Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7016/2022 18.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İddiaçı – cavabdeh Bakı şəhəri Səbail rayon MənzilKommunal Təsərrüfatı Birliyinə qarşı “mənzilə istifadə hüququnun tanınması və icarə müqaviləsinin bağlanmasının cavabdehə həvalə edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhər Səbail Rayon Məhkəməsinin 2(009)-1900/2022 saylı, 22 avqust 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı – cavabdeh Bakı şəhəri Səbail rayon MənzilKommunal Təsərrüfatı Birliyinə qarşı “mənzilə istifadə hüququnun tanınması və icarə müqaviləsinin bağlanmasının cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Y.Mürsəlov küçəsi, 147 saylı evin 25 saylı mənzilinə onun istifadə hüququnun tanınması və icarə müqaviləsinin bağlanmasının cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1900/2022 saylı, 22 avqust 2022-ci il tarixli qərardadı ilə iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməsi və iddiaçıya geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək onun ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qeyd edilən işin inzibati icraat qaydasında baxılmalı olduğunu qeyd etsə də, nəzərə almamışdır ki, yaşayış sahəsindən istifadə hüququnun tanınmasına dair iddialara mülki icraat qaydasında baxılır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən mövqeyinin hüquqi əsası kimi Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə (ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması) istinad etmiş, öz qərardadını belə əsaslandırmışdır ki, İnzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Göründüyü kimi, belə hüquq münasibətlər publik hüquq sahəsində yaranmaqla münasibətin tərəfi kimi mütləq qaydada inzibati orqan çıxış edir, həmin orqanın fəaliyyəti ictimai idarəetmə ilə bağlı olur və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşaiyyət olunur. Nəzərə alınmalıdır ki, inzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyəttabeçilik prinsipi əsasında qurulmasıdır. Hazırki iddia tələbi predmet və subyekt tərkibinə görə inzibati xarakterli olduğundan hazırki iddia tələbinə ümumi məhkəmədə baxıla bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşaraq həmçinin qeyd edir ki, mülki prosessual qanunvericilik mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 153.2.1-ci maddəsində “ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılmasının mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə ixtisaslaşdırılmış məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinin təsir dairəsinə düşür. Qeyd olunanlar kontekstində kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmaqla düzgün hüquqi nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1900/2022 nömrəli, 22 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-7016/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7016/2022
18.10.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver