Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-699/2023 18.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsinin ləğvi, müqavilə üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 aprel 2022-ci il tarixli qətnamədən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bankın cavabdehlərə qarşı irəli sürdüyü iddiasına dair mülki işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddia təmin edilməsini, Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, DEN-00004- 01/16A saylı “Kredit müqaviləsinin” ləğv edilməsini, həmin müqavilə üzrə yaranmış borcunun (əsas kredit borcu, faiz borcu və dəbbə) cəmi 146.238,21 manat məbləğində pulun borcalan olan Cavabdeh1 və onun “Kredit müqaviləsi” üzrə Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına zamin durmuş Cavabdeh2 Bankın xeyrinə tutulmasını, tutmanın ipoteka predmetinə - Cavabdeh2 məxsus olan və ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına yönəldilməsini və sair məsələri qət etmişdir. Cavabdeh1 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti vermişdir. İşə Məhkəmə tərəfindən baxılarkən Cavabdeh1 ərizə ilə Məhkəməyə müraciət edərək bildirmişdir ki, onunla Cavabdeh2 və Bank hazırki mülki mübahisəni öz aralarında, məhkəmədən kənar qaydada həll etmiş, barışmışlar. Buna görə də, o, apellyasiya şikayətindən imtina edir. İddiaçı Bank da ərizə ilə Məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh1 ilə aralarında razılıq əldə olunmuşdur. Buna görə də, Bank, işin baxılmamış saxlanılmasını xahiş edir. İş materiallarını və daxil olmuş ərizələri araşdıraraq Məhkəmə hesab edir ki, Cavabdeh1 ərizəsi təmin edilməli, iddiaçı Bankın ərizəsi isə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 369.3-cü maddəsinə görə, məhkəmə MPM-nin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. MPM-nin 191-ci maddəsinin mənasına görə isə tələbin etiraf edilməsi və ya tələbdən imtina icraatın xitam verilməsi üçün kifayət deyil bu imtina və ya etiraf məhkəmə tərəfindən təsdiq və qəbul edilməlidir. Göründüyü kimi MPM-nin 369.3-cü maddəsi apellyasiya şikayətindən imtinanı iddia tələbindən imtinaya, apellyasiya şikayətinin etiraf edilməsini isə iddia tələbinin etiraf edilməsinə bərabər tutur. Belə olan halda, Məhkəmə, MPM-nin “İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi” adlı 52-ci maddəsinə nəzər salmağı vacib bilir və qeyd edir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir (maddə 52.5.). İş materiallarından görünür ki, apellyasiya şikayətindən imtina qanuna zidd deyil. İmtina hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. MPM-nin 369.1-ci maddəsinə görə, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. MPM-nin 369.2-ci maddəsinə görə, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. MPM-nin 369.4-cü maddəsinə görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Cavabdeh1 apellyasiya şikayətindən imtinası yazılı formada ifadə edildiyindən, imtina qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə hesab edir ki, apellyasiya şikayətindən imtina qəbul olunmalı və Cavabdeh1 münasibətdə apellyasiya icraatına xitam verilməlidir. İddiaçı Bankın ərizəsinə gəldikdə isə ərizədən görünür ki, iddiaçı Bank, onunla cavabdehlər arasında mübahisə ilə bağlı razılıq əldə olunduğu bildirir və bu səbəbdən işin baxılmamış saxlanmasını xahiş edir. Bununla bağlı Məhkəmə qeyd edir ki, MPM-də “mülki işin baxılmamış saxlanılması” ilə bağlı prosessual qayda nəzərdə tutulmamışdır. Odur ki, bu səbəbdən Məhkəmə hesab edir ki, “mülki işin baxılmamış saxlanılması barədə” Bankın ərizəsi təmin edilməməlidir. Bu ərizəyə “iddia ərizəsinin baxılmamış saxlanılması barədə” ərizə kimi yanaşdıqda da, müəyyən edilir ki, ərizə təmin oluna bilməz. Çünki MPM-nin 259-cu maddəsində iş üzrə tərəflərin barışması səbəbindən iddia ərizəsinin baxılmamış saxlanılması barədə müddəa yoxdur. Bu baxımdan Məhkəmə hesab edir ki, Bankın ərizəsi əsaslı deyil. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslan və MPM-nin 263, 369 və 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ərizəsi təmin edilməsin. Cavabdeh1 “apellyasiya şikayətindən imtinası barədə” ərizəsi təmin edilsin. Cavabdeh1 hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 13 aprel 2022-ci il tarixli qətnamədən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və hazırki iş üzrə həmin apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-699/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-699/2023
18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver