Məhkəmə qərarları › İş №2(103)-7008/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7008/2021

09.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7008/2021 09.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, ərizəçi X1 “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə” ərizəsinə dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 aprel 2021-ci il tarixli qərardaddan ərizəçinin verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, mərhum X2 23.200 manat məbləğində borcun olması faktının və mərhum N.Xramtsovun dəfn və yas tədbirləri ilə əlaqədar onun tərəfindən 1.500 manat məbləğində xərc çəkməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 30.04.2021-ci il tarixli qərardadı ilə ərizəni və ərizəyə əlavə edilmiş sənədlərin ərizəçiyə qaytarılmasını qərara almışdır. Qərardad onunla əsaslandırılmışdır ki, ərizəçi, məhkəmə qaydasında müəyyən edilməsini istədiyi faktların ona nə məqsəd üçün lazım olduğunu ərizədə göstərməmiş, habelə lazımi sənədlərin ala bilməməsini təsdiq edə biləcək sübutları ərizəyə əlavə etməmişdir. Ərizəçi həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və işə yenidən baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, bütün faktlar və sübutlar onun tərəfindən Rayon Məhkəməsinə təqdim olunmuş, lakin Rayon Məhkəməsi bunu nəzərə almamışdır. Qərardaddan verilmiş şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 04.06.2021-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 307-ci maddəsinə görə, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-nin 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-nin 310.1.-ci maddəsinə görə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. MPM-nin 310.2.-ci maddəsinə görə, MPM-nin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. İş materiallarından və ərizədən görünür ki, Ərizəçi mərhum N.Xramtsovun ona 23.200 manat məbləğində borcunun olması faktının müəyyən edilməsini və mərhumun dəfn və yas tədbirləri ilə əlaqədar onun tərəfindən 1.500 manat məbləğində xərcin çəkilməsi faktının müəyyən edilməsini xahiş etsə də, qərardaddan verdiyi şikayətdə isə bütün faktların və sübutların onun tərəfindən Rayon Məhkəməsinə təqdim olunduğunu bildirsə də, məhkəmə qaydasında müəyyən edilməsini istədiyi faktların ona nə məqsəd üçün lazım olduğunu ərizədə göstərməmiş, habelə lazımi sənədlərin ala bilməməsini təsdiq edə biləcək sübutları ərizəyə əlavə etməmişdir. Odur ki, qeyd olunan prosessual hüquq normalarının tələblərindən çıxış edən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi ərizənin qaytarılması barədə qərardadı qəbul etməklə, habelə həmin qərardaddan verilmiş şikayəti təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Şikayət əsassızdır, formal mülahizə xarakteri daşıyır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Ərizəçi X1 şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin qəbul etdiyi 30 aprel 2021-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar