Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6997/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadəninkatibliyi, İddiaçılar İddiaçı2, İddiaçı1 və onların nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh2 Rüstəm oğlu və Cavabdeh3 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Rüstəm oğlu, Cavabdeh3 və X3 qarşı «yaşayış sahəsindən istifadə hüququnun olmaması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)- 2286/2020 saylı qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Rüstəm oğlu, Cavabdeh3 və X3 qarşı «yaşayış sahəsindən istifadə hüququnun olmaması» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 məhkəmənin həmin qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardad qəbul edərkən qanunvericiliyin tələblərini pozmuşdur. Ona görə də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş mahiyyəti üzrə baxılması üçün təyin edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı2, İddiaçı1 və onların nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh2 Rüstəm oğlu və Cavabdeh3 mübahisənin həllini məhkəmənin mülahizəsinə verdiklərini bildirdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası izahatları dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçılar öz tələblərini cavabdehlərin «yaşayış sahəsindən istifadə hüququnun itirilməsi» formasında göstərmişdirlər. Halbuki bu iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 Rüstəm oğlu, Cavabdeh3 və X2 mənzilə olan istifadə hüquqlarının itirilməsi mübahisə doğuran məsələ deyil, cavabdehlər iddiaçılarla qohumluq münasibətlərində (ailə üzvü) deyillər və onların mübahisəli mənzilə istifadə hüquqlarının yaranması üçün əsas da olmamışdır ki, hazırda bu hüquq itirilmiş hesab edilə. Cavabdehlərin mənzildə qeydiyyatda olmaları isə onların bu mənzildən istifadə hüquqlarının yaranması üçün əsas qismində çıxış etmir. Lakin məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Rüstəm oğlu, Cavabdeh3 və X3 qarşı «yaşayış sahəsindən istifadə hüququnun olmaması» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verməklə səhv nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsindən istifadə etmək hüququ İnsan Hüquqlarının və X1 haqqında Konvensiyanın 6-cı maddəsi ilə təsbit olunmuşdur. Həmin Konvensiyanın 6-cı maddəsində deyilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsilə işinin ədalətli araşdırılması hüququna malikdir. Məhkəmə kollegiyası onu da qeyd edilməsini zəruri hesab edir ki, iddiaçılar qanunvericiliklə müəyyən olunmuş qaydada iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmiş, birinci instansia məhkəməsi isə iddia ərizəsi üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etməklə iddiaçıların məhkəməyə müraciət etmək və məhkəmə müdafiəsindən istifadə etmək hüququnu pozmuşdur. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalq-hüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Bakı şəhəri, Nərimanov Rayon İcra Hakimiyyətinin şikayəti üzrə xx xxxxx 2004-cü il tarixli X4 Hüquqları Məhkəməsinin “Delkurun Belçikaya qarşı işi üzrə” Qərarına istinadla qeyd etmişdir ki, “ədalətli məhkəmə araşdırması özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi həmin Qərarında həmçinin göstərmişdir ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Bununla da, kollegiya belə nəticəyə gəlir ki, iddiaçılar qanunla müəyyən olunmuş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir, birinci instansiya məhkəməsi hazırki iş üzrə qəbul etdiyi qərardadla onların məhkəməyə müraciət etmək və ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli və işə mahiyyəti üzrə baxılması üçün, mülki iş həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 Rüstəm oğlu, Cavabdeh3 və X3 qarşı «yaşayış sahəsindən istifadə hüququnun olmaması» tələbinə dair işə mahiyyəti üzrə baxılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-6997/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6997/2020
08.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver