Məhkəmə qərarları › İş №2(103)-7008/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7008/2022

14.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7008/2022 14.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3068/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh ASC-yə qarşı “əsassız silinmiş məbləğin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, iddiaçıya məxsus olan **********103 nömrəli ödəniş kartı üzrə xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək fərqli saatlarda əsassız olaraq əmək haqqı hesablarından silinmiş ümumilikdə 2652,44 manat məbləğdə pul vəsaitinin Ziraat Bank ASC tərəfindən hesabıına geri qaytarılması, hesabından pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot dərəcəsini əsas götürməklə faizlərin və ödənilmiş 57 manat dövlət rüsumunun cavabdeh Ziraat Bank ASCdən tutularaq iddiaçının xeyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-3068/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. İddiaçı iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-3068/2022 nömrəli qərardadı ilə İddiaçı tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-3068/2022 nömrəli qətnaməsindən verilmiş apelyasiya şikayəti “Elektron kabinet” vasitəsilə verilmədiyindən və apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyindən geri qaytarılmışdır. İddiaçı 18 avqust 2022-ci il tarixdə “Elektron kabinet” vasitəsilə yenidən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)- 3068/2022 saylı qətnaməsindən apelyasiya şikayəti vermiş, həmçinin ərizə ilə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)-3068/2022 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini və mülki işin apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3068/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı nümayəndəsi Nümayəndə1 xx.xx.2022-ci il tarixdə məhkəməyə şikayət verərək, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)- 3068/2022 nömrəli qərardadının ləğv edilməsi və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3068/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kollegiya işin hallarını nəzərdən keçirərək, hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əsasən, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(004)- 3068/2022 nömrəli qətnaməsi hakimin elektron imzası ilə təsdiq edilməklə xx.xx.2022-ci il tarixdə İddiaçı nümayəndəsi Nümayəndə1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetində yerləşdirilmişdir. İddiaçı iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il il tarixli qətnaməsindən xx.xx.2022-ci il tarixdə verdiyi apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə verərək, apelyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə deyil, poçt vasitəsilə məhkəməyə göndərmişdir. Bundan başqa, apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin xx.xx.2021-ci il tarixdən qüvvəyə minmiş 10-1.2-ci maddəsinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Apelyasiya şikayətinin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərilməsi qanunvericilikdə imperativ norma olaraq nəzərdə tutulmuş, apelyasiya şikayəti verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği qanunvericiliklə müəyyən edilmişdir. İddiaçı məhkəmə prosesində nümayəndəsi (eyni zamanda vəkil olan) vasitəsilə təmsil olunmuş və göstərilən norma barədə məlumatlı olmuşdur. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin övqeyi ilə razılaşaraq qeyd edir ki, apelyasiya şikayətinin qanunvericiliyin tələbinə əməl edilməməklə verilməsi, apelyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətinin buraxılmasının üzrlü hesab edilməsi üçün əsas sayıla bilməz. Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab edir ki, “Dövlət rüsumu haqqında” Qanunun 8.6-cı maddəsinə əsasən, Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə dövlət rüsumunun məbləği bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi təşkil edir. İş materiallarından görünür ki, iddiçı iddia ərizəsi verərkən 57 manat dövlət rüsumu ödəmişdir. Qeyd edilən qanunun tələbinə əsasən, həmin qətnamədən apellyasiya şikayəti verildiyi zaman iddiaçı 28.50 (57/2=28.5) manat dövlət rüsumu ödəməli olduğu halda, 25 manat dövlət rüsumu ödəmişdir. bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi Azərbaycan Respublikası MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası MPM-in 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Azərbaycan Respublikası MPM-in 133.1-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qətnamədən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməsinə baxmayaraq işə baxılmanın mümkün hesab edilməsi gələcəkdə baş verə bilən prosessual pozuntunun yaranmasına səbəb ola biləcək hal hesab edildiyindən, məhkəmə kollegiyası apellyasiya şikayətinin geri qaytarılmasından ibarət birinci instansiya məhkəməsinin mövqeyini qanuni və əsaslı hesab edir. Qeyd olunan qanunvericilin tələblərinə və işin hallarına əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3068/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar