-nin «SKY CATERİNG» filialı arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə, yəni əmək müqaviləsi müddətinin bitməsi ilə əlaqədar xitam verilmişdir. Bildiriş xx.xx.2025-ci il tarixdə imzalanmışdır. 12.Cavabdeh MMC-nin “SKY CATERİNG” filialı üçün X15nın 2.3-cü maddəsində və personalın aviasiya təhlükəsizliyi üzrə ilkin təlimatda göstərilmişdir ki, Filialda bütün otaqlara, dolablara, qapısı olan bütün giriş yerlərinə fövqəladə vəziyyətlər zamanı girişin əldə olunması üçün ehtiyat açarlar, daim nəzarətdə olan xüsusi otaqlarda saxlanılmalıdır. 13.xx.xx.2025-ci il tarixli aktın sürətindən görünür ki, Cavabdeh MMC-nin “SKY CATERİNG” filialının Əməyin mühafizəsi, texniki təhlükəsizliyi və yanğından mühafizə üzrə mühəndisi X30, Aviasiya təhlükəsizliyi üzrə mütəxəssisi X21, X11, Baş aşpaz X22 bu aktı tərtib etdilər ondan ötrü ki, xx.xx.2025-ci il tarixində Cavabdeh MMC-nin “SKY CATERİNG” filialının İstehsalat şöbəsinin Böyük aşpazı X16 ona ayrılmış dolaba müəssisə tərəfindən təqdim edilmiş kiliddən əlavə olaraq, şəxsi kilid quraşdırdığı məlum olmuşdur. Ona bu kilidi açması və ya kilidin açarının bir nüsxəsinin filialın nəzarət otağına təqdim etməsi bildirilmişdir. Lakin İddiaçı, şifahi xəbərdarlıqlara baxmayaraq göstərişin icrasından boyun qaçırmış və açarın nüsxəsini təqdim etməkdən imtina edərək əməyin mühafizəsi, texniki təhlükəsizliyi, yanğından mühafizəsi ilə bağlı qanunvericiliyin tələblərini, müəssisədaxili qaydaları, o cümlədən X15 və X5 tələblərini kobudcasına pozmuşdur. Hadisənin və törətdiyi əməlin səbəblərinin öyrənilməsi məqsədilə İddiaçı yazılı izahat verməsi tələb edilsə də, bununla bağlı yazılı izahat verməkdən imtina etmişdir. 14.Cavabdeh MMC-nin “SKY CATERİNG” filialının direktoru Rüfət Abdullayevə ünvanlanmış təqrirlərin sürətindən görünür ki, xx.xx.2025-ci il tarixdə İddiaçı müəssisə tərəfindən təqdim edilmiş kiliddən əlavə olaraq, şəxsi kilid quraşdırdığı məlum olmuşdur. Ona bu kilidi açması və ya kilidin açarının bir nüsxəsinin filialın nəzarət otağına təqdim etməkdən imtina etmişdir. 15.xx.xx.2025-ci il tarixli aktın sürətindən görünür ki, Cavabdeh MMC-nin “SKY CATERİNG” filialının İstehsalat şöbəsinin böyük aşpazı İddiaçı tərəfindən mütəmadi surətdə müəssisədaxili qaydaların və təlimatların, habelə iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması halları müşahidə olunmuşdur. Belə ki, İddiaçı dəfələrlə müəssisənin daxili nizam-intizam qaydalarını, sanitariya gigiyena normalarını, yanğın təhlükəsizliyi və aviasiya təhlükəsizliyi tələblərini, habelə əmək müqaviləsi üzrə vəzifə borclarının icrası ilə bağlı istehsalat rəhbərliyinin göstərişlərini pozmuşdur. Pozuntu faktları ilə bağlı izahat verməkdən ardıcıl şəkildə imtina etmiş, bu hərəkətləri ilə əmək intizamının tələblərinə və rəhbərliyin qanuni tapşırıqlarına açıq tabesizlik nümayiş etdirmişdir. İddiaçı iş yerində daxili qayda və təlimatların icrası ilə bağlı xidmət rəhbərlərinin tapşırıqlarına münasibətdə qeyriadekvat, aqressiv davranışlar sərgiləmiş, onun hərəkətlərində qərəzli şəkildə daxili qaydaları pozmağa meyillilik müşahidə olunmuş, bu isə kollektivdə sağlam iş mühitinə xələl gətirmiş və digər işçilərin də qaydalara laqeyd münasibət göstərməsinə şərait yaratmışdır. O, həmçinin iş yerində təhqirə yol vermiş, etik davranış normalarırn pozaraq əməkdaşlar arasında qarşılıqlı hörmət və əməkdaşlıq mühitinə ciddi zərər vurmuşdur. “Yuxarıda sadalanan hallar nəticəsində İddiaçı pozuntuları artıq qarşısı alına bilməyəcək səviyyəyə çatmış, bu isə istehsalat prosesinə, kollektivin intizamına və müəssisədaxili təhlükəsizliyə ciddi təhlükə yaratmışdır. İddiaçı şəxsi davranış və keyfiyyətləri əmək funksiyalarının icrasına uyğun olmadığından və göstərilən pozuntular istehsalatın səmərəli fəaliyyətinə və əmək intizamına” zərər vurduğundan, məsələ ilə bağlı zəruri tədbir görülməsi üçün bu akt tərtib etdilər. 16.xx.xx.2025-ci il tarixli aktın sürətindən görünür ki, ”ASG Business Aviation" MMC-nin ”SKY CATERİNG” filialının Operativ X12, sanitariya və gigiyena şöbəsinin Həkim gigiyenisti X28, Böyük X3, bu aktı tərtib etdik ondan ötrü ki, xx.xx.2025-ci il tarixiridə ”ASG Business Aviation“ MMC-nin ”SKY CATERİNG” filialının“ Karqo” yeməkxanasında yoxlama baxış keçirilən zaman 3.4 kg marinat olunmuş toyuq filesi istifadəyə yararsız şəkildə aşkarlanmışdır. Aşbaz köməkçisi Müzəffər Məmmədovdan verdiyi izahata görə məhsulun marinatda üç gün qalması X38 Sahibin təkidi ilə baş tutub. Baş Aşbazın düzgün olmayan qərarı məhsulu yararsız edib və həkim gigenist Nəcəfov Nicatın tullantı qərarına məhəl qoymayan X39 Sahib məhsulun 1.7 kiloqramını bişirib və satışa göndərib. Digər hissəsi satışdan kənarlaşdırılıb günahkar şəxsdən izahat alınıb və görülmüş əməl barədə günahlı olmasını imzası ilə təsdiq edir. 17.xx.xx.2025-ci il tarixli aktın sürətindən görünür ki, Cavabdeh MMC-nin “SKY CATERİNG” filialının Operativ X13, İnsan resursları və ümumi məsələlər üzrə mütəxəssis X34, Sanitariya və gigiyena şöbəsinin Həkim gigiyenisti X28, Böyük X3, bu aktı tərtib etdik ondan ötrü ki, xx.xx.2025-ci il tarixində Cavabdeh MMC-nin “SKY CATERİNG” Kargo yeməkxanasında yol verdiyi pozuntulara görə barəsində intizam məsuliyyətinə cəlb edilməsi haqqında əmr tərtib olunmuş İddiaçı sözügedən xx.xx.2025-ci il tarixli 65No-li Əmrlə tanış olmaqdan və imzalamaqdan imtina etdi. 18.UŞ №62 saylı xx.xx.2025-ci il tarixli əmrin sürətindən görünür ki, iş prosesində diqqətsizliyə yol verdiyi üçün İddiaçı töhmət verilməklə intizam məsuliyyətinə cəlb olunması, yuxarıda adı qeyd olunan İşçi imzası olmaqla əmrlə tanış edilməsi, Əmr, “ASG Business Aviation" MMC-nin “SKY CATERİNG” filialının bütün şəxsi heyətinin nəzərinə çatdırılması əmr edilmişdir. 19.UŞ №94 saylı xx.xx.2025-ci il tarixli əmrin sürətindən görünür ki, iş prosesində müəssisədaxili sanitariya-gigiyena qaydalarını və daxili intizamı pozduğu üçün İddiaçı töhmət verilməklə intizam məsuliyyətinə cəlb olunması, yuxarıda adı qeyd olunan İşçi imzası olmaqla əmrlə tanış edilməsi, Əmr, “ASG Business Aviation" MMC-nin “SKY CATERİNG” filialının bütün şəxsi heyətinin nəzərinə çatdırılması əmr edilmişdir. 20.29.01 .2023-ci il tarixli aktın sürətindən görünür ki, Cavabdeh MMC-nin “SKY CATERİNG” filialının Karqo yeməxxanasında işləyən Baş X9, Baş X2, Böyük X3, bu aktı tərtib etdik ondan ötrü ki, xx.xx.2025-ci il tarixində Cavabdeh MMC-nin “SKY CATERİNG” filialının Karqo yeməkxanasında Böyük Aşbaz işləyən İddiaçı dəfələrlə mətbəx daxi:ində gigiyenik birdəfəlik papaqlardan istifadə etməyərək mətbəxə daxil olmuş və müəssisənin daxili prosedur qaydalarını kobudcasına pozmuşdur. Bu barədə Baş Aşbaz Şərqiyyə Əsədullayeva İddiaçı gigiyenik birdəfəlik papaqlardan istifadə etməli olduğunu bildirsə də, İddiaçı bu çağırışa məhəl qoymayaraq ictimai qaydaya zidd olan sözlərdən istifadə edib Əsədullayeva Şərqiyyəni alçaltmağa çalışmışdır. Məsələ ilə bağlı ciddi tədbir görülməsi üçün bu Aktı tərtib etdilər. Bu Aktın doğruluğunu öz imzalarımızla təsdiq edirik. 21.xx.xx.2025-ci il tarixli aktın sürətindən görünür ki, Cavabdeh 34MC-nin “SKY CATERİNG” filialının Operativ X13, İnsan resursları və ümumi məsələlər üzrə mütəxəssis X34, Sanitariya və gigiyena şöbəsinin Həkim gigiyenisti X28, Böyük X3, bu aktı tərtib etdik ondan ötrü ki, xx.xx.2025-ci il tarixində Cavabdeh MMC-nin “SKY CATERİNG” Kargo yeməkxanasında yol verdiyi pozuntulara görə barəsində intizam məsuliyyətinə cəlb edilməsi haqqırıda əmr tərtib olunmuş İddiaçı sözügedən xx.xx.2025-ci il tarixli 94 No-li Əmrlə tanış olmaqdan və imzalamaqdan imtina etdi. Aktın doğruluğunu öz imzalarımızla təsdiq edirlər.

22. “Vəzifə təlimatının pozulması ilə əlaqədar təqsirkarın intizam məsuliyyətinə cəlb edilməsi haqqında” UŞ №134 saylı əmrin sürətindən görünür ki, iş prosesində müəssisədaxili sanitariya-gigiyena qaydalarını və daxili intizamı pozduğu üçün İddiaçı töhmət verilməklə intizam məsuliyyətinə cəlb olunması, yuxarıda adı qeyd olunan İşçi imzası olmaqla əmrlə tanış edilməsi, Əmr, “ASG Business Aviation" MMC-nin “SKY CATERİNG” filialının bütün şəxsi heyətinin nəzərinə çatdırılması əmr edilmişdir. 23.xx.xx.2025-ci il tarixli aktın sürətindən görünür ki, Cavabdeh MMC-nin “SKY CATERİNG” filialının Operativ X12, X6 Rifat Rəşidoviç, Böyük X3, bu aktı tərtib etdik ondan ötrü ki, xx.xx.2025-ci il tarixində,qida porsiyalarının kütləsindən 396.5 qram artıq çəkməsi nəticəsində şirkətə dəymiş ziyana görə tərtib olunmuş aktla təqsiri müəyyən olunmuş şəxs olan İddiaçı yazılı izahat verməkdən və həmin aktı imzalamaqdan imtina etdi. 24.“Vəzifə təlimatının pozulması ilə əlaqədar təqsirkarın intizam məsuliyyətinə cəlb edilməsi haqqında” UŞ №188 saylı xx.xx.2025-ci il tarixli əmrin sürətindən görünür ki, iş prosesində müəssisədaxili sanitariya-gigiyena qaydalarını və daxili intizamı pozduğu üçün İddiaçı töhmət verilməklə intizam məsuliyyətinə cəlb olunması, yuxarıda adı qeyd olunan İşçi imzası olmaqla əmrlə tanış edilməsi, Əmr, “ASG Business Aviation" MMC-nin “SKY CATERİNG” filialının bütün şəxsi heyətinin nəzərinə çatdırılması əmr edilmişdir.

25. xx.xx.2025-ci il tarixli aktın sürətindən görünür ki, Cavabdeh MMC-nin “SKY CATERİNG” filialının Operativ X14, Böyük X1, Böyük X3, bu akfı tərtib etdik ondan ötrü ki, baş aşpaz X10, böyük aşpaz İddiaçı barələrində xx.xx.2025-ci il tarixində tərtib olunmuş 188Noli əmrlə tanış olmaqdan və imza etməkdən imtina etmişlər. 26.xx.xx.2025-ci il tarixli aktın sürətindən görünür ki,”ASG Business Aviation” MMC-nin ”SKY CATERİNG” filialının Operativ X12, X6 Rifat Rəşidoviç, Böyük X4, bu aktı tərtib etdik ondan ötrü ki, şirkətdaxili qaydaları pozaraq, mətbəx ərazisində mobil telefon cihazından istifadə etdiyinə görə tərtib olunmuş aktla təqsiri müəyyən olunmuş şəxs olan İddiaçı yazılı izahat verməkdən və həmin aktı imzalamaqdan imtina etdi. 27.“Vəzifə təlimatının pozulması ilə əlaqədar təqsirkarın intizam məsuliyyətinə cəlb edilməsi haqqında” UŞ №251 saylı xx.xx.2024-cü il tarixli əmrin sürətindən görünür ki, iş prosesində müəssisədaxili sanitariya-gigiyena qaydalarını və daxili intizamı pozduğu üçün İddiaçı töhmət verilməklə intizam məsuliyyətinə cəlb olunması, yuxarıda adı qeyd olunan İşçi imzası olmaqla əmrlə tanış edilməsi, Əmr, “ASG Business Aviation" MMC-nin “SKY CATERİNG” filialının bütün şəxsi heyətinin nəzərinə çatdırılması əmr edilmişdir. 28.“Vəzifə təlimatının pozulması ilə əlaqədar təqsirkarın intizam məsuliyyətinə cəlb edilməsi haqqında” UŞ №139 saylı xx.xx.2025-ci il tarixli əmrin sürətindən görünür ki, iş prosesində müəssisədaxili sanitariya-gigiyena qaydalarını və daxili intizamı pozduğu üçün İddiaçı töhmət verilməklə intizam məsuliyyətinə cəlb olunması, yuxarıda adı qeyd olunan İşçi imzası olmaqla əmrlə tanış edilməsi, Əmr, “ASG Business Aviation" MMCnin “SKY CATERİNG” filialının bütün şəxsi heyətinin nəzərinə çatdırılması əmr edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. - 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 30.Məhkəmə kollegiyası qeyd edir ki, iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddianın təmin olunması xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir. 31.Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsini, 35-ci maddəsinin İ-İV hissələrini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsini, 45, 47-ci maddəsinin “f” bəndini, 68-ci maddəsinin 2b bəndini və 73-cü maddəsini nəzərə alaraq qeyd edir ki, İddiaçı xx.xx.2021-ci il tarixində ASG Business Aviation" MMC-nin "SKY CATERİNG" filialı istehsalat şöbəsi bölməsində böyük aşpaz vəzifəsinə işə qəbul edilmiş və tərəflərin qarşılıqlı razılığı əsasında Azərbaycan Respublikası ƏM-nin 47-ci maddəsinə əməl edilməklə onunla bağlanılmış müddətli əmək müqaviləsi xx.xx.2021-ci il tarixədək – 1 ay müddətinə bağlanılmışdır, müqavilənin müddətləri ardıcıl olaraq uzadılmış, lakin xx.xx.2025-ci il tarixdə başa çatmışdır. Həmin əmək münasibətləri 2025-ci ilin avqust ayınadək davam etmiş və həmin vaxtadək tərəflər əmək münasibətlərinə xitam verilməsini bir-birlərindən tələb etməmişlər. Cavabdeh MMC-nin «SKY CATERİNG» filialının xx.xx.2025-ci il tarixli 1387 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin bitməsi ilə əlaqədar xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, rəsmi olaraq xx.xx.2021-ci il tarixində “ASG Business Aviation" MMC-nin "SKY CATERİNG" filial istehsalat şöbəsi bölməsində böyük aşpaz kimi işə başlamışdır. Cari ilin avqust ayında müqaviləsinə müddətin bitməsini əsas gətirərək xitam verilmiş və o, işdən çıxarılmışdır. Buna əsas səbəb isə onun ona verilmiş şəxsi əşyaların saxlanılması üçün dolabın açarının nüsxəsinin verilməsinə etiraz etməsi olmuşdur. Onun işdən azad olunması müqavilənin müddətinin bitməsi əsasında rəsmiləşdirilmişdir ki, bu da qanunsuz və əsassızdır. Bu səbəbdən iddiaçı Cavabdeh MMC-nin «SKY CATERİNG» filialının xx.xx.2025-ci il tarixli 1387 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki vəzifəsinə “ASG Business Aviation" MMC-nin "SKY CATERİNG" filial istehsalat şöbəsinə böyük aşpaz vəzifəsinə bərpa edilməyi barədə, xx.xx.2025-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi işdən məcburi boş qaldığı dövr üçün orta aylıq əmək haqqınının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, əmək hüququ hər kəsin bərabər şəraitdə və heç bir ayrı-seçkilik olmadan öz əmək qabiliyyətini reallaşdıraraq əmək münasibətlərinə girmək imkanıdır. Bu hüququn həyata keçirilməsi hər bir kəsin öz iradəsindən asılı olduğundan, əmək müqaviləsi də heç bir təsir altında olmadan sərbəst qaydada bağlanmalıdır. Əməyin azadlığı prinsipi ilkin olaraq şəxslərin işləyib-işləməməkdə iradə azadlığını, əmək münasibətlərinə daxil olmaqda könüllülüyü ifadə edir. Yəni, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs bu münasibətlərə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bu müddəa Əmək Məcəlləsinin əmək müqavilələrinin sərbəst bağlandığını təsbit edən 42-ci maddəsində də öz əksini tapmışdır. Qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məhz işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququnun olması, həmçinin Əmək Məcəlləsinin preambulasında nəzərdə tutulmuşdur.

33. İş materiallarından müəyyən edilmişdir ki, tərəflər arasında yazılı formada tərtib edilmiş əmək müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Qanunvericilik əmək müqaviləsinin müddətli bağlanmasının hüquqi əsaslarını müəyyən edir. Belə əsaslardan biri 47-ci maddəsinin “f” bəndində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsi bağlana bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğun hesab edilmişdir. Konstitusiya Məhkəməsinin qeyd edilən Plenum Qərarında göstərilmişdir ki, tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci bəndinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinin xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar; d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Göstərilən Məcəllənin 73-ci maddəsinin 1-ci bəndinə əsasən, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 73-cü maddəsi müddətli əmək müqaviləsinə xitam verilmə əsasını müəyyən edir. Qanunvericilik əmək müqaviləsinin xitam verilmə əsaslarının biri kimi əmək müqaviləsinin müddətinin qurtarmasını nəzərdə tutur. Bu əsas üzrə əmək müqaviləsinə xitam verilməsinin 2 şərtin olması zəruridir:

1. əmək müqaviləsinin müddətinin qurtarması;

2. müddətli əmək müqaviləsinin xitam verilməsi barədə tərəflərdən birinin təşəbbüsü. 34.Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış əmək müqaviləsi müddətli olduğundan, cavabdeh təşkilat Qanunun yuxarıda göstərilən tələbləri baxımından əmək müqaviləsinə müddətin keçməsi ilə əlaqadar xitam verilməsi barədə qərar qəbul etməkdə tam haqlı olmuşdur. Həmçinin iş materiallarında olan yanğın təhlükəsizliyi və aviasiya təhlükəsizliyinə dair təlimatların 2.3-cü maddəsində müəssisənin bütün otaqlarının, o cümlədən dolabların ehtiyat açarlarının fövqəladə hallar üçün nəzarət otağında saxlanılması birbaşa tələb edilmişdir. İşəgötürənin qanuni daxili təhlükəsizlik tələblərinin qoyulması və işçidən onların icrasını tələb etməsi Əmək Məcəlləsinin tələblərinə, habelə işçinin vəzifə təlimatına uyğundur. İddiaçının dolaba ikinci şəxsi kilid quraşdırması və ehtiyat açarı təqdim etməkdən imtina etməsi xx.xx.2025-ci il tarixli aktla sənədləşdirilmişdir. Bu tələb işçinin şəxsi toxunulmazlığına müdaxilə məqsədi daşımayıb, müəssisənin təhlükəsizlik qaydalarına uyğun olub. Dolabın şirkətə məxsus olması və istehsalat ərazisində yerləşməsi nəzərə alınmaqla iddiaçının bu məsələ ilə bağlı iradları hüquqi əsas kimi qəbul edilə bilməz. 35.İş materiallarından görünür ki, iddiaçının əmək fəaliyyəti dövründə, gigiyena qaydalarının pozulması, rəhbərliyin qanuni göstərişlərinə tabe olmama, istehsalat prosesində qüsurlara yol verilməsi, telefon istifadəsinə qadağanın pozulması, iş yoldaşları ilə etik davranış qaydalarının pozulması, izahat verməkdən sistemli şəkildə imtina etməsi barədə çoxsaylı aktlar və intizam əmrləri mövcuddur. Məhkəmə bu aktların bir qayda olaraq bir neçə əməkdaş tərəfindən imzalandığını, aktların formal deyil, sənədləşdirilmiş pozuntu faktlarına əsaslandığını, iddiaçının isə onların heç birini rəsmi qaydada təkzib edə bilmədiyini müəyyən etmişdir. İddiaçının intizam tədbirlərinin qərəzli olması barədə iddiaları hər-hansı sübutlarla təsdiqlənməmişdir.

36. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş əmr əmək qanunvericiliyinin tələblərinə uyğun olmuşdur və bu səbəbdən onun ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələblər əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası iddiaçının məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə tələblərinə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçının onun işə qəbul edilməsi barədə əmək müqaviləsinin müddətsiz hesab edilməsi, işə bərpa edilməsi və bağlanılmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi hissəsində iddiasının əsassız olması öz təsdiqini tapdığından, iddia tələbləri bu hissələrdə də əsassızdır və təmin edilməməlidir. 37.Məhkəmə hesab edir ki, əmək müqaviləsinə xitam qanunda nəzərdə tutulan əsasla, yəni müddətin bitməsi üzrə həyata keçirilmişdir, işəgötürənin müqaviləni uzatmaması onun müstəsna hüququdur və bu hüququn həyata keçirilməsi işçinin subyektiv etirazı ilə məhdudlaşdırıla bilməz, müddətli müqavilənin uzadılması hər hansı hüquqi öhdəlik deyil, işəgötürənin sərbəst qərarıdır. Məhkəmə kollegiyası hesab edir ki, işəgötürənin müqaviləni uzatmaması, yəni müddət bitdikdə müqaviləyə xitam verməsi normal və qanuni gözlənti çərçivəsindədir. Belə ki, işçinin avtomatik olaraq müqavilənin uzadılacağına dair qanuni gözlənti (legitimate expectation) adətən yaranmır. Odur ki, hazırki mülki iş üzrə cavabdeh tərəfindən müddətli əmək müqaviləsinin müddətinin başa çatması səbəbindən ona xitam verilməsi iddiaçıya münasibətdə mütənasiblik və ədalətli balans prinsiplərinin pozuntusu kimi qiymətləndirilməməlidir. 38.Beləliklə, Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir. 39.Məhkəmə Kollegiyası apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. 40.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 41.Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 42.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 noyabr 2025-ci il tarixli, 2(003)- 3875/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar