Məhkəmə qərarları › İş №2(103)-7021/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7021/2021

26.07.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7021/2021 26.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı "işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2827/2021 nömrəli saylı işi üzrə 16.05.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında Cavabdeh MMC tərəfindən verilmiş 213 saylı 16.03.2021-ci il tarixli əmrin ləğv edilməsi, onun əvvəlki tutduğu vəzifəyə bərpa edilməyi və məcburi iş buraxmaya görə əmək haqqının hesablanaraq Cavabdeh MMC-dən alınıb ona verilməsi barədə qətnamə xahiş etmişdir. Birinci instansiya məhkəməsində müəyyən olunmuşdur ki: iddiaçı Rəşid-zadə Səbinə Abusət qızına məxsus əmək kitabçasının surətinə əsasən, Rəşid-zadə Səbinə Abusət qızı 16.01.2018-ci il tarixli, 19 nömrəli əmri ilə AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi Cavabdeh MMC-nin Kommersiya departamentinin müştəri xidmətləri şöbəsinin çağrı mərkəzi sektoruna çağrı mərkəzi üzrə təmsilçi vəzifəsinə qəbul edilmişdir (səh.8); 213 saylı, 16.03.2021-ci il tarixli əmrin surətinə əsasən, X2 ilə Cəmiyyətin Kommersiya departamenti Müştəri xidmətləri şöbəsinin Çağrı mərkəzinin çağrı mərkəzi üzrə təmsilçisi 16.03.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddənin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) işdən azad edilməsi, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi, işçiyə hesablanmış son haqq-hesab (istifadə etmədiyi məzuniyyət günləri üçün 4 təqvim günü nəzərə alınmaqla) ödənilməsi əmr edilmişdir (səh.6,7); İnternet Vergi İdarəsinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında məlumatdan çıxarışa əsasən, Cavabdeh MMC (VÖEN **********) məhdud məsuliyyətli cəmiyyətdir (səh.16); Cavabdeh MMC-nin X3 Stansiyası (VÖEN **********) isə kommersiya təşkilatıdır (səh.40). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2827/2021 nömrəli saylı işi üzrə 16.05.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 12, 35; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 106, 217.3 və 217.4, 220-ci maddələrinə; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11, 45-ci maddəsinin 1-ci hissəsinə; 47, 68, 73, 83-cü maddələrinə istinadən qeyd edilmişdir ki, X2 16.01.2018-ci il tarixdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi Cavabdeh MMC ilə 3 ay müddətinə bağlanılmış əmək müqaviləsi əsasında işə qəbul olunmuş və 16.03.2021-ci il tarixdə əmək müqaviləsinin müddəti bitdiyinə görə onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iddiaçının barəsində verilmiş əmrin qanunsuz olmasına dair dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçının tutduğu vəzifədən azad edilməsinə dair əmr qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Onun qanunsuz hesab edilməsi üçün əsas yoxdur. İddiaçı işinin daimi olduğunu qeyd etsə də, iş materialları ilə onun əvvəl Cavabdeh MMC-nin tabeliyində ayrıca hüquqi şəxs olan X3 Stansiyasında çalışdığı müəyyən edilmiş, müddətli əmək müqaviləsinin müddətsiz əmək müqaviləsinə keçirilməsi üçün qanuni əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İddiaçı apellyasiya şikayəti verərək, Yasamal rayon Məhkəməsinin 2(004)- 2827/2021 saylı 16 may 2021-ci il tarixli qətnaməsinin ləğv olunmasını, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.5-ci maddəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77.1, 88, 385, 390-cı maddələrinə istinadən qeyd edilmişdir ki, Yasamal rayon Məhkəməsinin 2(004)-2827/2021 saylı 16 may 2021-ci il tarixli qətnaməsi əsassız və qanunsuzdur, bu səbəbdən də ləğv olunmalıdır. Belə ki, 01.11.1996-cı il tarixdən 22.06.2015-ci il tarixədək Cavabdeh İstehsalat Birliyində müxtəlif vəzifələrdə işləmişdir. 22.06.2015-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləsi dövlət Komitəsinin 183 saylı Sərəncamı ilə Cavabdeh İstehsalat Birliyinin təşkilati- hüquqi forması dəyişdirilərək Cavabdehnə çevrilmişdir. O, Cavabdeh İstehsalat Birliyinin təşkilati-hüquqi forması dəyişdirilərək Cavabdehnə çevrilməsindən sonra da, 16.03.2021-ci il tarixədək həmin Cəmiyyətdə işləməyə davam etmişdir. 16.03.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin bitməsi səbəbi ilə əmək müqaviləmə xitam verilmiş və “əmək müqaviləsinə xitam verilməsi haqqında” Cavabdeh MMC-nin 213 saylı 16.03.2021-ci il tarixli əmri ilə işdən azad edilmişdir., Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.5-ci maddəsinə əsasən Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. O, sözügedən qurumda 25 ildir ki, işləyir. Bu şəbədən işəgötürənin onunla bağladığı əmək müqaviləsi qanunvericiliyin tələbinə əsasən müddətsiz hesab olunmalıdır. Cavabdeh olan Cavabdeh MMC-nin onu müqavilə müddətinin bitməsi ilə işdən azad etməsi qanunvericiliyin tələblərinin pozulması ilə yanaşı onun hüquqlarının da kobud şəkildə pozulmasına səbəb olmuşdur. Hazırda azad olunduğu iş yeri üzrə vakansiyalar boşdur. Həmin iş yerlərinə yeni işçilər götürülməmişdir. Dünyada, o cümlədən hazırda mövcud olan pandemiya (COVİD- 19) şəraitində onun əsassız olaraq işdən çıxarılması sosial hüquqlarının pozulması səbəb olmuşdur. Digər tərəfdən iddia ərizəsində də bildirdiyi kimi, 22.06.2015-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləsi dövlət Komitəsinin 183 saylı Sərəncamı ilə Cavabdeh İstehsalat Birliyinin təşkilati-hüquqi forması dəyişdirilərək Cavabdehnə çevrilmişdir. Bu səbəbdən Cavabdeh İstehsalat Birliyinin onunla olan əmək müqaviləsinə xitam verilmiş, bir gün sonra isə onunla Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət arasında yeni əmək müqaviləsi bağlanmışdır. İşi obyektiv həlli baxımından Cavabdeh İstehsalat Birliyi ilə Cavabdehndə onun iş vəzifələrinin müəyyən olunması üçün məhkəmə tərəfindən sorğu verilməli idi. Həmin sorğu əsasında onun hər iki şirkətdə iş funksiyalarının və vəzifələrinin eyni olduğu müəyyən olunacaqdır. Göstərilənlərdən aydın olur ki, məhkəmə obyektiv araşdırma aparmağa səy göstərməmiş, işin hallarına düzgün qiymət verməmiş, nəticədə prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, iddiaçı ilə müddətli əmək müqaviləsi bağlandığını, 3 aylıq müddət bitdikdə müqaviləyə xitam verildiyini bildirmiş, apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçı Rəşid-zadə Səbinə Abusət qızının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Əmək Məcəlləsinin (ƏM) 2, 7, 11, 68, 83, 84, 294-300; Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21, 324; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2, 76.1, 77.1, 80-82, 88, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmış, iddiaçı özü müddətli müqavilə münasibətlərinə daxil olmaqda və iradə ifadəsini bəyan etməkdə azad olmuş, onu bu müqaviləni məcbur edən hallar müəyyən edilməmiş, hüquqi şəxslərin isə fərqli olması müəyyən edilmiş və əmrin qüsurlu halına dair digər xüsusatlar müəyyən edilməmişdir. Ona görə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2827/2021 nömrəli saylı işi üzrə 16.05.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar