Məhkəmə qərarları › İş №2(103)-7014/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7014/2020

04.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7014/2020 04.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər X1, Cavabdeh2 Rafiq oğlu, Cavabdeh3 Rafiq qızı və Cavabdeh4 qarşı “cavabdehlərə kirayə haqqı ödənilməklə onların gələcəkdə inşa ediləcək binada təmirli mənzil ilə təmin edilməsi şərti ilə azyaşlı uşaqları ilə birlikdə yaşadıqları fərdi yaşayış evindən çıxarılaraq, evin boşaldılması və evin sökülməsinin iddiaçıya həvalə edilməsi” tələbi barədə iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qərardaddan iddiaçı MTK-nın verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MTK-nın cavabdehlərə qarşı irəli sürdüyü iddia ərizəsi Nəsimi Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilmişdir. İşin baxılması zamanı cavabdeh Rafiq Qədirov “iddianın təmini tədbiri barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, hazırki işə mahiyyəti üzrə baxılıb qurtaranadək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsinin və ya həmin evin üzərində hər hansı bir digər hərəkətlərin edilməsinin iddiaçı “MTK-ya qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. “İddianın təmini tədbiri barədə” ərizəyə baxmış Rayon Məhkəməsi qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə “iddianın təmini tədbiri barədə” ərizənin təmin edilməsini, hazırki mülki işə mahiyyəti üzrə baxılıb qurtaranadək mübahisəli fərdi yaşayış evinin sökülməsi və ya həmin evin üzərində hər hansı bir digər hərəkətlərin edilməsinin iddiaçı MTK-ya qadağan edilməsini qərara almışdır. İddiaçı MTK həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehlər yaşadıqları fərdi yaşayış evindən çıxmaqdan imtina etməklə müqavilə bağlamaqdan yayınırlar və qəzalı vəziyyətdə olan mənzillərdə yaşayan sakinlərin həyatlarını təhlükəyə atırlar. Qərardaddan verilmiş şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadla şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və “iddianın təmini tədbiri barədə” ərizəyə yenidən baxılması üçün iş Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 157.1-ci maddəsinə görə, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. MPM-nin 158.1.2-ci maddəsinin mənasına görə, iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər; mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslər qadağan edə bilər. Göründüyü kimi, mülki icraat qaydasında baxılan iş üzrə iddianın təmini tədbiri olaraq müəyyən hərəkətlərin edilməsi cavabdehə və ya başqa şəxslərə qadağan oluna bilər. Hazırki iş üzrə cavabdeh Rafiq Qədirov tərəfindən verilmiş “iddianın təmini tədbiri barədə” ərizəyə baxmış Rayon Məhkəməsi mübahisəli fərdi yaşayış evinin sökülməsini və ya həmin evin üzərində hər hansı bir digər hərəkətlərin edilməsini iş üzrə iddiaçı olan MTK-ya qadağan etmişdir. Lakin Rayon Məhkəməsi nəzərə almamışdır ki, hazırda müzakirə edilən “iddianın təmini tədbirinin görülməsi barədə” ərizə iddiaçı tərəfindən deyil, cavabdeh Rafiq Qədirov tərəfindən verilmişdir və onun iddiaçıya qarşı iddiası mövcud deyil. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikası MPM-nin 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilsin Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və cavabdeh X1 tərəfindən verilmiş “iddianın təmini tədbiri barədə” ərizəyə baxılması üçün mülki iş həmin Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar