Məhkəmə qərarları › İş №2(103)-7000/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7000/2020

15.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7000/2020 15.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, Əliyeva Aytən Rafayel qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MTK–nın Cavabdeh qarşı “kommunal xidmətlərə görə vəsaitin tutulması tələbinə dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı MTK–nın sədri tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1869/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı MTK–nın Cavabdeh qarşı ödənilməmiş 476 manat xidmət haqqının və məhkəməyə müraciət etmək üçün ödənilmiş 20 manat dövlət rüsumunun əvəzinin, cəmi 496 manat pulun tutulması tələbinə dair iddiаsı təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı MTK Cavabdeh qarşı “kommunal xidmətlərə görə vəsaitin tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək sahə mülkiyyətçisi Cavabdeh mənzilin keçmiş dövrə aid ödənilməmiş 476 manat xidmət haqqının və məhkəməyə müraciət etmək üçün ödənilmiş 20 manat dövlət rüsumunun əvəzinin, cəmi 496 manat pulun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən İddiaçı MTK-ya aid binada ümumi sahəsi 118 m2 olan 49 saylı mənzilin mülkiyyətçisidir. İddiaçı MTK ilə sahə mülkiyyətçisi Cavabdeh qanunvericiliyin tələblərinə uyğun olaraq çoxmərtəbəli binanın idarə edilməsinə dair müqavilə bağlamaq təklif olunsa da, hətta müqavilənin surəti onlar tərəfdən imzalanaraq qarşılıqlı təsdiq üçün göndərilsə də, cavabdeh qanunla müəyyən edilmiş öhdəliklərinin icrasından yayınmaq üçün müqavilə bağlamaqdan imtina etmişdir. Cavabdeh tərəfindən hər ay 43 manat ödəniş edilməli olduğu halda 30 manat ödəniş edilmişdir. 2017-2019-cu illər üzrə 3 il ərzində ödənilməyənqalıq 476 manat məbləğində xidmət haqqının ödənilməsini tələb etdiyini bildirir. Qeyd olunanları nəzərə alıb, iddia tələbnin təmin olunmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbri təmin edilməmişdir. İddiaçı MTK–nın sədri Yasamal rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişlər. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməməsini, işə birtərəfli baxılmasını, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və digər əsasları göstərməklə, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə İddiaçı MTK–nın səlahiyyətli nümayəndəsi kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti qəbul etməyərək təmin olunmamasını xahiş edən cavabdehin nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Yasamal rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli “Coxmərtəbəli binanın idarə edilməsi” Müqaviləsindən müəyyən olunur ki, cavabdeh tərəfindən həmin müqavilə imzalanmamışdır. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında “coxmərtəbəli binanın idarə edilməsi” barədə qarşılıqlı razilaşma olmamışdır. Buna baxmayaraq, cavabdeh hər ay 30 manat ödəniş etmişdir. İddiaçı isə hər ay 43 manat ödənilməli olduğunu bildirərək 2017-2019-cu illər üçün qalıq məbləğ 476 manat məbləğində xidmət haqqının ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçını tələbi əsassızdır. Çünki, cavabdehin hər ay 43 manat ödəniş etməsi barədə iddiaçı qarşısında öhdəliyi olmamışdır. Habelə, cavabdeh görülmüş kommunal xidmətlərin əvəzini ödəməkdən yayınmamış, hər ay 30 manat ödəniş etmişdir. Mənzil Məcəlləsinin 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Bununla yanaşı nəzərə alınmalıdr ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (Mənzil Məcəlləsinin 137.10-cu maddəsi). Mənzil Məcəlləsinin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Mənzil Məcəlləsinin 138.5-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarınında Konstitusiya Məhkəməsi göstərmişdir ki, “özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar. Çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. Mənzil Məcəlləsinin 141.1-ci maddəsinə müvafiq olaraq, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Beləliklə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin əlverişli və təhlükəsiz yaşamalarının təmin edilməsi və binanın ümumi əmlakından birgə istifadə edilməsinin tənzimlənməsini təmin etmək məqsədilə, Mənzil Məcəlləsinin 141.2-ci maddəsində mülkiyyətçilərin binanın idarə edilməsi üsulunu seçmək vəzifəsi nəzərdə tutulmuşdur. Beləliklə, binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. (Mənzil Məcəlləsinin 141.3-cü maddəsi). Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçınınhazırkı iddia tələblərinin təmin olunması üçün hüquqi əsaslar olmadığından, iddia ərizəsini təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı MTK–nın sədri tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar