Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7018/2022 12.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədova (sədirlik edən və məruzəçi), İlham Əziz oğlu Kərimli və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi X2 və 3-cü şəxs “TƏBİB” Publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı "işlə təmin edilmə vəzifəsinin cavabdehə həvalə edilməsi " barədə ilkin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin cavabdeh İddiaçı qarşı «müqavilənin ləğv edilməsi» barədə qarşılıqlı iddia tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2194/2021 saylı, xx.xx.2021- ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhərində və yaxud Abşeron rayonunda cavabdehin tabeçiliyində olan tibb müəssisələrinin birində həkimstomatoloq kimi işlə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, ona dəymiş 5250 manat maddi ziyanın və 5000 manat da mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi baxışı zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən İddiaçı qarşı «müqavilənin ləğv edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ilə İddiaçı arasında bağlanan 12 avqust 2016-cı il tarixli, 760 nömrəli müqavilənin ləğv olunmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2194/2021 saylı iş üzrə qəbul etdiyi 10 iyun 2021-ci il tarixli qətnaməsi ilə ikin iddia qismən təmin edilmiş, İddiaçı daimi yaşayış yeri nəzərə alınmaqla, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrinin birində həkimstomatoloq kimi işlə təmin edilməsi vəzifəsinin cavabdeh Səhiyyə Nazirliyinə həvalə edilməsi, ilkin iddia ərizəsinin qalan hissədə təmin edilməməsi və qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını, ilkin iddia tələbinin tam təmin edilməsini cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin iddianın təmin edilməməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 28 yanvar 2022-ci il tarixli, 2(103)-668/2022 nömrəli qətnaməsi ilə (hakimlər Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Fuad Babayev) iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və mənəvi ziyan tələbinin təmin olunmaması hissəsində ləğv edilməsi, ilkin iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh kassasiya şikayəti və daha sonra kassasiya şikayətinə əlavə verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki iş üzrə icraata ilk iddiaya münasibətdə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3841/2022 nömrəli iş üzrə 23 avqust 2022-ci il tarixli qərarı ilə hər iki tərəfin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-668/2022 nömrəli mülki iş üzrə 28 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yeni apellyasiya baxışına göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası qərarda qeyd etmişdir etmişdir ki, məhkəmə yekun nəticəyə gəlmək üçün cavabdehin qarşılıqlı iddiasında irəli sürdüyü dəlilləri kifayət qədər yoxlamamış, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olan tibb müəssisələrində həkim-stomatoloq ixtisasının mövcud olub-olmamasını, iddiaçının işlə təmin olunması üçün boş ştat vahidinin mövcudluğunu aydınlaşdırmamışdır. Cavabdeh təşkilat belə bir ixtisasın olmadığını rəsmi olaraq bəyan etmiş və bu barədə məhkəməyə rəsmi sənəd göndərmişdir (qarşılıqlı iddia və iddiaya etirazlar). İşə yenidən baxılarkən apellyasiya məhkəməsi rəsmi sorğu əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olan tibb müəssisələrində həkim-stomatoloq ixtisasının mövcud olub-olmaması, mövcud olduğu təqdirdə həmin vəzifə üzrə boş ştat vahidin mövcudluğu dəqiqləşdirməlidir. Həmin ixtisas üzrə boş yerlərin olub-olmaması aydınlaşdırlarkən Səhiyyə Nazirliyi tərəfindən iş yerinə göndərişlər verilərkən iddiaçının üstün hüquqlarının qorunub-qorunmaması aydınlaşdırılmalı, həmin təyinatların nə vaxt verilməsi, seçimin hansı qaydada aparılması, məhdud sayda yerlərin olması halında iddiaçının hansı əsaslarla işlə təmin edilməməsi aydınlaşdırılmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi C.Qasımov apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, qarşı tərəfin şikayətinin təmin edilməməsini və məhkəmə aidiyyətinin əvvəlki məhkəmə instansiyalarında işə baxılması zamanı həll edildiyinin nəzərə alınmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxs “TƏBİB” Publik hüquqi şəxsin nümayəndəsi X3 apellyasiyta şikayətlərinə və məhkəmə aidiyyətinə münasibət bildirərkən məsələnin həllini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirmişdir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə Kollegiyası tərəfləri dinləyərək, işmateriallarını araşdıraraq və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının yuxarıda qeyd edilən Qərarındakı mövqeyinə əsaslanaraq hesab edir ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı "işlə təmin edilmə vəzifəsinin cavabdehə həvalə edilməsi " barədə ilkin iddia tələbinə dair iddiası üzrə isə xitam olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Vasilesku Rumıniyaya qarşı iş üzrə 22 may 1998-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən, yalnız işə baxmaq üçün tam həcmdə səlahiyyətə malik olan məhkəmə Konvensiyanın 6-cı maddəsində əks olunan «məhkəmə» anlayışının tələblərinə cavab vermiş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Çekniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 16 sentyabr 2010-cu il tarixli qərarında qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və Konvensiyanın 6-cı maddəsinin İ bəndinin tələblərini pozur. Qeyd olunan daxili və beynəlxalq hüquq normalarının mənasına görə, hər kəsin işinin qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən araşdırılması hüququ işə istənilən məhkəmə tərəfindən deyil, səlahiyyətləri qanunla əvvəlcədən müəyyən edilmiş müvafiq yurizdiksiyalı məhkəmələr tərəfindən hərtərəfli və obyektiv baxılmasını nəzərdə tutur. Əgər işə baxan məhkəmə həmin mübahisəyə baxmaqda səlahiyyətli deyildirsə, onun tərəfindən iş üzrə mahiyyəti üzrə hər hansı araşdırmanın aparılması qanunvericiliyin tələblərinə zidd olardı. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında məhkəmə aidiyyəti ilə bağlı müddəaların qanunvericiliklə dəqiq müəyyən edilməsi və bu normaların məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmasını vurğulamışdır (Konstitusiya Məhkəməsi Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 6 oktyabr 2012-ci il; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şəhr edilməsinə dair” 4 aprel 2012-ci il; “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şəhr edilməsinə dair” 28 mart 2013-cü il tarixli Qərarları). Məhkəmə aidiyyəti məsələsinin dəqiq müəyyən olunması yuxarıda qeyd edildiyi kimi milli və beynəlxalq hüquq normaları, eləcə də «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin tələbləri baxımından şəxsin məhkəmə müdafiəsi hüququnun təminatına yönəlmişdir. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İlk iddiadan (iddia tələbinin hüquqi təbiətindən) görünür ki, o mülki-hüquqi deyil, inzibati xarakterli olmaqla, iddiaçının (rezidenturanı bitirən həkim-mutəxəssis) işdə təmin olunması sahəsində yaranmışdır. Belə ki, “Təhsil haqqında” Qanunun 22.6-cı maddəsinə əsasən ali tibb təhsili təhsil proqramlarına və dövlət ali tibb təhsili standartlarına uyğun olaraq, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində aparılır, məzunlara müvafiq olaraq həkim və həkimmütəxəssis ali peşə-ixtisas dərəcələri verilir. Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 21 noyabr tarixli 330 nömrəli qərarı ilə yeni redaksiyada təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili” Qaydalarının 1.1-ci bəndinə əsasən bu Qaydalar "Təhsil haqqında" Azərbayca Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən hazırlanmışdır və rezidenturada təhsilin səviyyəsinə ümumi tələbləri müəyyən edir, rezidentlərin attestasiya şərtlərini müəyyən etməklə, həkim-mütəxəssis hazırlığının səmərəliliyinin artırılmasına, təhsilin keyfiyyət səviyyəsinin beynəlxalq tibb təhsili sisteminin prinsiplərinə uyğunlaşdırılması ilə Azərbaycan Respublikasının ali tibb təhsili sisteminin dünya tibb təhsili məkanına inteqrasiyasına və verilmiş tibb təhsili sənədlərinin beynəlxalq məkanda tanınmasına şərait yaradır. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən dövlət sifarişi əsasında rezidentura təhsili almış şəxslər rezidenturanı bitirdikdən sonra əmək fəaliyyətlərini 3 (üç) il müddətində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göndərişinə əsasən dövlət səhiyyə müəssisələrində davam etdirməlidirlər. Dövlət sifarişi əsasında rezidenturaya qəbul olunanların hüquq və öhdəlikləri onlarla Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi arasında bağlanılmış mülki-hüquq müqaviləsi ilə tənzimlənir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən təhsil müddəti başa çatdıqda, fərdi iş planını tam həcmdə yerinə yetirmiş rezidentlər yekun attestasiyaya buraxılırlar. Rezidentlərin yekun attestasiyası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təsdiq etdiyi Attestasiya Komissiyası tərəfindən ali tibb təhsili müəssisəsində aparılır. Həmin Qaydaların 4.11-ci bəndinə əsasən yekun attestasiyadan müvəffəqiyyətlə keçərək rezidenturanı bitirənlərə Attestasiya Komissiyasının qərarı əsasında müvafiq ixtisas üzrə "həkim-mütəxəssis" ali peşə-ixtisas dərəcəsi və müvafiq dövlət nümunəli diplom verilir. Bununla yanaşı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 13 oktyabr 2014-cü il tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Rezidenturanı bitirmiş həkimmütəxəssislərin iş yerlərinə göndərilməsi” Qaydalarının 1.1-ci bəndinə əsasən bu Qaydalar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 21 noyabr tarixli 330 nömrəli qərarı ilə yeni redaksiyada təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın 2.4-cü bəndinə əsasən hazırlanmışdır və dövlət sifarişi əsasında rezidenturanı bitirən həkim-mütəxəssislərin təyinatı və iş yerinə göndərilməsi qaydalarını müəyyən edir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən həkim-mütəxəssislərin təyinatı və iş yerinə göndərilməsi Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Qeyd edilən Qaydalardan həmçinin görünür ki, həkim-mütəxəssislərin təyinatı tərkibi Nazirliyin əmri ilə təsdiq olunan “Rezidenturanı bitirən həkim-mütəxəssislərin təyinatı üzrə Komissiya” (bundan sonra - Komissiya) tərəfindən həyata keçirilir. Komissiya 7 nəfərdən ibarətdir. Komissiyanın fəaliyyəti hazırkı qaydaların tələblərinə uyğun olaraq Nazirlik tərəfindən müəyyən edilir. Komissiya tərkibi təsdiq olunduğu gündən öz işinə başlayır və komissiyanın yeni tərkibi təsdiq olunana qədər öz səlahiyyətlərini yerinə yetirir. Nazirliyin tabeliyində olan tibb müəssisələrindəki vakansiyalar nəzərə alınmaqla həkimmütəxəssislərə ixtisaslarına uyğun olaraq təyinat verilir və bu vakansiyalar Komissiya tərəfindən Nazirliyin rəsmi internet saytının (www.health.gov.az) “Həkimlərin mərkəzləşdirilmiş işə qəbulu” bölümündə yerləşdirilən tibb müəssisələrində həkim vəzifələri üzrə mövcud vakansiyalardan seçilir. Vakansiyaların seçimi zamanı həkimmütəxəssisə daha çox tələbatın olduğu bölgələrə Komissiya tərəfindən üstünlük verilir. Təyinat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 21 noyabr tarixli 330 nömrəli qərarı ilə təsdiq edilmiş "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"na uyğun olaraq keçirilmiş Yekun Attestasiyadan sonra 1 aydan gec olmayaraq aparılır. Nazirliyin tabeliyində olmayan tibb müəssisəsinə həkim-mütəxəssislərin təyinatı həmin tibb müəssisəsinin tabe olduğu qurumun Nazirliyə göndərdiyi müraciətinə əsasən həyata keçirilir. Komissiya həkim-mütəxəssislərin təyinatı haqqında qərarı onların ailə vəziyyəti, daimi yaşayış yeri və onların işə yönəldilməsi barədə klinik bazanın tövsiyəsini nəzərə almaqla qəbul edir. Eyni zamanda təyinat aparılarkən aşağıdakı hallarda rezidenturanı bitirən şəxslərin vakansiyalar üzrə istəyi nəzərə alınır: - müvəffəqiyyət göstəricilərinin (yekun attestasiyanın nəticələri) yüksək olması; - rezidenturada oxuyarkən şəxsin apardığı elmi-tədqiqat fəaliyyəti. Həmçinin təyinat aparılarkən evli cütlüyün təyinat vaxtı eyni ərəzi üzrə işləmək arzuları nəzərə alınır. Özü və ya himayəsindəki ailə üzvü (valideyn, həyat yoldaşı) orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs, həmçinin uşağının əlilliyi müəyyən edilmiş həkim-mütəxəssislərə istəkləri nəzərə alınmaqla təyinat və ya azad təyinat haqqında arayış (2 nömrəli əlavə) verilir. Əri (arvadı) hərbi qulluqçu (zabit, gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçu) olan həkimmütəxəssislərə öz ərinin (arvadının) xidmət yeri nəzərə alınmaqla təyinat verilir, belə imkan olmadıqda isə (yaxud özləri istəsələr) onlara azad təyinat haqqında arayış verilir. Təyinatı aparılan şəxslər Komissiyanın iclası barədə iclasa 5 iş günü qalmış təhsil aldıqları kilinik baza vasitəsi ilə və Nazirliyin rəsmi internet saytında elan verilməklə məlumatlandırılırlar. Təyinat haqqında qərar həkim-mütəxəssisin iştirakı ilə qəbul edilir. Həkim-mütəxəssis komissiyaya gəlmədiyi təqdirdə təyinat haqqında qərar onun iştirakı olmadan qəbul edilir. Komissiya açıq səsvermə yolu ilə sadə səs çoxluğuna əsasən təyinat barədə qərar qəbul edir. Səslər bərabər olduqda komissiya sədrinin səsi həlledici hesab olunur. Həkim-mütəxəssisin komissiyanın qəbul etdiyi qərardan inzibati və ya məhkəmə qaydasında şikayət etmə hüququ vardır. (Qaydaların 2.1-2.11-ci bəndləri) Tərəflər arasında bağlanmış 12 avqust 2016-cı il tarixli “Rezidenturada həkim-mütəxəssis hazırlığı haqqında” müqavilənin 1.1-ci bəndində qeyd edilmişdir ki, bu müqavilə “Təhsil haqqında” Qanunun 22.6-cı maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 noyabr 2013-cü il tarixli 330 nömrəli qərarı ilə yeni redaksiyada təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili” Qaydalarının 2.4-cü bəndinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində əhaliyə ixtisaslı tibbi yardımın təmin edilməsi məqsədilə klinik bazalarında həkim-mütəxəssislərin hazırlanması və onların müvafiq iş yerləri ilə təmin edilməsi məqsədilə bağlanılır. Beləliklə, işin hallarından və tərəflər arasında yaranmış münasibətlərin xarakterindən (hüquqi təbiətindən) görünür ki, bu münasibətlər mülki hüquqi sahədə deyil, publik (ümumi) sahədə yaranmaqla inzibati xarakterlidir və bunun davamı olaraq tərəflər arasında müvafiq müqavilənin bağlanması vəziyyəti dəyişdirmir (qeyd edildiyi kimi, müqavilənin bağlanması məhz Qaydaların şərtlərindən irəli gəlir). Eyni zamanda, iddiaçı müqavilənin 3.1.2-ci bəndinə istinad etmişdir ki, həmin bənddə də nəzərdə tutulmuş “işlə təmin etmək” ifadəsi məhz Qaydalara uyğun olaraq işlə təmin olunmanı nəzərdə tutur. Göründüyü kimi, iddiaçı hər bir halda yuxarıda qeyd edilən Qaydalara uyğun olaraq işlə təmin oluna bilər ki, əks halda da bu istiqamətdə müvafiq komissiyanın qəbul etdiyi qərardan inzibati və ya məhkəmə qaydasında şikayət etmə hüququ vardır. Qeyd olunmalıdır ki, inzibati orqanların fəaliyyəti inzibati aktların qəbul edilməsi ilə yanaşı, həmçinin faktiki xarakterli hərəkətlər və onların nəticəsi kimi qəbul edilmiş hüquqi aktlarla da əhatə olunur («İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 1.2-ci mad). «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Beləliklə, iddiaçı inzibati orqan olaraq publik hüquq sahəsinə aid mübahisə ilə bağlı ümumi məhkəmədə inzibati xarakterli tələb irəli sürməklə məhkəmə aidiyyətini pozmuş, birinci instansiya məhkəməsi isə həmin iddia tələbinin mahiyyətini dəqiq müəyyən etmədən yekun məhkəmə aktı qəbul etmişdir. «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 10 nömrəli Qərarının 15.4-cü bəndinə əsasən inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-in 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Həmçinin, qeyd edilməldir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı və bu qərardadın dəyişdirilmədən saxlanmasına dair Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının analoji tələbinin qeyri-mümkün sayılması halı, məhkəmə kollegiyasının hazırki iş üzrə müvafiq nəticəyə gəlməsini istisna etmir. MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual huquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-in 261.0 və 261.0.1-ci maddəsinin tələbinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. MPM-in 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilk iddianın rədd olunması hissədə ləğv edilməli, iş üzrə icraata ilk iddiaya dair hissədə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 384, 385 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2194/2021 saylı, xx.xx.2021- ci il tarixli qətnaməsi ləğv edilsin. İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı "işlə təmin edilmə vəzifəsinin cavabdehə həvalə edilməsi" barədə ilkin iddia tələbinə dair hissədə ilk iddiaya münasibətdə xitam verilsin. İddiaçıya aidiyyəti üzrə inzibati orqana, narazı qaldıqları halda səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7018/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7018/2022
12.12.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver