Məhkəmə qərarları › İş №2(103)-7015/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7015/2023

19.12.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7015/2023 19.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Eminov Əziz Mürsəl oğlunun katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 iyun 2022-ci il tarixli qətnamədən Cavabdeh və iş üzrə tərəf olmadığı üçün birinci instansiya məhkəməsi tərəfindən işin baxılmasına cəlb edilməmiş, lakin iş üzrə qəbul edilmiş qətnamənin onun maraqlarına toxunduğunu bildirən Maraqlı şəxs ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinə əsasən işə, İddiaçı özünün və vəkili (nümayəndəsi) Vəkil1, Cavabdeh və iş üzrə qəbul edilmiş qətnamənin onun maraqlarına toxunduğunu bildirən Maraqlı şəxs birgə vəkili (nümayəndəsi) Vəkil2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, övladları – xx.xx.2008-cı il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 ilə birlikdə ünvan 1 ünvanda inşa edilmiş özbaşına tikiliyə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, cavabdehlə xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 4 övladları doğulmuşdur. Onlardan ikisi artıq yetkinlik yaşana çatmış, Qulu və Bahar isə yetkinlik yaşına çatmamışlar. İddiaçı ilə cavabdeh nikaha daxil olub, ailə qurduqdan sonra cavabdehin yaşadığı və iddia ərizəsində qeyd edilən ünvanda yerləşən qarajda yaşamışlar. Lakin sonra qarajda yaşamağın mümkünsüz olduğunu anlayaraq, qarajı sökərək yerində mübahisəli evi tikmişlər. Ev, buna lazımi icazələr alınmadan tikilmişdir. Ev tam hazır olandan sonra iddiaçı özünə məxsus cehiz və digər əşyalarını həmin evə yerləşdirmişdir. İlk vaxtlar iddiaçı ilə cavabdeh mehriban yaşasalar da, sonradan cavabdeh iddiaçıya dəfələrlə xəyanət etmiş və bu səbəbdən onların münasibətləri pozulmuş və onlar ər-arvad münasibətlərini kəsmişlər. İddiaçı, “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tələbi barədə” iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçını yaşadığı həmin evdən qovmuşdur. Qulu və Bahar hazırda iddiaçının yanındadırlar. Bahar daun sindromlu xəstədir. Hazırda uşaqlar qeydiyyatda olduqları mübahisəli evin yaxınlığında yerləşən məktəbdə oxuyur. Uşaqların məktəbə gəlib-getməsi bir çox çətinliklər yaradır. İddiaçıya və uşaqlarına məxsus bütün əşyalar köçmək istədiyi evdə yerləşir. Həmin evdə iddiaçının adına “Kontakt Home”-dan kreditlə təmin etdiyi 2 ədəd soyuducu, 1 ədəd paltaryuyan, paltar şkafı və 2 ədəd xalça qalmışdır. Bu məişət əşyaları iddiaçıya məxsusdur və onun tərəfdən ödənişləri həyata keçirilmişdir. Bundan başqa iddiaçı, valideyinlərinə məxsus evdə qardaşı və öz ailəsi ilə birlikdə yaşayır. Həmin evdə iddiaçının öz uşaqları ilə birlikdə yaşaması üçün şərait yoxdur. Həmçnin iddiaçının qızı daun sindromlu uşaq olduğuna görə xüsusi qayğıya ehtiyacı vardır. Mübahisəli ev özbaşına tikilidir. Lakin cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Hazırkı şəraitdə cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, iddiaçının və övladlarının da həmin şərtlər daxilində evdə yaşamaq hüququ var, İddiaçının mübahisəli evdən öz iradəsindən asılı olmayan səbəbdən çıxması onun və uşaqlarının həmin sahədə yaşamaq hüquqlarının itirilməsinə səbəb ola bilməz. İddiaçı hesab edir ki, mübahisəli evi cavabdehlə onun birgə nikahları dövründə, birgə vəsait hesabına inşa edildiyindən, ev onun və yanında qalmış övladlarının yeganə yaşayış yeri olduğundan o, övladları ilə birlikdə həmin evə köçürülməlidir. b) Cavabdehin iddia tələbinə münasibəti barədə məlumat

3. Cavabdehin iddia tələbinə qarşı yazılı etirazı daxil olmamışdır.

4. Rayon Məhkəməsində işə baxılan zaman məhkəmə baxışında iştirak etmiş cavabdeh iddianın təmin edilməməsini Rayon Məhkəməsindən xahiş etmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.

6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericilikdə özbaşına tikililərə dair mübahisələri həll etmək üçün birbaşa tətbiq edilən maddi hüquq normalarının olmadığını, mübahisəli hüquq münasibətlərinin 2004-cü il tarixdə yarandığını nəzərə alaraq, hazırki mübahisəyə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin maddi hüquq normaları analogiya üzrə tətbiq edilməlidir. Mübahisəli evin hər hansı hüquqmüəyyənedici sənədləri yoxdur. Həmin evin əmlak kimi dövlət reyestrində qeydiyyatı aparılmamışdır. Lakin yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə əsasən, cavabdehin hazırda mübahisəli evdə yaşadığı və istifadəsində olması səbəbindən, onun arvadı olan iddiaçının həmin yaşayış evində yaşamaq hüququ vardır. d) apellyasiya şikayətləri barədə məlumat

8. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli ev 1978-1980-ci illərdə cavabdehin atası Maraqlı şəxs tərəfindən tikilmiş otaqdan ibarət olmuşdur və həmin otaqda da daim kirayəçi yaşamışdır. Həmin yaşayış otağını cavabdehin atası sonradan öz hesabına təmir etdirərək genişləndirmişdir. Evin tikilməsində iddiaçının və cavabdehin heç bir maddi iştirakı olmamışdır. Evin bütün kommunal ödənişləri cavabdehin atasının adınadır. Ev cavabdehin atasına məxsusdur və hazırda da atasının istifadə və sahibliyindədir. Cavabdeh, iddiaçı ilə ailə qurduqda birbaşa cavabdehin atasına məxsus fərdi yaşayış evinə köçmüş və çox qısa bir müddət (təxmini bir il olmazdı ki) yaşadıqdan sonra mübahisə yaranmış və onlar ailəvi olaraq atasına məxsus olan fərdi yaşayış evindən çıxıb əvvəlcə Sabunçu rayonu, Zabrat qəsəbəsində, daha sonra Bakı metropolitenin “Neftçilər” stansiyasının yaxınlığında yerləşən ünvanda kirayədə yaşamışlar. Lakin sonradan kirayədə qaldıqlarından və maddi durumlarının zəif olduğundan anasının xahişi və atasının razılığı ilə mübahisəli olan atasına məxsus fərdi yaşayış evinə köçüb yaşamışlar. Onlar atasıgilə köçən zaman qaldıqları otaqda kirayəçi qalırdı ki, atası həmin kirayəçini evdən çıxartmış və onların yaşamaqlarına icazə vermişdir. İddiaçı mübahisəli evə cehiz əşyası gətirməmişdir. İddiaçının qeyd etdiyi əşyalar sonradan onun adına alınmış əşyalardır. Maştağa qəsəbəsində və Xırdalan şəhərində iddiaçının valideyninə məxsus iki mənzil vardır İddiaçı qardaşı ilə yaşamır. İddiaçının qardaşı siyası sığınacaq alaraq ölkəni tərk etmiş və hazırda Almaniya Federativ Respublikasında yaşayır. Nə iddiaçının, nə də ki cavabdehin mübahisəli evə hər hansı hüququ yaranmamışdır. Onların evdə yaşaması müvəqqəti xarakter daşımışdır. İddiaçının evə köçməsi evin sahibi olan cavabdehin atasının evdən sərbəst istifadə etmək hüququnun həyata keçirilməsinin pozulmasına və buna maneə yaradılmasına səbəb olacaqdır.

10. iş üzrə tərəf olmadığı üçün birinci instansiya məhkəməsi tərəfindən işin baxılmasına cəlb edilməmiş, lakin iş üzrə qəbul edilmiş qətnamənin onun maraqlarına toxunduğunu bildirən Maraqlı şəxs də Rayon Məhkəməsinin həmin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

11. Bu apellyasiya şikayəti cavabdehin apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmaqla məzmunca eynilik təşkil edir. e) apellyasiya instansiyası məhkəməsində birinci icraat barədə məlumat

12. Apellyasiya şikayətlərinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə (İş № 2(103)- 6549/2022) ilə hər iki apellyasiya şikayətinin təmin edilməsini, Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini qət etmişdir. f) kassasiya instansiyasında icraat barədə məlumat

13. İddiaçının verdiyi kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərar (İş № 2(102)-784/2023) ilə kassasiya şikayətinin qismən təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işə yenidən baxılması üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara almışdır.

14. Kassasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Maraqlı şəxs apelyasiya şikayətinin icraata qəbul olunması zamanı prosessual qanunvericiliyin tələblərinə əməl olunmamışdır. İşdə iştirak etməyən şəxslər tərəfindən verilmiş apelyasiya şikayəti daxil olduqda, ilk addım qəbul edilən qətnamənin onun hüquq və vəzifələrinə toxunmasını müəyyən etməkdən ibarətdir. Birinci instansiya məhkəməsi bu məsələni araşdırmalı, həmçinin apelyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamalıdır. Əgər qəbul edilən qətnamənin onun hüquq və vəzifələrinə toxunması müəyyən edilərsə və apelyasiya şikayəti MPM-in tələblərinə uyğundursa, bu barədə qərardad qəbul edilməli və apelyasiya şikayəti işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Lakin iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən bu qaydaya riayət olunmamışdır. Apelyasiya instansiyası məhkəməsi də apelyasiya şikayətinin mümkün sayılması barədə qərardadında qəbul edilmiş qətnamənin Maraqlı şəxs hüquq və vəzifələrinə toxunmasını əsaslandırmamışdır.

15. Bundan başqa, işin hallarından göründüyü kimi, cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddiaçının irəli sürdüyü dəlillərə (evi birgə nikah müddətində inşa etmələri, həyətdə başqa evlərin də olması və s.) heç bir münasibət bildirməmiş, evin özünə deyil, atasına məxsus olması barədə fikir bildirməmiş, mübahisəli evdə bir yerdə yaşadıqlarını inkar etməmiş, sadəcə iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində isə yuxarıda qeyd olunan dəlilləri irəli sürmüşdür.

16. Apelyasiya instansiyası məhkəməsinin iddianı rədd edərkən əsaslandığı “daşınmaz əmlakın mülki hüquqi statusunun müəyyən edilməməsi, habelə daşınmaz əmlakın özbaşına tikili olaraq başqa şəxsə məxsus olmasının müəyyən edilməsi” barədə dəlilləri ziddiyyətlidir. Baxılan işdə iddiaçı evin özbaşına tikili olmasını bildirir və cavabdeh də bu halı mübahisələndirmir. Özbaşına tikilmiş evlərə köçürülməsi barədə işlərə baxılması təcrübəsi var və bu zaman evin statusu ilə bağlı araşdırma aparılır. Apelyasiya instansiyası məhkəməsi də evin statusunu vurğulamış, lakin evin başqa şəxsə məxsus olması barədə nəticəyə gələrkən məhkəmənin hansı sübuta istinad etməsi göstərilməyib. İş materiallarına mübahisəli tikilin yerlədiyi ünvanda dair Mənzil İstismar İdarəsi tərəfindən tərtib olunub və möhürlə təsdiqlənmiş eskiz əlavə olunub və həmin evin Maraqlı şəxs məxsus olduğu qeyd olunub. Lakin bu evin yerləşdiyi torpaq sahəsinə kimin hüququ olması müəyyən olunmayıb. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfdən bu barədə sübutun olub-olmamasını soruşmuş olsa da, ona həmin sübutu təqdim etməyi təklif etməmiş, bununla bağlı ona vaxt verməmişdir. Halbuki, MPM-in 77.3-cs maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Bu halın araşdırılması ona görə əhəmiyyətlidir ki, iddiaçı həyətdə iki ev olduğunu və ikinci evin onun cavabdehlə evləndikdən sonra inşa edildiyini bildirir. Təqdim olunan evə dair eskiz isə 2005-ci ildə tərtib olunub və həmin dövrdəki vəziyyəti əks etdirir.

17. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən “iddiaçının başqa ünvanda qeydiyyatda olmasına” istinad etməsi də əsassızdır. Çünki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 1-ci maddəsinə görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi, yaşayış yeri üzrə qeydiyyat, yaşayış sahəsindən istifadə hüququnun yaranmasına əsas hesab olunmur.

18. İşə baxmış apellyasiya instansiya məhkəməsi iş üzrə qəbul etdiyi qətnamədə qeyd etmişdir ki, “hazırki mülki hüquq münasibətlərində cavabdehlə nikah mövcud olmadığından və nikah münasibətlərinə daxil olma tarixi maddi hüquq normalarının qeyd edilən müddəalarının analogiya üzrə tətbiqinə belə imkan vermədiyindən, iddianın təmin edilməsi hüquqdan sui-istifadəyə şərait yaradan hal kimi və məhkəmə səlahiyyətindən kənar olaraq yolverilməzdir. ... Mövcud olmayan mənzilə (yaşayış sahəsinə) hüququ olmayan şəxsin köçürülməsi səlahiyyətlərdən kənara çıxma kimi qiymətləndirilməlidir”. Halbuki, tərəflər özləri nikahda olduqlarını, habelə mübahisəli evin mövcud olduğunu inkar etmirlər. Məhkəmə onların arasında nikahın olmamasına istinad etmək üçün nikahda olmaması barədə sübutu tələb etməmişdir.

19. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. g) apellyasiya instansiyası məhkəməsində ikinci icraat zamanı Maraqlı şəxs iş üzrə maraqlarına toxunan şəxs qismində tanınması barədə məlumat

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarında göstərilənləri və iş materiallarını nəzərə alan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilmiş “iş üzrə apellyasiyanın mümkünlüyü barədə” xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli qərardadların ləğv edilməsini, Rayon Məhkəməsinin qətnaməsindən Maraqlı şəxs verdiyi apellyasiya şikayətinin MPM-nin 364.2-ci maddəsinin tələblərinə uyğun olaraq qəbul edilməsi məsələsinə baxılması üçün işin Rayon Məhkəməsinə göndərilməsini qərara almışdır.

21. Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Maraqlı şəxs mülki iş üzrə maraqlarına toxunan şəxs qismində tanınmışdır.

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarında göstərilən nöqsan aradan qaldırıldıqdan mülki iş apellyasiya instansiyası məhkəməsinə göndərilmiş və Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətləri üzrə işə apellyasiya qaydasında baxılması mümkün hesab edilmiş və iş məhkəmə baxışına təyin edilmişdir. i) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin izahatları barədə məlumat

23. Cavabdehin və iş üzrə qəbul edilmiş qətnamənin onun maraqlarına toxunduğunu bildirən şəxsin birgə vəkili (nümayəndəsi) Vəkil2 apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətlərinin dəlillərini müdafiə etdi və şikayətlərin məzmununa uyğun izahat verdi.

24. Apellyasiya baxışında iştirak etmiş iddiaçı və onun vəkili (nümayəndəsi) Vəkil1 apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək, iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdilər. h) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

25. Məhkəmə apellyasiya şikayətlərinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, hər iki apellyasiya şikayəti təmin edilməməli və Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Belə ki, iş materialları ilə müəyyən edilən və tərəflər arasında mübahisə doğurmayan işin faktiki halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan onların 4 övladı doğulmuşdur. Sonradan münasibətləri pozulduğu üçün iddiaçı nikahın pozulması, uşaqların onun yanında saxlanılması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. İşə Rayon Məhkəməsi tərəfindən baxılan zaman iddianın pozulmasına dair mülki iş Nərimanov Rayon Məhkəməsinin icraatında olmuşdur. Tərəflərin birgə nikahından olan uşaqlardan ikisi yetkinlik yaşına çatmış, Qulu və Bahar isə yetkinlik yaşına çatmamışlar. İddiaçı yetkinlik yaşına çatmayan Qulu və Bahar ilə mübahisəli evi tərk etmişdir. Uşaqlar mübahisəli evin yaxınlığında yerləşən məktəbdə təhsil alırlar. İddiaçı uşaqları ilə bilikdə mübahisəli evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Mübahisəli ev özbaşına tikilidir və cavabdeh hazırda həmin evdə yaşayır. İddiaçı ilə cavabdehin nikahı xx.xx.2023-cü il tarixdə məhkəmə qaydasında pozulmuşdur.

27. Tərəflər arasında mübahisə doğuran hal mübahisəli tikilinin ər-arvad olmuş iddiaçı ilə cavabdehə, yoxsa cavabdehin atası – birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin onun maraqlarına toxunduğunu bildirən Maraqlı şəxs məxsus olması halıdır.

28. İddiaçı bildirir ki, o, cavabdeh ilə nikaha daxil olub, ailə qurduqdan sonra cavabdehin yaşadığı və ünvan 3 ünvanına gəlin kimi köçmüş və həmin ünvanda həyətdə yerləşən qarajda cavabdeh ilə birlikdə yaşamışdır. Lakin sonra həmin qarajda yaşamağın mümkünsüz olduğunu anlayaraq, qarajı sökərək yerində mübahisəli evi tikmiş, ev tam hazır olandan sonra evə köçmüşlər (daha ətraflı məlumat üçün bax hazırki qətnamənin 2ci bəndinə).

29. Cavabdeh və onun atası Maraqlı şəxs isə apellyasiya şikayətində bildirirlər ki, mübahisəli ev 1978-1980-ci illərdə Maraqlı şəxs tərəfindən tikilmiş otaqdan ibarət olmuşdur və həmin otaqda da daim kirayəçi yaşamışdır. Həmin yaşayış otağını Maraqlı şəxs sonradan öz hesabına təmir etdirərək genişləndirmişdir. Evin tikilməsində iddiaçının və cavabdehin heç bir maddi iştirakı olmamışdır. Buna görə də iddia əsaslı hesab edilə bilməz (daha ətraflı məlumat üçün bax hazırki qətnamənin 9 və 11-ci bəndlərinə).

30. İşin mübahisəli halları ilə bağlı Rayon Məhkəməsində işə baxılarkən tərəflər hər hansı sübut təqdim etməmişlər.

31. Cavabdeh Rayon Məhkəməsində işə baxılan zaman məhkəmə hazırlıq və məhkəmə baxışı iclaslarında iştirak edərək iddiaya etiraz etdiyini bildirmiş, lakin etirazını nə ilə əsaslandırması, o cümlədən mübahisəli tikilinin atasına məxsus olması barədə Rayon Məhkəməsinə izahat verməmişdir.

32. Rayon Məhkəməsi də işin hallarını və iş üzrə tərəflərin verdikləri məlumatları nəzərə alaraq iddianı təmin edilməsini qət etmişdir (bu nəticənin əsaslandırılması hazırki qətnamənin 6-cı bəndində əks olunmuşdur).

33. Mübahisəli tikilinin iş üzrə tərəflərə deyil, cavabdehin atasına məxsus olması barədə dəlil yalnız qətnamədən verilmiş apellyasiya şikayətlərində ortaya çıxmışdır.

34. Bununla bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarında qeyd olunur ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

35. Azərbaycan Respublikası MPM-nin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddələr 14.2., 77.1. və 88.). İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar (maddə 47.1.).

36. MPM-nin qeyd edilən maddələrinin birgə təhlili o nəticəyə gəlməyə əsas verir ki, cavabdeh ona qarşı irəli sürülmüş dəlillərin məhkəmə tərəfindən onun iştirakı ilə araşdırılması üçün prosessual fəallıq göstərməlidir, məhkəmə iclasında iştirak etməli, iddiaçının tələbinə qarşı mövqeyini açıqlamalı, işin hallarına dair ətraflı izahat verməli, sübutlar təqdim etməlidir. Lazımi şərait yaradılmasına baxmayaraq cavabdeh tərəfindən sübutlar təqdim edilmədikdə, məhkəmə işdə olan sübutlar əsasında qərar çıxarmaqda haqlıdır.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərmişdir ki, qanunverici tərəfindən apellyasiya instansiyası məhkəməsində faktların və sübutların təqdim olunmasının məhdudlaşdırılması ona görə vacibdir ki, əks halda faktiki olaraq vicdansız tərəf bu və ya digər formada iddianı qaldırmaq və ya iddia ilə bağlı öz mövqeyini müdafiə etmək imkanını birinci instansiya məhkəməsində deyil, məhz apellyasiya instansiyası məhkəməsində əldə etmiş olur. Belə vəziyyət isə nəinki ölkədə qəbul olunmuş yeni mülki məhkəmə icraatı qaydalarının pozulmasına, həm də apellyasiya instansiyası məhkəməsinin təyinatından artıq işlərlə yüklənməsinə, əks tərəfin mövqeyinin müdafiəsi üçün daha çox imkan verən bir məhkəmə instansiyasında - birinci instansiya məhkəməsində ədalətli məhkəmə araşdırılması hüququndan məhrum edilməsinə, birinci instansiya məhkəməsində aparılan icraatın əhəmiyyətsiz olmasına gətirib çıxara bilər.

38. Məhkəmə həmçinin cavabdehin mübahisəli evlə bağlı atasına – Maraqlı şəxs məlumat verməməsi, Maraqlı şəxs mübahisəli evlə bağlı məhkəmə mübahisəsinin getməsindən xəbərsiz olmasını inandırıcı hesab etmir. Hər iki şəxsin verdiyi apellyasiya şikayətinin məzmun etibarilə bir-birinin oxşarlığı və dəlillərinin eyniliyi də Məhkəmənin bu qənaətini təsdiq edir.

39. Belə olan halda Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən, hesab edir ki, apellyatorların irəli sürdüyü dəlillər və təqdim etdiyi sübutlar yeni hallar və sübutlar hesab edilərək Rayon Məhkəməsinin qətnaməsinin əsaslılığı yoxlanarkən həmin dəlillərə və sübutlara istinad edilməsi yolverilməzdir.

40. Bununla belə kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qərarında münasibət bildirdiyi müəyyən məsələlərin Məhkəmə tərəfindən də dəyərləndirilərək qiymət verilməsi zəruridir.

41. Çünki MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

42. Məhkəmə hesab edir ki, yaşayış sahəsinə köçürülmə barədə iddialara baxılarkən, ilk növbədə iddiaçının köçürülməsini xahiş etdiyi yerin statusu müəyyən edilməlidir. Bu baxımdan ilk öncə nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin məqsədləri baxımından mənzil hüququnun obyekti yaşayış sahələridir və yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra - tələblərə) cavab verən) ayrıca sahə başa düşülür.

43. Yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir. Qanunla müəyyən edilmiş qaydada və əsaslarla yaşayış sahəsi yaşamaq üçün yararsız hesab edilə bilər. Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir (Mənzil Məcəlləsi, maddə 12.1-12.5.).

44. Mənzil Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulan şərtlər yaşayış sahəsinin fiziki baxımdan mövcudluğunu təsdiq edir. Bu növ iddiaların həllində həm də mübahisəli yaşayış sahəsinin hüquqi statusu, yəni kimə məxsus olması mütləq müəyyən olunmalıdır. Çünki, mənzil fondu Məcəllədə özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fondu kimi təsnifatlaşdırılmışdır və onların hüquqi rejiminin tənzimlənməsində fərqli cəhətlər vardır. Mənzilin hüquqi statusunun müəyyən olunması bir tərəfdən mübahisə tərəflərinin düzgün müəyyənləşdirilməsi, bununla da prosessual hüquq normalarına əməl olunması baxımından əhəmiyyətlidirsə, digər tərəfdən mübahisənin həlli üçün maddi hüquq normasının düzgün seçilməsi nöqteyi-nəzərindən zəruridir. Yaşayış sahəsinin hüquqi statusunun müəyyən olunmaması və ya düzgün müəyyən olunmaması son nəticədə səhv məhkəmə qərarının çıxarılması (maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi) ilə nəticələnə bilər.

45. İddiaçı mübahisəli evin özbaşına tikili olduğunu bildirir, cavabdeh də bu halı mübahisələndirmir.

46. İş materiallarına Bakı şəhəri, Nərimanov rayonu, A.Qərib küçəsi 26 “B” ünvanda yerləşən yaşayış tikililərə dair Mənzil İstismar İdarəsi tərəfindən 2005-ci il tarixdə tərtib olunub möhürlə təsdiqlənmiş eskiz əlavə olunub və həmin evin Maraqlı şəxs məxsus olduğu qeyd olunub.

47. Lakin bu evin yerləşdiyi torpaq sahəsinə kimin hüququ olması iş materiallarından müəyyən edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə qəbul etdiyi qərarında işdə iştirak edən şəxslərin diqqəti bu məsələyə çəkilsə də, ikinci apellyasiya baxışı zamanı bununla bağlı hər hansı sübut təqdim edilməmişdir.

48. Bundan başqa, iddiaçı, onunla cavabdehin birgə nikahları dövründə mübahisəli tikilinin inşa edildiyi bildirir. Apellyatorlar isə mübahisəli tikilinin 1978-1980-ci illərdə Maraqlı şəxs tərəfindən inşa edildiyini bildirsələr də, bu halı təsdiq edən sübutları Məhkəməyə təqdim etməmişlər. Yuxarıda qeyd edilən “Eskiz” 2005-ci ildə tərtib olunub və apellyasiya baxışı zamanı iş üzrə tərəflərin verdikləri izahatlardan bəlli oldu ki, mübahisəli tikili “Eskizdə” əks olunmamışdır.

49. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, iş üzrə tərəflər arasında yaranmış mövcud mülki mübahisə, iddiaçının mənzil hüquqlarının həyata keçirilməsi ilə bağlıdır. Bu hal nəzərə alınmaqla iddiaya Azərbaycan Respublikası Konstitusiyasının mənzil hüququnu təsbit edən 43-cü maddəsinin və əlaqəli normalar əsasında qiymət verilməlidir.

50. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunub ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə bildirir ki, qeyd edilən bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni, insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun.

51. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsində işə baxılan zaman etirazının dəlillərini əsaslandırmamış, yalnız iddiaya etiraz etməklə kifayətlənmiş cavabdehin vermiş olduğu izahatı əsas götürməklə tərəflərin mübahisəyə baxılarkən nikahda olmasını, iddiaçının da cavabdehin arvadı kimi birgə nikah dövründə tikilmiş mübahisəli evə köçürülməsi barədə iddianı əsaslı hesab edərək təmin etməklə Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. İddiaçının və uşaqlarının cavabdeh tərəfindən qanunsuz olaraq məhrum edilməsi onların mənzil hüququnun pozulmasına səbəb olduğu üçün iddiaçı azyaşlı uşaqları ilə birgə mübahisəli evə köçürülməlidir. Apellyasiya şikayətlərinin dəlilləri Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas təşkil etmir. g) apellyasiyanın nəticəsi

52. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə faktlar nöqteyi-nəzərindən əsaslıdır və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.

53. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

54. Məhkəmə, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları, MPM-in 119.1-ci maddəsinin tələbinə görə apellyatorların özlərinə aid edilməlidir.

56. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Hər iki apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 iyun 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları apellyatorların özlərinə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar