Məhkəmə qərarları › İş №2(103)-7026/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7026/2021

22.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7026/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və ilkin iddia üzrə Cavabdeh2 nümayəndələri X3 iştirakı ilə İddiaçı Cavabdeh1 Atabala oğluna və Cavabdeh2 qarşı “evə köçürülmə və evdən istifadə hüquqlarının müəyyən edilməsi” barədə ilkin, Cavabdeh1 Atabala oğlunun İddiaçı qarşı “əmlakın evdən çıxarılması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2la nikahlarından 27.02.2005-ci il tarixdə Nazim, 14.06.2008-ci il tarixdə Nuray adını verdikləri uşaqlarının dünyaya gəldiyini, 2011-ci ildə nikahlarının pozulduğunu, nikah pozulduqdan sonra atasının evinə gedib bir müddət orada yaşasa da, 2014-cü ildən yenidən qaynatasının evinə qayıdıb uşaqları ilə birlikdə ünvan 1 ünvandakı 4 otaqdan ibarət olan giriş və çıxışı ayrı evin bir otağında yaşamağa davam etdiyini, lakin artıq bir müddətdir cavabdehlərin onu 2004-cü ildən gəlin gəldiyi həmin evdən oğlu Nazim və qızı Nurayla birlikdə məcburi qovub çıxardıqlarını, evin keçmiş qaynatası Cavabdeh1 adına olduğunu, geyim və cehiz əşyalarının həmin evdə yerləşdiyini, cavabdehlərin qanunsuz hərəkətləri ucbatından cehiz əşyalarından istifadədən məhrum olduğunu, uşaqları ilə birlikdə kirayədə yaşamaq məcburiyyətində qaldığını, gəlin köçdüyü tikilinin əvvəl tikilmiş və Cavabdeh1 atasının adına olan evə bitişik olduğunu bildirmiş, uşaqları ilə birlikdə Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Nizami küçəsi, dalan 2, 19 saylı ünvandakı evə köçürülmələri və həmin evdən istifadə hüquqlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 isə İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, İddiaçı məxsus yataq mebel dəstinin, divanın, stolun, mətbəx mebelinin, soyuducunun, paltar yuyanın, 2 ədəd xalçanın (2x3), 2 ədəd xalçanın (2x5), 12 dəst qabın, 12 ədəd çay və xörək qaşığının, 5 ədəd qazan dəstinin, 2 ədəd tavanın, 1 ədəd aşsüzənin, 1 ədəd su çaydanının, 1 ədəd dəm çaydanının, 1 ədəd tozsoranın, 2 ədəd tək döşəyin, 1 ədəd taxt döşəyinin, 3 ədəd yorğanın, 3 ədəd yastığın, 2 ədəd yataq dəstinin, 2 ədəd adyalın ona məxsus ünvan 2 ünvanda yerləşən yaşayış evindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin olunaraq İddiaçı uşaqları Cavabdeh1 Anar oğlu və X10 ilə birlikdə ünvan 3 ünvandakı özbaşına tikiliyə köçürülmələri, ilkin iddianın qalan hissədə, həmçinin qarşılıqlı iddianın rədd edilməsi, ilkin iddia üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 (on) manatın Cavabdeh1 və Cavabdeh2 İddiaçı xeyrinə tutulması, qarşılıqlı iddia üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun Cavabdeh1 özünə aid edilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manatın İddiaçı, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan Nazim və Cavabdeh2lar birgə apellyasiya şikayəti verərək onun ləğv edilməsini və qarşılıqlı iddianın təmin olunaraq ilkin iddianın rədd edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətlərini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin gəldiyi nəticə ilə razı olmadıqlarını, həmin nəticəni işin həqiqi hallarına və qüvvədə olan maddi hüquq normalarına zidd hesab etdiklərini, ilkin iddiaçının köçürüldüyü evin Cavabdeh1 paylı mülkiyyətində olması səbəbilə məhkəmənin qanunvericiliyin tələblərinə uyğun olmayan və yanlış qətnamə çıxardığını irəli sürmüşlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 Atabala oğlunun və Cavabdeh2 nümayəndələri X5 izahatlarında göstərmişdir ki, İddiaçı 2004-cü ildə onların evinə gəlin köçmüş, həmin yaşayış evi Cavabdeh1 atası X12 xüsusi mülkiyyətində olmuş, adı çəkilən şəxs 04 oktyabr 2009-cu il tarixdə öldükdən sonra Cavabdeh1 faktiki olaraq mirası qəbul etmiş və həmin evə dair mülkiyyət hüququ ona keçmiş, Validənin gəlin köçdüyü tikili evə bitişik olmuş və 1994-cü ildə tikilməsinə baxmayaraq, hər iki tikili Cavabdeh1 adına olmuşdur. 2011-ci ildə Anarla Validə boşanmışlar və artıq Validənin orada yaşaması mümkün deyildir. Məhkəmə Validənin köçmək istədiyi tikilini özbaşına tikili olaraq qiymətləndirsə də, nəzərə almamışdır ki, evin yerləşdiyi torpaq sahəsi xüsusi mülkiyyətdədir və buna görə də həm Cavabdeh1, həm də evin digər mülkiyyətçilərin sözügedən tikiliyə gözlənilən mülkiyyət hüquqları vardır. Buna baxmayaraq əgər iddiaçı orada köçüb yaşaya biləcəksə, buna etiraz etmirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı ilkin iddia tələbinin məzmununa uyğun izahat verməklə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində prosesə cəlb etdiyi X6, X7, X8 və X9 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış olmalarına baxmayaraq məhkəməyə gəlməmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin ilkin iddianın qismən təmin, qarşılıqlı iddianın rədd edilməsi, eləcə də məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı hissələrinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünkü iddiasının qismən təmin olunmasına baxmayaraq ilkin iddiaçı qətnaməni mübahisələndirməmişdir; qarşılıqlı iddiaçılar isə qətnaməni məhz sözügedən hissələrdə mübahisələndirmişlər. Bu o deməkdir ki, qətnamə ilkin iddianın təmin olunmayan hissəsi üzrə apellyasiya baxışının predmeti deyildir. Məhkəmə kollegiyası izahatları bu kontekstdə dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, qətnamə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən olunmuş hallarına əsasən, X1 Anar Nazim oğlu ilə 21 fevral 2004-cü il tarixdə rəsmi nikaha daxil olaraq sonuncunun, habelə onun valideynlərinin yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, Nizami küçəsi dalan 2, 19 saylı fərdi yaşayış evinə gəlin köçmüş və həmin mənzildə cehiz əmlaklarını yerləşdirmiş, birgə nikahlarından onların 27.02.2005-ci il tarixdə Nazim, 14.06.2008-ci il tarixdə Nuray adını verdikləri uşaqları dünyaya gəlmiş, 2011-ci ildə İddiaçı ilə Cavabdeh2 arasındakı nikah Suraxanı Rayon Məhkəməsinin qıtnaməsi əsasında pozulsa da ilkin iddiaçı 2019-cu ilə qədər həmin evdə uşaqları ilə birlikdə yaşamışdır. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Nizami küçəsi dalan 2, 19 saylı fərdi yaşayış evi 05.09.1967-ci il tarixdə Cavabdeh1 atası Atababa İbrahim oğlunun adına ilkin qeydiyyatdan keçmiş, Atababa İbrahim oğlu 04.10.2009-cu ildə ölmüş, ev 07.01.2020-ci il tarixdə ¼ hissədə Cavabdeh1, ¼ hissədə Lətifə Qasımovanın adlarına mülkiyyət hüququ üzrə qeydiyyata alınmış, ½ hissə miras payı Atabab İbrahim oğlunun adında açıq saxlanılmışdır. Birinci instansiya mübahisəsi gedən evə yerli baxış keçirdiyi zaman müəyyən etmişdir ki, evin həyətinə giriş eyni qapıdandır, 2 otaq, bir mətbəxdən ibarət ev X3 bildirdiyinə görə 2000-ci ildə, İddiaçı deməsinə görə isə 2005-ci ildə əlavə olaraq tikilmiş, İddiaçı həmin tikilinin qapısının həyət tərəfdən olduğunu əks etdirən şəkillər təqdim edərək, məhkəmə mübahisəsi başladıqdan sonra qapının çöldən hörülərək içəridən açıldığını bildirmiş, ümumi girişdən mənzilə daxil olan zaman sağdan birinci otaqda televizor və divanın, ikinci otaqda İddiaçı məxsus sökülü vəziyyətdə olan taxtın, dolabın və stol-stulun, mətbəxdən ibarət olan digər otaqda isə mətbəx şkafının, qab-qacağın və s. olduğu təsbit edilmiş, həyətə çıxışın mətbəxdən olduğu, sonradan isə həmin divarın hörüldüyü və girişin ümumi olaraq içəridən açıldığı müəyyənləşdirilmiş, İddiaçı həmin 2 otaq və mətbəxin ona ayrıldığını, əşyalarının orada olduğunu, onu evdən çıxardıqdan sonra isə qaynanasının birinci otaqdan onun əşyalarını çıxardığı və özünə məxsus televizor və divanı yerləşdiyini irəli sürmüşdür. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı köçmək istədiyi sahə fərdi yaşayış evinin reyestr qeydiyyatından keçmiş 56,5 kv. metr hissəsində deyil, köhnədən inşa edilmiş və qeydiyyatdan keçməmiş 1.32mx3.85=5.08 kv.metr mətbəx, 5.85mx3.6m=21.1 kv.metr otaq, 3.2mx3.52m=11.3 kv.m otaqdır. Birinci instansiya məhkəməsi iddiaçının məhz sözügedən tikililərə köçmək istədiyini, həmin sahənin tərəflərdən heç birinə mülkiyyət və s. hüquqla məxsus olmadığını vurğulamaqla müvafiq nəticəyə gəlmiş, mübahisənin həllinə qüvvədən düşmüş Mənzil Məcəlləsinin normalarını tətbiq etmişdir. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşır və eyni zamanda qeyd edir ki, iddiaçının köçmək istədiyi sahənin reyestrdə qeydə alınıb-alınmaması fərqli nəticəyə gəlinməsinə əsas vermir. Belə ki, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş keçmiş Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqları malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Adı çəkilən Məcəllənin 123cü maddəsinə görə isə, “yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır”. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Nizami küçəsi dalan 2, 19 saylı fərdi yaşayış evinə gəlin köçərkən ev Cavabdeh1 atası Atababa İbrahim oğlunun mülkiyyətində olmuş, iddiaçı “digər şəxs” statusunda ailə üzvü olaraq oraya (yaxud evin rəsmi reyestrdə qeydə alınmamış hissəsinə) köçürülmüş, əşyalarını evə yerləşdirmiş, uşaqları orada dünyaya gəlmiş, 2019-cu ilə qədər evdə yaşamağa davam etmişdir. Buna görə də kollegiya hesab edir ki, İddiaçı uzun müddət birgə təsərrüfat aparmaqla ailə üzvü kimi həmin evdə yaşadığından, özünün və himayəsində olan azyaşlı uşaqların oraya köçürülmələrini tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni ilkin iddiaçı köçmək istədiyi evdə yaşayıb və keçmiş əri (ərinin ailə üzvləri) güc tətbiq etməklə onu yaşadığı evdən məhrum edib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. İlkin iddia üzrə cavabdehlərin İddiaçı köçmək istədiyi ev üzərində hüquqları olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların ilkin iddiaçıya qarşı törətdikləri məhrumetmə (güc tətbiq etməklə evdən çıxarma) qanunsuzdur. Beləliklə, ilkin iddia üzrə cavabdehlər yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşlar, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə ilkin iddiaçı uşaqları ilə birlikdə məhrum edildiyi evə köçürülməlidir. Kollegiya onu da qeyd edir ki, mübahisəli sahənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin sahə faktiki olaraq mövcuddur, qeydə alınmasa da, Cavabdeh1 mülkiyyətində olan evə bitişik olmaqla yaşayış sahəsi kimi istifadə olunur. İlkin iddia üzrə cavabdehlər orada normal şərtlər daxilində yaşadıqlarından, bərabərlik prinsipinə uyğun olaraq ilkin iddiaçının da azyaşlı uşaqları ilə birlikdə həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni ilkin iddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, ilkin iddia üzrə cavabdehlərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Kollegiya həmçinin nəzərə alır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Eyni zamanda qeyd olunmalıdır ki, ilkin iddiaçının və onun uşaqlarının evə köçürülməsi barədə qətnamənin qəbul olunması onların evdən istifadə hüquqlarının tanınması ilə nəticələnmir. Evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. İlkin iddia tələbi ilə bağlı şərh etdiyi qənaətinin məntiqi nəticəsi olaraq kollegiya, birinci instansiya məhkəməsinin qarşılıqlı iddia tələbi üzrə gəldiyi nəticəni də əsaslı hesab edir; nə qədər ki, ilkin iddiaçının evə köçürülmə tələbi əsaslı hesab edilmişdir, belə halda ona məxsus əşyaların da sözügedən evdən çıxarılması üçün əsas yoxdur. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Kollegiya, birinci instansiya məhkəməsinin məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı gəldiyi nəticə ilə də razılaşır; apellyasiya baxışı zamanı yaranmış xərc isə apellyatorlara aid olunmalıdır. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsas təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-62/2021 saylı iş üzrə 08 may 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “İddiaçı uşaqları Cavabdeh1 Anar oğlu və X10 ilə birlikdə ünvan 3 ünvandakı özbaşına tikiliyə köçürülmələri, qarşılıqlı iddianın rədd edilməsi, ilkin iddia üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 (on) manatın Cavabdeh1 və Cavabdeh2 İddiaçı xeyrinə tutulması, qarşılıqlı iddia üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun Cavabdeh1 özünə aid edilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manatın İddiaçı, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi” hissələrində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar