Məhkəmə qərarları › İş №2(103)-7002/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7002/2025

02.02.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7002/2025 02.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Mirəzcan oğlunun cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (pul) hakimlər X9 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X3, maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsi maraqlı şəxs qismində cəlb edilməklə) «pul» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-151/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddiaçının istifadəsində olan torpaq sahəsinin 2019-2024- cü il müddəti üzrə kompensasiya ödənilməsinə dair iddia (dəqiqləşdirmə) tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona və ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə torpaq sahəsi ayrılmışdır. Belə ki, Hacıqabul rayonu, Aqrar İslahat Komissiyasının 1997-ci il 25 noyabr tarixli, 20 nömrəli qərarı ilə çizgidə göstərilən sərhəd daxilində, ona 2,03 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmişdir. Torpaq sahəsinin verilməsi barədə torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə təmin olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən 91003018 nömrəli akt əsasında adına rəsmiləşdirilərək qeydiyyat aparılmışdır. Torpaq sahəsini təhvil aldıqdan sonra daimi olaraq hazırki vaxta qədər kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə istifadə edir, özünün və ailə üzvlərinin maddi ehtiyaclarını torpaq sahəsindən əldə etdiyi maddi gəlir ilə müəyyən qədər ödəyir. Lakin 2004-cü il tarixdən etibarən mülkiyyətində olan torpaq sahəsinin üzərindən SOCAR-ın «Qaz İxrac» İdarəsinin qaz daşıyıcı xətlərinin olması faktı yaranmışdır. Belə ki, SOCAR-ın «Qaz İxrac» İdarəsinin istismarında olan qaz kəmərləri mülkiyyətində olan torpaq sahəsinin üzərindən keçir. Bununla bağlı olaraq, o və digər qonşu torpaq sahələrinin mülkiyyətçiləri SOCAR-ın «Qaz İxrac» İdarəsinə ərizə ilə müraciət etmişlər. Ərizələrə cavab olaraq bildirilmişdir ki, magistral qaz kəmərləri müvafiq olaraq, 1975 və 1982-ci illərdə istismara verilmiş və qanunvericiliyin yuxarıda göstərilən normaları ilə müəyyən olunmuş mühafizə zonası daxilində demontaj işləri aparılmış, yeni kəmər çəkilmişdir. Kəmərlərin istismara verilmə tarixi ilə sözü gedən torpaq sahələrinin mülkiyyətlərinə verilmə tarixini (1997-1998-ci il) müqayisə etdikdə, göründüyü kimi kəmərlər daha əvvəl çəkilmiş və torpaq sahələri ayrılarkən aidiyyəti qurumlar tərəfindən kəmərlərin qanunvericiliklə müəyyən olunmuş mühafizə zonası göstərilməmişdir. Buna görə də, 12 nəfər kənd sakini birlikdə Hacıqabul rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmişlər. Hacıqabul rayon İcra Hakimiyyətindən isə onlara yazılı surətdə bildirilmişdir ki, torpaq sahələri vaxtilə onlara Aqrar İslahat Komissiyası tərəfindən ayrılmışdır. İslahat zamanı torpaq bölgüsü aparılarkən kəmərlərin mühafizə zonası ilə birgə tutduğu ərazi bölünən torpaqlara aid edilə bilməzdi. Odur ki, təkrar olaraq bildirilmişdir ki, hüquqlarının bərpası üçün cavabdeh Aqrar İslahat Komissiyasının hüquqi varisinə qarşı məhkəmə orqanlarına müraciət edə bilərlər. Bununla da, mülkiyyətlərində olan torpaq sahəsinin üzərindən keçən qaz boru kəmərlərinin tutduğu torpaq sahəsindən istifadə edə, ona görə torpaq sahəsinin həmin hissəsindən gəlir əldə edə bilmirlər. Daha sonra məlum olmuşdur ki, qaz kəmərləri 2009-cu ilə qədər torpağın alt hissəsində olmuşdur. Lakin 2009-cu ildən sonra qanunvericilikdə göstərilən normalar ilə müəyyən olunmuş mühafizə zonası daxilində demontaj işləri aparılmış, yeni kəmər çəkilmişdir. Odur ki, onlar yeni kəmər xətlərinin torpağın üzərindən çəkilməsi səbəbindən artıq 9 ildir ki, torpaq sahəsinin kəmərlərin zəbt etdiyi hissəsindən istifadə edə bilmirlər. Torpaq sahələri onlara vaxtilə Aqrar İslahat Komissiyası tərəfindən ayrılmışdır. İslahat zamanı torpaq bölgüsü aparılarkən qaz kəmərlərinin mühafizə zonası ilə birgə tutduğu ərazi bölünən torpaqlara aid edilə bilməzdi. Göstərilənləri nəzərə alaraq, Hacıqabul rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 25 noyabr tarixli 20 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində onun mülkiyyətinə verilmiş 2,03 hektar torpaq sahəsinin 4746 sahəsi, qeyd olunan magistral qaz kəmərlərinin mühafizə zonası daxilinə düşmüşdür. Buna görə də, torpaq sahəsinin həmin hissəsindən istifadə edə bilmir. İddia tələbi əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən araşdırma aparılmış, məhkəmənin xx.xx.2020-ci il tarixli 2(011)-124/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 3990 manat zərər X6, 4799 manat zərər X13, 7694 manat zərər X7, 4733 manat zərər X4, 5542 manat zərər X14, 5936 manat zərər X17, 2989 manat zərər onun, 2802 manat zərər X15, 2762 manat zərər X5, 6807 manat zərər X10, 4065 manat zərər X20, 4730 manat zərərin isə X1 xeyrinə tutulması qət edilmişdir. İddia tələbləri «hər iddiaçı üçün 25200 manat kompensasiyanın tutulması» hissəsində təmin edilməmişdir. İddia tələbi cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz ixrac İdarəsinə qarşı təmin edilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)124/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-113/2023 saylı qətnaməsi ilə cavabdeh Azərbaycan Respublika Maliyyə Nazirliyinin apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli 2(011)124/2020 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası dövlət büdcəsindən 3990 manat X6, 4799 manat X13, 7694 manat X7, 4733 manat X4, 5542 manat X14, 5936 manat X17, 2989 manat onun, 2802 manat X15, 2762 manat X5, 6807 manat X10, 4065 manat X20, 4730 manat X2 xeyrinə tutulması qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. Cavabdeh Azərbaycan Respublika Maliyyə Nazirliyi kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)- 2296/2023 saylı qərarı ilə cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 fevral 2023-cü il tarixli 2(103)-113/2023 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İddia tələbi üzrə 2009-2018-ci illər daxil olmaqla Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-113/2023 nömrəli iş üzrə 01 fevral 2023-cü il tarixli qətnaməsi müvafiq qaydada icra edilmişdir. Hazırda 2019-2023-cü il müddəti üzrə ona məxsus torpaq sahəsinin müvafiq qaydada istifadə edilməsi mümkün olmadığından həmin dövr üzrə kompensasiyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixdə daxil olmuş cavabına əsasən hazırki tələb üzrə öhdəlik qoyulmadığından icra edilməsi mümkün olmamışdır.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-151/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 2231,4 manat pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsindən alınaraq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 214-cü maddələrinə istinadən qeyd edilmişdir ki, torpaq sahəsinin iddiaçının istifadəsində olmasına və s. barədə yuxarıda sadalanan qətnamələrlə müəyyən edilmiş faktlar hazırda mübahisələndirilə və yenidən sübut oluna bilməz. Bu səbəbdən, Aqrar İslahat Komissiyasının qərarı, verilmiş digər sənədlərin hazırki məhkəmə aktında sadalanmasına zərurət yoxdur. Hazırki iş üzrə işin mübahisəsiz halları ondan ibarətdir ki, Hacıqabul rayonu, Aqrar İslahat Komissiyasının 1997-ci il 25 noyabr tarixli, 20 nömrəli qərarına əsasən iddiaçıya 2.3 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmiş, həmin torpaq sahəsinin magistral qaz boru kəmərinin keçdiyi 4746 m2 hissəsi yararlı torpaq sahəsi kimi özəlləşdirilərək torpaq sahələrinin tərkibinə daxil edilmiş, iddiaçıya verilmiş torpaq sahəsinə dair məhdud istifadə ilə bağlı hansısa bir müqavilə bağlanmamış, həmin torpaq sahəsinə dair öhdəliklər və məhdudiyyətlər dövlət qeydiyyatına alınmamışdır. İddiaçının qeyd edilən halla bağlı özünə məxsus torpaq sahəsindən istifadə edə bilməməsi nəticəsində ona maddi ziyan dəyməsi, həmçinin il ərzində iddiaçıya hansı məbləğdə maddi ziyan dəyməsi kimi hallar daha əvvəl qəbul edilmiş və işin materiallarında olan məhkəmə qətnamələri əsasında öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri əsasında 2009-2019-cu illər üzrə iddiaçıya torpaq sahəsindən istifadə edə bilməməsi nəticəsində maddi ziyan dəyməsi faktı sübuta yetirilmiş və 10 illik müddət üzrə iddiaçıya dəyən ziyan 2989 manat məbləğində qiymətləndirilərək dövlət büdcəsindən iddiaçıya ödənilməsi qət edilmişdir. Həmçinin əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilən əkin sahəsi üzrə 1ha torpaq sahəsi üzrə gəlir məbləği 630 manat müəyyən edilmiş və məntiqi olaraq da həmin məbləğ illik inflasiyaları nəzərə almaqla artmışdır ki azalmamışdır. Hazırkı iş üzrə təqdim olunmuş materialların müqayisəli təhlili göstərir ki, torpaq sahəsinin kənd təsərrüfatı məqsədilə istifadəsi nəticəsində əldə olunmalı gəlirin müəyyən edilməsində əvvəlki dövrlərdə formalaşmış iqtisadi göstəricilərdən — konkret olaraq mənfəət əmsalından istifadə edilməsi həm hüquqi, həm də iqtisadi baxımdan əsaslandırılmış hesab edilməlidir. 2019-cu ildə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Hacıqabul DAİM-ə etdiyi sorğu əsasında təqdim olunmuş mütəxəssis rəyinə əsasən, Atbulaq kəndi ərazisində yerləşən pay torpaqlarında şərti hesablamalarla 1 hektar sahədən əldə edilə biləcək ümumi gəlir 850 manat, xalis mənfəət isə təxminən 630 manat olaraq müəyyən edilmişdir. Bu isə o deməkdir ki, məhsulun ümumi satış dəyərinin orta hesabla 74,1 %-i mənfəəti, 25,9 %-i isə xərcləri təşkil edir. 2025-ci ildə analoji işlər üzrə təqdim olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının 9/4301, 9/6421 nömrəli, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli rəylərinə əsasən, 1 ha sahədən ümumi 1057,50 manat dəyərində məhsul taxılın (arpa və ya buğda bitkisinin) əldə olunduğu, yəni məhsulun 1 sentneri-45 manat olması müəyyən edilmişdir Lakin həmin rəy üzrə taxıl bitkisinin əkilib-becərilməsi üçün çəkiləcək xərclər konkret şəkildə müəyyən edilməmişdir. Bu səbəbdən məhkəmə tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə sorğu göndərilmiş, sorğu əsasında təqdim olunmuş xx.xx.2025-ci il tarixli, 322/2-2709/2025 saylı məktubdan görünür ki, 1 hektar suvarılan sahədən taxılın əkilib becərilməsindən 30 sentner siravi olan dən məhsulu götürülməsi şərti ilə əldə olunması ehtimal edilən gəlirin məbləği, tələb olunan aqrotexniki və digər xərclər çıxılmaqla 379.0 manat təşkil edir (1170-791). Lakin məhkəmə belə qənaətə gəlmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin qeyd olunan məktubu aşağıdakılara əsasən sübut kimi qəbul edilə bilməz: 1. Məktub heç bir hüquqi və ya iqtisadi əsaslandırma ilə müşayiət olunmur — nə statistik mənbələrə, nə ekspert rəyinə, nə də konkret hesablama metodikasına istinad edilmişdir; 2. Sənəd subyektiv izahat xarakteri daşımaqla və rəsmi ekspertiza rəyi və ya sübut kimi qiymətləndirilə bilməz; 3. İqtisadi baxımdan bu rəqəm məntiqə və real bazar göstəricilərinə ziddir. Belə ki, 2019-cu ildə təmiz mənfəət 630 manat olduğu halda artan məhsul qiymətləri və təsərrüfat xərclərindəki ümumi dəyişikliklər fonunda bu göstəricinin 2024-cü ildə 379 manata düşməsi real iqtisadi proseslərlə və sadə məntiqə uyğun gəlmir. Kənd təsərrüfatı sektorunda son illərdə həm məhsul qiymətlərində, həm də bazar dövriyyəsində artım müşahidə olunduğundan, təklif olunan bu rəqəm ümumi tendensiyaları əks etdirmir və istinad edilə biləcək obyektiv baza xarakteri daşımır. Beləliklə, məhkəmə hesab edir ki, bu məktub müstəqil sübut kimi qəbul edilə bilməz. Bu səbəbdən, iş üzrə təqdim olunmuş əsaslı və əsaslandırılmış ekspertiza rəyi, əvvəlki məhkəmə təcrübəsində müəyyən olunmuş iqtisadi göstəricilər və mənfəət əmsalı əsasında aparılmış hesablama daha etibarlı və hüquqi cəhətdən üstün sübutlar hesab edilməlidir, məhz bu cür hallarda — yəni ümumi gəlirin məlum, lakin xərclərin müəyyən olunmadığı situasiyalarda — əvvəlki dövrlər üzrə müəyyən edilmiş mənfəət əmsalından istifadə edilməsi həm iqtisadi baxımdan məntiqli, həm də hüquqi baxımdan əsaslıdır. Həmin əmsal bu konkret torpaq sahəsinin kənd təsərrüfatı məqsədilə istismarında uzunmüddətli orta rentabellik səviyyəsini əks etdirir. Əgər ərazinin təyinatında, torpaq strukturunda və fəaliyyət növündə ciddi dəyişiklik baş verməyibsə, bu əmsalın yeni dövrə də tətbiqi obyektiv və əsaslandırılmış sayılmalıdır. Nəticə etibarilə, məhkəmə bildirir ki, əvvəlki dövr üzrə müəyyən olunmuş əmsal (0.741 (630 manatda xalis mənfəətin 850 manat ümumi məbləğdə gəlirə nisbəti)) yeni məhsul dəyərinə tətbiq edildikdə, 1 hektar sahədən əldə edilə bilinəcək məhsulun ümumi dəyərinə (digər iş üzrə ekspert rəyinə görə 1057,50 manat) nisbətdə təxmini xalis gəlir 783,6 manat, xərclər isə 273,9 manat təşkil edir. Bu yanaşma həm əvvəlki məhkəmə təcrübəsinə, həm də kənd təsərrüfatı fəaliyyətinin ümumi iqtisadi təhlilinə uyğundur. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı ekspertiza gəlir və xərcləri ayrıca göstərə bilmədiyindən, əvvəlki dövr üzrə sabit mənfəət əmsalına əsaslanaraq məhsulun yeni dəyərinə uyğun təxmini hesablamaların aparılması, həm hüquq pozuntusunun nəticələrinin obyektiv qiymətləndirilməsi, həm də ədalətli zərər kompensasiyası üçün zəruri və əsaslı hesab edilməlidir. Müəyyən edilən əkin sahəsi üzrə 1 ha torpaq sahəsi üzrə gəlir məbləği 783,6 manat müəyyən edilsə də, iddiaçının 1ha deyil 4746 m2 torpaq sahəsinin zəbt olunması (Xətai Rayon Məhkəməsinin 2(011)-124/2020 saylı mülki işin 251ci səhifəsi) həmin məbləğin 371,9 manat olması qənaətinə gəlinməlidir (1 ha - 783,6 manat, 0.4746 ha - 371,9 manat). Beləliklə, İddiaçı mülkiyyətində olan torpaq sahəsindən təyinatına uyğun istifadəsindən məhrum olması ilə əlaqədar 2231,4 (1 ilə münasibətdə əldən çıxmış fayda kimi 371,9 x 6 il = 2231,4 manat) manat məbləğində maddi ziyanın vurulması müəyyən edilmişdir.

3. Birinci instansiya məhkəməsində müəyyən edilən hallar: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 may 2025-ci il tarixli 3-16-16/2-7/385-9/1856/2025 saylı ekspert rəyinə əsasən, tədqiqata təqdim edilmiş Hacıqabul rayonu ərazisində olan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı əkin torpaqlarıdır. Həmin torpaq sahəsinin bir illik mövsüm ərzində 1 hektarından 23 sentner arpa məhsulu götürülə bilər. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilmir. Aparılmış tədqiqatın dəyəri 70 manat təşkil edir; - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 25 avqust 2025-ci il tarixli 3- 22/2- 2709/2025 saylı məktubuna əsasən, Hacıqabul rayonu Atbulaq kəndi ərazisində vətəndaşa məxsus 1 (bir) hektar torpaq sahəsində bir il ərzində taxılın əkilib becərilməsinə sərf olunan aqrotexniki və digər xərclərin məbləğinin müəyyən edilməsi ilə əlaqədar arayışın verilməsinə köməklik göstərilməsi barədə müraciətə Kənd Təsərrüfatı Nazirliyində baxılmışdır. Bildirilmişdir ki, sorğuda qeyd olunan torpaq sahəsinin yerləşdiyi dəqiq ərazi, həmin əraziyə dair plan və ərazinin döngə nöqtələrinin koordinatları, əkin sahəsinin su təminatı, aqrokimyəvi analizlərinin nəticəsi, aparılan aqrotexniki tədbirlər, əkilən bitkinin növü, əkilən toxumun reproduksiyası, növü və əkinin neçə illik olması (yaş dövrü) tərəfinizdən təqdim edilmədiyi üçün dəqiq hesablamaların aparılması imkan xaricindədir. Lakin qeyd edilən xüsusiyyətlər üzrə orta göstəricilər əsas götürülməklə 1 (bir) hektar suvarılan sahədən taxılın əkilib becərilməsində aqrotexniki və digər xərclərin məbləği təxmini hesablamalara görə 791 manat təşkil edir; - 05 yanvar 2024-cü il tarixli ********** saylı mədaxil qəbzə əsasən, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün 35 manat dövlət rüsumu ödənilmişdir; - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-124/2020 saylı qətnaməsinə əsasən, İddiaçı və digərlərinin cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «vurulmuş zərərin əvəzinin ödənilməsi və kompensasiya» tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 3990 manat zərər X6, 4799 manat zərər X13, 7694 manat zərər X7, 4733 manat zərər X4, 5542 manat zərər X14, 5936 manat zərər X17, 2989 manat zərər İddiaçı, 2802 manat zərər X15, 2762 manat zərər X5, 6807 manat zərər X10, 4065 manat zərər X20, 4730 manat zərərin isə X1 xeyrinə tutulması qət edilmiş, iddia tələbləri «hər iddiaçı üçün 25200 manat kompensasiyanın tutulması» hissəsində təmin edilməmiş, iddia tələbi cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsinə qarşı təmin edilməmişdir; - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)- 113/2023 saylı qətnaməsinə əsasən, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-124/2020 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası dövlət büdcəsindən 3990 manat X6, 4799 manat X13, 7694 manat X7, 4733 manat X4, 5542 manat X14, 5936 manat X17, 2989 manat İddiaçı, 2802 manat X15, 2762 manat X5, 6807 manat X10, 4065 manat X20, 4730 manat X2 xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir; - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(102)-2296/2023 saylı qərarından görünür ki, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-113/2023 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

4. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1100; “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinin 1-ci hissəsinə; “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli, 358-İİQ nömrəli qanununun 15-ci və 17-ci maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 169-cu maddəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2, 387.2.8-ci maddəsinə istinadən qeyd edilmişdir ki, iş materiallarından da aydın olur ki, İddiaçı və digərlərinin 2009-cu ildə SOCAR-ın “Qaz-İxrac” İdarəsi tərəfindən iddiaçıların mülkiyyətində olan torpaq sahəsində demontaj işləri aparılaraq torpaq üzərində yeni kəmər xətlərinin çəkilməsi səbəbindən həmin torpaq sahəsindən istifadə etməsi mümkünsüz olmuşdur. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən orqana yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın hansı qurum və ya hansı şəxs tərəfindən ödənilməli olması məsələsi hazırda məhkəmələr tərəfindən araşdırılmır və köhnə (vaxtı keçmiş) məhkəmə praktikasının təsiri altında bu məsələ hər dəfə Maliyyə Nazirliyinə yönəlir. Halbuki, ədalət mühakiməsi müstəqil surətdə və azad şəkildə qərar qəbul etməyə bocludur. Tam şəkildə aydındır ki, iddiaçıya ziyan vuran tərəf ayrı qurumdur, Maliyyə Nazirliyi deyildir. Hər bir dövlət qurumu müvafiq səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və dövlət adından çıxış edir. Buna görə də dövlətin cavabdehlik daşıması onu ayrı-ayrı sahələrdə təmsil edən və müvafiq qərarlar qəbul edən orqanların öz hərəkətlərinə görə məsuliyyət daşıması kimi qəbul edilməlidir. Məhkəmə Maliyyə Nazirliyini cavabdeh qismində tanımaqla qanunvericiliyin tələblərini pozmuşdur. Burada iddia tələbi hüquq pozuntusu törətmiş orqan və onun vəzifəli şəxsinə qarşı yönəlməli və iddiaya həmin tərəflərə münasibətdə baxılmalıdır. iddiaçı mülkiyyət hüququnun pozulmasına görə kompensasiya tələb edə bilməz. O, torpaq islahatı nəticəsində hüququnun pozulmasına görə, yəni islahat nəticəsində əldə etməyə haqqı çatan torpaq sahəsini əldə edə bilmədiyinə görə iddia qaldıra bilər. Hazırkı iddia mülkiyyət hüququnun pozulmasına əsaslandığından məhkəmə başqa əsasla qətnamə qəbul edə bilməz. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Qanunla müəyyən edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi hər il üçün Qanunla təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları (hüquq-mühafizə orqanları və s.) əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Xərc maddələri isə qanunla təsdiq olunduğundan və Maliyyə Nazirliyinin onu dəyişdirmək hüququ olmadığından məhkəmə qərarının icrasının aidiyyəti büdcə təşkilatına deyil, birbaşa və maliyyə mənbəyi göstərilmədən mücərrəd şəkildə dövlət büdcəsinə yönəldilməsi tamamilə yanlışdır. Başqa sözlə, büdcə təşkilatı Nazirliyin müvafiq xəzinədarlıq qurumuna sifariş vermək öhdəliyindən kənarda qaldığından xəzinədarlığın əsas prinsipləri pozulmuş və vəsaitin hansı xərclərdən ödənilməli olması məsələsi isə mübahisə doğurmaqdadır. İddiaçı daha əvvəl də torpaq sahəsindən istifadə edə bilməməsi səbəbindən Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən edərək qarşıdakı 40 il üçün (o cümlədən qarşıdakı 40 ilə aid olan 2019-2023-cü illər üzrə kompensasiya tələbi) məhkəməyə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 1 fevral tarixli 2(103)-113/2023 nömrəli qərarı Ali Məhkəmənin 2023-cü il 25 iyun tarixli, 2(102)- 2296/2023 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmış və icraya yönəldilmişdir. Sözügedən qərar Maliyyə Nazirliyi tərəfindən 8 sentyabr 2023-cü il tarixində tam icra olunmuşdur. Məhkəmə qərarından da aydın görünür ki, iddiaçıların hazırkı tələbləri (qarşıdakı 40 ilə aid olan 2019-2023cü illər üzrə kompensasiya tələbi) təmin olunmamış və bununla bağlı Maliyyə Nazirliyinin üzərinə hər hansı öhdəlik qoyulmamışdır. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçılara qarşı onların hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onlarla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Həmçinin, eyni predmet və eyni əsasla İddiaçı məhkəməyə müraciət etdiyindən, Nəsimi Rayon Məhkəməsi tərəfindən iddia yolverilməz hesab olunmalıydı. Lakin Nəsimi Rayon Məhkəməsi tərəfindən artıq daha əvvəl baxılan bir işə yenidən baxılaraq qətnamə qəbul edilmişdir. Baxmayaraq ki, eyni işlə bağlı daha əvvəl Bakı Apellyasiya Məhkəməsinin 2023-cü il 1 fevral tarixli 2(103)-113/2023 nömrəli qərarı olmuş və həmin qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin 2023-cü il 25 iyun tarixli, 2(102)- 2296/2023 nömrəli qərarı ilə dəyişdirilmədən qüvvəsində saxlanılmış və icraya yönəldilmişdir, bununla belə, İddiaçı eyni predmetlə bağlı Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona yuxarıda qeyd edilən torpaq sahəsindən istifadə edə bilməməsini əsas gətirərək vurulmuş ziyanın ödənilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmiş və Nəsimi Rayon Məhkəməsi iddia tələbini təmin etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar:

5. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X8 apellyasiya şikayətini əsassız hesab etdiyini bildirmiş və təmin edilməməsini xahiş etmişdir.

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi Nümayəndə hazırkı iş üzrə tərəfsiz mövqedə olduqlarını bildirmişdir.

7. Məlumatlandırlması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin məhkəmə iclasında iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

8. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən (cavabdeh X16 aid) hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

9. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayətin dəlilləri əsassızdır, qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Cavabdehin apellyasiya şikayəti üzrə tələbinin dəlilləri isə özü-özlüyündə də ziddiyyət təşkil edir. Belə ki, bir tərəfdən onların cavabdehliyinin istisna edildiyini, digər tərəfdən isə ümumiyyətlə işin icraata qəbul edilməməli olduğuna, eyni tərəflər arasında, eyni predmet barəsində artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin olmasına yönəlik işin mahiyyətinə dair dəlilləri mübahisələndirmişdir. Qeyd edilənlərə görə, habelə Büdcə sistemi haqqında Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası Qanunu və digər sahəvi qanunvericiliklə cavabdehin fəaliyyətinə (səlahiyyətinə) aid məsələlərin müəyyən edilməsi məhkəmələrin vəzifələrinə aid deyildir. Həmçinin qeyd edilməlidir ki, qanuni qüvvəsini almış və icraya yönəlmiş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-113/2023 saylı qətnaməsindən müəyyən edilir ki, həmin qətnamə ilə cavabdehlərin hazırkı iddia tələbində qeyd etdikləri dövr üçün pul məbləği tutulmamış, həmin hissədə iddia tələbi təmin edilməmişdir. Kollegiya belə qənaətə gəlir ki, belə olduğu təqdirdə iddianın yolverilməzliyi üçün hər hansı əsas müəyyən edilmir.

10. Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə"nin 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur.82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

12. Göstərilənlərə əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamalıdır,Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-151/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar