Məhkəmə qərarları › İş №2(103)-7009/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7009/2020

07.09.2020 · Müqavilələrin ləğv edilməsi - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7009/2020 07.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2, X2 iştirakları ilə, İddiaçı, cavabdehlər Cavabdeh2, X3, 3-cü şəxs Bakı şəhəri 53 saylı notariat ofisinə qarşı "kredit müqaviləsinin etibarsızlığı və ləğvi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3670/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadından İddiaçıtərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X3 qarşı “kredit müqaviləsinin etibarsızlığı və ləğvi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3670/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh X3 qarşı "kredit müqaviləsinin etibarsızlığı və ləğvi tələbi”nə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 153-cü maddəsinə əsasən qeyd edilmişdir ki, iddiaçının cavabdeh X3 qarşı 2(004)- 1126//2020 saylı mülki iş üzrə eyni tələbinin rədd edilməsi barədə Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi mövcuddur. Odur ki, məhkəmə hesab edir ki, hazırki mübahisəyə məhkəmənin müvafiq qərarı ilə qiymət verildiyindən iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. İddiaçı qərardaddan şikayət vermiş və MPM-in 153-cü maddəsinə əsasən qeyd etmişdir ki, ona qarşı borcun qaytarılması tələbinə dair iddiaçı Cavabdeh1 iddiası üzrə 2(004)-1126/2020 saylı mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Hazırda bu iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Beləliklə, hazırki məhkəmənin qərardadı əsassızdır və qanunsuzdur, ona qörə ki həmin qətnamə qanuni qüvvəyə minməyib. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3670/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət mülk işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Mhəkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, Xaliqlə heç bir tanışlığının olmadığını, Cabirlə birgə iş gördüyünü, Cabirlə Xaliqin çoxdan dost olduqlarını, müqavilə bağlanan zaman notariusun iştirak etmədiyini, o, müqaviləyə imza etdikdən sonra pulu Cabirin götürdüyünü, Xaliqə sonra 9700 ABŞ dolları verdiklərini, ilk dəfə Yasamal Rayon Məhkəməsinə borcun azaldılması barədə iddia ərizəsi verdiyini, hal-hazırda müqavilənin ləğv edilməsi barədə iddia qaldırdığını bildirmiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 şikayəti qəbul etməyərək, iddiaçı ilə heç vaxt şərik olmadığını, şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X4 şikayəti qəbul etməyərək, iddiaçı ilə notarial qaydada müqavilə bağlandığını, pulun alındığını, iddiaçının ilk olaraq borcun azaldılması barədə iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etdiyini, iddianın rədd edildiyini, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6027/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin təmin edilmədiyini bildirmiş və şikayətin rədd edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsinə baxmayaraq, 3-cü şəxs Bakı şəhəri 53 saylı notariat ofisinin nümayəndəsinin iştirakını təmin etmək mümkün olmadığından işə baxılması mümkün hesab edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı, cavabdehlər Cavabdeh2, X3 qarşı "borcun azaldılması” tələbinə dair iddia ərizəsinin təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6027/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilməlidir ki, MPM-in 153.2.4-cü maddəsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında işin olması halında iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməsini ehtiva edir. Qərardadı mübahisələndirən iddiaçı iddia ərizələrində fərqli əsasların mövcudluğunu qeyd etsədə tələblərinin əsaslandırdığı hallara istinad etmişdir. Halbu ki, istinad edilən maddəyə müvafiq olaraq hər iki tələb üzrə mübahisənin (iddianın) əsasını şəxsin əmlak mənafelərinin müdafiəsi təşkil edir. Diqqətə çatdırılmalıdır ki, mübahisənin (iddianın) əsası ilə iddia tələbinin əsaslandırdığı hallar fərqli xüsusatlardır, onların eyniləşdirilməsi prosessual qeyri-müəyyənliyin yaranmasına xidmət edən və hüquq tətbiqetmədə sui-istifadəyə məruz qalmanın tipik təzahürlərinə şərait yaradan amil kimi yolverilməzdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qərardad qəbul edərkən başqa normaya (153.2.2-ci maddəsinə) istinad edərək qanuni qüvvəyə minməmiş qətnamə üzrə tərkib xüsusatlarını eyniləşdirmişdir. Ona görə, məhkəmə prosessual qanunvericiliyin tələblərinə riayət edərək icraatın mümkünlük məsələsinə yenidən qiymət verməli və işlərin eyni tərəflər, eyni predmet və eyni əsaslarla mübahisəyə dair olduğunu müəyyən edərək yekun və əsaslandırılmış qənaəti formalaşdırmalıdır. Şərh olunanlara, Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80, Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 153, 263, 264, 267 - 269, 395 - 402-ci maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3670/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin və iş yenidən baxılması üçün Bakı şəhər Yasamal Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar