Məhkəmə qərarları › İş №2(103)-7001/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7001/2020

30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7001/2020 30.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2365/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 5800 manatın, avtomobilin ehtiyat hissələrinə xərclədiyi 600 manatın və dövlət rüsumu ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh X2 qohumu Sənanın vasitəsilə tanımışdır. Sənan iddiaçıya bildirmişdir ki, Mahir bankda girovda olan avtomobili razılığa gəldikdən pulu ödədikdən sonra minik avtomobilin girovluğunu başqa məsələlərini təmizləyib hərrac keçirməklə satır. Bir gün iddiaçının qohumu Sənanla birlikdə cavabdehin yanına getmiş, iddiaçı cavabdehi polis formasında görmüş həmin vaxt cavabdeh idarə etdiyi **-EK-*** dövlət qeydiyyat nişanlı maşını göstərərək bildirmişdir ki, həmin maşının qiyməti 5800 manatdır və almaq istəsə 500 manat beh verməli və səhərisi gün etibarnamə veriləndə 5300 manat da həmin vaxt verməlidir. İddiaçı həmin vaxt 500 manat cavabdehə vermiş, cavabdeh avtomobili vermiş və iddiaçı avtomobili evə gətirmiş, səhərisi gün yəni xx xxxxxx 2016-cı il tarixdə cavbdeh və avtomobilə istifadə hüququ olan şəxs notariat kontoruna gələrək iddiaçı cavabdehə 5300 manat verdikdən sonra avtomobilə istifadə hüququ olan X10 iddiaçıya baş etibarnamə vermişdir. İddiaçı avtomobili aldıqda avtomobilin akumlyatoru və tramlyoru xarab idi. Həmin hissələri 600 manat xərc çəkərək iddiaçı almışdır. Təxminən iki ay gözlədikdən sonra iddiaçı cavabdehdən avtomobilə dair sənədlər barədə məlumat olmadığından cavabdehə zəng etmiş sənədlərin düzəlib duzəlməyəcəyini soruşmuşdur. Cavabdeh bildirmişdir kı, narahat olmasın yaxın aylarda sənədləri düzəldəcək, lakin iddiaçının şəxsiyyət vəsiqənin surəti itirmişdir. Səhərisi gün iddiaçı şəxsiyyət vəsiqəsinin surətini cavabdehə vermiş və orada söhbət zamanı cavabdeh bildirmişdir ki, iki ayadək sənədlər düzələcək və zəng vurub çağıracaqdır. İddiaçı həmin vədin üstündən üç ay keçənədək gözləmiş, cavabdehdən məlumat olmadığını gördükdə cavabdehin şəxsiyyətini araşdırmış və ona məlum olmuşdur ki, cavabdeh bu yolla avtomobilləri müxtəlif şəxslərə satmışdır və həmin şəxsləri aldadıb sənəd verməmişdir. İddiaçı evdə olmadığı halda Yasamal Rayon İcra və Probasiya şöbəsindən xx xxx 2017-ci il tarixdə icra məmunarı iddiaçının yaşadığı evə gəlmiş, saat 21.45 radələrində akt tərtib edərək avtomobili aparmışlar. İddiaçı və onun kimi aldadılmış səxslər birlikdə polis bölməsinə cavabdehdən şikayət etmişlər, uzun müddət polis orqanı tərəfindən araşdırma aparıldıqdan sonra xx xxxxxx 2019-cu il tarixdə Nərimanov rayon Polis İdarəsi tərəfindən cavabdehin əməlində cinayət tərkibi müəyyən edilmədiyi üçün, mübahisənin mülki məhkəmə vasitəsi ilə həlli iddiaçıya izah edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2365/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv olunmasını xahiş etmiş, şikayətini məhkəmənin işin hallarına düzgün qiymət vermədiyi, maddi hüquq normalarını düzgün tətbiq etmədiyi arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materillarında olan Bakı Şəhəri Nərimanov RPİ-nin İŞ-nin xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, ibtidai araşdırma aparan müstəntiq tərəfindən əməliyyat aparatının imkanlarından istifadə edilərək müvafiq tapşırıq verilmiş, lakin Cavabdeh və “Camal” adlı şəxsin İŞ-nə gətirilməsi təmin edilmədiyindən onların işin halları üzrə izahatlarının alınması mümkün olmamış və bu səbəbdən X7, X6, X3, X4, X5 və İddiaçı kollektiv şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir Birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşan kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, qaytarılmasını tələb etdiyi həmin pulun ümumiyyətlə mövcudluğuna, cavabdehin isə ona məxsus həmin pulu götürmüş olduğuna dair heç bir sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation(sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2365/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar