Məhkəmə qərarları › İş №2(103)-7023/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7023/2022

29.11.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7023/2022 29.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X2 və Cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏ (Açar sözlər: torpaq sahəsindən çıxarılma tələbi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil2, Cavabdehlər X1, Cavabdeh1 və nümayəndə (vəkil) Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər X2 və Cavabdeh1 qarşı “torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən tikilidən cavabdehlərin məcburi qaydada çıxarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4029/2021 saylı, 10 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə 29 noyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. DƏDRX-nin xx.xx.2013-cü il tarixli çıxarışına əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, şərq hissəsi, 357 saylı sahənin bir hissəsi (0,03 ha torpaq sahəsi) mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Sonuncunun mülkiyyət hüquqları 09 iyul 2013-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır.

Birinci instansiya məhkəməsindəki birinci icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, ünvan ünvanda) yerləşən 0,03 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən tikilidən məcburi qaydada çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, hazırda cavabdehlərlə heç bir münasibəti mövcud deyildir. Lakin, cavabdehlər ona məxsus torpaq sahəsini və orada yerləşən tikilini tərk etməyərək oranı qanunsuz olaraq zəbt etmişlər.

4. Cavabdeh X3 birinci instansiya məhkəməsində iddianı qəbul etməyərək torpağın və orada olan tikilinin onun tərəfindən alındığını, iddiaçıya etibar etdiklərinə görə əmlakın onun adına rəsmiləşdirildiyini bildirmişdir.

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim T.N.Məmmədov) 10 sentyabr 2021-ci il tarixli, 2(010)-4029/2021 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və X1 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq hissəsi, 357 saylı sahənin bir hissəsində yerləşən 0,03 ha torpaq sahəsindən çıxarılmaları, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisə predmeti olan torpaq sahəsi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçının mülkiyyət hüquqları qorunmalı və cavabdehlər iddiaçıya məxsus torpaq sahəsindən çıxarılmalıdır.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 157.2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat.

8. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddiaçı ilə 24 dekabr 2004-cü il tarixdən faktiki ailə münasibətlərində olması, ər-arvad kimi yaşamaları, iki uşaqlarının olması, lakin nikahlarının rəsmiləşdirilməməsi, 2013-cü ildə anasına məxsus mənzilin satılaraq iddiaçının adına mübahisə predmeti olan 0,03 ha torpaq sahəsinin alınması və s. kimi əsaslandırmışdır.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-842/2022 nömrəli mülki iş üzrə 15 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Q.A.Əsgərov (sədrlik edən və məruzəçi), A.N.İmanov və F.Ş.Talışinski) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 2(010)-4029/2021 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddianın rədd edilməsi qət edilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, İddiaçı və Cavabdeh1 ər-arvad olmaqla ailə münasibətlərində olmuş və iddiaçının mülkiyyətində olan torpaq sahəsi ailə münasibətlərinin davamlı olduğu müddətdə əldə edildiyindən, ailə qanunvericiliyinə görə onların birgə əmlakı hesab olunur. Belə olan halda iddiaçının cavabdehlərin mübahisələndirilən torpaq sahəsindən çıxarılmaları barədə tələbi əsaslı deyildir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27,225.1,11, 157.8-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.1,2.2,6.1,29.1,32, 33-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 78.1, 372,384-cü maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsindəki icraat.

13. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-4029/2021 saylı qətnaməsinin qüvvədə saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16 avqust 2022-ci il tarixli 2(102)-3651/2022 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-842/2022 nömrəli iş üzrə 15 fevral 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

15. Kassasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, tərəflər faktiki nikah münasibətində olmuş və mübahisə predmeti olan torpaq sahəsi həmin dövrdə əldə edilsə də, iddiaçının adına rəsmiləşdirilmişdir. Belə ki, torpaq sahəsinin alqı-satqı müqaviləsi iddiaçı tərəfindən bağlanmış və əmlak üzərində mülkiyyət hüququ onun adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32, 33-cü maddələri və eləcə də Mülki Məcəllənin 225.2-ci maddələrinə görə əmlak o zaman ər-arvadın birgə mülkiyyəti hesab edilir ki, həmin əmlak onların birgə nikahda olduqları dövrdə əldə edilmiş olsun. Yəni, bu zaman nikahın olması mütləq xarakter daşıyır. Əgər ər-arvad münasibətində olan şəxslər arasında dövlət qeydiyyatına alınmış rəsmi nikah mövcud deyildirsə, onların əldə etdikləri əmlak birgə nikah dövründə əldə edilmiş əmlak kimi qiymətləndirilə bilməz. Hazırkı iş üzrə iddiaçı ilə Ç.Məmmədovun 16 il ərzində faktiki ərarvad kimi yaşamaları, birgə uşaqları olmaları və ümumi təsərrüfat aparmaları Ailə Məcəlləsinin 32 və Mülki Məcəllənin 225.1-ci maddəsinin qüvvəsinin tətbiq edilməklə mübahisənin həlli üçün əsas götürülə bilməz.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, izahatlar

Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apelyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermişdir.

18. Məhkəmə kollegiyasının iclasında cavabdeh X3 qətnamədən apellyasiya şikayəti vermədiyini bildirməklə, apellyasiya şikayətində göstərilən dəlillərə uyğun izahat vermişdir

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apelyasiya şikayətini əsassız sayaraq, birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermişdir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

21. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

22. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

23. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir.

24. «Loizidu Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir.

25. «Marks Belçikaya qarşı» işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

26. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

27. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

28. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

29. Maddə 2.3. Nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır.

30. Maddə 9.4. Ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır.

31. Maddə 32. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

32. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən - yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

33. Maddə 30.1. yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

34. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

38. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

39. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apelyasiya baxışının hədləri

40. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

42. Qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, iddiaçı və digər cavabdeh qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz Cavabdeh1 apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi).

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

44. Qeyd edildiyi kimi – mübahisə predmeti olan 0,03 ha torpaq sahəsi 2013-cü il tarixdən iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı cavabdehlərdən Cavabdeh1 ilə faktiki ailə münasibətlərində olmuş, digər cavabdeh isə sonuncunun anasıdır. Tərəflər arasında hazırki faktiki ailə münasibətləri pozulmuşdur.

45. Qeyd edilməlidir ki, mülki və torpaq qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus əmlakdan istifadə etməsinə haqq qazandıran qanuni hallar mövcud olmalıdır.

46. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə əmlakdan istifadə etmək hüquq verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar.

47. Cavabdeh apellyasiya şikayətində iddiaçı ilə ər-arvad kimi yaşamasını, bəzi Avropa ölkələrində nikahın rəsmiləşdirilməsinə zərurətin olmamasını qeyd etsə də, nəzərə almamışdır ki, qanunverici yalnız rəsmi nikahı tanımaqla, ər-arvadın hüquq və vəzifələrini müəyyən etmişdir (bax: 25, 26-cı bəndlər).

48. İşin hallarından müəyyən olunur ki, iddiaçı mübahisə predmeti olan torpaq sahəsinin yeganə mülkiyyətçisi olmaqla, cavabdehin hər hansı əmlak hüquqları qeydə alınmamışdır.

49. Həmçinin qeyd edilməlidir ki, tərəflər arasında rəsmi nikah bağlanmadığından, mübahisəli torpaq sahəsi onların ümumi birgə mülkiyyəti kimi də qəbul edilə bilməz.

50. Bununla yanaşı, cavabdeh iddiaçının Mənzil Məcəlləsinin tələbləri çərçivəsində də ailə üzvü sayılmır.

51. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mülkiyyətçi kimi cavabdehin torpaq sahəsindən çıxarılmasını tələb etməkdə müvafiq subyektiv (tələb) hüquqlarına malikdir.

52. Məhkəmə kollegiyası razılaşır ki, mülkiyyət hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı).

53. Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi).

54. Lakin, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir.

55. Qeyd edilməlidir ki, iddiaçının tələb hüququ Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozitiv şərtlərindən irəli gəlir. Həmin normaya əsasən - mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (vindikasiya barədə iddia) Vindikasiya iddiasının irəli sürülməsi üçün (uğurlu olması üçün) - iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır.

56. Qeyd edilən şərtlər isə məcmu halda hazırki işdə mövcuddur. Cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu məhkəmə təqdim edə bilməmişdir, etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları sübut edə bilməmişdir.

57. Beləliklə, araşdırılmış sübutlarla işin müəyyən olunmuş faktiki hallarından və qanunvericinin qeyd olunan normalarından aydın olur ki, cavabdehin hazırki vəziyyətdə iddiaçıya məxsus torpaq sahəsindən istifadə etməsi hər hansı qanuni-hüquqi əsasa söykənməməklə, iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının kobud surətdə pozulması ilə nəticələnmişdir.

58. Məhkəmə kollegiyası işin hallarını, təqdim olunmuş sübutları və kassasiya instansiyasının mövqeyini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

59. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4029/2021 saylı, 10 sentyabr 2021-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən, yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar