Məhkəmə qərarları › İş №2(103)-7006/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7006/2020

24.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7006/2020 24.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı “xxxxxxxxxx” MMMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ümumi əmlakın saxlanılması xərclərinin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1847/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxxxxx” MMMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ümumi əmlakın saxlanılması xərclərinin tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi ev 13,18 nömrəli mənzilin saxlanılmasına görə 2018-ci ilin sentyabr ayından hazırki iş üzrə qətnamənin qanuni qüvvəyə minən günə qədər hər ay üçün 93 manat, Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu Bəşir Səfəroğlu küçəsi ev 7, 7 nömrəli mənzilin saxlanılmasına görə 2019-ci ilin iyul ayından hazırki iş üzrə qətnamənin qanuni qüvvəyə minən günə qədər hər ay üçün 98 manat pulun, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 250 manat məbləğində vəkil xərclərinin və ödənilmiş 30 manat dövlət rüsumunun “xxxxxxxxxx” MMMC-nin xeyrinə tutulması, cavabdehlərin “xxxxxxxxxx” MMMC qarşısında çoxmənzilli binanın saxlanılmasına görə ödəməli olduğu məbləğin ödənilməməsinə görə ödəməli olduğu məbləğin 150% tətbiq etməklə cərimə edilməsi və həmin məbləğin “xxxxxxxxxx” MMMC- nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1847/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, binanın ümumi əmlakının saxlanılması xərclərinin əvəzi olaraq Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 13, 18 nömrəli mənzilin mülkiyyətçisi olan Cavabdeh1 22 ay (sentyabr 2018 - iyun 2020) üçün cəmi 2046 (iki min qırx altı manat) və Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 7, 7 nömrəli mənzilin mülkiyyətçisi Cavabdeh2 12 ay (iyul 2019 - iyun 2020) üçün cəmi 1176 (min yüz yetmiş altı) manat məbləğində pul tutularaq iddiaçı “xxxxxxxxxx” MMMC-yə ödənilməsi, hazırki iddianın verilməsi üçün tələb olunan hüquqi yardım xərclərinin əvəzi olaraq 50 manat və dövlət rüsumunun əvəzi olan 30 manat, cəmi 80 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı “xxxxxxxxxx” MMMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 2016-ci il tarixdən daimi ABŞda yaşayır və məhkəmə prosesi barədə məlumatı olmayıb. Cavabdeh qeydiyyatda olduğu ünvanda tamam başqa adamlar yaşayırlar. Lakin xx xxxx 2020-ci il tarixdə (qonşular vasitəsi ilə) cavabdeh xx xxxx 2020-ci il tarixli məhkəmə iclası barədə məlumat almışdır, təcili olaraq cavabdeh öz qızını nümayəndə olaraq təyin etmiş və məhkəmədə onu təmsil etməyə xahiş etmişdir. Cavabdehin qızı xx xxxx 2020-ci il tarixdə məhkəmə iclasına gəlsə də məhkəmə zalında heç kimi tapa bilməyib. Cavabdehin nümayəndəsi təxmini 30 dəqiqə iclas zalında gözləmiş daha sonra başqa çıxış yolu tapmayaq iddia ərizəsinə etirazı (etirazda qarşılıqlı iddia da öz əksini tapmışdır) dəftərxanaya təhvil vermişdir. Buna baxmayaraq məhkəmə öz qətnaməsində qeyd edir ki, cavabdeh iclas barədə məlumatlı olsa da məhkəməyə gəlməmişdir. Lakin xoşbəxtlikdən dəftərəxanaya təhvil verilmiş etiraz ərizəsi həmin gün hakimə verilmişdir və həmin gündə də hakim qarşılıqlı iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etmişdir (Əlavə - 3). Maraqlısı odur ki, qarşılıqlı iddiadan başqa həmin ərizədə iddia ərizəsinə etiraz da ətraflı qeyd edilmişdir, lakin hakim etirazda qeyd olunanlara qiymət verməyib. Qərardadda belə hakim özü qeyd edir ki, Cavabdeh2 xx xxxx 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir - yəni cavabdehin (onun nümayəndəsinin) həmin gün məhkəmədə olması sübuta yetirilir. Yuxanda qeyd olunanlardan belə başa düşülür ki, cavabdeh ilk iclaslarda iştirak etmədiyinə görə hakim hər dəfə iclası təxirə salırmış və son dəfə də xx xxxx 2020- ci il tarixinə iclası təyin edərkən cavabdehin gəlməsini gözləməmiş və bu səbəbdən də məhkəmə iclasına gəlməmişdir (maraqlısı odur ki, iddiaçının nümayəndəsi də iclasa gəlməmişdir). Hakim İdarə Heyətinin xx xxxxxx 2018-ci il tarixli qərarına istinad edərək belə bir nəticəyə gəlmişdir ki, idarə heyətinin üzvlərinin yekdilliklə qəbul edilmiş və kommunal ödənişlərin 0.65 qəpiyə qaldırılması barədə qərarı mənzil mülkiyyətçiləri tərəfindən məcburi qaydada icra olunmalıdır. Lakin Mənzil Məcəlləsinin 125.2-ci maddəsinə əsasən cəmiyyətin Üzvlərinin mütləq ödənişlərinin və haqqlarının miqdarını müəyyən etmək səlahiyyəti mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağına aid edilmişdir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi həmin binanın sahə mülkiyyətçilərinə yığıncağın keçirilməsi tarixinə on gün qalanadək onun keçirilməsi barədə məlumat verməlidir. Göstərilən müddət ərzində çoxmənzilli binanın sahə mülkİyyətçilərinin ümumi yığıncağının keçirilməsi barədə məlumat həmin binanın sahə mülkiyyətçilərinin hər birinə sifarişli məktubla (həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə bu məlumatın göndərilməsinin digər üsulu müəyyən edilməyibsə) və ya binanın sahə mülkiyyətçilərinin hər birinə imza ilə əlbəəl verilməli və ya binada ümumi yığıncağın qərarı ilə müəyyən edilmiş və bütün sahə mülkiyyətçiləri üçün əl çatan yerdə (yerlərdə) yerləşdirilməlidir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərar və səsvermənin nəticələri barədə məlumat binanın sahə mülkiyyətçilərinin nəzərinə ümumi yığıncağın keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi tərəfindən həmin qərarların qəbul edildiyi gündən on gündən gec olmayan müddətdə bu haqda məlumatın binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə müəyyən edilmiş və binanın bütün sahə mülkiyyətçiləri üçün əl çatan olan sahədə yerləşdirilməklə çatdırılır. İş materiallarından görünür ki, cavabdehin sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi və qəbul olunmuş qərarları barədə məlumatlı olması barədə heç bir sübüt təqdim edilməmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının Cavabdeh2 münasibətdə yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə “Qeyri-kommersiya Qurumlarının Dövlət Reyestrindən” verimliş 1114-MM4-0055 saylı çıxarışdan görünür ki, “xxxxxxxxxx” MMMC xx.xx.2017-ci il tarixdə qeydiyyatdan keçmişdir. MMMC-nin fəaliyyət predmeti daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvercilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək kimi müəyyən edilmiş, qeydiyyata alınmasının əsası kimi sahə mülkiyyətçilərinin xx.xx.2017-ci il, X1 xx.xx.2017-ci il tarixli qərarları və digər aktlar təşkil etmişdir. MMMC-nin İdarə Heyətinin iclasının protokolunun çıxarışından görünür ki, idarə heyətinin 8 üzvü iştirak edən xx.xx.2018-ci il tarixli iclasda aylıq kommunal ödənişlərin 0.20-0.24 qəpikdən 0.65 qəpiyə qədər qaldırılması barədə yekdilliklə qərar qəbul edilmişdir. “xxxxxxxxxx” MMMC tərəfindən tərtib olunmuş lakin Cavabdeh2 tərəfindən imzalanmamış kommunal xidmətlərə dair xx.xx.2018-ci il tarixli, 0707/18 saylı müqaviləsinə əsasən, “xxxxxxxxxx” MMMC X4 onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, 476-cı məhəllə, bina 7, 7 nömrəli mənzilə dair kommunal xidmətlər göstərməyi, X6 isə bu xidmətlərdən istifadə edərək “xxxxxxxxxx” MMMC-yə müqavilə ilə müəyyən olunmuş qaydada hər ay mülkiyyətində olan mənzilin və qeyri-yaşayış sahəsinin hər m2 üçün 0,65 manat vahid xidmət haqqını ödəməsi müəyyən edilmişdir. “xxxxxxxxxx” MMMC tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, AR-Y-04/20 saylı arayışa əsasən, “xxxxxxxxxx” MMMC-nin idarəçiliyində olan Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsində yerləşən 7 saylı binanın 7 nömrəli mənzili üzrə mülkiyyətçi- Cavabdeh2 çoxmənzilli binanın sahə mülkiyyətçisi tərəfindən ona məxsus olan 150,8 m2 sahənin saxlanılması, habelə mənzil qanunvericiliyinə uyğun olaraq çoxmənzilli binanın ümumi əmlakının saxlanılması xərcləri üzrə ödənişin məbləği hər ay üçün 98 manat olmaqla arayış tərtib olunan tarixə 8 ay üçün cəmi 784 manat təşkil edir. Bakı şəhəri Yasamal rayonu, B.Səfəroğlu küçəsi, ev 7, 7 saylı mənzil Cavabdeh2 adına qediyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 137.9-cu maddəsinə əsasən, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. Bununla yanaşı nəzərə alınmalıdr ki, mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir (Mənzil Məcəlləsinin 137.10-cu maddəsi). Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən yaşayış sahəsinə mülkiyyət formasının, yaşayış sahəsindən istifadə əsaslarının dəyişməsi, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılması və ləğv edilməsi kommunal xidmətlərə görə haqqın miqdarının dəyişdirilməsinə əsas deyildir. Həmin Məcəllənin 141.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; idarəedici təşkilat tərəfindən idarə edilmə. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Həmin Məcəllənin 122.1.3-cü maddəsinə əsasən cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin hüquqlarından biridir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı cavabdehə qarşı kommunal ödənişləri tələb etməkdə haqlıdır. Qətnamə çıxarıldığı ana qədər olan ödənişlər cavabdehdən tutulmalıdır. İşdə olan sənədlərdən görünür ki, MMMC-nin İdarə Heyətinin xx.xx.2018-ci il tarixli qərarına əsasən yaşayış kompleksinin saxlanılması üçün hər bir mülkiyyətçinin mülkiyyətində olan 1 kv.m sahə üçün 0,65 manat aylıq ödəniş edilməsi qərara alınmışdır. Həmin ödənişə mülkiyyətçiyə məxsus olan sahənin, habelə mənzilin yerləşdiyi binanın ümumi saxlanılması xərcləri daxil edilmişdir. Həmin qiymət müəyyən edildikdən sonra cavabdehə kommunal xidmətlərə dair yeni müqavilənin bağlanılması ilə bağlı xx.xx.2018-ci il tarixdə təklif verilmiş, lakin cavabdeh həmin müqaviləni imzalamaqdan imtina etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh həmin müqaviləni imzalamaqdan imtina etsə də, bu kommunal xidmətlərin ödənilməsi ilə bağlı öhdəliyin yaranmasını istisna edən hal kimi qiymətləndirilməməlidir. Göründüyü kimi mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq qaydada mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü nəzərdə tutmur. Belə ki, Mənzil Məcəllənin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onları ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsindən azad etmir. Məhkəmə qeyd edir ki, iddiaçı MMMC ilə cavabdeh arasında yaşayış kompleksinin saxlanılması üçün kommunal xidmətlərin ödənilməsinə dair müqavilə bağlanılmasa da, yəni cavabdeh bu müqavilənin bağlanılmasından imtina etsə də, bu hal cavabdehi ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin ödənilməsindən azad etmir. Bu səbəbdən Məhkəmə hesab edir ki, MMMC binanın saxlanılması üçün tələb olunan xərclərin cavabdehdən tutulmasını tələb etməyə subyektiv hüququ var. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini tələb etsə də, qətnamənin ləğv edilməsinə əsas olan sübutlarını məhkəməyə təqdim etməmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və cavabdehin şəxsi mülahizələrinə əsaslanır. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, cavabdeh tərəfin dəlilləri əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPMnin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi avabdeh Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1847/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar